«Azərbaycan Qərbə inteqrasiya etməlidir, yoxsa Rusiya təhlükəsi qaçılmaz olacaq»
Noyabrın əvvəlində AI-nin Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin sammitinə Azərbaycanın da dəvət olunması haqqında məlumat vermişdik. Ancaq hakim komandada yaranmış mənzərə onu göstərir ki, hakimiyyət bu dəvətdən imtina etmək fikrinə düşüb. Bəzi nəşrlərin rəhbərləri də hakimiyyəti imtinaya səsləyib.
Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da rəsmi Bakının Avropa Ittifaqı ilə inteqrasiyadan imtina etdiyinə işarə vurub. Məmmədov deyib:
“Avropa Ittifaqı ilə əməkdaşlığımızın mühüm mərhələlərindən biri - Vilnüs sammiti keçirilməlidir. Indi biz düşünürük, ora nə üçün getməliyik? Bu günə qədər Avropa Azərbaycan üçün nə edib? Bu günə qədər Qərb Azərbaycan üçün nə edib?”.
Maraqlı burasıdır ki, AI-dən imtinaya səsləyənlər, Rusiyaya sığınmağı məsləhət görürlər.
Azərbaycanın AI-dən imtinası, Rusiyanın çətiri altına girməsi ölkəmizi üçün yaxşı gələcək vəd etmir və bir çox ekspertlər də bu qənaətdədir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycan yalnız Qərbə sığınmalıdır və Rusiyanın təhdidlərinə boyun əyməməlidir. “Mən hesab edirəm ki, Azərbaycan bu sammitdə iştirak edəcək və bu iştirak Azərbaycan üçün vacibdir. Nəzərə alsaq ki, Azərbaycan üçün daim təhlükə olan, ərazilərimizi işğal edən Rusiyadır, belə olan halda Avropadan imtina etmək Rusiya ilə təkbətək qalmaq anlamına gəlir ki, bu da təhlükəlidir”.
Ekspert hesab edir ki, Qərblə əməkdaşlıqda Rusiya faktorundan çəkinmək lazım deyil: “Atəşkəs imzalanandan sonra Azərbaycan torpaqlarının işğalı dayandı, 3-4 ay sonra neft kontraktları imzalandı. Bundan sonra Azərbaycana Qərbin maraqları artdı. Bu günə qədər bizim salamat qalmağımızın səbəbi də ondan ibarətdir ki, Qərbin burda maraqları var və bu bizə zərbələrin endirilməsinin qarşısını aldı. Yoxsa bizim dövlət kimi varlığımız da şübhə altına düşə bilərdi. Bir dəfə Kazimirov məni hədələdi ki, siz Qərbə meyl edirsiniz, amma unudursunuz ki, ermənilər işğalı davam etdirə bilər. O zaman mən geri qayıtdım və Heydər Əliyevə məruzə etdim. Sonra Qərb ölkələrinin səfirlərini dəvət etdik və təhlükənin qarşısını aldıq. Sonra 1993-cü ildə bizə xəbər gəldi ki, erməni tankları Bakıya tərəf hərəkətə başlayacaq. Biz bu təhlükəni də aşdıq. Yəni bu təhlükə həmişə olub. Qərbin bizə dəstəyi olmasa, bu baryerləri aşa bilməzdik. Azərbaycanın Rusiyanın tərkibinə keçməsinin heç bir xeyri yoxdur. Rusiya 1920-ci ildə Azərbaycanı işğal edib, işğaldan sonra məcbur etdi ki, Zəngəzuru Ermənistana versin, sonra Dağlıq Qarabağı işğal edib ermənilərə verdi və bu günə qədər də torpaqlarımız işğal altındadır. Belə dövlətə necə sığınmaq olar?”.
Vəfa Quluzadə onu da əlavə etdi ki, sığınacaq axtarırıqsa, Qərbə sığınmalıyıq və bizim müstəqilliyimizə Qərb zəmanət verir: “Rusiyaya sığınmaq mümkün deyil. Ermənistan Rusiyadan canını qurtara bilmir. Gömrük Ittifaqı o deməkdir ki, Azərbaycanın bütün sərvətləri Rusiyanın büdcəsinə axacaq. Niyə xristian Ukrayna bu ittifaqa qoşulmur? Qardaş ölkədilər, Yanukoviç də rus meylli şəxsiyyətdir. Çünki Yanukoviç bilir ki, ölkənin müqəddəratı Avropa Ittifaqına inteqrasiyadadır”.
Ilham Hüseyn
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.