26 Eylül 2012 Çarşamba

VAŞİNQTON BÜTÖV AZƏRBAYCANIN XƏRİTƏSİNİ TƏQDİM ETDİ





“The New York Times” iki Azərbaycanın birləşəcəyi haqqında yazdı
Zəfər Quliyev: “Qərb Güney Azərbaycandakı soydaşlarımıza mesaj verir ki...”



ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində Böyük Azərbaycan haqda yazı dərc olunub. Müəlliflər Frank Cacobs və Parag Khannanın hazırladığı məqalədə XXI əsrin siyasi xəritəsində yeni dəyişikliklər olacağı ehtimalının yüksək olduğu bildirilir: “Bugünlər daha bir neçə yeni dövlətin doğulması bu dalğanın başlamasına bənzəyir. Bu dəfə yeni dövlətlər Sovetlər Birliyinin dağılmasında olduğu kimi, hansısa siyasi dəyişiklik və ya münaqişə nəticəsində yaranana oxşamır.

Görünür, yeni dövlətlər həm də konkret bir spesifik regionda meydana gəlməyəcəklər. İranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski də yüksəkdir. İndiki rejim zorakılıqla süquta uğrasa, İranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər. Bu da artıq müstəqil olan Azərbaycan Respublikası ilə birləşərək, hətta indiki Türkiyədən də təsirli yeni regional gücün meydana çıxması deməkdir”.

Qəzet yazır ki, Bütöv Azərbaycan dövlətinin yaranması eyni zamanda Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddialarını çətin vəziyyətə sala bilər: “Konqresmen Dana Rohrabacherin də sentyabrın 12-də ABŞ-ın Nümayəndələr Palatasına İranda yaşayan azərbaycanlıların öz müqəddəratlarını təyinetmə hüquqlarının tanınması barədə qətnamə layihəsi təqdim edib. Amma İran rəsmiləri hələlik bu mövzuda hər hansı şərh verməyib”.

“The New York Times”da təkcə İranda deyil, dünyanın başqa yerlərində də yaxınlarda yeni dövlətlərin meydana çıxacağı barədə ehtimallar səslənib. Bu sırada Kürdüstan dövlətinin də adı çəkilir: “ABŞ qüvvələrinin bölgədən çəkilməsi, İranın qərbində və İraqdakı gərginlik, eləcə də Suriyadakı vətəndaş müharibəsi I Dünya müharibəsindən sonrakı Yaxın Şərq xəritəsinin tamamilə yenidən çəkilməsilə nəticələnə bilər. Kürdlərin 3000 illik tarixlərində müstəqil kürd dövlətinin yaranması imkanı heç vaxt indiki qədər real olmayıb”.

Qəzet Quzey və Güney Koreyanın birləşməsi məsələsini də real sayır.

Şərti adlandırsaq Quzey Azərbaycan və Güney Azərbaycanın birləşməsi uğrunda bu torpaqlarda yaşayan türk əhali əsrlərdir mübarizə aparır. XVIII əsrin başlanğıcında Rusiya və İran imperiyaları arasında bölünən ərazidə yaşayan əhali birləşmək üçün bir neçə dəfə inqilabi şərait yarada bilib. Ancaq bölgədəki geosiyasi durum və uzun illər bu zəngin torpaqlara hökmranlıq edən imperiyalar buna imkan verməyib. Qərb analitiklərinin fikrincə, Araz çayı boyu bölünən Azərbaycanın bütövləşməsi prosesi öz məntiqi sonuna heç zaman indiki qədər yaxın olmayıb. Təbii, söhbət ərazidə maraqları olan böyük dövlətlərin bu məsələyə müsbət yanaşmasından gedir.

Son bir neçə ildə ABŞ-ın Şərqlə bağlı siyasətində əsas prioritetlərindən biri İrandakı hakimiyyəti dəyişməkdir. Qərbin bir sıra analitikləri İranda mərkəzdənqaçma meyllərinin ölkə daxilindən stimillaşdırılmasını vacib sayır. Çünki yetərincə qapalı dövlət olan İranda hakimiyyəti kənar müdaxilələrlə dəyişmək xeyli vaxt apara bilər. İran qaynaqları isə dəfələrlə Qərbi İranda hakimiyyəti devirmək üzrə gizli planlar qurmaqda və bu işə külli miqdarda vəsait ayırmaqda suçlayıb.

Bəs Quzey Azərbaycanda ABŞ-ın Bütöv Azərbaycan ideyasını nə qədər real sayırlar? Politoloq Zəfər Quliyev deyir ki, ideyanın dünyanın siyasi gündəminə gəlməsi artıq onun həyata keçirilmə mexanizmləri haqqında ciddi şəkildə düşünüldüyündən xəbər verir: “Qərbin Azərbaycan amilindən İrana qarşı istifadə etmək istəkləri birmənalıdır. Bu yolla İranda ciddi siyasi dəyişikliklər baş versə və İran parçalansa, o zaman Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi üçün heç bir əngəl olmayacaq. Təxminən 20 il öncə SSRİ dağılan zaman Quzey Azərbaycanda dəfələrə bu çağırışlar olub. Ancaq Azərbaycan siyasətçilərinin, ziyalılarının qaldırdığı bu problemi dünyanın siyasi gündəminə daxil etmək mümkün olmurdu. Elə ona görə də İrandakı son prezident seçkilərində vətəndaşlar rejimə qarşı mübarizəyə qalxanda ölkənin ən fəal kəsimi olan türklər bu prosesə qoşulmadı. Bizim Güneydəki qardaşlarımızın etirazçılara fəal dəstək verməməsi bir tərəfdən olduqca doğru addım idi. Çünki onlar gördülər ki, Güney Azərbaycan məsələsi hələlik iri dövlətlərin siyasi gündəmində yoxdur. Ancaq onlar İranın ən fəal təbəqəsi olaraq qalmaqdadırlar. Ölkədəki bütün inqilabi proseslər Azərbaycan türklərinin fəal iştirakı ilə mümkün olub”.

Politoloq prosesin 2013-cü ilin iyununda gözlənilən prezident seçkisi zamanı fəallaşacağını proqnozlaşdırır. Onun sözlərinə görə, durum artıq yavaş-yavaş dəyişməkdədir: “Əgər həmin vaxt əhali fəal etiraz aksiyalarına başlasa, proseslər İransayağı narıncı inqilab kontekstində gedəcək. Narıncı inqilab çox sərt formada qanla müşayiət oluna bilər. Çünki ölkədəki rejimin mahiyyətinə görə orada dəyişikliklərin dinc aksiyalar nəticəsində baş verəcəyini gözləmək mümkün deyil. Qərbin Güney Azərbaycan məsələsini tez-tez səsləndirməsində, diskussiyalar təşkil etməsində də düşünürəm ki, iki məqsəd var - birincisi, İrana təzyiq göstərilməsi, ikincisi Güney Azərbaycandakı qardaşlarımıza mesaj verilməsi. Qərb Güney Azərbaycandakı soydaşlarımızı əmin etməyə çalışır ki, uzun illər altında əzildikləri Tehran rejimindən qurtula, öz müqəddəratları ilə bağlı qərar vermə hüququnu əldə edə bilərlər. Təbii, bu, çox vacib amildir. Onlar öz real siyasi dividentlərini bilməlidirlər ki, mübarizəyə qalxsınlar”.

Ərazinin geosiyasi durumunu incələyən politoloq bildirir ki, hələlik Vahid Azərbaycan haqqında danışmaq tez olsa da, Azərbaycanın bütövləşməsi ideyasının gündəmə gəlməsi artıq reallıqdır.

Aygün MURADXANLI

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.