13 Nisan 2013 Cumartesi

Dağlıq Qarabağ üçün həll modelləri: Bakı və İrəvan nə deyir?


Dağlıq Qarabağ probleminin həlli ilə bağlı illərdən bəri səslənən təkliflər məntiqi bir sonluq, yəni daimi bir sülh gətirməsə də, münaqişənin çözülməsinə istiqamətlənən fəaliyyət davam edir. Ötən müddət ərzində münaqişənin həlli üçün xeyli həll modelləri gündəmə gətirilsə də, həmin modellər yalnız müzakirə obyekti olaraq qalıb. Təbii ki, bunun da əsas səbəbi Ermənistanın işğalçı siyasətindən əl çəkmək istəməməsidir. Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə hazır olduğunu dəfələrlə bəyan etsə də, Ermənistan bildirir ki, Dağlıq Qarabağın bir daha Azərbaycanın tərkibinə qayıda bilməz.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Aland adaları, Tatarıstan, Cənubi Tirol, Triest kimi modellərin adı çəkilib. Bundan başqa isə dünyada etnik münaqişələrin həllində Krım, Kvebek, Şimali İrlandiya, Kataloniya, Honkonq, Puerto-Riko, Brüssel, Şimali İrlandiya kimi modellər də var. Onların bəziləri ilə sizi tanış edirik.

Aland adaları modeli

Haqqında ən çox danışılan modellərdən biri də Aland adaları modelidir. Aland adaları Baltik dənizində 8 min adadan ibarət arxipelaqdır. XX əsrin əvvələrində ümumxalq referendumu nəticəsində Norveç İsveçdən sülhlə ayrılaraq müstəqil dövlət yaradır. 1917-ci ildə isə Finlandiya da müstəqillik qazanır. Aland adaları Finlandiyanın tərkibində qalır. Həmin vaxt Aland adalarının isveçli vətəndaşları İsveçlə birləşmək üçün müraciət qəbul edirlər. Məsələni tənzimləmək üçün Millətlər Liqası 1921-ci ildə tarixi qərar çıxarır. Həmin qərara əsasən, Aland adaları Finlandiyanın ərazisi elan olunur və Finlandiyadan həmin adalarda İsveç dilini, mədəniyyətini, adət-ənənələrini qorumaq tələb edilir. Aland adalarına İsveçlə maneəsiz əlaqələr qurmaq imkan verilir. 1922-ci ildə qəbul edilmiş yerli idarəetmə haqqında qanuna əsasən, Aland adalarında yerli parlament (Laqtinq) yaradılır və arxipelaqdakı daxili işləri o tənzimləyir. Laqtinq hökuməti təyin edir, büdcəni maliyyələşdirir, səhiyyə, mədəniyyət, nəqliyyat, polis və rabitə məsələlərinə baxır. Xarici siyasət, hüquq və məhkəmə, mülki məcəllə, gömrük, cinayət hüququ, pul dövriyyəsi və sair məsələlər isə Finlandiyanın səlahiyyətindədir.

Bununla belə Aland modeli də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əsas kimi götürülməyib və götürülə də bilməz. Əvvəla ona görə ki, Aland adaları ilə bağlı yaranmış gərgin vəziyyət tənzimlənərkən qan tökülməyib, müharibə olmayıb, qaçqın və məcburi köçkün düşən yoxdur. İkinci faktor isə odur ki, Aland adaları əhalisinin mədəniyyəti, arxipelaqın siyasi-çoğrafi mövqeyi, iqtisadi vəziyyət və digər faktorlar onu Qarabağla eyniləşdirməyə imkan vermir. Qarabağ münaqişəsində işğal faktı var. Üstəlik, ermənilərin məsələnin Aland modeli üzrə çözülməsinə razılıq verəcəyi ağlabatan deyil, çünki bu model də ərazi bütövlüyü prinsipini önə çəkir. Qərbin bir sıra ekspert dairələrində Dağlıq Qarabağın gələcək statusunu əsasən bu modellə müqayisə edirlər. Təsadüfi deyil ki, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi təmsilçisi Qoran Lenmarker bir neçə il öncə hazırladığı hesabatda Aland modelinin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas kimi götürülə biləcəyini irəli sürmüşdü.

Triest modeli

Ən çox müzakirə olunan Triest modeli isə ümumiyyətlə, qəbul edilməzdir. Məlum olduğu kimi Triest İtaliyanın tərkibindədir, Venesiya-Culya Muxtar vilayətinin paytaxtıdır. Şəhər vaxtilə Yuqoslaviyanın tərkibində olub. İkinci Dünya Müharibəsindən sonra, yəni 1945-ci ildə Triestin iki hissəyə bölünməsi barədə saziş imzalanıb. İki il sonra Paris müqaviləsi ilə Triestin bir hissəsi Yuqoslaviyaya verilib. 1975-ci ildə isə Triest tamamilə İtaliyanın tərkibinə keçib.

Triest azad zonasının daimi statusu barədə imzalanmış sənədə görə bu ərazinin müstəqilliyini BMT-nin Təhlükəsizlik Şurası təmin edir. Ərazi hərbsizləşdirilib və neytral sayılır. Onun öz bayrağı, gerbi, qubernatoru, İdarə Şurası, Xalq Məclisi və məhkəməsi var. Azad zona polis və təhlükəsizlik xidmətini yaradır. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, “Triest modeli" yüksək status deməkdir. Bu isə Qarabağın təslimçilik aktının hazırlanmasına bir işarədir. Ona görə ki, Qarabağı iki hissəyə bölünüb sonradan bir ölkənin tərkibinə keçmiş Triestlə müqayisə etmək qətiyyən düzgün deyil. Triestdən fərqli olaraq Qarabağ Ermənistan ordusunun iştirakı ilə işğal olunub. Bu fakt bütün beynəlxalq aləmə məlumdur. Qarabağ həm də heç vaxt mübahisəli ərazi olmayıb.

Tatarıstan modeli

Tatarıstan Respublikası öz səlahiyyətləri çərçivəsində müstəqil xarici iqtisadi əlaqələrdə iştirak edir. Tatarıstanın xa¬rici ölkələrdə iqtisadi nümayəndəliklər açmaq hüququ var. Dağlıq Qarabağın Tatarıstanın statusuna malik olması müstəqil iqtisadi siyasət yürütməsi, iqtisadi sahədə müstəqil xarici razılaşmalar imzalaması, xarici ölkələrdə iqtisadi nümayəndəliklər açması, yerli idarəetmə institutları formalaşdırması və qəbul edilən qanunların Azərbaycan qanunvericiliyi ilə uzlaşdırılması, bir sözlə, yerli hakimiyyətin böyük idarəçilik səlahiyyətlərinə malik olması deməkdir. Lakin ermənilər bu modeli də qəbul etmirlər.

Brüssel modeli

Brüsseldə yaşayan flamandlar və fransızdillilər Brüsseli öz əraziləri sayırdılar, halbuki şəhərin tarixi əhalisi flamandılardır. 19-cu əsrdə keçirilən fransızlaşdırmadan sonra flamandlılarla fransızdillilər arasında müəyyən gərginliklər yarandı. Münaqişəni həll etmək üçün Belçika hökuməti ölkənin ərazisini üç regiona (Flandriya, Valloniya və Brüssel) böldü. Etnosiyasi qarşıdurma predmeti olan Brüsselə isə özünəməxsus səlahiyyətlər verildi.

Tətbiq edilmiş tənzimləmə modelinə əsasən, Brüsseli üç icma hökuməti idarə edir. Hər hökumət bir icmanın maraqlarını təmsil edir və həmin icma daxilindəki məsələləri tənzimləyir. Bu, flamanda, alman və fransızdillilər icmalarıdır. İcma hökumətləri yerli idarəetmə, təhsil, mədəniyyət problemlərinin həllində və ümumən etnik məsələlərdə geniş səlahiyyətlərə malikdir. Hər bir icma hökuməti öz səlahiyyətləri çərçivəsində yerli problemləri həll etməklə məşğuldur. Amma Belçikanın yalnız bir konstitusiyası var və həmin əsas qanuna görə, hamı ölkə vətəndaşı sayılır. Ordu, polis, məhkəmə sisteminin səlahiyyətləri isə Belçikanın bütün ərazisini əhatə edir.

Belçika modeli bir ölkə daxilində iki və ya üç etnosun birgə yaşayışını nəzərdə tutur. Bu modelin əsas gücü ondadarır ki, problem lokal səviyyədə, ümumi sosial-iqtisadi sistem çərçivəsində həll olunur. Problem aşağıdan yuxarı həll olunduğu üçün Belçika daxilində heç bir etnik ziddiyyət yaranmır. Sözügedən icma hökumətləri isə getdikcə daha da simvolikləşir və vətəndaş millətçiliyinin, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir. Hər şeydən görünür ki, bu model Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aid edilə bilməz.

Tirol modeli

Cənubi Tirol İtaliya ərazisidir. Tirol özü Avstriyada yerləşir. 1919-cu ildə Paris yaxınlığındakı Sen-Jermendə imzalanan sülh müqaviləsinə görə, Trentino və Cənubi Tirol Avstriyadan alınaraq İtaliyaya verildi. Avsrtiya hökuməti 1946-cı ildə II dünya müharibəsindən qalib çıxmış dövlətlərə müraciət edərək Cənubi Tirolun Italiyadan alınaraq yenidən Avstriyaya verilməsini istəyir. Böyük dövlətlər Avstriyanın bu istəyini qəbul etmirlər. Bunun əvəzində Avstriya və İtaliya xarici işlər nazirləri Parisdə anlaşma imzalayırlar. Həmin anlaşmaya görə, Cənubi Tirol Italiyanın tərkibində siyasi, iqtisadi, mədəni, dil muxtariyyəti əldə etməli idi. İkinci addım kimi 1948-ci ildə Cənubi Tirol-Trentino bölgəsinin muxtar statusu qəbul olundu. 1960-cı illərin əvvəllərində Avstriyanın xarici işlər naziri Cənubi Tirol məsələsini BMT Baş Assambleyasının müzakirəsinə çıxarır. Assambleya 1960 və 1961-ci illərdə Cənubi Tirolla bağlı iki qətnamə qəbul edir. Bu qətnamələrə görə, Avstriya və İtaliya danışıqlara başlayaraq, Cənubi Tirolla bağlı ziddiyyətləri ortadan qaldırmalı idilər. Bu danışıqların nəticəsində də 1969-cu ildə Cənubi Tirolun statusu ilə bağlı 137 maddəlik sənəd qəbul olunur.

Yeni statusa görə, Cənubi Tirol qanunverici və idarəetmə hüquqlarına malik olur. Avstriya hökuməti 1992-ci ildə “problemin həlli deklarasiyası” adlı sənəd qəbul edərək Cənubi Tirolla bağlı Italiya ilə heç bir mübahisəsinin qalmadığını bəyan edir. Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar çıxarılaraq həyata keçirilir. Xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Status anlaşmasına görə, əgər Cənubi Tirolda qəbul olunan hər hansı qanun Italiya qanunu ilə ziddiyyət təşkil edərsə, məsələ Konstitusiya Məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurma yaranmasın deyə, vəzifələrin böyük əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hər hansı vəzifəyə bir müddət alman dilli, o biri müddət italyan dilli rəhbərlik edir.

Kataloniya modeli

Katalonların əksəriyyət təşkil etdiyi Kataloniyaİspaniyada geniş muxtariyyətə malik bölgədir. 1871-ci ildə vilayət İspaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra İspaniya krallığının tərkibində qalmağa davam edir. Kataloniya ilk dəfə İspaniyanın tərkibində 1932-ci ildə muxtariyyət statusu qazanır.

Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq, yerli respublikaçılara divan tuturlar, Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilir. Frankonun ölümündən sonra, 1977-ci ildə İspaniyada referendum keçirilir və referendumun nəticəsinə görə, Ispaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır. Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur.

Kataloniya iqtisadi baxımdan inkişaf etdiyindən bölgənin siyasi dairələrində muxtariyyətin artırılması mövzusu daim gündəmdədir. 2005-ci ildə Kataloniya parlamenti böyük səs çoxluğu ilə Kataloniyanın yeni status mətninə səs verir. Yeni status sənədindəki maddələrin İspaniya Konstitusiyası və qanunlarına zidd olduğu vurğulanaraq, Kataloniya rəhbərliyinə zidd maddələri dəyişdirməsi tövsiyə edilir.

Vəziyyət böhranlı nöqtəyə gəlməsin deyə, Kataloniyanın yeni status layihəsinə qarşılıqlı razılaşma əsasında müvafiq düzəlişlər edilir. 18 iyun 2006-cı ildə Kataloniyada referendum keçirilir. Yeni status anlaşmasına görə, Kataloniya ilə İspaniya arasında səlahiyyət bölgüləri dəqiqləşdirilir. Madrid öz üzərinə Kataloniya hökumətinin səlahiyyətinə daxil olan məsələlərə qarışmamaq öhdəliyi götürür. Kataloniya geniş iqtisadi səlahiyyətlər qazanır. Bölgədə yığılan verginin 50 faizi Kataloniyada qalır. Hava və dəniz limanları, telekommunikasiya sahələri, daxili təhlükəsizlik, ədliyyə sistemi Kataloniya hökumətinin səlahiyyəti çərçivəsinə daxil edilir.

Yuxarıda da qeyd etdik ki, Ermənistan bu modellərdən heç birinə yaxın durmaq istəmir. Bu da onunla bağlıdır ki, adıçəkilən həll modellərində münaqişə baş verən ərazilərin heç birinin müstəqillik qazanmasından söhbət getmir.

Ömər Əmirov

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.