29 Şubat 2012 Çarşamba

XOCALI TBMM-in MÜZAKİRƏSİNDƏ

Soyqırım təkcə Azərbaycanın deyil, Türkiyənin siyasətində də həmrəylik yaradıb 

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş müzakirə keçirilib. Əvvəlcə Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır millət vəkili, Türkiyə Azərbaycan Dərnəklərinin fəxri sədri Sinan Oğan çıxış edərək, Xocalı faciəsini parlament tərəfindən soyqırımı kimi qəbul edilməsi məsələsini qaldırıb. 

S. Oğan deyib ki, 20 il əvvəl Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində son 100 ilin ən dəhşətli faciəsi, soyqırımı yaşanıb: “Bazar günü Türkiyənin hər yerində milyonlarla insan küçələr çıxdı, Xocalıdakı soyqırımının ağrısını ürəyində hiss etdi. Amma milyonların təmsilçisi olan bizlər hələ də bununla bağlı qərar qəbul edə bilməmişik. Qəzza üçün axıtdığımız göz yaşının yarısını Xocalı üçün axıtmadıq. Əlbəttə, Qəzza üçün ağlamaq lazımdır, amma eyni zamanda Xocalı üçün də bunu etmək çox vacibdir”.
Millət vəkili 20 il sonra ilk dəfə olaraq TBMM Xarici Əlaqələr Komissiyasının, ardınca isə Türkiyə-Azərbaycan dostluq qrupunun Xocalı soyqırımı ilə bağlı açıqlama yaydığını qeyd edib: “Düşünürəm ki, bu gün Məclis adından açıqlama yayılmasının vaxtıdır. Meksika və Pakistan Xocalıda baş verənləri soyqırımı adlandırıb. “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən bizlər də bir millətin iki dövləti olaraq Azərbaycanda baş verən bu vəhşiliyə soyqırımı deməliyik”.
S. Oğan TBMM-in türklərə qarşı yol verilən soyqırımlara tarixi və hüququ qiymət verməli olduğunu vurğulayıb.
Müzakirədə sonra Türkiyə hökuməti adından elm, sənaye və texnologiya naziri Nihat Ərgün çıxış edib. N. Ərgün 20 il əvvəl Xocalıda məsum insanlara qarşı törədilmiş qətliamın bəşəriyyətin boynundan asılmış utanc vəsiqəsi olduğunu bildirib: “O gecə Xocalıya daxil olan erməni silahlı dəstələri qarşılarında ordu olmadığı halda qabaqlarına çıxan hər kəsə güllə yağdırdı. Ədalət, vicdan ayaqlar altına alındı. 613 dinc sakin qətlə yetirildi. O gün Xocalının fəryadını eşitməyən dünya bu gün də bu mövqeyini davam etdirir”.
Nazir Azərbaycanla Türkiyənin iki qardaş ölkə olduğunu vurğulayıb: “Xocalıda yaşanan qətliam təkcə bizim soydaşlarımıza qarşı deyil, bütün insanlığa qarşı yönəlib. Xocalı insanlığın bu gün və gələcəkdə dərs çıxarmalı olduğu bir faciədir. Bəzi dünya ölkələri keçmişi araşdırmaqdansa, göz önündəki hadisə ilə maraqlansınlar və qiymət versinlər. Günahkarlar cəzalandırılmasa, bu tip hadisələr gələcəkdə də baş verə bilər. Bu, çox riskli və təhlükədir. Türkiyə olaraq bu qətliamın dünya tərəfindən ən incə detallarına qədər bilinməsi üçün Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək. Biz bu günə qədər Türkiyə olaraq ədalət, vicdan və hüququn pozulduğu hər olayın qarşısında olduq, bundan sonra da qarşısında olacağıq. Xocalı hadisəsinə bənzər hadisələrin baş verməməsi üçün Türkiyə əlindən gələni edəcək. Güclü Türkiyə barış və sabitliyin təminatı olacaq”.
N. Ərgün Azərbaycan hökumətinin Dağlıq Qarabağ probleminin sülh yol ilə həllinə yönəlmiş səylərini dəstəklədiklərini bəyan edib.
Cümhuriyyət Xalq Partiyası (CHP) adından söz alan Əli Özgündüz çıxışının əvvəlində şair Səlahəddin Aslanın Xocalıya həsr etdiyi şeiri oxuyub. O, Xocalı faciəsinin BMT-nin Soyqırım Konvensiyasının 2-ci maddəsində əksini tapmış soyqırım tərifinə uyğun gəldiyini söyləyib: “1992-ci il fevralın 26-da Xocalıya girən erməni qüvvələri 613 dinc vətəndaşı qətlə yetiriblər. Ağdama qaçmağa çalışan azərbaycanlılar vəhşiliklə üzləşib. Xocalı etnik təmizliyə məruz qalıb. Bu, Ermənistanın törətdiyi ilk qətliam deyildi. 1918-ci ildə ermənilər Bakıda 30 min azərbaycanlını qətlə yetirib. Nuru paşa o vaxt Azərbaycana gedərək Bakını işğaldan qurtarıb. Xocalıdan sonra Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl da işğala məruz qaldı. Bu gün Azərbaycan torpaqlarının 20 faizə yaxını işğal altındadır, 1 milyon qaçqın-köçkün var. Dünya 1915-ci ildə ermənilərin köçürülməsi olayının dalınca düşmək yerinə, 20 il əvvəl baş vermiş sənədli-sübutlu qətliamı görsün və qiymətləndirsin. Bizim erməni xalqı ilə problemimiz yoxdur, ermənilərin özlərini də sıxıntıya salan irqçi Ermənistan rəhbərləri ilə problemimiz var. Onlardan biri də Ermənistanın prezidentidir. İnşallah, Azərbaycan torpaqları işğaldan qurtular. Xocalını unutmadıq, unutdurmayacağıq!”
Milliyyətçi Hərəkat Partiyası (MHP) adından Atilla Kaya çıxış edib. A. Kaya Xocalı faciəsinin XX əsrin ən böyük qətliamlarından biri olduğunu deyib. O, problemin yaxın tarixinə nəzər salaraq, hələ 1988-ci ildə 250 min azərbaycanlının Ermənistan rəhbərliyini qərarı ilə öz tarixi torpaqlarından qovulduğunu nəzərə çatdırıb: “Bu gün Qafqazdakı qeyri-sabitliyin təməlində Ermənistan dövlətinin işğalçılıq və düşmənçilik siyasəti dayanır. Ermənistanın təkcə Azərbaycana deyil, qonşu Gürcüstan və bizim Qərbi Anadolu vilayətlərinə də ərazi iddiası var”.
A. Kaya Xocalı qətliamını törədən dəstələrə Ermənistanın indiki prezidenti Serj Sarkisyan və keçmiş prezidenti Robert Köçəryanın başçılıq etdiyini qeyd edərək S. Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala verdiyi açıqlamanı xatırladıb: “Həmin açıqlamada Sarkisyan deyir ki, Xocalı hadisəsinə qədər azərbaycanlılar bizim mülki əhaliyə toxunmayacağımızı düşünürdülər, lakin biz zarafat etmədiyimizi azərbaycanlılara göstərdik. Yəni o, yüzlərlə, minlərlə insanın qətlə yetirilməsi ilə iftixar edir”.
A. Kaya hesab edir ki, problemin həllinin ilkin addımı kimi ermənilər Dağlıq Qarabağ ətrafındakı 7 rayondan qeyd-şərtsiz geri çəkilməli, məcburi köçkünlər öz yurdlarına dönməli və onlara kompensasiya ödənməlidir: “İşğal bitmədən, Xocalının göz yaşları qurumadan bizə rahatlıq yoxdur”.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) adından Seyid Sərtçelik söz alıb. O, Xocalı faciəsi ilə bağlı rəsmi rəqəmləri təkrarlayaraq əslində faciənin miqyasının daha böyük olduğunu bildirib: “1275 azərbaycanlı və Ahıska türkü əsir götürülüb. Onların bir qisminin taleyindən hələ də xəbər yoxdur. 500 nəfər əlil olub. Qarabağdan qaçan yüz minlərlə azərbaycanlı bu gün qaçqın kimi yaşayır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Ermənilər 1905-1907-ci illərdə də strateji əhəmiyyətə malik olan Xocalıya dəfələrlə hücumlar ediblər”.
Dağlıq Qarabağ probleminin tarixinə nəzər salan S. Sərtçelik münaqişənin kökünün 200 il əvvələ gedib çıxdığını deyib. O, 1826-1828-ci illərdə Rusiya-İran müharibələrində ermənilərin ruslara casusluq etdiyini və ruslara yardımçı olduğunu, müharibədən sonra İranın cənubundan 40 min erməninin Dağlıq Qarabağa köçürüldüyünü, 1828-2819-cu illərdə Osmanlı-Rusiya savaşında da ermənilərin yenə rusların tərəfində yer aldığını və Osmanlının şərqindəki Doğu Bəyazit rayonunda 1000-dən çox müsəlmanı öldürdüklərini xatırladıb: “Bu cinayətdən sonra intiqamdan qorxan 90 min erməni Azərbaycan torpaqlarına qaçıb və köçürülüb. İrəvan və ətrafında azərilər çoxluqda idi, lakin o ərazilərə ermənilər köçürülərək Türkiyənin Azərbaycanla təbii əlaqəsini kəsdilər. Dağlıq Qarabağ probleminin təməli o vaxt qoyuldu”.
S. Sərtçelik də Tomas de Vaalın kitabından misal gətirərək Serj Sarkisyanın əslində öz cinayətini etiraf etdiyini söyləyib: “Xocalıda hərbi cinayət törədilib. Tragikomikdir ki, ermənilər Xocalı faciəsini əks etdirən fotoşəkilləri dünyada “erməni soyqırımı”nın sübutu kimi təqdim edirlər. Təəssüf ki, Türkiyədəki bəzi dairələr də bu təbliğata alət olur. Xocalı 20-ci əsrin utancıdır. Dünya bundan dərs çıxarmalıdır. “Xocalıya ədalət!”, “Xocalını unutma, unutdurma!” deyərək Xocalı şəhidlərini rəhmətlə anıram”. Müzakirələrdə TBMM-nin Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Nejdət Ünüvar (AKP), millət vəkilləri Yusuf Halaçoğlu (MHP), Rəşad Doğru (MHP), Ənsar Öyüt (CHP) də çıxış edərək Xocalı qətliamını lənətləyib, Azərbaycanla həmrəyliklərini bildiriblər.

APA

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.