Sabiq dövlət müşaviri ABŞ prezidentinin Qarabağ məsələsinin həlli arzusunu səmimi sayır, amma...
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Obama məktubunda ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni həmsədr təyin olunmuş səfir Ceyms Uorlikə tam dəstək verdiyini diqqətə çatdırıb. B.Obama bildirib ki, C.Uorlikin bu yaxınlarda təyin olunması tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin güclü göstəricisidir:
“Ümidvaram ki, səfir Uorlikin zəngin diplomatik təcrübəsi və hökumətinizin irəliləyişə nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcək. Mən gələn aylar ərzində Ermənistanla birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm. Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib”.
Öz növbəsində, ABŞ səfirliyi bildirib ki, Bakıya gələn Ceyms Uorliki prezident İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyev qəbul edib. Görüşlərdə tənzimlənmə və regionda təhlükəsizlik məsələləri müzakirə olunub. Sentyabrın 10-da Ceyms Uorlik Bakıdan İrəvana yola düşüb. ABŞ prezidentinin məktubunda “artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib” mesajının verilməsi isə narahatçılığı daha çox artırır. Söhbət Azərbaycan xalqının bixəbər qaldığı hansısa razılaşmalardan, güzəştlərdənmi gedir?
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, Obamanın Qarabağ məsələsini həll etmək arzusu tamamilə səmimidir: “Ondan əvvəl Bill Klintonun da bu məsələni həll etməklə bağlı arzusu səmimi idi. Corc Buş da Ki Uestdə çalışırdı ki, Qarabağ məsələsi həll olunsun. Amma görürsünüz ki, həll olunmadı. İş Amerikanın səmimiyyətindən keçmir. Qarabağ məsələsində əsas əngəl keçmiş super dövlət, indi isə ondan bir az kiçik imperiya olan Rusiyadır. Rusiyanın strategiyası ondan ibarətdir ki, nə hərb, nə sülh vəziyyəti olduqca uzansın. Görünür, köməkçiləri Obamaya bu barədə deməyiblər ki, Azərbaycan həmişə sülhə hazır olub, indi də hazırıq. Amma sülhə addım atılan kimi Rusiya o sülhü dağıdır. Tehranda Levon ter-Petrosyanla Azərbaycanda prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov 1992-ci ilin mayında atəşkəsə imza atanda Azərbaycanda Şuşa rayonu işğal olundu. Adını ”ermənilər tərəfindən" qoysalar da, işğala Rusiya rəhbərlik edirdi. Bununla da sübut olundu ki, Petrosyan Ermənistan ordusuna cavabdeh deyil, bu ordunu idarə edən Rusiyadır. Rusiya bunu ona görə etdi ki, İrana sillə vursun, desin ki, sən Qarabağ məsələsində heç bir rol oynaya bilməzsən, ona görə də meydandan çəkil. Bundan sonra ter-Petrosyan pərt oldu. Həmin Levon ter-Petrosyan mərhələli sülh planı irəli sürdü və Heydər Əliyev də bunu qəbul etdi. Ter-Petrosyan sensasion bəyanat verdi ki, Qarabağ məsələsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur. Bu sensasiya dünyaya yayıldı, Rusiya isə qəzəbləndi. Təklif ondan ibarət idi ki, Ermənistan 7 rayonu boşaldır, Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələr yaradılır, əməkdaşlıq başlayır, inkişaf edir, Dağlıq Qarabağın statusu da qeyri-müəyyən gələcəyə qalır. Azərbaycan buna razılıq verdi. Nəticədə isə ter-Petrosyan vəzifəsindən kənarlaşdırıldı".
Sabiq dövlət müşaviri daha bir faktı xatırlatdı: “Heydər Əliyev bundan da daha cəsarətli bir addıma - güzəştli sülhə getdi. Ermənilərin istəyinin cavabında dedi ki, ”güzəşt edirəm" və ermənilər də razılaşdı. Nəticə nə oldu? Erməni parlamenti, baş nazir, spiker daxil olmaqla, 10 deputat güllələndi. Özü də açıq efirdə, bu, dünyada görünməmiş bir şey idi. Ondan sonra 1999-cu ilin noyabrında keçirilən İstanbul sammitinin gündəliyindən Qarabağ məsələsi çıxarıldı. Mən bütün bunları təkrarən ona görə deyirəm ki, sizin qəzet bunu çap etsin, Amerika səfirliyi də bunu hörmətli Obamaya göndərsin. Obama görsün ki, yalnız xoş niyyətlə məsələ həll olunmur, çalışsınlar rus imperiyasını çökdürsünlər, Rusiyanın demokratik ölkəyə çevrilməsinə nail olsunlar. Ondan sonra rus imperiyasının strategiyası dəyişsin və bu nüvə dövləti bizim torpaqları işğal etməkdən əl çəksin. Burada ermənilər qapazaltıdır, “şestyorka”dır".
V.Quluzadə Obamanın həmsədrlərin roluna önəm verməsinə də reaksiya verdi: “Həmsədrlərin biri elə Rusiyadır. Bir neçə il öncə elə ABŞ səfirinin iqamətgahında Merzlyakov Azərbaycan xalqına mesaj verdi ki, gedin, özünüz danışın, biz sizin üçün sülh əldə edən deyilik. Mən də durub çıxış etdim, dedim ki, siz ermənipərəst mövqe tutursunuz. Çünki torpaqlarımızı işğal edən tək Ermənistan deyil, Rusiyadır. Merzlyakov ağzını açanda dedim ki, ”sizsiniz!" Bu mənada Qarabağ məsələsinin həllində Ermənistandan heç nə asılı deyil".
Politoloq Obamanın güzəştli razılaşma ilə bağlı dediklərinə də aydınlıq gətirdi: “Güzəştli razılaşma beynəlxalq hüquq normalarının çərçivəsində tənzimlənmə deməkdir. Yəni Azərbaycanın ərazi bütövlüyünün saxlanması şərtilə tənzimləmə. Güzəştli odur ki, biz Dağlıq Qarabağa ən yüksək muxtariyyəti veririk. Ermənilər buna hoppana-hoppana razı olarlar. Çünki Sovet İttifaqı yoxdur, indiki şəraitdə Dağlıq Qarabağ yüksək muxtariyyət alanda de-fakto müstəqil olacaq. Ermənilərə bundan artıq nə lazımdır? Ona görə də Sərkisyan, Dəmirçiyan, Köçəryan o zaman buna razı olduqlarını demişdilər. Amma bunun əvəzinə ikisi güllə aldı, Köçəryan isə digərlərini satdığına görə Moskva tərəfindən əfv olundu”.
V.Quluzadə Qarabağ danışıqları ilə bağlı bir faktı da xatırlatdı: “Mən həmin erməninin adını çəkmək istəmirəm ki, sonra onu təqib edərlər. O dedi ki, hörmətli Vəfa Quluzadə, hörmətli səfir, siz gedin Rusiya ilə danışın, bizimlə nə danışırsınız? Məgər siz bilmirsinizmi Rusiya nə deyirsə, biz də onu edirik, məgər bunu bilmirsiniz? Həmin adam ATƏT çərçivəsində apardığımız danışıqlarda Ermənistan nümayəndə heyətini təmsil edən ən yüksək səviyyəli şəxs idi”.
Sabiq müşavir onu da qeyd etdi ki, Obamanın bu məktubu yalnız diplomatik gedişdir: “Amerika sadəlövh dövlət deyil ki, detalları bilməsin. Bu mənada ABŞ prezidentinin bu məzmunda məktub göndərməsini təbii hesab edirəm”.
E.PAŞASOY
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.