Həm də özümüzü və dövlətimizi əzdirmədən
Rusiyadan həyəcan dolu xəbərlər gəlməkdə davam edir. Bu ölkədə, xüsusilə Moskvada cərəyan edən və qorxulu istiqamət götürən hadisələrin hər bir azərbaycanlıya dəxli var. Söhbət yalnız Rusiyada yaşayan soydaşlarımızın malik olduqları mal varlıqlarını itirə biləcəklərindən, can varlıqlarının təhlükəyə düşməsindən, onminlərlə soydaşımızın geriyə, Azərbaycana deportasiya olunma ehtimalından, ailələrin ruzularının kəsiləcəyindən, ölkənin işsiz qalmış yeni qaçqın dalğası ilə üzləşə biləcəyindən getmir. Məsələ daha da qlobaldır. Onları 3 başlıq alıtında özətləyək:
1. Baş verən hadisələr Azərbaycan dövlətinə açıq təzyiqdir və ölkəmizi Qərb istiqamətli inkişaf tendensiyasından, demokratiya arealına inteqrasiyadan yayındırmağa; onu, müstəqilliyini məhdudlaşdıraraq, əski Sovet İttifaqı kimi bir quruluş olan Avrasiya İttifaqına (ondan da əvvəl Gömrük İttifaqına) üzv olmağa məcbur etməyə hesablanıb. Bu, bir ölkənin qəsb olunması kimi qorxulu hadisədir.
2. Rus cəmiyyətinə istiqamətləndirilərək aparılan əks-təbliğat kampaniyası bütövlükdə milli kimliyimizi aşağılamağa yönəlib, həm də təhdiddir; Orxan Zeynalovun timsalında bir model quraraq, “azərbaycanlı budur”, deyə bütün Rusiyaya, KİV-lər vasitəsi ilə bütün dünyaya təqdimat aparırlar. Azərbaycan dövləti (iqtidarlı-müxalifətli və cəmiyyətli), hər bir azərbaycanlı bu dəqiqə sınaq qarşısında qalıb. Çıxmaq zorundayıq, əks halda veliko-rus şovinislərinin başlatdıqları bu kampaniyada onlar haqlı olacaq; bizi millət və dövlət kimi sındıracaqlar; Qarabağ müharibəsindəki məğlubiyyətdən daha artıq məyusluq yaşayacağıq; gələcək nəsillər də neqativ təsirlənəcək.
3. Bunlar baş versə, rus milləti ilə aramızda hazırda ermənilərlə olan münasibət kimi bir münasibətlər sistemi formalacaq; düşmənçilik hissi dominant olacaq; bu, bizə, gələcəyimizə, milli kanonlarımıza ciddi zərər verəcək...
***
Nə qədər gec deyil, Moskvadakı, digər rus şəhərlərindəki toplumumuzu gücləndirməliyik. Orada olanların əksəriyyəti millətimizin ən qoçaq, ən inadcıl, bacarıqlı övladlarıdır. Əks halda, qürbətdə, ən ağır şərtlər altında işlərini, həyatlarını və ruzularını qura-qazana bilməzdilər. Onlar həm də Azərbaycan dövlətinin ən böyük dəstəkçiləridirlər - Rusiyda qazanıb, ölkələrinə, ailələrinə pul göndərirlər. Dövlətin işini yüngülləşdirirlər.
Rusiyadakı əmək miqrantlarının xeyli hissəsi milli-azadlıq hərəkatından və müharibələrdən keçiblər. Ekstremal şəraitdə yaşamaq və təşkilatanmaq məsələsində az qala mütəxəssisdirlər. Çox sayda siyasi təşkilat üzvləri var; müharibənin qəhrəmanları olan könüllülər, batalyon, hətta polk komandirləri Rusiyada az deyil; yəni dünyanın gəlişini-gərdişini bilən hazır qüvvədir onlar. Bu potensialdan dövlət olaraq istifadə etmək lazımdır. Qoy Azərbaycan iqtidarı bir komissiya qursun və oraya ölkədəki bütün siyasi təşkilatların funksionerlərini də üzv etsin. Hər partiya Rusiyadakı keçmiş, ya da fasilə götürmüş üzvünü tapsın, əlaqə yaratsın, onların ətrafında diasporu yaranmış ekstremal şərait üçün yenidən təşkilatlandırsın.
***
Deyə bilərlər ki, Azərbaycan iqtidarına, dövlətinə bağlı olan komitə, səfirlik, diaspor qurumu, son zamanlar ortaya çıxan “Milyarderlər İttifaqı”nın RATİ-si var... Yoxdur, qardaşlar. Yox kimidir onlar. Komitəmiz pul silməklə, korrupsiya ilə məşğuldur. Onun iş əmsalı yoxdur- olması da gözlənilmir. Səfirlik adına ancaq bir səfirimiz var - bu dəfə yaxşı müsahibə verdi; babat danışır; lakin onun gördüyü iş bu olmamalı; onun qurduğu sistem işləmir; həm də bu məsələ bir səfirlik, başqa şəhərlərdəki konsulluq həcmində də deyil. Bu, bir millət-dövlət savaşıdır; uduzsaq, nələri itirəcəyimizə dair yuxarıda rəqəmlədiyim özətlərdə qeydlər etmişəm...
***
“Umumrusiya Azərbaycanlıları Konqresinin qaynar xətti olaraq, bir telefon elan edilib, nə zaman zəng vururuq, bizə kompüter cavab verir. Millət burda sahibsiz qalıb, mənim dediklərimi yazın, dövlətə çatdırın... ” Bu sözləri mənə Moskva ətrafında yaşayan və işləyən bir Azərbaycan ziyalısı deyir. 19 oktyabrda Solneçnoqorsk şəhərindən zəng vurmuşdu. Ətrafında da bir qrup azərbaycanlı vardı. Həyəcanlı olduğu qədər də ağıllı danışırdı; əslində yerli şəraiti yaxşı bilən səhra komandiri kimi vəziyyətdən çıxmaq üçün Mərkəzdən dəstək təlimatının mətnini elan edirdi... Onunla danışıqdan aşağıdakı qeydləri götürdüm: “ Mən Mənsur Əsgəroğluyam, həkiməm, məcburiyyət üzündən 4 ildir ki, Rusiyaya köçmüşəm. Burada, Moskva vilayətinə daxil olan Solneçnoqorsk şəhərində işləyirəm. Şəhərdə iki min azərbaycanlı yaşayır. Özüm Sumqayıt müsavatçısı olmuşam; diğər azərbaycanlılar arasında da siyasi mənsubiyyəti olanlar çoxdur. Amma indi sizə, ölkənin böyük qəzetlərindən birinin redaktoruna bir müsavatçı kimi yox, millətimin Rusiyadakı ziyalısı kimi müraciət edirəm. Yanımda digər qardaşlarımız da var- ziyalısı da, iş adamı da, sadə, gündəlik ruzu qazanan soydaşlarımız da. Bizim sözlərimizi iqtidara, müxalifətə, cəmiyyətə, hər kəsə çatdırın, xahiş edirəm. Birincisi, bilsinlər ki, Ümumrusiya Azərbaycanlıları Konqresi adından guya qaynar xətt kimi elan olunan telefon işləmir. Biz buradan onlarla əlaqə saxlaya bilmirik. İkincisi, Moskvada və digər şəhərlərdə baş verənlər Azərbaycan dövlətinə qarşı təxribatdır. Biz bunun fərqindəyik və ona görə də dövlətə müraciət edirik ki, bunun qarşısını almaq, millətimizin əzilməsinə imkan verməmək üçün bizə sahib çıxsın, bizimlə əlaqə yaratsın. Elə bir nöqtədir ki, biz gərək Azərbaycan daxilində gedən siyasi düşərgələşməni unudaraq, burada Azərbycan iqtidarı ilə birlikdə mövqe, siyasət ortaya qoyaq. Orxan Zeynalovla bağlı baş verən hadisədən istifadə edib, əksər Rusiya televiziyaları millətimizi qatil, qəddar, qaniçən kimi təqdim edir. Rus qəzetləri millət kimi ünvanımıza “çurki” deyə yazırlar. Olduqca pis və total bir kampaniya gedir bizə qarşı. İş yerində, qonşuda tanıdığımız, bizi tanıyan ruslar da artıq dəyişməyə başlayıblar. Bəzi yaşlı rus qadınları qonşuları olan azərbaycanlılara yaxınlaşıb soruşurlar ki, doğrudanmı azərbaycanlılar rusları öldürməyə başlayacaqlar? Bu cür münasibət, bu cür siyasət yaxşı heç nə vəd etmir. Biz sübut etməliyik ki, azərbaycanlılar elə deyil. Biz rusların bir daha yadına salmalıyıq ki, ümumi dövlətdə olanda Rusiya torpaqları uğrunda 400 mindən artıq azərbaycanlı həlak olub. Bakı nefti olmasa idi, bütün ruslar faşist Almaniyasının işğalı altında qalacaqdı. Bizim Rusiya elminə, mədəniyyətinə, iqtisadiyyatına, kosmos sahəsinə millət olaraq verdiyimiz töhfələr bazarlarda verdiyimiz faydalardan heç də az deyil... Bütün buları etməmiz üçün də buradakı toplumu koordinasiya etmək, yönəltmək, təşkilatlandırmaq lazımdır. Biz burada təhlükəni daha yaxından görür və yaşayırıq. Bu səbəbdən də həyəcan siqnalı veririk - dövlət, iqtidar hərəkətə keçməsə, azərbaycanlıların Rusiyada yaşaması mümkün olmayacaq. Rus KİV-ləri millətimizə qarşı davamlı təxribatla, kin-nifrət yartmaqla məğşğuldur. Bu, ciddi bir mərkəzdən idarə olunan xəbis plandır. Həm də istəyirlər ki, digər miqrant topluluqları, regional-etnik qrupları üstümüzə qaldırsınlar. Təkcə bir nümunəni deyim - hazırda internetdə də var; Rusiya televiziyaları onu geniş yayırlar. Rus skinhedləri bir dağıstanlı narkotiksatanı kameralar qarşısında döyürlər. Bu zaman özünü azərbaycanlı kimi təqdim edən birisi də dağıstanlıları, müsəlman kimliyini təhqir edən ifadələrlə həmin şəxsi daha amansızlıqla vurmağa, təpikləməyə başlayır. Hansı ki, artıq bütün azərbaycanlılara bəllidir ki, həmin şəxs ermənidir; azərbaycanlıya, müsəlmanlığa heç bir dəxli yoxdur. Və bunu da qəsdən qurublar- dağıstanlılarda qıcıq yaradıb, bizim üstümüzə qaldırmaq istəyirlər... Bax, durum bu qədər vahimdir. Bizə dövlətin, iqtidarın əli lazımdır -əl-ələ verib, burada Azərbaycanın və milətimizin maraqlarını qoruyaq...”
***
Mənsur Əsgəroğlu daha çox şeylər dedi - hamısını bir yazıda vermək olmur; mən indi çalışacam ki, onunla müsahibə də təşkil edək. Lakin onun bu mesajları, həyəcan siqnalı da yetərlidir. Rusiyadakı milli potensialımız bir ordu da qurmağa bəs edər; bizə isə daha sadəsi lazımdır - ağıllı müdafiəni qurmaq, təşkilatlanmaq, Rusiyanı və rusları itirməmək; eyni zamanda da Azərbaycanın müstəqilliyini və millətimizin çıxarlarını da əzdirməmək.
Yetər ki, iqtidar da bunu istəsin. Müxalifət güclərinin bu istiqamət üzrə öz dəstəklərini əsirgəməyəcəyindən əminəm.
Allah utandırmasın.
Yazar : Rauf ARİFOĞLU
Nə qədər gec deyil, Moskvadakı, digər rus şəhərlərindəki toplumumuzu gücləndirməliyik. Orada olanların əksəriyyəti millətimizin ən qoçaq, ən inadcıl, bacarıqlı övladlarıdır. Əks halda, qürbətdə, ən ağır şərtlər altında işlərini, həyatlarını və ruzularını qura-qazana bilməzdilər. Onlar həm də Azərbaycan dövlətinin ən böyük dəstəkçiləridirlər - Rusiyda qazanıb, ölkələrinə, ailələrinə pul göndərirlər. Dövlətin işini yüngülləşdirirlər.
YanıtlaSil