4 Şubat 2014 Salı

İLHAM ƏLİYEV UKRAYNANIN XİLASI ÜÇÜN PUL AYIRIR


Avropa İttifaqının sensasion planı məlum oldu, 
Azərbaycan da bu plana dəstək verənlərdən biridir 

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali komissarı Ketrin Eşton Brüsselin Ukraynadakı siyasi böhranının həllinə dair yeni planını təqdim etmək üçün Kiyevə gedir.
Virtualaz.org saytının "EU Observer” nəşrindən əldə etdiyi məlumata görə, bu plan siyasi böhranının həllinin əvəzində Kiyevə iri məbləğdə maliyyə yardımının edilməsini nəzərdə tutur. Məsələnin sensasion tərəfi odur ki, Azərbaycan da bu planda yer alanlardan biridir.
Xəbərə görə, plan fevralın 3-də Brüsseldə Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsinin iclasında müzakirə olunub. Ketrin Eştonun nümayəndələri Aİ ölkələrinin səfirlərinə planın bütün detallarını bildirməsə də bəzi detalları çatdırıblar. Plana görə, prezident Viktor Yanukoviç güzəştə gedərək müxalifətin qalan  tələblərini də yerinə yetirsə, Ukraynaya iri həcmdə maliyyə yardımı ediləcək.
K.Eştonun nümayəndələri məbləği açıqlamayıblar. Lakin deyiblər ki, pullar beynəlxalq sponsorlar qrupundan, o cümlədən Avropa İttifaqından, ABŞ-dan, habelə Azərbaycan, Yaponiya və Norveçdən daxil olacaq.
Komitənin iclasında həmçinin Litvanın Yanukoviçin yaxın ətrafına daxil olan şəxslərə qarşı sanksiyaların tətbiq olunmasına dair təşəbbüsü geniş dəstək qazanıb. Ketrin Eşton bu gün axşam Kiyevə səfər edir. Onun müxalifət və hakimiyyət nümayəndələri ilə danışıqları gözlənilir.

Avropa İttifaqının Ukraynaya yeni maliyyə yardımı təklifi Rusiyanın Ukraynaya vəd etdiyi 15 milyard dollarlıq krediti dondurmasından sonra irəli sürülür. Moskva həmçinin Yanukoviçi xəbərdar edib ki, Ukraynanın qaza görə 2,7 milyard dollar borcu yaranıb. Rusiya bu addımları Yanukoviçin müxalifətin irəli sürdüyü tələblərin bir neçəsini qəbul etməsindən, o cümlədən baş naziri istefaya göndərməsindən sonra atıb.
Brüsseldəki mənbə deyib ki, Aİ-nin təklif etdiyi maliyyə yardımının əvəzində Yanukoviç hökumətdə iqtisadiyyat bloku nazirliklərini müxalifət nümayəndələrinə verməli, seçki islahatları aparmalı, növbədənkənar prezident seçkilərinin vaxtını təyin etməli və prezidentin səlahiyyətlərinin azaldılaraq parlamentə verilməsini həyata keçirən onstitusiya düzəlişləri etməlidir.
Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ketrin Eştonun səfəri ərəfəsində Avropa İttifaqının Kiyevdəki səfirləri Ali Radada görüşlər keçirir. Müxalifət liderləri də Ali Radaya dəvət olunub. Ukrayna parlamentinin binası qarşısında Azərbaycan səfirliyinin xidməti avtomobili də park edib və bu, ölkəmizin Kiyevdəki diplomatik təmsilçisinin Avropa İttifaqının sözügedən planı ilə bağlı müzakirələrdə yer aldığını göstərir.
Bəs Azərbaycan Ukrayna üçün pul ayırmağa niyə hazırdır və nədən rəsmi Bakı Aİ-nin bu ölkədə hakimiyyətin Qərbmeylli müxalifətə keçməsinə imkan yaradan planına dəstək verir?

Bu sualın cavabını Ukraynanın Azərbaycan üçün nə dərəcədə mühüm ölkə olmasında axtarmaq lazımdır. Çünki Ukraynada gedən proseslər Qərbin məğlubiyyəti və Rusiyanın qələbəsi ilə başa çatsa, o zaman Azərbaycanın da müstəqil siyasət yürütməsi xeyli çətinləşəcək.
Deməli, Azərbaycanın Aİ-nin Ukrayna planına yer alması bilavasitə ölkənin uzunmüddətli milli maraqları nəzərə alınmaqla atılmış riskli, eyni zamanda kifayət qədər cəsarətli addımdır.
Keçmiş sovet məkanında Azərbaycanla Ukrayna həmişə koordinasiyalı xarici siyasət yürüdüblər və təsadüfi deyil ki, ötən ilin payızında prezident Viktor Yanukoviç Aİ-nin Şərq Tərəfdaşlığı sammiti ərəfəsində - Avropa ilə assosiasiya sazişinə dair qərar qəbul etmək ərəfəsində olanda Azərbaycan prezidenti ilə məsləhətləşmələr aparmağa ehtiyac görmüşdü.
Həmin sammit ərəfəsində Kiyevə səfər edən prezident İlham Əliyev Viktor Yanukoviçlə onun iqamətgahında yüksək məxfilik şəraitində uzun müzakirələr aparmışdı. 

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.