21 Şubat 2012 Salı

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Odessada etiraz yürüşü keçirilib

Xocalı soyqırımının 20-ci ildönümü Ukraynanın Odessa şəhərində gənclərin etiraz yürüşü ilə yad edilib.

 Ukrayna Azərbaycanlı Gənclər Birliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkil etdiyi etiraz yürüşünə Ukrayna, moldovan, yəhudi, türk və tatar gəncləri də qatılıb.

"Ermənilər Xocalıda törətdikləri vəhşiliklərə görə tarix qarşısında cavab verməlidir!" şüarı ilə Odessa şəhərinin mərkəzi küçə və meydanlarında etiraz yürüşü keçirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları, türk, tatar, yəhudi, Ukrayna və digər xalqların gənclər təşkilatlarının üzvləri yerli əhaliyə ermənilərin Xocalı şəhərində törətdikləri vəhşilikləri fotoinformasiya bukletlərini paylamaqla çatdırıblar.

 Havanın şaxtalı olmasına baxmayaraq, yerə sərilərək Xocalı qurbanlarının sayını özündə əks etdirən 613 rəqəmini nümayiş etdirən gənclər Odessa şəhərinin mərkəzi meydanından havaya üzərində "Xocalıya Ədalət" sözləri yazılmış 613 qara şar buraxmaqla indiyədək erməni vəhşiliyinə göz yuman dünya birliyini və beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər.

 Sonra Odessa vilayətində yaşayan bir sıra xalqların diaspor nümayəndələrinin, yerli və xarici tələbələrin iştirakı ilə Xocalı qurbanlarının anım mərasimi keçirilib. Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və birliyin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

 Mərasimə qatılanlar Xocalı qətliamını özündə əks etdirən sənədli filmə baxmaqla ermənilərin şaxtalı fevral gecəsində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar.

 Filmə baxdıqdan sonra "Xocalı soyqırımında birbaşa əli olan rəsmi Yerevan və onun hazırkı rəhbərliyi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir" bəyanatı ilə çıxış edən Türkiyənin Odessa şəhərindəki baş konsulu Hüseyn Ərqani, Ümumukrayna Gənclər Təşkilatının sədri Anton Daritçenko, Moldova Gənclər Təşkilatının sədri Andrey Tetyu və digər çıxış edənlər aradan 20 il ötməsinə baxmayaraq, dünya birliyinin belə bir faciəyə hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi qiymətləndiriblər.

 Tədbirin sonunda ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırıma hüquqi siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

 Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.



E.Mehdiyev

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.