Avropa İttifaqı Ermənistanla bağlı mövqeyini “net”ləşdirdi; İrəvanla assosiativ üzvlük sazişi imzalanmayacaq; Ştefan Fülenin sözçüsü: “Avropa Birliyi Gömrük İttifaqının tərkibində olan bir ölkə ilə tərəfdaşlığı təsəvvürə də gətirmir...”
Qərbi seçməklə Bakı təşəbbüsü ələ ala bilər. Ermənistanda bəzi rəsmilər, siyasilər və ekspertlər hələ də ölkənin eyni zamanda iki müxtəlif və rəqib ittifaqda təmsil olunmasının mümkünlüyünə özlərini inandırmaqla məşğuldular. Belə görünür, tarixi saxtalaşdırdıqları kimi, deyəsən, bu məsələdə də öz yalanlarına inanmağa başlayıblar.
Bu, bir yandan öz günahı üzündən Türkiyə və Azərbaycan arasında sıxılan cırtdan Ermənistanın özünə beynəlxalq miqyasda daha güclü müttəfiq güc tapıb onun kölgəsinə sığınmaq arzusundan irəli gəlirsə, digər yandan, heç şübhəsiz, Azərbaycana qarşı işğalçılıq siyasətinə daha geniş miqyasda legitimlik qazandırmaq, torpaqlarımızdan çıxmamaq istəyindən doğur.
Söhbət bir yanda Rusiyanın patronajlığı altında yaradılan və SSRİ-nin yeni və “müasir” forması olacaq Avrasiya İttifaqı yolunda aralıq mərhələ kimi düşünülən Gömrük İttifaqından, başqa yanda isə Avropa Birliyindən (AB) gedir. Lakin srağagün Avropa İttifaqının məsul şəxsi erməni siyasətçilərin ümidlərini alt-üst edəcək bəyanat verib. “Azadlıq” radiosuna açıqlamasında Avropa Birliyinin genişlənmə və Avropa qonşuluğu siyasəti məsələləri üzrə komissarı Ştefan Fülenin mətbuat katibi Piter Stano deyib ki, “Ermənistanla 3.5 il ərzində müzakirəsi aparılan assosiativ üzvlük haqqında saziş Avropa İttifaqının Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində imzalanmayacaq”.
Bununla da o, yüksək çinli erməni rəsmilərin vaxtaşırı şəkildə AB ilə hansısa formada sənədin imzalana biləcəyi ilə bağlı dilə gətirdikləri təxminləri sıfırlayıb. AB sözçüsü deyib: “Mən yalnız münasibətlərimizə aid olan faktları şərh edə bilərəm. Əvvəlcə bizdə ümumi bir istək vardı - dərin və geniş miqyaslı azad ticarət zonası haqda saziş də daxil, Assosiasiya haqda sazişə nail olmaq. Biz onları Vilnüsdə imzalamağa çalışırdıq. Biz məhz bunun - siyasi və ticari hissədən ibarət vahid sənədin, vahid paketin ətrafında müzakirə aparırdıq. Bu vahid paketi Ermənistanın Gömrük İttifaqına qoşulmaq istəyinə görə imzalamaq qeyri-mümkündür. Çünki assosiasiya haqda saziş Gömrük İttifaqı qarşısında götürülən öhdəliklərlə bir araya sığmır. Odur ki, biz əvvəl nəzərdə tutulduğu kimi yola davam edə, sazişi imzalaya bilmərik”.
“Bəs Ermənistanla hansısa sadələşdirilmiş və ya adaptasiya olunmuş sənədin paraflanması və ya imzalanması mümkündürmü” sualına Piter Stano belə cavab verib: “Hazırda Ermənistanla yeni əməkdaşlıq üçün əsaslar axtarılması formatında dialoq davam etdirilir. Avropa Birliyi Gömrük İttifaqının tərkibində olan bir ölkə ilə münasibətləri necə davam etdirməyi təsəvvürə gətirməyə çalışır. Top indi Ermənistanın meydanındadır. Qeyd elədiyim kimi, gəlin addımları ardıcıllıq prinsipi ilə ataq. Bu mərhələdə biz münasibətləri hansı yeni əsasa keçirə bilərik. Biz münasibətlərimiz və tərəfdaşlığımız üçün yeni əsas yaratmaqdan ötrü daim təmasda və dialoqdayıq. Və deyə bilərəm ki, hazırda biz erməni tərəfdaşlarımızdan yeniliklər gözləyirik. Baxaq görək onlar yeni şəraitdə yeni tərəfdaşlıq formatını necə təsəvvür edirlər. Öz növbəmizdə buna reaksiya verməyə hazırıq. Əgər biz indiyədək əldə olunmuşlar əsasında birgə səylərlə müəyyən yeni münasibətlər qursaq, o zaman gələcəkdə nələr ola biləcəyini təxmin edə bilərik. Bu mərhələdə isə gəlin diqqəti yalnız yeni əsasların yaradılmasına yönəldək. Belədə Avropa Birliyi tərəfdaş ölkənin ehtiyacları və səylərini nəzərə alıb nə vaxtsa ona səs verər, yəqin ki”.
Ştefan Fülenin sözçüsünün söylədiklərini diplomatik dildən tərcüməsi budur ki, Ermənistan Vilnüs sammitində qapı arxasında saxlanacaq və Avropaya inteqrasiya proqramından qeyri-müəyyən müddətə çıxdaş ediləcək. Demək, məntiqlə Azərbaycan iqtidarı üçün daha yaxşı şans açılır ki, dəvət aldığı sammitə “Şərq tərəfdaşlığı”nın üzvü olaraq daha inamla qatılsın və bənzərsiz siyasi dividendlər əldə eləsin.
Bu dividendlər ən azından Qarabağ məsələsində rəsmi Bakıya əlavə güclü arqumentlər, hətta “kart-blanş” qazandırardı. Unutmayaq ki, Minsk Qrupunun 3 həmsədrindən ikisi - ABŞ və Fransa Avropa (ümumbəşəri) dəyərlərinin daşıyıcılarıdır. Eyni zamanda ən güclü güc mərkəzini təmsil edirlər. Qarabağ ixtilafının ədalətli həll perspektivi də demokratik dünya ilə bağlıdır, nəinki şimal qonşumuzla.
Rusiyaya gəlincə, bu ölkənin Azərbaycana, Azərbaycan xalqına, Qarabağ məsələsinə münasibəti artıq bəllidir və daha betər olmayacaq. Orxan Zeynalov olayından buna bir daha əminlik hasil elədik. Moskvanın Azərbaycana münasibəti Gömrük İttifaqına girsək belə, heç vaxt köklü şəkildə yaxşıya dəyişməyəcək, Dağlıq Qarabağı Kreml ermənidən alıb bizə verməyəcək. Lakin əfsuslar olsun ki, məhz bu günlərdə Bakıdan milli maraqlarımızla əsla uzlaşmayan “Avropa İttifaqına yox!” çağırışları səslənməyə başlayıb.
Moderator.az
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.