14.07.2012
Amma qəribədir ki, bu barədə ətraflı danışmaq istəyən yoxdur.
Tarixçi-alim Kərim Şükürov: “Təəssüf ki, Qarabağla bağlı araşdırmalarda Strateji Araşdırmalar Mərkəzinin rolu görünmür”
Ermənilərin Qafqaza mərhələlərlə köç etməsini və onların Azərbaycanın tarixi torpaqları hesabına özlərinə yeni dövlət yaratmasını təsdiqləyən qədim xəritələr tapılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva “Trend”ə açıqlamasında bildirib ki, xəritələrdə eramızdan əvvəl IV əsrdən, Makedoniyalı İsgəndərin dövründən başlayaraq XX əsrin əvvəllərinə qədər azərbaycanlıların yaşadıqları, Azərbaycan dövlətlərinin yerləşdiyi ərazilər göstərilir. Bu xəritələrdə həm də ermənilərin harada yaşadıqları göstərilir.
Tədqiqatçı alimin sözlərinə görə, indiyə qədər aşkarladıqları xəritələr Azərbaycanın tarix elmində aparılan bütün tədqiqatları, Azərbaycanın ərazisinin qədim dövrlərdən XX əsrin əvvəllərinədək böyük bir ərazidə yerləşdiyini təsdiqləyir. Bu xəritələrdən o da məlum olur ki, ermənilər özlərinin iddia etdiyi kimi, Qafqazda yaşamayıblar, onlar əvvəllər Dəclə və Fərat çaylarının arasında (indiki İraq ərazisi) məskunlaşıblar. Xəritələr ermənilərin Qafqaza gəlmə etnos olduğunu tam sübuta yetirir.
“Bu xəritələrə baxdıqda görmək olur ki, ermənilər necə mərhələlərlə Qafqaza köç ediblər və tarixi Azərbaycan torpaqları hesabına özlərinə yeni dövlət yaradıblar. Ermənilər qədim dövrlərdə Dəclə və Fərat çaylarının arasında yaşayıblar. Onlar Dəclə-Fərat tərəfdən tədricən şimala doğru getməyə - bugünkü Türkiyənin, İranın ərazisində yerləşməyə başlayıblar. Sonra isə oradan tədricən daha şimala doğru gediblər və Cənubi Qafqaza gəlib çıxıblar. Bu həqiqət xəritələrdə tam öz əksini tapır. Ermənilərin Azərbaycandan hansısa torpaq tələb etməyə heç bir əsasları yoxdur. Əksinə, bizim onlardan torpaq tələb etməyə ixtiyarımız var. Çünki bu gün onlar tarixi Azərbaycan torpaqlarında yerləşirlər” - deyə G.Baxşəliyeva bildirib.
Tədqiqatçı deyib ki, hazırda tədqiq etdikləri bu xəritələr müxtəlif dövrlərdə həm Osmanlı, həm Avropa, həm ərəb, həm də İran xəritəşünasları, alimləri tərəfindən tərtib edilib.
“Bu xəritələrin obyektivliliyinə şübhə olmamalıdır. Çünki bu xəritələri biz tərtib etməmişik. Onları müxtəlif dövrlərdə müxtəlif ölkələrin alimləri tərtib ediblər” - Baxşəliyeva əlavə edib.
Şərqşünaslıq İnstitutunun direktoru deyib ki, hazırda Azərbaycanın qədim torpaqlarını göstərən tarixi xəritələrlə bağlı tədqiqatlarını davam etdirirlər. Payızda Misirdəki İsgəndəriyyə kitabxanasında da tədqiqatlar davam etdirildikdən sonra “Azərbaycanın tarixi xəritələri” adlı atlas-kitab çap olunacaq.
Avropada hazırlanan obyektiv xəritələr
Xatırladaq ki, sözügedən araşdırma prosesinə 2009-cu ilin dekabrında start verilib. Həmin vaxt Misirdə səfərdə olan institutun direktoru Gövhər Baxşəliyeva bu ölkənin Dar-yül-Kütub kitabxanasının kartoqrafiya şöbəsində olub. Orada müxtəlif tarixi dövrlərə aid 15 mindən çox coğrafi xəritə saxlanılır.
G.Baxşəliyeva orada ötən əsrin qərbli alimləri, Avropa və Asiya kartoqrafları tərəfindən hazırlanan xəritələri aşkar edib. Qədim xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir və Ermənistanın hazırda tutduğu və iddia irəli sürdüyü ərazinin xeyli cənubunda yerləşdiyindən xəbər verir. Xəritə ötən əsrin əvvəllərində Parisdə hazırlanıb. Dəmir və naviqasiya yollarının əks olunması üçün nəzərdə tutulan xəritə Avropa və Asiya ölkələrini əhatə edir. Azərbaycanla Ermənistan arasında mübahisə doğuran torpaqlar xəritədə Azərbaycanın tərkibində göstərilib. Bu xəritə, həmçinin azərbaycanlı alimin digər kartoqrafik tapıntıları təkcə Qarabağın yox, həm də hazırda müasir Ermənistanın tərkibində olan Mehri, Qafan, Gorus, Sisyan, Vardenis, Krasnoselsk rayonlarının Azərbaycana məxsus olduğunu təsdiqləyir.
Türkmənçay müqaviləsindən sonrakı dövrdə fars dilində tərtib edilmiş digər xəritəyə görə Azərbaycanın sərhədi Araz çayı boyunca İraq sərhədinə kimi gedir. Digər iki xəritə Amsterdamda (Niderland) tərtib edilib və Osmanlı imperiyasını əhatə edir. Belə ki, onlardan biri - 1595-ci ilə aid olan xəritə rəssam Yudukus Qundius tərəfindən hazırlanıb. O birisi isə 1775-ci ildə rəssam Fridrix dü Vidin işləri əsasında hazırlanıb. Hər iki xəritə sübut edir ki, Ermənistanın hazırda yerləşdiyi torpağa heç bir aidiyyəti yoxdur. Həmin xəritələrdə Ermənistanın ərazisi xeyli cənubda yerləşib. G.Baxşəliyeva həmin xəritələrin surətlərini özü ilə gətirib.
Gövhər Baxşəliyeva: “Bu layihə qrant əsasında həyata keçirilir”
Biz də Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli hesab oluna biləcək bu araşdırmanın təfərrüatlarını öyrənmək üçün dünən iyulun 13-də AMEA-nın Şərqşünaslıq İnstitutunda olduq. Təəssüf ki, iş günü olmasına baxmayaraq nə institutun direktoru, nə də bu layihədə iştirak edən işçiləri yerində tapmaq mümkün olmadı. Hətta əməkdaşımız layihə iştirakçılarından olan Lalə xanım adlı elmi işçi ilə bu barədə danışmaq üçün razılığa gəlsə də sonradan xanım gün boyu telefonunu qapalı saxladı.
İnstitutun digər əməkdaşları da bu layihə ilə bağlı məlumat vermədilər. Məlum oldu ki, xəritələr institut direktorundadır, əlavə heç kim bu barədə danışa bilməz.
Bizi isə əslində bu mövzu ilə bağlı sadə, amma önəmli məsələlər maraqlandırırdı: araşdırmanın hazırkı mərhələsi, bu günə qədər görülən işlər, araşdırmanın nəticələrini dünya ictimaiyyətinə çatdırmaq üçün atıla biləcək addımlar, ermənilərin ifşası üçün bu sənədin rolu, əhəmiyyəti...
Gördüyünüz kimi, suallar da sırf layihənin oxuculara aydınlaşdırılması məqsədi daşıyırdı. Amma gün boyu israrlı zənglərimizə cavab verməyən layihə iştirakçılarından sonra çətinliklə də olsa institutun direktoru G.Baxşəliyeva ilə əlaqə saxadıq. O isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu məsələdə institutun adının hallandırılması doğru deyil. İnstitut direktorunun sözlərinə görə, Elmin İnkişaf Fonduna təqdim etdiyi layihə əsasında ona qrant ayrılıb. O da bu qranta və onunla bağlanan müqaviləyə əsasən belə bir araşdırma aparıb.
“İnstitut xəritələrlə məşğul deyil” deyən G.Baxşəliyeva institut işçilərinin layihədə iştirakının səbəblərinə isə aydınlıq gətirmədi. Bundan başqa, yuxarıda aydınlaşdırmaq istədiyimiz sualların heç birinə cavab vermədi: “Mən lazım olan vaxt uyğun bildiyim media orqanlarına bu barədə danışıram və bu, gələcəkdə də belə olacaq. Zəhmət olmasa, məni narahat etməyin”.
Bu isə funksiyası elmi araşdırmalar aparıb, düşməni elmi faktlara susdurmaq olan bir institut rəhbərinin mövqeyi. Görəsən, Gövhər Baxşəliyeva və digərləri erməni yalanlarını ifşa edən faktlarla bağlı nədən ətraflı danışmaqda maraqlı deyillər? Ümumiyyətlə, Azərbaycanda bu sahədə görülən işlər qənaətbəxşdirmi? Qarabağla bağlı tarixi faktlar, sübutlar, dəlillər nə dərəcədə araşdırılır, beynəlxalq ictimaiyyətə peşəkar, inandırıcı formada təqdim olunur?
Cəmil Həsənli: “Ermənilər bizim araşdırmalara həmişə qibtə edib”
Görkəmli tarixçi-alim, professor Cəmil Həsənli hesab edir ki, bu günə qədər sözügedən istiqamətdə kifayət qədər ciddi araşdırmalar olub. Professorun sözlərinə görə, 1918-ci il mart hadisələrinin, Quba, Şamaxı hadisələrinin sənəd bazası artıq çap olunub və bu, kifayət qədər ciddi işdir: “Mənim özümün rus, ingilis dilində Qarabağ probleminin münaqişəli həlli ilə bağlı məqalələrim olub. ”Regnum"da hər həftə mənim 2-3 yazım gedib. Onlar ingilis dilinə də tərcümə olunub. Digər müəlliflərin də maraqlı işləri var".
C.Həsənli hesab edir ki, Qarabağ mövzusunun Azərbaycanda işlənmə səviyyəsi yaxşıdır. Alimin fikrincə, ermənilər hər zaman tarixi müzakirələrdən qaçırlar: “Onlar etiraf edirlər ki, tarixi və ideoloji kontekstdə Azərbaycan tərəfi daim udur. Ermənilər bizim araşdırmalara həmişə qibtə edib”.
Tarixçi-alim Kərim Şükürov da bu araşdırmaların səviyyəsindən razıdır. Onun bildirdiyinə görə, araşdırma sahəsində 80-ci illərin sonu ilə müqayisədə mühüm işlər görülür: “Çoxlu sənədlər nəşr olunub. Təbii ki, bunları ümumiləşdirsək deyərik ki, böyük işlər görülsə də daha böyük işlər görülməlidir. Xüsusilə də Dağlıq Qarabağın son 20 illik tarixini nəzərdən keçirsək, bu sahədə problemimiz var. 80-ci illərin sonu-90-cı illərin əvvəlinə qədər olan dövrü nisbətən öyrənmişik. Amma o dövrdə ermənilərin həyata keçirdiyi işğal rejimi, bu sahədə hansı işlərin görülməsi araşdırılmalıdır”.
K.Şükürov dedi ki, Dağlıq Qarabağın tarixi, politoloji aspektlərlə bağlı kitablar nəşr olunub. Tarixçi-alim o kitabların qarşısında görəcəyimiz çoxlu işlər olduğunu bildirdi: “Məsələn, Dağlıq Qarabağın azərbaycanlı icması var. Deportasiya olunub. Bunların içərisində nə proses gedir, vəziyyətləri necədir, əhalinin kənarda yaşamasına baxmayaraq bağlılıqları hansı səviyyədədir. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı tarixi, sosioloji istiqamətdə kompleks tədqiqatlar aparılmalıdır. Burada xüsusi mərkəz olmalıdır, institutların şöbələri yaranmalıdır. Amma bütün bu işləri koordinasiya edən mərkəz də olmalıdır. Təəssüf ki, bu məsələdə Strateji Araşdırmalar Mərkəzinin rolu görünmür. Onların koordinasiyası ilə bağlı fundamental araşdırmalar həyata keçirilməlidir. Bunlar danışıqlar prosesində real vəziyyətin çatdırılması baxımdan mühüm rol oynaya bilər”.
Sevinc TELMANQIZI
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.