Ənvər BÖRÜSOY
Təkqütblü dünya siyasətində Moskva öz mövqelərini itirməkdədir
Rusiya keçmiş Sovetlər Birliyi çökdükdən sonra, Şərqi Avropa və Balkanlarda ötən 20 il ərzində tamamilə mövqelərini itirməklə yanaşı, 70 illik metropoliya siyasətində də xeyli dərəcədə qarşısıalınmaz proseslərlə üz-üzə qalmışdır. Belə ki, Litva, Latviya və Estoniya üzərində hakim olmaq iddiasından məcburi şəkildə geri çəkilməklə Baltik hövzəsində olan nüfuzu da indi yox dərəcəsindədir. Rusiya belə bir aqibətlə Orta Doğu siyasətində də üzləşmək zorunda qalmışdır. 2003-cü ildən başlanılan bu prosesdə dünyanın qlobal siyasi güc mərkəzi olmaq mövqelərinin daralması indi Rusiyaya çox baha başa gəlməkdədir.
Qəzzədən çıxmaq məcburiyyətinin səbəbləri
Yola saldığımız həftədə 1950-ci ildən üzü bu yana ilk dəfə olaraq Rusiya Aralıq dənizi hövzəsindəki hərbi gəmilərinin çıxarılması qayğısına qalmağa məcbur olmuşdur. Bu yöndə Qara dənizdəki hərbi dəniz qüvvələrini belə Suriya və Qəzzə bölgəsinə yardıma göndərməsi Orta Doğu məsələsində siyasi çevrələrin əsas diqqət mərkəzində olmuşdur. Rusiya Xarici İşlər nazirliyi Qara və Aralıq dənizlərində ötən 62 illik hərbi güc siyasətinin indiki məqamda bunca biabırçılıqla qarşılaşmasını dolayı yolla “ört-basdır” etmək üçün: “Biz Suriya və xüsusilə Qəzzə bölgəsindəki Rusiya vətəndaşlarının münaqişələrdən qorumaq üçün bu addımı atırıq” açıqlamasını vermişdir. Əslində həmin bölgələrə hərbi dəniz qüvvələrinin göndərilməsini deyil, humanitar məqsədli təyyarələrin və gəmilərin bu işi görməsi daha məqsədə uyğun hesab olunmalı idi. Qara dənizin Simferopol limanında saxlanılan Rusiya müdafiə nazirliyinin flotunun Aralıq dənizinə səmt götürməsi hərbi ekspertlərin də təsdiq etdiyi kimi, Qəzzə bölgəsində son bir ayda yenidən alovlanmaqda olan İsrail-Fələstin müharibəsinin indiki məqamda tamamailə fərqli strateji proseslərə görə baş verdiyinin səbəbindən doğmuşdur. Belə ki, 2003-cü ildə İraq, bunun ardınca Əfqanıstan, daha sonra isə Misir, Tunis, Əlcəzair, Liviya kimi totalitar rejimlərin bunca uzun illər mövcud olmasında Rusiyanın da xüsusi payı olmuşdur. Sovetlər Birliyi çökən zaman bəlli oldu ki, Moskva bu Orta Doğu dövlətlərində silah satmaqdan savayı heç bir iş görməmişdir. Həmin silahlar sadəcə totalitar rejimlərin qorunması üçün lazım idi. Ağır sosial-iqtisadi həyat şəraitində bunca uzun illər yaşam tərzinin aradan götürülməsi üçün lazım olan mühitin yetişməsi məhz 2000-ci illərdən sonra başlanılmışdır. “Ərəb Baharı” və ya “Domino” adlanan sosial partlayışların nəticəsində Rusiyanın indi həmin ölkələrdə sadəcə enerji resurslarının istehsalında kapitalından qarşılıqlı şəkildə faydalanmaq kimi strateji mühitə önəm verilməkdədir. Əksər mütəxəssislərin də qeyd etdiyi kimi, Suriyada ilyarımdır baş verən üsyanlar və qanlı toqquşmaların artıq sonu yaxınlaşmaqdadır. 20 milyonluq əhalisi olan Suriyada təbii ki, dövlət totalitarizmi siyasətini aparan Rusiya və İranın dirəniş göstərməsinin əsil səbəbi “Suriya Orta Doğu siyasətində son qalamızdır” kimi təqdir olunmasından irəli gəlir. Hər iki dövlət məhz Suriyanın coğrafi və strateji mövqeyini nəzərə alaraq bölgənin üzərindən ərəb dövlətlərini təsir altında saxlamaq üçün Fələstin və Qəzzə siyasətini yürüdürdülər. İdeoloji və siyasi baxımdan İranın təsir dairəsi üstün səviyyədə olsa da, hərbi stuktur və silahlanma baxımından Rusiya hər zaman ən üstün mövqedə olmuşdur. İndi bölgədə yaranan yeni siyasi şərtlər, kommunikasiya vasitələri artıq nə İranın, nə də Rusiyanın ənənəvi siyasətinə cavab vermir. Buna görə də hər iki dövlət bölgədə ya siyasətlərini dəyişməli, ya da buradan tamamilə çıxarılmalıdırlar.
Hərbi eskadranın son addımları
Qara dənizin Krım bölgəsində Rusiyanın Qara dəniz Hərbi Eskadrasına məxsus “Moskva” Xüsusi Qvardiya Raket Kreyseri, “Smetlivıy” Dəniz Mühafizə Hərb Gəmisi, “Novoçerkassk”, “Saratov” və “İvan Bubnov”, “MB-304” tipli ən elitar döyüş qabiliyyətli gəmilərinin Qəzzə bölgəsinə göndərilməsi bir sıra mətləblərə aydınlıq gətirmişdir. Rusiya beynəlxalq birlik qarşıısnda özünü sığortalamaq üçün bildirmişdir ki, bölgədə onun xeyli sayda vətəndaşları yaşayır və İsrail-Fələstin silahlı münaqişəsinin alovlanması nəticəsində onların həyatına böyük təhlükələr gözlənilir. Buna görə də Qəzzə bölgəsində yaşayan vətəndaşlarını müharibə şəraitinin şərtlərinə görə evakuasiya etmək məcburiyyətində qalmışdır. İordan çayının hər iki sahilindəki (İudey və Samariya) bölgəsində FAT-a (Fəlsətin Azadlıq Təşkilatı) və İsrailə məxsus silahlı qüvvələrin üz-üzə dayanması, BMT-nin sərt şəkildə verdiyi bəyanatlara baxmayaraq, hər an savaş alovu həlqəsinin genişlənməsi təhlükəsinə cavab kimi Rusiya bölgədə bəlkə də sonuncu dəfə öz silahlı qüvvəsini nümayiş etdirmək istəyir.
Orta Doğu ilə bağlı siyasi analitiklərin fikrincə, Suriyadakı hakimiyyət dəyişikliyi yönündə aparılan son danışıqlar başa çatmamış, gözlənilmədən Qəzzə zolağında Fələstin-İsrail silahlı münaqişəsi alovlanmağa başlamışdır. İsrailin Müdafiə Ordusu (İMO) və HƏMƏS, Hizbullah və digər ərəb silahlı birlikləri arasında döyüşlər ara vermədən hələ də davam etməkdədir. Fələstin təşkilatları bu qanlı savaşın durdurulması yönündə Misirin vasitəçi rolunda missiyasını davam etdirməsini istəmişlər. Paytaxt Qahirədə siyasi ehtirasların alovlanması Misirdə hakimiyyət böhranına səbəb olduğu üçün, barış missiyası da baş tutmamışdır.
Yaranmış böhrandan istifadə etməyə çalışan Rusiya artıq öz hərbi gəmilərini Aralıq dənizinin şərq sahillərində yerləşdirməyə nail olmuşdur. Burada hərbi dəniz piyada qoşunları, xüsusi əməliyyat qrupları və təbii olaraq hər an döyüşlərə təsir edə biləcək silahlarını nümayiş etdirməkdir. Hətta planlaşdırılmış şəkildə döyüş əməliyyatlarına hər an qatıla biləcəyini də elan etmişdir. Rusiya bildirir ki, bölgədə yaşayan vətəndaşlarının təhlükəsizliyi üçün bu yöndə zəruri addımları atmağa məcburdur. Halbuki, Suriyada ilyarımdır yaşanılan vətəndaş müharibəsi dövründə Rusiyaya məxsus 60 min nəfər vətəndaşın evakuasiya olunmasında Moskva heç bir ciddi addım atmamışdır. Düz bir aydır Nyu-York, Moskva, Berlin, İstanbul, Ottava, Monreal, Roma, Əmman, Paris, Yerisuəlim və dünyanın digər iri şəhərlərində çərkəzlər, kürdlər və ermənilərə məxsus icmalar müntəzəm şəkildə etiraz mitinqləri keçirərək Suriyadakı vətəndaş savaşının davam etdiyi müddətdə onlara məxsus əhalinin Rusiyaya miqrasiya olunmaları üçün müvafiq tədbirlərin görülməsini tələb edirlər. Bu məqsədlə Rusiya prezidentinin 2018-cu il 24 iyul tarixli qərarına əməl olunmasını bir şərt olaraq irəli sürmüşlər. Həmin qərarda qeyd olunur ki: “Rusiya ilə tarixi bağlantısı olan və xarici dövlətlərdə yaşayan hər hansı bir millətə mənsub vətəndaşın istənilən an Rusiya Federasiyasında yaşamaq hüququ vardır”.
Rusiyaya məxsus Orta Doğudakı hərbi eskadranın bölgədə baş verən proseslərə uyğun şəkildə necə addım atacağı ekspertlər tərəfindən dəyərləndirilməkdədir. Mütəxəssislərin fikrincə Rusiya təkcə öz vətəndaşlarını deyil, həm də bölgədəki kəşfiyyat strukturlarını və onlara məxsus arxivləri, digər vasitələrini “yerbəyer” etmək üçün lazımdır. Yəni bu infrastukturları Rusiyaya köçürməyin vaxtı çoxdan çatmışdır.
Enerji savaşında Rusiyanın məğlubiyyəti
2009-cu ildə Aralıq dənizinin şərq ekvatoriyasında dünyanın ən nəhəng təbii yanacaq qaz yataqları kəşf olunmuşdur. Hələ bu yöndə 1999-cu ildə İngiltərəyə məxsus ”British gas” və Livanın “Consolidated Contractors Company” şirkətləri arasında 25 illik müddətə müqavilə də imzalanmışdı. Bu anlaşmaya görə qaz yataqlarının 60 faizi İngiltərənin, 30 faizi Fələstinin və 10 faiz isə İsrailin payına düşürdü. Leviafan və Tamar bölgəsində istismar olunan bu yataqların sayəsində əldə olunan gəlirlər İranın Orta Doğunun sıxılmış qaz bazarındakı mövqelərinə qarşı böyük zərbə hesab olundu. Digər yandan isə 2003-cü ildən başlanılan Orta Doğudakı “ərəb baharı” inqilablarının nəticəsində Rusiyanın siyasi və iqtisadi anlamda mövqelərinin ciddi şəkildə daralmasına səbəb olmuşdur. Siyasi müşahidəçilərin fikrincə bütün bunlarla barışmaq fikrində olmayan Rusiya bölgədə yeni münaqişələrin dərinləşməsində maraqlı tərəf rolunda çıxış etmək məcburiyyətində qalmışdır.
Qəzzə bölgəsində alovlanan bu yeni savaşın nədənlərindən biri də Fələstinin payına düşən gəlir mənbələri uğrunda yaranmış daxili çəkişmələrdir. Belə ki, İran və Rusiyaya meyilli qruplaşmaların mövqeləri daraldığı üçün, onlar öz nəzarətlərində olan silahlı qüvvələri hərəkətə gətirərək İsraili hərbi və siyasi mənada provaksiyalara cəlb etməyə başladılar. Noyabr ayı boyunca Qəzzədə başlanılan silahlı münaqişələrdə hər iki tərəfdən çoxlu sayda insani tələfatlar olmuşdur. Bu prosesdə qismən Rusiyanın təsiri altında olan ərəb ölkələri də (xüsusilə İordaniya) böhranın dərinləşməsində dolayı yolla maraqlı tərəf rolunda çıxış edirlər. Çünki, təbii qazın satışında əldə olan gəlirlər neft biznesinə sarsırıdıcı zərbənin vurulması kimi başa düşülür. Heç də sirr deyil ki, dünya bazarında təbii qazın satışında ən böyük iddiaçı rolunda çıxış edən ölkələr sırasında Rusiya ilk yerlərdən birini tutur. Buna görə də dünyada təbii qazın istismarının və satışının daha çox üstün səviyyədə önəm verildyi bölgələrdə “etnik münaqişlərin alovlanması” taktikası dərhal işə düşür. Rusiya bu oyunları gündəmə gətirdiyində “İran kartı”ndan məharətlə istifadə etməyi də unutmur. Bunu Azərbaycanda yeni tapılan təbii qaz yataqlarının istismarı ərəfəsində İrəvan, Tehran, Moskva və Maxaçqalada süni şəkildə gündəmə gətirilən “ləzgi”, “avar” və “talış” separatizmlərinə dayanıqlı olaraq keçirilən toplantıların mənasında da müşahidə etmək mümkündür. Noyabr ayının 21-də Qəzzə bölgəsində savaşın durdurulması üçün beynəlxalq birlik tərəfindən aparılan səylər nəticəsində moratorium imzalanması Rusiyanın stratreji hədəflərinə ən böyük sarsıdıcı zərbələrdən biri də hesab etmək olar.
Rusiya Qəzzə bölgəsindəki konfliktin dərinləməsi üçün çoxsaylı provakasiyaların pilləli şəkildə hərbi və siyasi avantüraları texnologiyasından istifadə etsə də, bir həqiqəti dərk etmədi ki, çağdaş siyasətdə artıq hərbi yolla deyil, modernləşmə və humanitar siyasi baxışların sayəsində ölkələr qarşılıqlı faydalara dayanıqlı şəkildə fəaliyyət göstərirlər. Qəzzədə son bir ayda yaşanılan Fələstin-İsrail münaqişəsində uduzan tərəf isə Rusiya oldu. Çünki, bölgədə enerji resurslarına sahib çıxmaqla deyil, bu mənbələri ortaq şəkildə istifadə etmənin yolunun tərəfdarları qalib gəldilər. Rusiya tarixən dünyanın ən strateji nöqtəsi olan Orta Doğunu tamamilə itirməklə üzləşdi.
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.