27 Eylül 2013 Cuma

RUSİYANIN AZƏRBAYCANDA NÖVBƏTİ SEPARATİZM LAYİHƏSİ


Şimal ölkədə yaşayan həmvətənlərimiz təxribat ssenarisi barədə «Bizim Yol»a sensasiyalı məlumatlar verdilər. 
Rusiyaya gedən milli azlıq nümayəndələrinin problemləri tezliklə həll olunur, onları Azərbaycana qarşı çıxışlara təhrik edirlər.

Rusiya hökuməti bütün mümkün təzyiq vasitələrindən Azərbaycana qarşı istifadə etməyə başlayıb. Rəsmi Bakı Kremlin təqdim etdiyi siyasi layihələrdə iştirak etməyəcəyini bəyan edir. Təbii ki, bu zaman Putin hökumətinin təzyiq potensiyalını əvvəlcədən hesablayaraq müqavimət göstərmək yolunu seçib. 

Azərbaycanın keçmiş SSR-nin tərkibində və onun varisi Rusiya ilə həmsərhəd ölkə olması, 2 milyon azərbaycanlının bu ölkədə çalışması əsas təzyiq rıçaqları kimi nəzərdən keçirilir.
Moskva Dağlıq Qarabağda həyata keçirdiyi etnik separatizm layihəsini Azərbaycanın başqa milli azlıqlar yaşayan bölgəsində də yaymağa iştahlıdır. Bu istiqamətdə artıq konkret iş gedir. 

Azərbaycandan bu ölkəyə işləmək üçün gedən milli azlıq nümayəndələri arasında separatist təbliğat aparılır.
Bu barədə Şimal ölkədə çalışan bir soydaşımız apardığı müşahidələrini «Bizim Yol»un əməkdaşı ilə bölüşüb. 
Mənbənin bildirdiyinə görə Azərbaycan vətəndaşları olan talışlar arasında bu millətin Rusiya elmi dairələrində yüksəlmiş nümayəndəsi Fəxrəddin Abbaszadənin rəhbərliyi ilə genişmiqyaslı iş aparılır. Onun təşkilatının rəhbərliyində Nəsir Mirzəyev və Bilal Əliyev adlı şəxslər də təmsil olunur. İri maliyyə imkanlarına, internet resurslarına malik olan bu təşkilatın əsas missiyası talış həmvətənlərimizi Azərbaycan dövlətinə qarşı çıxışlara təhrik etməkdir. 
Rusiya hökuməti onların yaratdığı qurumu diaspor təşkilatı kimi tanıyıb, ölkə ərazisində manesiz fəaliyyət göstərməsinə şərait yaradır. 

F.Abbaszadə və onun ətrafındakı adamlar talış əsilli Azərbaycan vətəndaşlarını yığaraq toplantılar keçrir, onları ianələr yığmağa, qohumlarını, tanışlarını təşkilata qoşmağa məcbur edirlər. 

Mənbə bildirib ki, separtçıların təkliflərini rədd edə iş adamlarına qarşı müxtəlif təqib-təzyiqlərdən istifadə olunur. Evlərinə, avtomobillərinə basqınlar təşkil edilir, hədə-qorxu mesajları yazılır.

F.Abbaszadənin keçirdiyi toplantılara Rusiya hakimiyyət dairələri məmuniyyətlə məkanlar ayırır. O, çıxışların birində «Rus ordusu abxazlardan əvvəl Azərbaycanda talışların köməyinə gəlməliydi» deyə öz missiyasını ifşa edən fikirlər səsləndirib.
Rusiyadakı soydaşlarımız orada çalışan azərbaycanlılar arasında separtizimi təbliğ edən ədəbiyyatlar, qəzet nüsxələri, təqvimlər buroşürlər yayıldığını bildirirlər. Təbliğat vasitələrində Azərbaycanın milli azlıqlar yaşayan bölgələri müstəqil dövlətlər kimi təqdim olunur, ölkənin tarixi qəhrəmanları ilə bağlı çaşdırıcı, yalan məlumatlar verilir. Azərbaycanda yaşayan az saylı xalqların  guya diskrminasiyaya məruz qaldığı, onların mədəni hüqüqlarının belə tanınmadığı iddia olunur.

Mənbəmiz bildirir ki, Azərbaycan dövlətinə qarşı yönəlmiş genişmiqyaslı kampaniya rəsmi dairələr tərəfindən açıq aşkar himayə olunur. Xüsusən, son bir ildə separatçı əhval-ruhiyyədə olanların fəaliyyəti intensivləşib. 

Rusiya qonşu ölkələrdə separatizmin yayılmasını öz siyasi hegemonluğunun təməl prinsipi hesab edir. Cənubi Qafqaz ölkələri, Moldova məhz Kremlin layihələndirdiyi separatizmdən əziyyət çəkir. Ukraynada, Qazaxıstanda və Özbəkistanda da durum həssasdır, Rusiya ilə siyasi toqquşmaların daxili münaqişələrlə sirayət etməsi üçün üçün çoxdan zəmin var. 
Azərbaycanda isə buna zəmin yoxdur, Rusiya hələ əsrin əvvəllərində  və müstəqilliyin ilk illərində də buna cəhdlər edib, amma yerli əhalidən dəstək ala bilməyərək fiasko ilə üzləşib. 

Bu gün Azərbaycanda əksər vətəndaşları əzən və bilavasitə yarıtmaz idarəçilikdən qaynaqalanan çoxsaylı problemlər var. Vətəndaşlar siyasi, sosial hüquqlarını həyata keçirmək istəyərkən böyük təzyiqlərlə üzləşirlər. Bu, ölkənin hər yerində belədir, təkcə milli azlıqlar yaşayan bölgələrdə yox. 

Bu baxımdan separatçıların Rusiyaya üz tutan həmvətənlərimizi hədəf seçməsi təsadüfi deyil. Şimal ölkəyə kifayət qədər azərbaycanlı gedir, onların iş, yaşamaq, ailələrinə pul göndərmək problemləri var. Həmvətənlərimizin verdiyi məlumata görə milli azlıqların nümayəndələri üçün problemlər məqsədli şəkildə, tezliklə həll olunur. Onların iş icazəsı alması, sığortalanması, bazarlarda yerlə təmin olunması görünməyən «qüvvətli əl» tərəfindən həll edilir. Yetər ki, həmin şəxs özünü Azərbaycandan gəlmiş milli azlığın nümayəndəsi kimi təqdim etsin. Amma bu şirnikləndirici vədlər özünü doğrultmur. Soydaşlarımızın «Bizim Yol»a verdikləri məlumatdan belə aydın olur. Separatçıların havadarları ilk addımda istədiklərinə nail olsaydılar, iş adamları total basqı, təzyiq şantajla məcbur etməyə nə ehtiyac var. 

Həm Azərbaycandakı milli azılıqların durumu, həm Rusiyanın apardığı növbəti əməliyyatın uğursuzluğu Azərbaycanın bu bəlanı yaşamayacağından xəbər verir. Bu anlamda zəmin yoxdur. Amma ölkədəki korrupsiya və ədalətsizlik, qanunların işləməməsi milli təhlükəsizliiymizi təhdid edən əsas problemlərdir. Azərbaycanda öz maraqlarını həyata keçirmək istəyən qüvvələrə parçalanmış cəmiyyət, xalq-hakimiyyət qarşıdurması çox cəlbedici görünür…

Elmar

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.