ABŞ və NATO-da bunu başa düşürlər, lakin təhdidi aradan qaldırmaq üçün Qərbdə birgə yanaşma yoxdur, Rusiyanın təmin etdiyi status-kvo ən yaxşı çıxış yolu sayılır
Dağlıq Qarabağ münaqişəsi və postsovet məkanındakı digər həll edilməmiş qalan münaqişələr Avropada yeni təhlükəsizlik arxitekturasının qurulması yolunda əsas əngəldir. Bu barədə ötən həftə Konqresin büdcə komissiyasında keçirilmiş dinləmələrdə ABŞ dövlət katibi Hillari Klinton bəyan edib. O deyib ki, bu münaqişələr Avropada adi silahlar üzərində nəzarətin təmin edilməsinə də imkan vermir. Dövlət katibi Avropada adi silahlar üzərində nəzarətin avroatlantik strukturların əsas prioritetlərindən biri olduğunu bildirib.
Qeyd edək ki, söhbət Avropada Adi Silahlar üzrə Müqavilədən gedir və bu müqavilənin Azərbaycanın da qoşulduğu cinah sazişi hazırda faktiki olaraq işləmir. Bunun da əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir.
Sözügedən sazişə əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan adi silahlara dair bərabər kvotalar alıblar. Bu ölkələrin hər biri ən çoxu 220 tank, 220 zirehli maşın, 285 artelleriya sistemi , 100 döyüş təyyarəsi 50 zərb vertolyotuna malik ola bilər. 1990-cı illərin sonlarından başlayaraq Rusiya bu müqaviləni faktiki olaraq kağız üzərində qoyub. Ermənistana 1 milyard dollar məbləğində silah-sursat və hərbi texnika ötürülüb. Daha sonra 2000-ci illərin əvvəllərindən başlayaraq Gürcüstandakı Rusiya hərbi bazalarının silah və texnikasının əsas hissəsi Ermənistana daşınıb. Ermənistan Rusiya silahlarının anbarına çevrilib və hərbi sursatın, döyüş texnikasının əsas hissəsi Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilmiş erməni qüvvələrinin sərəncamına verilib. Nəhayət, Rusiya Ermənistan ərazisindəki hərbi bazasında Avropada Adi Silahlar barədə Müqavilənin şərtlərinə zidd şəkildə əlavə hərbi qüvvələr yerləşdirib.
Azərbaycan tərəfi həmin müqavilənin şərtlərinə riayət etməyə çalışaraq onun icrasına nəzarət edən ATƏT-in diqqəti Ermənistana yönəltməsinə nail olmağa çalışırdı. Lakin müqavilənin icrasına nəzarət etməli olan qurumun keçirdiyi , formal xarakter alan monitorinqlərdən başqa heç bir ciddi addım atılmırdı və nəhayət, Azərbaycan da açıq şəkildə bu müqaviləni “dəfn etdi”. Son illər Azərbaycan öz silahlı qüvvələrini gücləndirmək üçün adi silahlara dair müqavilə üzrə nəzərdə tutulmuş kvotanı dəfələrlə aşan həcmdə müasir silah sistemləri, hərbi texnika, o cümlədən hava döyüş texnikası alır. Qərb ölkələri Azərbaycana silah satmaqdan imtina etsə də Rusiya ilə anlaşmaq çətin deyil. Beləliklə, indi avropalı ekspertlər də təsdiq edirlər ki, Avropada Adi Silahlar üzrə Müqavilə artıq işləmir və gərəksiz sənədə çevrilib. Lakin bu mühüm razılaşmanın taleyi barədə əvvəldən narahat olmaq lazım idi və Qərb Dağlıq Qarabağ münaqişəsinin, digər “dondurulmuş” münaqişələrin həllində siyasi iradə göstərməməklə onun qüvvəsini itirməsinə, beləliklə də Rusiyanın postsovet məkanında əsas hərbi güc kimi qalmasına yol açmış oldu. İndi ABŞ dövlət katibi etiraf etməli olur ki, məhz münaqişələrin həllini tapmaması və nəticədə Avropada adi silahlara nəzarət üzrə mexanizmin qüvvəsini itirməsi qitədə yeni təhlükəsizlik arxitekturasının formalaşmasına əsas əngəldir.
Vaşinqtondakı Ceymstaun Fondundan ekspert Vladimir Sokor da qeyd edir ki, Qərb Dağlıq Qarabağ və digər “dondurulmuş” münaqişələrin həllinə dair birgə yanaşma tətbiq edə bilmədiyi üçün Rusiya situasiya üzərində nəzarəti ələ keçirib. Nəticədə bu münaqişələrin həll edilməmiş qalması yeni Avroatlantik təhlükəsizlik sisteminin formalaşmasına imkan vermir. Analitikin eurasianet.org saytında dərc edilmiş məqaləsinə əsasən bu günlərdə Münhen təhlükəsizlik konfransında yüksək səviyyəli Qərb və Rusiya analitiklərinin formalaşdırdığı Avroatlantik Təhlükəsizlik Təşəbbüsü (EASİ) adından Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrinə dair təhlil təqdim edilib. Müəlliflər münaqişələrin nizamlanmasında yeni yanaşmaların tətbiqinə dair bəzi təkliflər verirlər və bildirilir ki, sənəd bu ilin mayında ABŞ-ın Çikaqo şəhərində keçiriləcək NATO sammitində müzakirəyə təqdim olunacaq.
Lakin sənəddə Rusiyanın təsiri üstün gəlir və münaqişələrin nizamlanmasına dair irəli sürülən təkliflərin konkretlikdən uzaq olduğu bildirilir. Eyni zamanda sənəddə əraziləri işğal olunmuş Azərbaycan və Gürcüstanın mövqeləri nəzərə alınmayıb. Bununla belə sənəddə təsdiqlənir ki, Dağlıq Qarabağ və digər münaqişələr Avroatlantik təhlükəsizlik sistemi üçün əsas təhdidlərdən biridir. Ancaq sənəd müəllifləri münaqişələrin kökündə dayanan problemlərin, o cümlədən Azərbaycan ərazilərinin işğaldan azad edilməli olduğu barədə heç nə demirlər. Eyni zamanda əsas səylərin mövcud status-kvonu saxlamağa yönəlməsi, yəni münaqişə tərəfləri arasında hərbi toqquşmaların qarşısının alınması və atəşkəs rejiminin qorunub saxlanması barədə danışırlar. Bildirilir ki, sözügedən hesabat NATO strukturlarından heç birində qəbul edilmir. Lakin NATO başda olmaqla Avroatlantik strukturların bu münaqişələrin həlli üçün hərəkətə keçməli olduğunu da deyən yoxdur.
Xatırladaq ki, ötən həftə Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfər edərək NATO rəhbərliyi ilə danışıqlar aparıb. Bu danışıqlarda Dağlıq Qarabağ münaqişəsi də gündəmdə olub. Azərbaycan NATO-nun mühüm tərəfdaş ölkələrindən biridir və haqlı olaraq gözləyir ki, alyans Qarabağ məsələsində daha aktiv rol oynasın. NATO Baş katibinin köməkçisi Ceyms Appaturay isə Bakı və İrəvanda təmaslar zamanı alyansın bu münaqişədəki rolunun ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməklə məhdudlaşdığını deyib. Eyni zamanda Avropa İttifaqının da münaqişənin nizamlanması prosesində heç bir önəmli rola malik olmadığı bu günlərdə hesabat şəklində açıqlanmışdı. Beləliklə, Qərbdə hamı razılaşır ki, Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyini təhdid edən amillərdən biridir, lakin heç bir Qərb strukturu, aparıcı Qərb dövlətləri bu münaqişənin həllində adekvat addımlar atmağa hazırlaşmır. Ən yaxşı halda onlar Minsk Qrupu formatında Rusiyanın nəzarəti altında keçən danışıqlar prosesinə dair ara-sıra məsləhətləşmələr aparırlar. Məsələn, ötən həftə Moskvada Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Cənubi Qafqazdakı vəziyyəti, o cümlədən Qarabağ münaqişəsini ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordonla müzakirə edib. ATƏT-in səyləri isə Ermənistanla Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsə nəzarətə dair yeni mexanizmin formalaşdırılmasına yönəlib. Bu məsələni yaxın günlərdə regiona səfər edəcək Minsk Qrupunun həmsədrləri, daha sonra isə martın əvvəllərində bölgəyə gələcək ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri münaqişə tərəfləri ilə müzakirə edəcək.
F.MƏMMƏDOV
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.