Translate

19 Mayıs 2019 Pazar

İLLƏR SAÇLARIMA DÜZÜLÜB DƏN-DƏN... ©

Əziz qazilər, möhtərəm dostlar, indi sizə təqdim etdiyim bu VİDEO "Qarabağ Qaziləri" və "Vətən Müharibəsi Əlilləri" ictimai birliklərinin öz qərargahlarında keçirdikləri tədbirdə iştirak edə bilməyənlər üçün daha maraqlı olacaqdır. Sağlıqla izləyin...

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/vl.439382313474305/383251442406631/?type=1



AĞAC ƏKƏCƏKDİM, BAĞ SALACAQDIM... ©

Möhtərəm dostlar, indi sizə təqdim etdiyim bu VİDEO Azərbaycan Mətbuat Şurası və Şuranın nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mərasimdə iştirak edə bilməyənlər üçün daha maraqlı olacaqdır. Sağlıqla izləyin...

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/vl.439382313474305/2032937430153004/?type=1



7 Mayıs 2019 Salı

"BƏSDİR DƏ BU CAMAATI ÇƏRLƏTDİNİZ..."



Aqil Məhəmməd oğlu Abbasov
Azərbaycan Milli Məclisinin deputatı


Beş manat itirəndə, ya maşınınızın farası qırılanda, ya ürəyiniz istəməyən toya gedib yüz manat pul yazdıranda bir ay deyinirsiniz. Camaatın varı-dövləti gedib, topdağıtmaz evləri yandırılıb. O villalar yandırılıb ki, Bakıda və digər rayonlarda onu hələ indi-indi tikməyə başlayıblar. Bunlar hamısı cəhənnəm, boş şeydi. Var-dövlət də qazanıla bilər, villa da tikilə bilər, topdağıtmaz evi yenidən qurmaq olar. Amma doğulduğun torpağı, ilk dəfə iməklədiyin, hətta yediyin və qəribə bir dadı olan torpağı itirmək, əzizlərinin yatdığı qəbiristanlıqları itirmək - bu dəhşətdi. Bu dəhşəti bir Ermənistandan qaçqın düşənlər, bir də qarabağlılar yaxşı bilir. Ay bizə lağ eləyənlər, heç bilirmisiniz ki, Qarabağdan kənarda basdırılan qarabağlılar əmanət basdırılır, hətta xristianlar kimi tabutda basdırılırlar, haçansa Qarabağ azad olunanda aparsınlar əzizlərinin yanında dəfn eləsinlər, öz əzizlərinə qovuşsunlar. Tanrı heç kimə qismət etməsin bunu.

Sözgəlişi, bu gün Bakıda və digər bölgələrdə tikilən villalalardan da daha yaraşıqlı bir villanı ana babam 1957-ci ildə Ağdamda tikdirmişdi. İstəyirsiniz, ünvanı da deyim: Bünyad Sərdarov küçəsi 10.

20 minə yaxın şəhid vermişik, statistikanın rəqəmlərində çox qəribədir ki, bu rəqəm təxminən 13 min göstərilir. Bəs, evlərində, həyətlərində, küçədə erməni bombardmanından ölənlər kim sayılır? Bəs, taleyi məlum olmayan girov götürülənlər (təxminən 4 min nəfər), itkin düşənlər kim sayılır ? Nə isə, bu ayrı bir mövzudu.

Şəhid. Bu bir ailənin oğludu, bir ailənin kürəkənidi, bir bacının qardaşıdı, bir atanın oğludu, bir ananın oğludu, bir nəslin övladıdı. Qarabağda şəhid olanların təxminən 70 faizi qarabağlılardı. Qarabağda elə bir nəsil tapmazsınız ki, onun şəhidi yoxdu! Şuşanın 15 min əhalisi vardı, şəhidlərinin sayı əhalisi Şuşa əhalisindən 10-20 dəfə böyük rayonların şəhidlərinin sayından bir neçə dəfə artıqdı. Eləcə də olsun Kəlbəcər, Laçın, Qubadlı, Xocalı, Xocavənd. Mən heç bura Ağdamla Füzulini salmıram. Söhbət ondan gedir ki, bu qarabağlıların Xankəndi ilə müharibəsi deyildi. Bu, Ermənistanla, Rusiya ilə, Ermənistanın arxasında duran dövlətlərlə müharibə idi. Və bu savaşda Qarabağa Azərbaycanın başqa bölgələrindən gəlib qeyrətlə savaşan, şəhid və qazi olanların önündə də baş əyirəm. Amma söhbət ondan gedir ki, bir daha təkrar edirəm, şəhidlərin 70, bəlkə də 80 faizi qarabağlılardı.

Azərbaycanda ilk şəhid iki ağdamlı gənc - Əli və Bəxtiyardı. İnşallah, Cıdır düzündə Azərbaycan bayrağı qaldırılan vaxt, Qarabağ azad olunan vaxt da son şəhidimiz bizlər olacağıq.

Şəhidlərimizin
Çiyninə qalxaraq yüksəliyoruz
Vaxtımız yox,
Onları basdırmağa!
İnşallah, o günü görəcəyəm.
Bu yazını niyə yazdım? Xeyli vaxtdı bir məsələ məni həm çərlədir, həm üzür, həm də bərk narahat edir.
Nədir bu məsələ?

Görkəmli şəxsiyyətimiz, bütün jurnalistlərimizin ustadı Şirməmməd Hüseynov hər hansı bir tədbir olur-olmasın orda mütləq Həsən bəy Zərdabinin bir məqaləsini misal çəkir. Sonra da qəzetlər, saytlar, sosial şəbəkələr Şirməmməd müəllimin çəkdiyi bu misalı elə ürəklə paylaşır, elə şərhlər yazırlar ki, oxuyanda adama elə gəlir ki, Azərbaycan xalqının düşmənləri heç də ermənilər deyil, qarabağlılar, daha doğrusu, Qarabağ bəyləridi.

Nədir məsələ?

Zərdabi yazıb ki, gedir Şuşaya, istəyir Qarabağ bəylərindən bir yardım alsın və «Hop-hopnamə»ni çap etsin. Erməni qadınları yığışıb pul qoyub «Hop-hopnamə»ni çap etdirirlər, hətta həmin vaxt bir erməni də gətirir 980 publ yardım yığanlara pul verir ki, bu pulu İsa bulaqdan su daşımaqla qazanmışam, istəyirəm erməni uşaqları təhsil görsünlər. Amma Qarabağ bəylərinin Həsən bəy Zərdabiyə verdikləri qonaqlıqların xərci bir yox, iyirmi «Hop-hopnamə»ni çap etdirməyə çatsa da, kitabın çapına pul vermirlər.

Bilmirəm bunu Həsən bəy Zərdabi niyə yazıb, bu nə qədər doğrudu? Və təbii ki, Həsən bəy Zərdabinin yazdığı «Quran» ayələri deyil, ustad yazıb də. Gərək ustad da deyəydi ki, qardaş, o qoyunu kəsməyin, onun puluyla gedim Sabirin kitabını çap etdirməyə.

Ola bilər ki, Zərdabinin yazdığı həqiqətdi. Bu gün XXI əsrdi, hələ də bu millətdə Sabiri qəbul etməyənlər var, Sabirə həqarət edənlər var, söyənlər var, onu Allahsız, dinsiz, imansız adlandıranlar var. Zaman-zaman mətbuatda belə yazıları oxuyursuz. İndi fikirləşin, bir əsrdən də bir az çox əvvəli. Ola bilər ki, Zərdabinin üz tutduğu bəylər də XXI əsrdə düşünənlər kimi düşünüb. Nə isə, bunu qoyaq bir kənara.

Qarabağlıları, yuxarıda hansı dərdləri çəkdiklərini yazdığım, hansı ağrıları yaşadıqlarını yazdığım qarabağlıları bu qədər türklər demiş, aşağılamaq, alçaltmaq görəsən, kimlərə lazımdı? Bunları mətbuata çıxarıb onsuz da üstlərində göz yaşlarından başqa, içlərində ağrı-acılardan başqa heç nəyi olmayan bu camaatı niyə çərlədirsiz?

Doğrudanmı Qarabağ bəyləri belə nanəcib insanlar olublar? Qarabağ bəylərini xəsislikdə ittiham edənlərə çox yox, bir neçə misal örnək gətirəcəm.

Bəy böyük tituldu. Nə bilim, ruslar buna qraf deyir, knyaz deyir, ingilislər lord, milord deyir, ümumiyyətlə, Avropada baron, markiz deyirlər, yəni əsilazadələr.

Təbii ki, Qarabağ bəyləri də əsilzadələr idi. Ən aşağısı Qarabağ xanlığının əsasını qoyan, Şuşanı tikən Pənah xanın nəslindən idi. Düzdür, Qarabağda Səfəvilərin və Qacarların nəslindən olan bəylər də vardı.

Xan qızı Natəvan, yadımdan çıxıb, deyəsən təxminən 17 kilometrdən öz şəxsi vəsaiti hesabına Şuşaya saxsı borularda su çəkdirmişdi. Su çəkilərkən bəzən sərt qayalıqlar çıxırdı qarşılarına. Xan qızı həmin qayalıqlar çıxan vaxt hər metrəyə fəhlələr üçün bir qızıl onluq qoyurdu ki, çapın bu qayaları. İki tərəfdən Şuşaya su gətirmişdi. Bütün var-dövlətini xeyriyyə işlərinə xərcləyirdi, şairlərə, sənət adamlarına xüsusi imtiyaz tanımışdı.

Məmməd bəy Batmanqılıncın nəvəsi Əhməd bəy Cavanşir Ağdamla Ağcabədinin arasındakı kəndlərə kəhriz vurdurmuşdu ki, kasıb camaatın məhsulu yanmasın. Məktəblər açmışdı və hətta özü kasıb balalarına dərs deyirdi ki, millət təhsil alsın. Aclıq illərində öz taxılını pulsuz-parasız camaata dağıdırdı ki, xalq aclıq çəkməsin. (Əhməd bəyin qəribə bir rəvayətini yaxın nömrələrdə yazaram).

Əhməd bəyin qızı Həmidə bəy (bəli, xalq ona xanım demirdi, hünərinə, cəsarətinə, mərdliyinə görə bəy deyirdi) Qarabağda yoluxucu xəstəlik yayılanda eşi Mirzə Cəlillə birlikdə kəndbəkənd düşüb bəlkə minlərlə adamı öz vəsaiti hesabına peyvənd edirdi. Həmin vaxt yalnız Zeynalabdin Tağıyev kömək üçün Həmidə bəyə müəyyən qədər pul göndərmişdi. Həmidə bəy Səttar xan hərəkatına maddi yardım eləmişdi.

«Qeyrət» mətbəəsini alıb Mirzə Cəlilə bağışlamışdı ki, «Molla Nəsrəddin» , (özü də bu gün bizim üçün az qala müqəddəs bir kitaba çevrilmiş) jurnalını nəşr etdirib bu millətin ağrılarını bütün Şərqə çatdıra bilsin.

Deyə bilərsiniz ki, bunu eşinin (ərini yazmıram, bu sözü xoşlamıram, elə eşi gözəldi, yəni özünün bir parçası) Mirzə Cəlilin xətrinə eləmişdi. Elə deyil, o, bunu Azərbaycan xalqının xətrinə eləmişdi.

Sabir xəstələnəndə ona ilk yardımı da Həmidə bəy eləmişdi. Nəinki yardım eləmişdi, hətta onu öz evinə gətirmiş və uzun müddət Mirzə Cəlillə birgə sağlamlığı ilə məşğul olmuşdu. İndi Həmidə bəy eşitsəydi ki, «Hop-hopnamə»nin nəşri ilə bağlı pul lazımdı, o pulu artıqlaması ilə Zərdabiyə göndərməzdimi?! Sabir Həmidə bəy haqqında demişdi ki, mən belə bir mərd, qeyrətli, kişi xasiyyətli xanım görməmişəm.

Yoxsa indiki bəylər kimi həmin pula villa tikdirərdi, birini Bayatda, birini Kəhrizlidə, birini Şuşada, birini Parisdə, birini Karlovı Varıda və sair və ilaxır. Həmidə bəydən çox yazmıram, imkanınız varsa Mehriban Vəzirin çox böyük çətinliklə üzə çıxarıb nəşr etdirdiyi «Xatirələrim» kitabını oxuyun.

Kərim bəy Cavanşir (Bayat bəylərbəyi) öz vəsaiti hesabına Qarabağda xəstəxanalar tikdirirdi, məktəblər tikdirirdi.

İsmayıl bəy Qarabağ atlarının nəslinin kəsilməməsi üçün Ağdamda Atçılıq zavodu tikdirib.
Qasım bəy Zakir bütün var-dövlətini kasıb-kusuba paylayırdı.

Bədəlbəylilər Şuşada, Ağdamda, Ağcabədidə məktəblər tikirdilər, teatr açırdılar. Hətta Bakıda ilk məktəbi də onlar açıb.

Qarabağ bəyləri Şuşada bu günki universitet təhsili verə biləcək Realnıy məktəblər açırdılar ki, kasıb-kusubun, yetim-yesirin uşağı gəlib oxusun.

Qarabağ bəyi Firudin bəy Köçərli öz vəsaiti hesabına Qazaxda Qori seminariyasının filialını açmışdı.

Şərqdə ilk operanı yazan və bu gün Azərbaycanı dünyada tanıdan Üzeyir Hacıbəyov Qarabağ bəyi idi.

Qarabağ bəylərinin sonuncu mogikanlarından olan Seyid Şuşinskinin nə qədər gənci oxutmasından, nə qədər insanlara xeyirxahlıq göstərməsindən xəbəriniz yoxdusa, günah məndə deyil.

Fikrət Əmirov Qarabağ bəyinin oğlu idi.

Fərhad Bədəlbəyli Qarabağ bəyinin nəvəsidi.

Day bəsdi. Yoxsa, gərək bütün qəzeti doldurum.

Çox güman ki, Zərdabi Şuşada Əbdürrəhim bəy Haqverdiyevin yazdığı «çertvyortıy sort» bəylərə rast gəlib.

İndi 25 ildi Qarabağ yoxdu, torpaq yoxdusa onun yetişdirdiyi bəylər də yoxdu. Əgər bizə mane olan Qarabağ bəyləri idisə, indi onlar da yoxdu. İndiki bəylər məsələni həll eləsin də. Vaqif Cəbrayılzadənin bir şeirində gözəl bir yer var:

Çərx başına gəlməyənləri

Çərlədin,

Çərlədin,

Öldürün!

Bəsdir də bu camaatı çərlətdiniz, gedin işinizlə məşğul olun. Gedin görün Təranə Qumralla Nazəninin davasının axırı nə təhər oldu?!


Aqil Abbas. 
Millət vəkili.


23 Mart 2019 Cumartesi

FÜZULİ MƏMMƏDOV KİMDİR ?

VƏTƏNPƏRVƏR VƏ XEYRİYYƏÇİ İNSAN

                                                     Füzuli Məmmədov

Füzuli Məmmədov 9 fevral 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olumuşdur.

1983-cü ildə Naxçıvandan Rusiyaya köçən F. Məmmədov, 1989-cu ildən “İnterserver” şirkətlər qrupunun rəhbəridir. Şirkətin rəsmi saytında adı Frenk Naxçıvanski kimi qeyd edilmişdir.

Rusiyada yaratdığı biznesini 2014-cü ildən, başda İtaliya olmaqla Avropaya köçürmüşdür. Rusiyadan çıxmasının səbəbi isə yaxın münasibətdə olduğu Moskva şəhər meri Yuri Lujkovun vəzifədən çıxması ilə əlaqədardır. Rusiyada və bir sıra başqa xarici ölkələrdə "Frenk Fond"u fəaliyyət göstərir.

Rusiyada hüquqşünas və iqtisadçi ali təhsili alan Füzuli Məmmədov, siyasi elmlər namizədidir. Hazırda İtaliyada, Berqamo şəhərində yaşayır, 2 övladı var.

Füzuli Məmmədov 1988-ci ildə Rusiyada azərbaycanlıların ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” («Единство Азербайджана») adlı təşkilatın əsasını qoymuşdur. Bu təşkilat Azərbaycanın Rusiyadakı diasporasının əsasını təşkil etdi və bununla azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı yarandı. Füzuli Məmmədov
2005-ci ildə “Beynəlxalq İctimai Birliklər İttifaqı”, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nu yaratmış, “Avropa Azərbaycanlıları Konqresi”nin birinci vitse-prezidenti seçilmişdir.

Füzuli Məmmədov tez-tez xarici mətbuatda Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqalələr yazır. İtaliyanın " italianinsider.it " saytında 2017-ci ilin iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 1967-ci il təvəllüdlü sakini Səbinə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva məsələsini gündəmə gətirmişdir.

Füzuli Məmmədov 2017-ci ilin may ayında Heydər Əliyevin doğum gününün 94-cü
ildönümü münasibətilə, vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə düşmən hücumunu dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailəsinə ev bağışlamışdır. 2018-ci iin yanvar ayında isə kapitan Hikmət Məmmədov və müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə ev vermişdir.

Vətənpərvər insan, Azərbaycan xalqının ləyaqətli oğlu Füzuli Məmmədov öz xeyirxah əməllərini əsirgəmir. Allah sizi hifz eyləsin dəyərli Füzuli Məmmədov. Vətənimizin say-seçmə övladlarına göstərdiyiniz diqqət və qayğınız təqdirəlayiqdir. 

Adil İrşadoğlu.
& Vətənsevərlər

8 Mayıs 2018 Salı

QARABAĞIN TACI ŞUŞA...


XƏYANƏTİN QURBANI OLMUŞ ŞƏHİD ŞƏHƏRİMİZ


                                                       Elbrus Ağdamlı

BU YAZIMI AZƏRBAYCANIN ŞUŞA ŞƏHƏRİNİN ERMƏNİ VƏ RUS BİRLƏŞMƏLƏRİ TƏRƏFİNDƏN İŞĞAL EDİLƏN GÜNÜ XIDIRLI ROTASININ ŞƏHİDLƏRİ, DƏSTƏ KOMANDİRİ LEYTENANT ELDAR HÜMBƏTOVUN, SIRAVİ RASIM RƏHİMOVUN VƏ 25 İLDIR BIR AYAGININ ÜSTÜNDE GƏZƏN "ŞƏHİD" QARDAŞIMIZ, ROTA KOMANDİRİNİN MÜAVİNİ LEYTENANT İLHAM İSMAYILOVUN ƏZİZ XATİRƏSİNƏ İTHAF EDİRƏM. ALLAH ŞƏHİD QARDAŞLARIMIZA RƏHMƏT ELƏSİN, MƏKANLARI CƏNNƏT OLSUN. ALLAH İLHAM QARDAŞIMIZA İSƏ UZUN ÖMÜR VƏ CAN SAGLIGI VERSİN.

8 MAY 1992-ci il AĞDAMIN XIDIRLI ROTASI ÜÇÜN ÇOX AĞIR OLDU 

...Mayın 7- si axşam Ağdamdakı hərbi hissələrin əksəriyyətinin komandirləri Şaxbulaqda, bizim polka yığışmışdılar. Briqada komandiri Elxan Orucov, Şirin Mirzəyev, Faiq Baxşalıyev, Yaqub Rzayev və iki-üç nəfər də nazirlikdən gəlmişdi. Şuşaya yardım məqsədiylə aldadıcı manevr planlaşdırılırdı. Sabah Fərrux yüksəkliyi və Fərrux kəndi alınmalı idi. Fərrux dağının ən çətin sıldırımlı hissəsiylə qalxmaq məhz Xıdırlı rotasına tapşırılmışdı. Müşavirədən sonra alay komandirinin təchizat üzrə müavini, dostum Hafiz Məmmədov mənə yaxınlaşaraq dedi ki, ehtiyatlı olun, sənə tapşırıq veriləndə nədənsə Elxan Orucov Mirzəyevdən soruşdu ki, "bilir hara gedir". Mirzəyev cavab verdi ki, "onlar öz işlərin yaxşı bilirlər". Sonra bildim ki ən çətin sahə bizə tapşırılmış imiş. Rəhmətlik Komandirimiz əmin idi ki, onun etimadını doğruldacayıq. Saat 6-da dağın başında pozisiyada olmalı idik. Vaxtında pozisiyanı tutduğumuzu komandirə məlumat vermək istəyəndə sərəncamımda olan 2 ədəd R-58 ratsiyanın ikisinin də antennasının dibindən kəsilmiş olduğunu gördüm (bu hələ də mənə bir sirr olaraq qalır). Ratsiyalar işləmədi. Antenaları təmir etməyə çalışdıq. Güc- bəlayla Mirzəyevlə əlaqə yarada bildim. Kimsə başqa birisi onun adından bizim gecikdiyimizi, hamının çoxdan kənddə olduğunu qışqır- bağırla mənə deməsindən başa düşdüm ki, danışan komandir deyil.

Ancaq vaxt itirmək olmazdı tanklarımızın səsi dağın ətəyindən eşidilirdi. Mühasirəyə düşməmək üçün rotanı 3 hissəyə böldüm. Birinci dəstənin başında dəstə komandiri Nəvai Əliyev olmaqla sağa, İkinci dəstənin başında dəstə komandiri Eldar Əhmədov olmaqla sola göndərdim. Üşüncü dəstəylə özüm mərkəzdə qaldım. Bir az da yaxşı mövqe tutmaq üçün dağın üstündəki taxıl sahəsinin ortasında yerləşən ermənilərin səngərinə yerləşdik. Kəndlə aramız 250-300 metr olardı. Ara-sıra bizi atəşə tuturdular. Get-gedə atəş intensivləşirdi. Yarım saata qədər səngərdə qaldıq. Yaqubun dəstəsiylə gəlmiş çeçen uşaqlar da bizimlə idilər. Əslində onlar bizim solumuznan qalxmalı idilər. Az keçmədi ki, snayper gülləsindən sıravi döyüşçü - RƏHİMOV RASİM NƏBİ OĞLU şəhid oldu.

                                              Rasim Nəbi oğlu Rəhimov 

Ermənilər kənddə gücləndilər, güllə yağışı gücləndi ordudan bir xəbər çıxmadı. Bir az da ləngisəydik xilas olmaq ehtimalımız olmayacaqdı. Məcbur olub meyidimizi götürüb geri çəkilməli idik. Əməlyyatın pozulduğunu başa düşəndə uşaqlara RASİMİ də götürüb aşağı düşməyi tapşırdım. Özümsə dağın başında qalıb uşaqları axtarmağa getdim. Ancaq çox uzağa gedə bilmədim, güllələr imkan vermirdi. Hər tərəf minayla dolu idi. Hərəkət etməyə seçim az idi. Meşənin aşağılarında uşaqların səsini eşidirdim. Nə qədər çağırsam da onlar məni eşitmədilər. Bir təhər geri qayıdıb qalxdığımız yolla aşağı düşdüm. Dolayı yola çatanda dönüb geri baxdım. Gördüm ki, iki erməni məni qranatomyotla nişan alıblar. Aramız 150-200 metr olardı. Ağacın dalına keçdim ancaq mərmi çox yuxarıdan gedib meşənin içinə düşüb, partladı. Xoşbəxtlikdən xəsarət alan olmadı. Mən də yoldaşların arxasınca dağdan endim. Kəndimizin camaatı dağın dibində bizi gözləyirdilər. Şəhid qardaşımz Rasimi kəndə apardılar. Təkcə oturub qalmışdım Üçbulağın yanında. Birdən gördüm ki, döyüşçü yoldaşımız İbadov Akif meşədən mənə tərəf ağlaya - ağlaya gəlir və deyir: "komandir Eldarı vurdular, Eldar şəhid oldu". 

                                           Eldar Əhməd oğlu Hümmətov 

HÜMMƏTOV ELDAR ƏHMƏD OĞLU - kiçik leytenant, dəstə komandiri idi. "Vətən uğrunda irəli" - deyərək dəstəsini hücuma qaldırmış, ancaq bu dəfə də snayper imkan verməmiş düz ürəyindən vurmuşdu. Döyüşçülər ELDARIN meyidini çox çətinliklə güllənin altından çıxarmışdılar. Biz tərəfə düşmək imkanları olmadığından Cinli kəndinə endirmişdilər. ELDAR bir az gec evlənmişdi. Döyüşdən bir neçə gün əvvəl oğlu olmuşdu. Mən bilən övladının üzünü belə görməmişdi, rəhmətlik. ELDAR rotaya balaca qardaşı ŞƏHRIYARIN yerinə gəlmişdi. 

Kəndçilərimizdən birinin maşınına əyləşib Şax bulaqdan fırlanıb Xaçınstroya getdik. ELDARIN dalınca gəlmişdik, yaralı İLHAMLA rastlaşdıq. İLHAM minaya düşmüşdü, ayağının birini mina qopartmışdı. Onu Mahrızlıya qospitala apardıq. İSMAYILOV İLHAM QƏHRƏMAN OĞLU - leytenant, rota komandirinin müavini. Orduya gəldiyi iki ay ancaq olardı. Politexnik institutunu yeni bitirmişdi. Qardaşı KAMİL bizim rotada döyüşürdü. Son beşiklərini çıxarıb onun yerinə girmişdi. 


                                          İlham Qəhrəman oğlu İsmayılov

Şəkildə gördüyünüz İLHAMDI, hərbi geyimdə şəkil çəkdirməyə heç vaxtı da olmamışdı, qardaşımızın. Hazırda Mingəçevir şəhərində yaşayır və SES - də mühəndis işləyir. 2-ci dərəcəli müharibə əlilidir. İLHAM qardaşımıza uzun ömür və can sağlığı arzulayıram. RASİM və ELDAR qardaşlarımızı o biri şəhid qardaşlarımızın yanında - AGDAMIN ŞƏHİDLƏR XİYABANINDA torpağa tapşırdıq. Allah bütün şəhid qardaşlarımıza rəhmət eləsin, məkanları cənnət olsun. Mayın 9-da ELDARI dəfn edəndə camaat xəlvətcə xısın-xısın bir-birinin qulağına pıçıldayırdı ki: "deyəsən, ŞUŞA əldən gedib"...


Elbrus Ağdamlı,
07.05.2018