17 Ekim 2013 Perşembe

RUSİYADAN QORXUNC MESAJ...


Geri çəkilmək Azərbaycana müstəqilliyi bahasına başa gələ bilər

Ortalıq toz-dumandır. Cənubi Qafqaz uğrunda amansız savaş  gedir. Savaşanlar regiona sahiblənmək istəyən dünya nəhəngləridir. Ancaq bu savaşın zərbələri bölgənin balaca dövlətlərinə dəyir. Çünki nəhənglər birbaşa deyil, onların üzərindən savaşır. Yeni və artıq deyəsən, həlledici mərhələdir. Qalib gələn Cənubi Qafqazda daha rahat nəfəs alacaq.

Hər superdövlətin öz savaş yöntəmi var. ABŞ və  Qərb rəqibinin üzərinə gedərkən, qullanmaq istədiyi balaca dövləti siyasi faktorlarla sıxışdırır. Rusiya isə daha qəddardır. Və Kreml üçün oyun qaydaları yoxdur. Hədəfləri naminə qarşısına çıxan hər kəsi və hər şeyi əzib keçməyə hazırdır.

Son Moskva olaylarında bunu açıq-aşkar müşahidə etdik. Əlbəttə, əli cinayətə bulaşmış kimisə müdafiə etmək niyyətimiz yoxdur. Əgər, kimsə cinayət törədibsə, cəzasını da çəkməlidir.

Ancaq baş verənlər o qədər qəddar və qorxunc xarakter daşıyır ki, olayın reallıqla əlaqəsinə də şübhə etmək məcburiyyəti yaranır. Olayın Rusiya və MDB ictimaiyyətinə təqdimat yöntəmi isə hadisənin əvvəlcədən planlaşdırılmış ola biləcəyi ehtimalına haqq qazandırır. 

Birincisi, suçlu kimi təqdim edilən azərbaycanlının həmin cinayəti törətməsini sübut edən dəlillər hələlik ortada yoxdur. Halbuki “günahsızlıq prezumpsiyası” deyilən bir anlayış da var. Və günahı sübuta yetirilmədən, məhkəmənin hökmü olmadan kimisə cinayətkar elan etmək yolverilməzdir. Rusiya və Azərbaycanın hüquq müdafiə təşkilatları bu məsələyə reaksiya verməməklə “sinifdə qaldılar”.

İkincisi, adamın üzərində böyük bir qorxu dalğası yaradılıb. Və özünün etiraflarının olduğu bildirilir. Bu qədər basqı qarşısında adamın istənilən cinayəti boynuna ala biləcəyi istisna deyil. Üstəlik, onun döyüldüyü və işgəncələrə məruz qaldığı da bildirilir. Hətta bəzi Rusiya media orqanları artıq bu barədə yazmağa başlayıb.

Nəhayət, məişət zəminində baş  verdiyi şübhə doğurmayan bir cinayət olayının bu qədər şişirdilərək milli-etnik qarşıdurma səviyyəsinə qaldırılması da şübhəli məqamdır. Axı, Rusiyada hər gün yüzlərlə oxşar cinayət baş verir. Ancaq onların heç birisinə belə əcaib reaksiya verilmir. Rusiyanın daxili işlər naziri də həmin yüzlərlə cinayətin suçlularını şəxsən sorğu-sual etmir. Bu hadisənin istisna təşkil etməsi planlı prosesdən xəbər verir.

Əks halda, bu hadisə bir belə böyüdülməzdi. “Qəzəblənmiş dazbaşlar” da azərbaycanlıların işlədiyi bazara basqın etməzdilər. Çünki “dazbaşlar”ın yalnız Kremlin istədiyi vaxtlarda “qəzəbləndikləri” hər kəsə məlumdur. Deməli, Kreml planlı şəkildə bu hadisəni bir azərbaycanlının üzərinə yükləməklə, “dazbaşları qəzəbləndirib” milli-etnik toqquşmalar yaratmaqla Azərbaycana mesaj vermək niyyəti güdür.

Kremlin analoji mesajlarına əvvəllər də rast gəlinib. Ermənistan Avropaya tərəf nəzər salmaq cəsarəti göstərdiyinə görə Rusiyada cinayət törətmiş bir erməni məhkəmə salonuna qadın xalatında gətirilmişdi. Və bu, Ermənistana xəbərdarlıq mesajıydı. Kreml demək istəyirdi ki, Ermənistan onun mülkiyyətidir. Kreml istəmədikcə, rəsmi İrəvanın gözü Rusiyadan başqa heç yana baxa bilməz. Nəticədə Ermənistan artıq Gömrük İttifaqına üzvlüyünü rəsmən elan edib.

Bəli, indi Azərbaycana da mesaj verirlər. Demək istəyirlər ki, Azərbaycan da Gömrük İttifaqına və Avrasiya Birliyinə girməlidir. Əks halda, Kremlin Rusiyada girova çevirdiyi azərbaycanlılara qarşı “dazbaşların qəzəbi” soyumaz. Və azərbaycanlıların canını qurtarmaq üçün kütləvi şəkildə Azərbaycana üz tutması ölkədə siyasi-iqtisadi böhran yarada bilər.

Əsl şantaj xarakterli mesajdır. Azərbaycanın geri çəkilməsi isə fəlakətə bərabər ola bilər. Çünki Kreml məhz Azərbaycanın müstəqilliyinə əl uzadıb. Ona görə də indi çox şey rəsmi Bakının müqavimət imkanlarından asılıdır.

Elçin XALİDBƏYLİ

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.