31 Mayıs 2013 Cuma

“Rusiya Qarabağ münaqişəsinin həllinə məcburi olaraq imza atacaq”

Rusiyanın Azərbaycanda bu ilki seçkilər zamanı hakimiyyət dəyişikliyi edəcəyi ilə bağlı məlumatlar dolaşır. Almaniyanın “Focus” jurnalı da Kremlin belə planının olması barədə yazıb. Jurnalın yazdığına görə, Rusiya FTX-si seçki ərəfəsində bu plan üzərində işləyir. Məlumatlara görə, etnik kartın işə salınması da bu plana daxildir. Baş verənləri və son proseslərdən əldə edilən nəticələri keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.Az-a müsahibəsində şərh edib.

“Rusiya Azərbaycanı öz kolonnasına çevirmək istəyir ki...”

-Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi planı üzərində işlədiyi ilə bağlı məlumatlar yayılır. Prezident seçkiləri öncəsi belə bir ehtimalı necə qiymətləndirirsiniz?
-Bu cür məlumatlar cəfəngiyatdır və daha çox şayiə olaraq yayılır. Rusiya Azərbaycanda necə hakimiyyət dəyişikliyi edə bilər? Azərbaycan müstəqil dövlətdir. Sadəcə olaraq Azərbaycanda böyük dövlətlərin-Qərbin, Rusiyanın maraqları var. Çünki Azərbaycan hər iki tərəf üçün önəmli ölkədir, istər coğrafi, istər enerji, istərsə də bölgədəki layihələr baxımından və s. Hər bir tərəf də öz maraqlarını təmin etmək üçün təzyiqlərini, rıçaqlarını işə salır. Bu baxımdan, son prosesləri Rusiyanın Azərbaycanda maraqlarını təmin etmək üçün təzyiq rıçaqlarını işə saldığı kimi şərh etmək olar. Rusiya Azərbaycanı öz kolonnasına çevirmək istəyir ki, öz təsirini artırsın, gücünü bərpa etsin. Hakimiyyət dəyişikliyindən isə söhbət gedə bilməz.

“Azərbaycana mücahidlər gələ bilər, İslam inqilabı ola bilər”



-Bəs, etnik kartın işə salınmasını, xüsusilə “Sadval”ın fəallaşdırılması ilə bağlı nə düşünürsünüz?
-“Sadval” terrorçu təşkilatdır və Azərbaycanda terror hadisələri törədib. Bu günə qədər müstəqilliyimiz dövründə terror aktları olub. Sonuncu dəfə Neft Akademiyasında terror aktı törətdilər. Bu, terroru törədənlər üçün hansı nəticəni verdi, nə dəyişdi? Nə hakimiyyət dəyişdi, nə də vəziyyət. Sadəcə olaraq günahsız insanların qanı axıdıldı. Amerikada Bostona terrorunda nə dəyişdi? Heç nə. Orda da günahsız insanların qanı töküldü. Yaxud da Azərbaycandan 90-cı illərin əvvəllərində metro partlayışları oldu. O zaman da heç nə dəyişilmədi, sadəcə insanların qanı axıdıldı. Hesab edirəm ki, nə “Sadval”, nə də başqa terror təşkilatları tarixin gedişinə təsir edə bilməzlər. Tarix irəliləyir, qabağa gedir. 20-ci ildə vəziyyət bir cür idi, 40-cı illərdə başqa idi, 90-cu illərdə tamam başqa. 1917-ci ildə çar imperiyası çökdü. 1991-ci ildə kommunizm imperiyası çökdü. Tarixi hadisələrin qarşısını heç nə ala bilmir. Yenə deyirəm, Azərbaycan özünün coğrafi vəziyyətinə görə böyük dövlətlər üçün böyük əhəmiyyət edir. Mən arzu edərdim ki, Azərbaycanda bütün proseslər sülh məcrasında keçsin və bu kimi hadisələrlə Azərbaycana, xalqa təhlükə olmasın. Bu cür informasiyalar cəfəngiyatdır. Deyirlər, Azərbaycana mücahidlər gələ bilər, nə bilim islam inqilabı ola bilər. Bunlar şayiələrdir.

“Rusiya ABŞ qarşısında geri çəkilir”

-Belə ehtimallar var ki, ABŞ Yaxın Şərq böhranına görə Gürcüstanda Rusiyaya güzəştə gedib. Bu da Rusiyanın Azərbaycan üzərinə yeriməsinə stimul verib.
-Hesab edirəm ki, ABŞ heç vaxt Rusiyaya güzəştə getməz. Gürcüstandakı dəyişiklik ABŞ-ın maraqları çərçivəsindədir. İvanişvilinin dəfələrlə verdiyi bəyanatlar bunu sübut edir. Belə ki, Gürcüstan gələn il NATO-ya daxil olacaq, Avropa İttifaqına inteqraə edəcək, bununla yanaşı Rusiya ilə dost əlaqələrini inkişaf etdirmək, ticarət və iqtisadi əlaqələrini bərpa etmək istəyir. Burda Rusiyaya heç bir güzəşt yoxdur. Əksinə Rusiya ABŞ qarşısında geri çəkilir. Çünki Abxaziyanı işğal edəndən sonra Gürcüstana əl vura bilmədi və Qərbin maraqları tam təmin olundu. Gürcüstan vacib koridordur. Bütün Xəzər hövzəsinin enerjisi bu ölkənin üzərindən Türkiyəyə, oradan da Qərbə gedir və gələcəkdə də gedəcək, sayı artacaqdır. Bölgədə TANAP, BTC və digər layihələr var. Rusiya bunların heç birinə toxunmağa cəsarət etmir və etməyəcək də.

“Ermənistanın ağzı nədir müharibə etsin”

-Son günlər diqqət çəkən digər bir məqam, Azərbaycanda seçki ərəfəsində Dağlıq Qarabağda qısa müddətli olsa da müharibə yarana biləcəyi ilə bağlı proqnozların verilməsidir. Hadisələrin sonu bunu göstərirmi?
-Nə Ermənistan, nə də Azərbaycan tərəfi özbaşına deyil. Bunu başa düşmək lazımdır. Ermənistan müharibədə ümumiyyətlə maraqlı deyil. Azərbaycan torpaqlarını işğal edən Ermənistan deyil, Rusiyadır və Rusiyanın maraqları neçə illərdir ki, Ermənistanın milli maraqlarını zərbə altına qoyub. Buna görə də, Ermənistan inkişaf etmir, müharibə vəziyyətindədir. Azərbaycan neftinin, qazının sayəsində inkişaf edib. Amma Ermənistan əhalisinin yarısından çoxu artıq ölkədən qaçıb.

Bu yaxınlarda daha 50 min erməni qaçdı və bunun sayı artmaqdadır. Bir neçə ildən sonra Ermənistan əhalisinin sayı 500 minə düşəcək. Bu baxımdan, Ermənistan dəhşətli vəziyyətdədir. Bu ölkəyə müharibə lazım deyil. Ermənistanın ağzı nədir müharibə etsin. Müharibəni Rusiya edə bilər, bu, başqa məsələdir. Amma gərək Rusiya müharibəni Amerika ilə etsin. Çünki burdakı maraqlar Amerikanın maraqlarıdır. Əgər Rusiya o tərəfdən çəkilsə, ABŞ-da bu tərəfdən, o zaman Ermənistan Azərbaycanla həmin an sülhə imza ataraq qardaş olacaq. Burda böyük qüvvələrin maraqları var və onlar əsasdır. Bunu etiraf etmək lazımdır. Amerikanın maraqları Azərbaycanın xeyrinədir. Çünki ABŞ tezliklə sülhün yaranmasının tərəfdarıdır. Rusiya isə başa düşür ki, Ermənistanı saxlamaq ona ağırdır. Sadəcə olaraq, Ermənistanın xərclərini, silahlandırılmasını ona görə üzərinə götürür ki, heç vaxt Cənubi Qafqazda maraqlarına nail ola bilməmişdi. Belə ki, neft sazişləri imzalandı, BTC boru kəməri çəkildi, həmçinin digər layihələr reallaşdı.

Azərbaycan artıq Amerikanın təsir zonasıdır, bu açıq-aydındır. Hesab edirəm ki, Rusiya Amerikanın təsiri altında Qarabağ konfliktinin həllinə məcburi olaraq imza atacaq. Üstəlik, erməniləri saxlamağa artıq Rusiyanın imkanları yoxdur. Ona görə də hesab edirəm ki, Ermənistanın, yaxud Azərbaycanın müharibə edəcəyi məsələsi nağıldır.

Asif Nərimanlı

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.