27 Şubat 2012 Pazartesi

DÜNYAYA MÖHTƏŞƏM XOCALI MESAJI



Türklüyün böyük İstanbul və Bakı dalğası ermənini vurdu
Prezident İlham Əliyev xalqla birgə yürüşə qatıldı, İctimai Palata yüksək səviyyəli aksiya keçirdi; İstanbulun Taksim meydanında isə Azərbaycana dəstək məqsədilə son illərin ən izdihamlı mitinqi reallaşdırıldı 


Xocalıda körpələri süngüyə keçirən, ahılları işgəncə ilə öldürən, qadınlara təcavüz edən, kişiləri kəsib-doğrayan erməni vəhşiliyinin 20 ili tamam oldu. Bu faciənin ildönümü münasibətilə təkcə Azərbaycanda yox, qardaş Türkiyədə və Şimali Kipr Türk Cümhuriyyətində də izdihamlı etiraz mitinqləri keçirildi. Azərbaycan və Türkiyədə yüz minlərlə insanın qatıldığı yürüş-mitinqlər bütün dünyaya səs saldı. Bundan əlavə, ayrı-ayrı ölkələrdə yaşayan türk topluluqları da Xocalıda dinc insanlara qarşı bu bəşəri cinayəti törətmiş erməni cinayətkarlarını lənətlədilər. Belə aksiyalar dünyanın 40 şəhərində keçirilib. 

Həm Türkiyədə, həm də Azərbaycanda iqtidarla müxalifət birləşərək erməni faşizminə etirazını bəyan etdilər. Fevralın 26-da Bakı və İstanbul meydanlarını “Xocalıya ədalət”, “Hamımız Xocalıdanıq” şüarları bürüdü. Bakının Azadlıq meydanından Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə doğru səhər saatlarından izdihamlı yürüş başlandı. Eyni zamanda Türkiyənin İstanbul şəhərindəki mərkəzi Taksim meydanında izdiham yaşandı. İstanbuldakı aksiyada yüz minlərlə adam iştirak edib. Yerli müşahidəçilərin və ekspertlərin rəyinə görə, bu, son illərin ən böyük aksiyası idi. Taksim aksiyası hətta Türkiyə gündəmini, Türkiyənin Azərbaycan məsələlərinə münasibətini dəyişə biləcək böyük bir hadisə kimi qiymətləndirilir.

Azadlıq meydanında 100 minlik etiraz mitinqi



Bakıdakı ümumxalq yürüşündə ölkə başçısı İlham Əliyev də əvvəldən axıradək iştirak etdi. Azadlıq meydanından başlayan mitinqdə 100 mindən çox insan var idi. Ön sırasında İ.Əliyevin və ailə üzvlərinin olduğu yürüş iştirakçıları Azadlıq meydanından Xətai rayonunda ucaldılmış Xocalı abidəsinə doğru hərəkətə başladılar. Bu izdihamın keçdiyi prospekt və küçələr boyu əllərində qanlı qırğının qurbanlarının portretləri, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar, soyqırımı qurbanlarının ad-soyadları yazılmış transparantlar, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın”, “Rədd olsun erməni faşizmi!” və s. sözlər yazılmış plakatlar tutan gənclər yürüyürdü.

Xocalı soyqırımı qurbanlarının abidəsinin yanında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü. Ölkə başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi. Tədbirə hökumət və dövlət rəsmiləri də qatılmışdılar. Ümumxalq yürüşündə iştirak edənlər abidə önündə “Xocalıya ədalət”, “Xocalını unutmayın”, “Xocalı - əsrin soyqırımı” şüarlarını səsləndirdilər.

Aksiyalar bununla da yekunlaşmadı, gün ərzində “Ana harayı” abidəsinə axın-axın insanlar gəlirdi. Müxtəlif təşkilatların, hökumət və qeyri-hökumət qurumlarının işçiləri, sadə vətəndaşlar, Xocalı qətliamının şahidləri, tələbələr, bir sözlə, hamı bir nəfər kimi yürüş-mitinqdə iştirak edirdi.

İctimai Palatanın izdihamlı aksiyası




Gözlənildiyi kimi, ümumrespublika tədbirində iqtidarla müxalifət arasında ayrı-seçkilik olmadı, siyasi baxışlar, siyasi ixtilaflar arxa plana keçdi. Bütün millət Xocalı dərdi ətrafında birləşdi. İctimai Palata (İP) əvvəlki illərlə müqayisədə daha izdihamlı yürüş-mitinq təşkil etdi. Müxalifət “A.M.A.Y.” ticarət mərkəzinin qarşısından Xocalı abidəsinə doğru böyük yürüş təşkil etdi. Öndə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli olmaqla İP üzvləri, ictimai fəallar, gənclər aksiyada fəal iştirak edirdilər. “A.M.A.Y.”ın önündən başlanan yürüşə polis müdaxilə etmədi və Xocalı abidəsinə qədər şüarlar səsləndirildi.

Minlərlə müxalifət fəalının iştirak etdiyi yürüşdə “Xocalıya ədalət”, “Qarabağ”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Azadlıq” və “Azərbaycan” şüarları səsləndirildi. İzdiham Mərkəzi Neftçilər Xəstəxanasına çatanda iştirakçıların sayı daha da artmışdı. Gənclərin əllərində “Xocalı, Serebrenitsa, Ruanda... soyqırımına son”, “Xocalı: dünya birliyi susur, tarix susmayacaq” şüarları yazılmış plakatlar var idi. Sonra Xocalı abidəsi önündə əklillər qoyuldu, dualar oxundu.
Müsavat başqanı İsa Qəmbər çıxışında Azərbaycan dövlətinin və xalqının Qarabağı azad etməyə qadir olduğunu vurğuladı. İ.Qəmbər qeyd etdi ki, Xocalının qisası alınacaq: “Biz Şuşamızı, Xocalımızı azad etməliyik, insanlarımız öz torpaqlarını qayıtmalıdır və orada xoşbəxt yaşamalıdır. O gün Xocalının qisası alınmış olacaq, şəhidlərimizin ruhu şad olacaq. Xalqımız buna qadirdir. İnanıram ki, Qarabağı azad edəcəyik. Tanrı Azərbaycanı qorusun”.
AXCP sədri Əli Kərimli Xocalı qətliamını törədənlərin Haaqa tribunalında cavab verməli olduqlarını bildirdi: “İnsanlığa qarşı bu vəhşilik cavabsız qalmamalıdır. Biz eyni şəkildə cinayət törədə bilmərik, bu amansızlığı edənlər, dövlət rəhbərləri Beynəlxalq Haaqa Məhkəməsində cavab verməlidir. Faşistlər, terroristlər cəzalandırmalıdır, bütün dünya onların sifətini görməlidir. Bu, şəhid olan insanlarımızın narahat ruhlarına ən böyük məlhəm olar. Mən inanıram ki, millətimiz Qarabağı azad edəcək. Allah bizə o gücü versin. Şəhidlərimizin qarşısında o zaman alnıaçıq ola biləcəyik”.

Polis gənclərin Xocalı aksiyasını dağıda bilmədi




İP-in aksiyası yekunlaşandan sonra fəal gənclər dünən “Torqovı”da (Nizami küçəsi) toplaşdılar. Amma polis Nəsimi heykəlinin yaxınlığında yığışan gənclərə “Xocalıya ədalət” deməyə də imkan vermədi. Polislər gənclərin bu plansız aksiyasından narahat olaraq onlara siyasi şüarlar səsləndirməyin yolverilməz olduğunu bildirdilər. Gənclər onları əmin etdi ki, şüarlar yalnız Xocalı qətliamına aid olacaq, burada heç bir siyasətdən, heç bir siyasi şüardan söhbət gedə bilməz.
Yalnız bundan sonra polislər öz rəhbərlikləri ilə danışaraq aksiyaya icazə verilib-verilməməsini müzakirə etdilər. Ancaq tərəflər arasında razılıq olmadı. Gənclərin başqa istiqamətə getdiyini görən polislər onları qovub təqib etməyə və aksiyanı dağıtmağa başladılar. Bu zaman polislə gənclər arasında toqquşma baş verdi. Polis fəal xanımlara qarşı təhqiramiz ifadələr işlətdi, bu zaman qarşıdurma yarandı. Polislə gənclər əlbəyaxa oldular, aksiyaçılara təzyiq göstərildi.
Bununla belə, Xocalı qətliamı ilə bağlı yürüş-mitinqi keçirməkdə israrlı olan gənclər məqsədinə çatdı. Təxminən 100-ə yaxın gənc “Torqovı”da “Xocalıya ədalət” şüarını səsləndirdi, dövlət himnini oxudular. Polis yenidən onlara sərt şəkildə müdaxilə etməyə cəhd göstərəndə gənclərin hamısı oturaq aksiyaya başladı. Gənclər əllərindəki plakatları qaldırdı, şüarlar səsləndirdi, sonra dağılışdılar, saxlanan olmadı.
AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı dedi ki, polis gənclərdən Bəyim Həsənliyə, Toğrul İbrahimə və Dadaş Sadıqlıya əl qaldırıb: “Nəsimi heykəli yaxınlığında toplanıb dinc aksiya keçirmək istədik, icazə verilmədi. Məcbur qalıb başqa küçə ilə yürüş etdik. Bu zaman polis yenə qarşımızı kəsdi. Biz yerdə oturduq və himni oxuduq. Hətta yoldan keçən paytaxt sakinlərindən də bizə qoşulanlar oldu. Beləcə, aksiya başa çatdı”.

Türkiyənin qəlbi Xocalı ilə vurdu...



Qeyd etdiyimiz kimi, dünən Bakıdakı izdihamlı aksiya ilə yanaşı Türkiyədə 60 mindən çox insanın iştirakı ilə mitinq keçirildi. İstanbulun Taksim meydanında düzənlənmiş aksiyada iştirak edənlər əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutublar. Xocalı soyqırımına lazımi hüquqi qiymət verməyən beynəlxalq təşkilatları və dünyanın nüfuzlu ölkələrini qınayan ifadələrin yer aldığı plakatlar qaldırıblar və şüarlar səsləndirilib. Mitinqə Türkiyədəki tələbələrimiz, güneyli soydaşlarımız, türkiyəli gənclər də qatılıblar. Aksiyaya Ankarada, Mərsində, Kayseridə təhsil alan azərbaycanlı tələbələr də qoşulublar.
“Yeni Müsavat”ın Taksimdəki mitinqə qatılan əməkdaşı Fərahim İlqaroğlunun xəbərinə görə, mitinq başlamazdan öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Türkiyənin dövlət himni səslənib, azərbaycanlı müğənni Azərin Azərbaycanın dövlət himnini, ardınca isə “Çırpınırdın, Qara dəniz” mahnısını oxuyub.
Əllərində üzərində “Qarabağ bizimdir, bizim olacaq!”, “Hamımız azərbaycanlıyıq, hamımız türkük!”, “Dünya, Xocalı fəryadını duy!”, “Yaşamaq hüququ müqəddəsdir!”, “Bir millət, iki dövlət, Qarabağa ədalət!”, “Xocalı soyqırımını qınayırıq!”, “Qəlbimizdə Xocalı, hamımız xocalılıyıq!”, “Erməninin yalanına son!”, “Türkün türkdən başqa dostu yoxdur”, “Bunlardan kim üzr istəyəcək?”, “Türklərə edilən soyqırımlar tanınsın!”, “Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!” şüarlar yazılan plakatlar tutmuş aksiya iştirakçıları eyni məzmunda şüarlar səsləndirirlər.
Mitinq keçirilən meydana İstanbul valisi Hüseyn Avni Mutlu və İstanbulun polis rəisi Hüseyn Çapkın da gəlib. Qeyd edək ki, aksiyada Azərbaycan və Türkiyədən millət vəkilləri, ictimai-siyasi xadimlər, media mənsubları, Türkiyənin qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqlarının, ülkü ocaqlarının, siyasi partiyaların nümayəndələri, Türkiyədə yaşayan, eləcə digər ölkələrdən gəlmiş azərbaycanlılar iştirak ediblər.
Tədbirə Türkiyənin daxili işlər naziri İdris Naim də qatılıb. Nazir bildirib ki, Azərbaycan-Türkiyə bir millət iki dövlətin yer üzündəki ən canlı örnəyidir: “Türk milləti əsrlərdir yer üzündə qürurla yaşayıb. Qürurla həyatını gerçəkləşdirib və geridə böyük dövlətlər buraxıb. Türk milləti həmişə zülmün, zalımın qarşısında, məzlumun yanında olub”.

İstanbuldakı Fransa konsulluğu yumurta atəşinə tutuldu



Xocalı soyqırımında şəhid olanların sayını göstərən 613 ədəd qara şar havaya buraxılıb. Meydanda iştirakçılara üzərində “Sarkozi” yazılan tualet kağızları paylanıb. Müxbirimiz F.İlqaroğlu bildirdi ki, Taksim meydanı dolduğundan İstiqlal və Tarlabaşı küçələrindən gələn insanların aksiyaya qatılmasında problem yaranıb. Yaranmış izdihamda bir neçə nəfərin səhhətində problem yaranıb, həkim briqadaları onlara tibbi yardım göstərib.
Aksiya iştirakçılarının bir qrupu Fransa konsulluğunun qarşısına qara çələng qoyub. Aksiyaçılar konsulluğun binasına ayaqqabı və yumurta atıblar. Bundan başqa, meydanın yaxınlığında yerləşən restoranda ABŞ bayrağı endirilərək əvəzində Türkiyə və Azərbaycanın bayraqları asılıb. Aksiyaya Türkiyənin məşhur Osmanlı Hərbi Marş Orkestri - “Mehtər Takımı” da qatılıb.
Fərahim İlqaroğlu bildirdi ki, Taksim aksiyasının möhtəşəm alınmasında Azərbaycan hökumətinin ciddi rolu olub. Əməkdaşımız bildirdi ki, Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədəki aksiyanın təşkilində və keçirilməsində əməyi çoxdur.
Aksiyanın sonunda qətnamə oxunub. Qətnamədə 1992-ci il, fevralın 26-da ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törədikləri vurğulanıb. Qeyd olunub ki, soyqırımı həyata keçirənlər tezliklə beynəlxalq hüquq normalarına uyğun cavab verməlidirlər. Bu kimi hadisələrin bir daha yaşanmaması üçün Xocalı soyqırımını həyata keçirənlərin cavab verməsinin vacibliyi bildirilib. Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarının işğaldan azad olunması, azərbaycanlıların tezliklə öz torpaqlarına dönməsi, bölgənin “Sülh bölgəsi” elan olunması tələb olunub. Aksiyanın sonunda Azərbaycan və Türkiyə sənətçiləri birgə “Sarı gəlin” türküsünü ifa ediblər.
MHP başqanı Dövlət Baxçalı da Xocalı ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada Xocalı faciəsinin əsrin ən böyük faciə kimi tarixə düşdüyü vurğulanıb: “Soydaşlarımızın namusuna, şərəfinə təcavüz etməyə cürət edən erməni əxlaqsızlığını əziz millətimiz lənət və nifrətlə xatırlayacaq”.
CHP-nin qurultayında partiyanın sədri Kamal Kılıçdaroğlu da bu mövzuda çıxış edib. Kılıçdaroğlu Xocalı soyqırımını heç vaxt unutmayacaqlarını deyib.

“Yavru vətən”də qələbəlik...



Eyni zamanda fevralın 26-da Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada Xocalı soyqırımı ilə bağlı mitinq təşkilatçıları ilk beynəlxalq telekanallardan olan “Kanal T”də canlı yayıma qatılıblar. Canlı yayımda Xocalı faciəsi barədə Türkiyədəki ülküçü hərəkatın öndə gələn isimlərindən olan Yusuf Ziya Arpacıq, Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxış ediblər.
Sonra Kiprin Şəhidlər Xiyabanında mitinq keçirilib. Bu barədə Kiprdə olan Pənah Hüseynin qəzetimizə verdiyi xəbərə görə, Xocalı soyqırımına həsr olunmuş mitinqə siyasi xadimlər və ictimaiyyətin nümayəndələri qatılıblar. Mitinqdə çıxış edənlər bu amansız qətliamı pisləyib, hərbi canilərin buna görə cavab verməli olduğunu bildirib.
Mitinqdə Şimali Kipr Türk Cümhuriyyətinin maliyyə naziri Ersin Tatar, Yaxın Doğu Universitetinin professoru Fəxrəddin Məmmədov, Azərbaycanda könüllü olaraq ermənilərə qarşı savaşmış Yusuf Ziya Arpacıq, təşkilatçılardan Əhməd Ötükən, 94 yaşlı şair Kamal Qaradəri, Pənah Hüseyn, Rauf Arifoğlu və başqaları çıxış ediblər.
Rauf Arifoğlunun musavat.com-a verdiyi xəbərə görə, Lefkoşadakı aksiya möhtəşəm olub: “Bir daha təsdiqləndi ki, istər qardaş Türkiyə, istərsə də ”yavru vətən" Şimali Kipr Azərbaycanla doğmadır, qardaşdan da ötədir, sevincləri, kədərləri birdir. Elə mitinq iştirakçılarından birinin qaldırdığı transparant da bu cür idi: “Can Azerbaycan, kederiniz kederimizdir”. Bu mənzərəni gördükdə türk birliyi ilə qürur duymamaq mümkün deyildi". R. Arifoğlu Azərbaycan adından Şimali Kipr aksiyasının təşkilatçılarına, Kipr dövlətinə, həmçinin ölkəmizin təvazökar dostu, iş adamı Naim Aydoğduya (o da Qarabağ uğrunda savaşan könüllülərdən olub-red. ) təşəkkürlərini çatdırıb. R.Arifoğlu deyib ki, bu nümayişlər gücümüzün miqyasını və erməni-türk savaşının perspektivlərinə dair ümidləri ortaya çıxartdı.
Ümumən isə dünən dünyanın onlarla şəhərində Xocalı faciəsinin 20-ci ildönümü qeyd olunub, erməni cinayətkarlarının törətdiyi vəhşilik pislənib. Xatırladaq ki, Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 adam qəddarlıqla şikəst edilib. 8 ailə bütünlüklə məhv edilib. Qətlə yetirilənlərin 106-ı qadın, 63-ü uşaqdır.
Allah bütün şəhidlərimizə, o cümlədən Xocalı şəhidlərinə rəhmət eləsin. Amin!

Emil SALAMOĞLU

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.