Translate

9 Mart 2018 Cuma

İSTİQLAL QIĞILCIMLARI


         Hüseyn Ələkbər oğlu Əsgərov. 
Naxçıvan MR Səhiyyə Nazirliyi 
mətbuat xidmətinin rəhbəri.
                              

Novruz - Azərbaycan xalqının etnokulturologiyasında özünəməxsus yeri olan ən əziz bayramdır. Yazın gəlişini, təbiətin oyanışını bayram əhval-ruhiyyəsi ilə qarşılayan xalqımız Novruzla bağlı zəngin ənənə və dəyərlər sistemi formalaşdırıb. Tarixi yaddaşımızdan süzülüb gələn xalq mərasimləri bu bahar bayramında keçmişlə gələcəyi bir-birinə qovuşdurur. Bu səbəbdən Novruz bayramı həm də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə dərin ehtiramının ifadəsidir. Sovet imperiyası zamanı bu bayram dövlət səviyyəsində keçirilməsə də, xalqın yaddaşında qorunub saxlanılıb. Bu əziz bayrama dövlət statusu vermək cəhdləri isə hər zaman, eləcə də XX əsrin 70-ci illərində yaranan tələbə hərəkatında özünü daha qabarıq şəkildə göstərib.

Həmin dövrdə Azərbaycan Dövlət Universitetində tələbələrin mübarizə ruhunun daha güclü olması bu ali təhsil müəssisəsini respublika tələbə hərəkatının mərkəzinə çevirmiş, xüsusən jurnalistika fakültəsində müəllim və tələbələrin daim nəzarətdə saxlanılmasına səbəb olmuşdur. Tanınmış ziyalı alim, yazıçı və şairlərdən Mir Cəlal Paşayevin, Bəxtiyar Vahabzadənin, Qulu Xəlilovun, Nurəddin Babayevin, Nəriman Zeynalovun, Şirməmməd Hüseynovun, Tofiq Rüstəmovun, Nəsir İmanquliyevin, Famil Mehdinin, Əzizə Cəfərzadənin, Xalid Əlimirzəyevin, Cahangir Məmmədovun, Yalçın Əlizadənin, Əliş Nəbilinin, Mahmud Mahmudovun, Seyfulla Əliyevin, Akif Rüstəmovun və digər işıqlı ziyalıların bu fakültədə dərs demələri tələbələrin milli duyğularının və vətənpərvərlik hissininin inkişafında müəyyən şərait yaradırdı.

Yetmişinci illərdə Novruz bayramına kütləvi xarakter verilməsi cəhdlərinin məhz jurnalistika fakültəsindən başlandığı hamı, eləcə də tarixçilər tərəfindən öz təsdiqini tapır. Bu barədə tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı “İstiqlal tarixini yaradanlar” (1972 -1992-ci illər) kitabında yazır: “Tarix fakültəsinin tələbələri vasitəsilə digər fakültələrdəki milli ruha malik tələbələrlə sıx əlaqələr yaradılmışdı. Xüsusilə Novruz bayramı günü - 1975-ci ilin mart ayının 21-də Fəxri xiyabanda Şıxəli Qurbanovun məzarı üstündə rus müstəmləkəçiliyinin davamı olan sovet müstəmləkəçiliyi əleyhinə mitinq keçirmiş jurnalistika fakültəsinin tələbələri ilə birinci kursdan səmimi münasibətlər yaradılmışdı”.

Tədqiqatçı alim kitabında həmin hadisələri səksəninci illərin sonlarında başlayan milli-azadlıq hərakatının baş məşqi kimi dəyərləndirməkdə də tamamilə haqlıdır.
Bildiririk ki, jurnalist tələbələr miqyasına görə ən izdihamlı Novruz bayramınını hələ bir il öncə - 1974-cü ildə də Fəxri xiyabanda qeyd etmişdilər. Mən həmin tədbirin təşkilatçıları sırasında olduğumdan həm öz, həm də keçmiş tələbə dostlarımın yaddaşına güvənərək, o günlərin salnaməsini oxucular önündə yenidən vərəqləyirəm.

NOVRUZ BAYRAMINA GEDƏN YOL 


Bu tələbələri Azərbaycanın müxtəlif bölgələrindən jurnalistika fakültəsində bir araya gətirmək sanki tale işi, alın yazısı idi: Ramiz Əsgər, Adil İrşadoğlu, Adil Cəmil, İslam Türkay, Ağamalı Sadiq Əfəndi, Mehman Cavadoğlu, Zərifə Bəşir qızı, Flora Xəlilzadə, Mustafa Çəmənli, Baba Vəziroğlu… Hərə bir rayondan gəlsə də, vahid əqidə birliyi universitetə qədəm qoyduğumuz ilk aylardan başlanmışdı. Söhbətlərimiz romantik duyğular üzərində köklənir, arzularımızı ifadə edirdik. Arzularımız isə Azərbaycanın müstəqilliyi, cənubi Azərbaycanla şimali Azərbaycanın birləşməsi ideyalarını yaymaq, ölkəyə rusların axınının qarşısını almaq, beynəlmiləlçilik bayrağı altında Azərbaycan xalqının ruslaşdırılmasına qarşı etiraz etmək, respublikanın sərvətlərinin Moskva tərəfindən istismarına qarşı çıxmaq, dövlət idarələrində ana dilinin dövlət dili kimi işlədilməsinə nail olmaq və digər məsələlərdən ibarət idi.

Fakültənin tədris qəzeti “Jurnalist”, divar qəzeti “Molla Nəsrəddin - 74” ilk tribunalarımız idi. Romantik duyğularımızı əqidəyə çevirib onun uğrunda mübarizəyə başlamaq tərəfdarı olan Mehman Məmmədovun “Jurnalist” qəzetində çıxan “Şirin Xəyalovun xəyalları” felyetonu utopiyanın reallığa çevrilməsi üçün tələbələrə çağırışı idi. Qazax rayonundan olan istedadlı şair, mübariz əhval-ruhiyyəli rəhmətlik Qəzənfər Rüstəmin bu sahədəki liderliyinə rəğmən müəyyən anlarda susması “Molla Nəsrəddin-74” divar qəzetində karikatura hədəfinə çevrilmiş və qəzetin tələbinə uyğun belə bir atmaca verilmişdi: ”Qəzənfər Rüstəm, Qəzənfər Rüstəm, mühazirədə bülbül, seminarda büstəm”.

Divar qəzetində o zaman Nəriman Zeynalovun sevə-sevə bizə tədris etdiyi “Molla Nəsrəddin” jurnalından örnəklərə də yer verilirdi. Həmin karikaturalardan birində yerə uzanmış azərbaycanlı və digər millətlərdən olan üç nəfər təsvir edilib. Biz azərbaycanlıya zorla təlqln edilən dillərin birinin adını dəyişib “rus dili” yazdıq. Divara asılandan sonra Nəriman müəllim həmin karukaturaya baxarkən çöhrəsinə təbəssüm qondu, əlavəni bəyəndi, lakin dövrün reallıqlarını nəzərə alıb, üstündən çarpaz xətt çəkdi. Biz karikaturanı qəzetdən çıxardıq. Lakin çarpaz xətti saxlayıb aşağısında bu sözləri yazdıq: “Bizdən asılı olmayaraq bu yer boş getdi”.

Ertəsi gün Nəriman müəllim divar qəzetinin qarşısında dayanıb qəh-qəhə ilə gülürdü: “– Bax, bu əsl molla nəsrəddinçilikdir, bu, Mirzə Cəlil məktəbinin davamıdır”- dedi,- “Siz qalib gəldiniz, qoy divar qəzetində beləcə də qalsın.
O, eyni zamanda “Molla Nəsrəddin” jurnalından müəyyən felyetonları seçıb səhnəciklərlə tələbə və müəllimlər qarşısında çıxışımızı tövsiyyə etdi. Bir həftəlik hazırlıqdan sonra universitet rəhbərliyinin də iştirakı ilə həmin tədbir baş tutdu. Tədbirdən sonra onların qaş-qabaqlı vəziyyətini, tələbələrin isə şən əhval-ruhiyyəsini hamı yaxşı başa düşürdü. Çünki tədbirdə istiqlal arzularımız Mirzə Cəlilin “Bir bokça su” və digər felyetonları vasitəsilə ifadə olunmuşdu.
                            
                      BANA-BANA GƏL, QAÇMA GÖZƏL...

Tələbəlik illərində Neftçalada keçirilən hərbi toplanışlarda iştirakımızı xatırlayıram. Bankə qəsəbəsi yaxınlığında yerləşən hərbi hissədə jurnalistika, filologiya, kitabxanaçılıq və digər fakültələrin tələbələri də iştirak edirdilər. Xəzərə sarı uzanan qumsal səhra, tikanlı kollar, yaxınlıqdakı Bankə Balıqçılıq Zavodundan ətrafa yayılan başgicəlləndirici iy, hərbi hissənin sərt nizam-intizam rejimi ilk günlər ipə-sapa yatmayan jurnalistləri çaşdırsa da, tədricən vərdiş etdik. Yayın qızmar günündə Xəzər dənizində çimməyə yollananları tanka yığıb geri qaytardıqları gün hamı sıra meydanına düzüldü. Tank meydanda dayandı, içəridən çıxan tələbələri (onların hamısı jurnalistika fakültəsindən idilər) bizə görk olsun deyə müvəqqəti saxlama təcridxanasına göndərdilər.

Təcridxanadan çıxdıqdan bir neçə gün sonra naharda cəlilabadlı Əlgüşad Mirzəyevə verilən yeməyin içərisində qurd aşkar olundu. Onsuz da keyfiyyətsiz olan bu yeməklərdən hamımız imtina etdik. Çəngəl və qaşıqları dəmir kasalara döyəcləməklə etirazımızı bildirdik. Növbətçi zabitdən tutmuş aşbazlara kimi bizi dilə tutmalarına, yeməklərin çeşid və keyfiyyətini dəyişdirəcəklərinə az qala and içirdilər. Onların qorxusu başa düşülən idi. Çünki hərbi hissə tarixində yetmişinci illərdə belə hadisə baş verməmişdi. Yüksək rütbəli zabitlər o saat tökülüşüb gəldilər. Biz aclıq elan etdik və cavabdeh zabitlər barədə cəza tədbirləri görüləndən, yeməklərin çeşid və keyfiyyəti yaxşılaşandan sonra aclığı dayandırdıq.

Çağırış dövrü qiymətlərimiz əsgəri yerişlə tribuna önündən keçməklə müəyyənləşəcəkdi. O zaman hamı “Katyuşa”və digər rus mahnılarını ifa etməliydi. Qrupumuzda yegənə musiqi təhsili almış ağdamlı Adil İrşadoğlu keçiddən milli musiqi sədaları altında keçməyi təklif etdi. Seçim də onun öhdəsinə düşdü. Bizdən öncə hər şey planlaşdırıldığı kimi keçdi. Növbə jurnalistlərə yetişəndə öndə gedən Ağamalı Sadiqin, Adil İrşadoğlunun və Mustafa Çəmənlinin solo səsləri gəldi. Onlar “Koroğlu” kino-filmindən Dəli Həsənin zəfərdən qayıdarkən oxuduğu mahnını oxuyurdu :

            Yüz qızdan birini sevərim,

            Yolunda canımı verərim.

            Ardını hamımız xorla oxuduq:

            Bana-bana gəl, qaçma gözəl.
            Nerdə olsan atı çaparım yar,

            Səni taparım yar, gəl maralım.

            Gəl gözəlim, gəl, yosma!

Tribunadakı rus zabitlərin gözü dörd olmuşdu. Gördüklərinə, eşitdiklərinə inana bilmirdilər. Çünki mahnı nizami yerişlə elə uyğun gəlirdi ki, onu heç bir “Katyuşa”, filan əvəz edə bilməzdi. Yeməkxana məsələsində gördüklərini gördüyündən bizə bu mahnı ilə nizami yerişi qadağan edə bilmədilər. Bu da yetmişinci illərdə ilk hadisə idi.

            QƏZƏNFƏR RÜSTƏMİN SƏYYARİ “BUTKASI”

Tələbəliyin ilk illərində rəhmətlik Qəzənfər Rüstəmin gah üç addımlıqda, gah da şəhərin o biri başında yaşaması təəccübümüzə səbəb olurdu. Səsi bir gün İçərişəhərdən, bir gün Yasamaldan, bir gün Montin qəsəbəsindən gəlirdi. Nəhayət bizi evinə dəvət edəndə hər şey məlum oldu. Sən demə, o, gözətçilər üçün qoşqulu budkada yaşayırmış. Qoruduğu obyektlərdən asılı olaraq “budka”nı yük maşınına qoşub şəhərin müxtəlif yerlərinə aparırmış. Xülasə, Qəzənfərin indiki Qələbə meydanının yanında tikilməkdə olan arxiv binasında gecə gözətçisi işləyən vaxtlarıydı. Onun mənzili imkan verdiyi səviyyədə yığışıb bir çox məsələləri, xüsusən də Gülüstan, Türkmənçay müqavilələri ilə bağlı tarixi vərəqləyir, Azərbaycanın nə zaman müstəqil olacağı haqqında ideyaları müzakirə edirdik.

Sözün bitdiyi yerdə Ağamalının aşıqlığı, Adilin tarı kara gəlirdi. Onlar Novruz bayramı haqqında çalıb oxuyurdu. Dostum Çingiz Nağıyev Şəkidəki Gəncəli məhəlləsində keçirilən Novruz bayramından danışardı. Mən isə Ordubadda Novruz şənliklərinin daha kütləvi xarakter daşıdığından qürur hissi ilə söhbət açırdım. Birgə belə bir qərara gəldik: Qarşıdan gələn Novruz bayramını fakültə çərçivəsindən çıxararaq daha geniş şəkildə, ali məktəblər səviyyəsində qeyd edək. Müzakirələr aparıldı, Novruz bayramı üçün məkan yenə də Fəxri Xiyaban seçildi. Oradan başlanan tədbir prospekt boyu davam etməklə Sabir bağında bitəcəkdi. 
                                                                                               
          NOVRUZ BAYRAMINA İLK ÇAĞIRIŞ VƏRƏQƏLƏRİ

Kütləviliyə nail olmaq üçün yaradılmış təşkilat qrupu gecəli-gündüzlü işləiyirdi. Bölgüyə görə, 626 və 628-ci qrupların hər bir tələbəsi ən azı 15-20 nəfəri Novruz bayramı toplantısına cəlb etməli idi. Onlar 40-45 nəfərlik dəstələr halında Əzizbəyovun heykəli önündən Fəxri Xiyabana hərəkət edəcək, saat 10.30-da fəxri xiyabanın qarşısında olacaqdılar. Tədbirdə tanınmış ziyalıların, elm adamlarının, yazıçı və şairlərin iştirakı üçün onlara dəvətnamələr göndəriləcəkdi.

Yeri gəlmişkən, bu ərəfədə görkəmli yazıçımız Süleyman Rəhimovu bulvarda görüb Çingizlə dərhal ona yaxınlaşdıq. Tədbirə dəvət etdik. O, kimliyimizlə maraqlandı, tələbə olduğumuzu eşidincə, gülümsəyib,-baxarıq,- dedi. Gəlməyəcəyi bəlli idi. Doğrudan da, birdən-birə tanımadığın yeniyetmə qarşında peyda olub məchul bir tədbirə dəvət edir. Kim qəbul edər ki? O ki qala ağsaqqal, nurani bir yazıçı.

Çıxış yolunu çağırış vərəqələri paylamaqda gördük. Bayrama iki-üç gün qalmış bu çağırışları gizli şəkildə ayrı-ayrı institutların elan lövhələrinə yapışdırdıq. Vərəqədə bu çağırış var idi: “Əziz dost, ADU-nun tələbələri 1974-cü il martın 21-də saat 11-də Fəxri Xiyabanda Novruz bayramını qeyd edəcəklər. Əgər vətənpərvərsənsə,xalqını sevirsənsə, onları bu tədbirdə tənha qoyma, öz iştirakınla vətəndaşlıq borcunu yerinə yetir.”

                              SƏMƏNİ SAXLA MƏNİ

Tədbirdə əklillər, milli paltarlı oğlan və qızlar üçün geyim dəstləri, yumurta boyamaq, səməni yetişdirmək kimi problemlər həllini gözləyirdi. Onların bir qismini universitet yataqxanasında qalan qızlardan Amalya Məhərrəmova, Adilə Hacıməhərrəmova, Təranə Muxtarova və başqaları öz öhdələrinə götürüb müxtəlif formalı səmənilər yetişdirməyə başladılar. Bu işdə şəkili Sevda xanımın çox böyük zəhməti olmuşdu. Şərqşünaslıq fakültəsindən bayram tədbirində iştirak edənləri də Sevda xanım səfərbər etmişdi.

Tədbirə bir gün qalmış eşitdiyimiz bəd xəbər hamımızın əhval-ruhiyyəsini korladı. Belə ki, universitet rəhbərliyi yataqxanaya gedərək yetişdirilmiş səməniləri pəncərədən çölə atdırmış, qızlara həmin tədbirdə iştirak etməmək barədə xəbərdarlıq etmişdilər. (Yeri gəlmişkən, sonralar “Molla Nəsrəddin-75” divar qəzetində M.Ə.Sabirin “Harda müsəlman görürəm qorxuram” satirasına parodiya edilmiş ”Harda yaşıllıq görürəm qorxuram” adlı şeir və karikatura verildi.)

Belə çətin anda bakılı qızlardan İradə Zeynalova(Əliyeva), Səidə Paşayeva, Səidə Xalıqova, rəhmətlik Nüşabə Hacıağayeva, Rəna Hasilova, Qəşəngi Əliyeva, Fəridə Ağayeva, Təranə Əfəndiyeva, Elmira İmanova, Amalya Bayramova, tovuzlu Zərifə Bəşir qızı köməyə çatdılar. Onların evlərində yetişdirdikləri, qohum-əqrabadan, dost-tanışdan aldıqları səmənilər problemi həll etdi. Ucarlı Ələkbər Hüseynovun, İsmayıllıdan Mehman Məmmədovun, Rəfael Rzayevin, Adil İrşadoğlunun maddi imkanları isə əklillərin, güllərin alınmasına yönəldi. Bizdən aşağı kursda təhsil alan Fərhad İmanquliyev də sponsorlar sırasında idi.

Nəhayət mart ayının 21-i gəlib çatdı. Saat on radələrində qızlar yataqxananın pilləkənlərindən yenməyə başladılar. Oğlanların həyəcanına rəğmən, qızlar sakit görünürdülər, onlar çölə atılmış səməniləri yığaraq mümkün qədər bərpa etmişdilər. Açığını deyək ki, edilmiş xəbərdarlığa rəğmən qızların soyuqqanlı davranışı bizim qorxu və həyəcanımızı azaltdı.

Əzizbəyovun heykəlinin qarşısındakı qələbəlik hamımızı heyrətə gətirdi. ADU-nun tarix, filologiya, hüquqşünaslıq, kitabxanaçılıq, şərqşünaslıq fakültələrinin, çağırış vərəqələri payladığımız Azərbaycan Xalq Təsərrüfatı, Pedaqoji, Xarici Dillər İnstitutlarının tələbələri də gözlədiyimizdən qat-qat çox idilər. Tanımadığımız adamlar da var idi. Sonradan məlum oldu ki, onlar mülki paltar geyinmiş milislər imiş.

Bizim qrup yoldaşımız, İsmayıllı rayonundan olan Səlmi Mehdiyeva ağ milli paltarda əlində səməni öndə olmaqla Fəxri Xiyabana yollandıq. Aşıqlara Ağamalı rəhbərlik edirdi. Şəmsəddin Şəbiyev, Şərif Kərimov iştirakçılara boyanmış yumurtalar paylayır, onlar da yol boyu yumurta döyüşdürürdülər. Qızların hamısının əllərində səməni və gül buketləri var idi. Sazın sədaları altında görüş yerinə çatdıq. Yolboyu ya maraq xətrinə, ya da düşünərək bizə qoşulanları da nəzərə alsaq, sayımız yüzlərlə idi. Fəxri xiyabanın qarşısında sevimli müəllimimiz Əzizə Cəfərzadə və ətrafındakı tələbələr bizi gözləyirdilər. Bu, əsl bayram əhval-ruhiyyəsi yaratdı, əklil, səməni və gül-çiçəklərlə içəri daxil olduq.

                        XİYABANDA NOVRUZ COŞQUSU

Öncə Novruz bayramının olan siyasi xadim, yazıçı Şıxəli Qurbanovun məzarı üstünə əklil və səmənilər qoyuldu, tər güllər düzüldü. Burada keçirilən tədbirin iki aparıcısından biri kimi bu sətirlərin müəllifi toplantını açdı, digər aparıcı Zenfira Məhərrəmli ilə ssenari davam etdirildi. Sevimli müəllimimiz Əzizə xanım Cəfərzadə Şıxəli Qurbanovun xatirəsinə xoş sözlər söylədi, onun Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsində göstərdiyi səylər, bədii yaradıcılığı barədə danışdı. Çıxış edənlər təbii ki, öz söhbətlərini bu günkü mövzuya uyğun olaraq Novruza həsr edirdilər. Məqsəd müəllimlərimizi qorumaq, onların üzünə söz gətirməmək idi. Lakin tanımadığımız iki nəfərin siyasi çıxışları tədbir iştirakçılarının coşqusuna, bizim isə narahatçılığımıza səbəb oldu. Onlardan biri Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuş İldırım təşkilatı, bu təşkilatın Azərbaycanın müstəqilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq sahəsindəki fəaliyyətindən bəhs edərkən artıq tədbirin nəzarətimizdən çıxdığını hiss etdik. Digəri isə 1956-cı il Teatr İnstitunun tələbələrinin dərnəyindən və dərnək üzvlərinin uzunmüddətli həbsindən, 1963-cü ildə 20 nəfərə yaxın tələbənin həbsindən bəhs etdi. Doğrusu, nə həmin təşkilat, nə də tələbələrin həbsindən heç birimizin məlumatı yox idi. Bu adamlar kimdi, məqsədləri nə idi, bir kimsə anlaya bilmədi.Vəziyyət ciddiləşdiyindən Şıxəli Qurbanovun məzarı başında keçirilən tədbiri nəzərdə tutulan vaxtdan əvvəl başa vurduq.

Cəlil Məmmədquluzadənin, Həsən bəy Zərdabinin, Seyid Cəfər Pişəvərinin də məzarlarını ziyarət etdik. Onların abidəsi önünə səmənilər qoyuldu, ətrafına qələnfillər düzüldü. Natiqlər Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyəti haqda konkret faktlarla tələbələrinə məlumat verdilər. Burada da çıxışların bir qismi məcrasından çıxaraq siyasi xarakter aldı. Minayə Nəbbaqi Pişəvərinin inqilabi fəaliyyətindən, vahid Azərbaycan arzularından və 1947-ci ildə müəmmalı ölümündən danışdı.

                              SORĞU-SUAL SAATLARI

Üç saatdan çox davam edən tədbirdən sonra hərə öz iş-gücünə yollansa da, 140-150 nəfərlik izdiham Fəxri xiyabandan çıxıb yolboyu şənliyi davam etdirdi. Saz havalarının müşayiəti ilə Əzizbəyovun heykəlinin yanından sağa dönüb üzü aşağı - Nəriman Nərimanovun heykəli tərəfə yollandıq. Ətrafımızda mülki geyimli tanımadığımız adamlar bizi müşayət edirdi. Nəriman Nərimanovun möhtəşəm abidəsinin ziyarətindən sonra Sabir bağına getdik. Tədbir burada başa çatdı.

Ayrılarkən tanımadığımız bir neçə nəfər bizə yaxınlaşıb mənim, Qəzənfər, Ağamalı, Ələkbər, Çingiz və digər tələbələrin onlarla getməli olduqlarını dedilər və bizi tələsdirib vaxtlarının az olduğunu bildirdilər. Biz məsələnin nə yerdə olduğunu hələ tam anlaya bilməmişdik, onlar: “–Sizinlə bir neçə dəqiqəlik işimiz var”- deyib bizi müxtəlif maşınlara oturtdular. Maşınlar sürətlə üzü aşağı hərəkət edib ara yollarla dənizə tərəf getdi. Bir neçə dəqiqədən sonra 26-lar bağının yanından keçib Dzerjinski adına mədəniyyət sarayının yanında dayandı. Bizim hərəmizi bir otağa apardılar, əvvəlcə cibimizdə nə varsa çıxarıb stolun üstünə düzdülər. Sonra sorğu-suallar başlandı: “ - Sizi bu işə təhrik edənlər kimdir? Kimə, haraya işləyirsiniz, kimin tapşırığı ilə bayram tədbiri keçirirsiniz?” Və bu tipli digər suallar...

Otağa başqa iki nəfər də daxil oldu, onlar bir neçə dəqiqə öz aralarında rus dilində çox astadan danışdılar. Yenə həmin suallar və həmin cavablar. Beləliklə vaxt uzandı, yenə otağa başqası gəldi, əvvəlki getdi, amma suallar və cavablar dəyişmədi. Onu da qeyd edək ki, sorğu-sual etik çərçivədə aparılırdı, hətta haradasa bizə rəğbət hissi də duyulurdu. Təxminən gecə saat bir radələrində bizdən nə almışdılarsa hamısını qaytardılar. Tələbə biletimizin qaytarılması hər birimizi sevindirdi. Bizi gülə-gülə yola salarkən qonaq edə bilməmələrinə təəssüfləndilər. Bayırda çaşıb qalmışdıq: Bizi maşına basıb gətirmək, tələbə biletimizi almaq hara, bu rəftar hara?

Ayrılarkən bunu da düşünürdük: Görəsən sabah bizi dərsə buraxacaqlarmı? Bizi ən çox narahat edən elə bu sual idi. Əgər hər şey qaydasında olsa deməli başqa yoldaşlarımız üçün də təhlükə yoxdur. Hər şey səhər bilinəcək! Səhərə qədər səbr etmək lazımdır. Bir sual da bizi çox düşündürürdü: O məchul idarədən xata-balasız çıxmağımızın səbəbkarı kimdi görəsən?

                               XİLASKAR KİM İDİ?

Səhər yataqxanada tələbə yodaşlarımıız uzun illər görüşməyən adamlar kimi bir-biri ilə görüşüb qucaqlaşırdı. Uzun söhbətlərdən sonra məlum oldu ki, hərəni bir yerdən götürüb həmin binaya aparıblar, hamıya eyni sualları veriblər və təxminən eyni cavablar alıblar. Bəs bizi hamılıqla azad edən ilahi qüvvə kim olub? İndi hamımızı bu sual düşündürürdü. Qorxa-qorxa dərsə getdik. Hər şey əvvəlki qaydada idi, heç kim bizə heç nə demirdi. Hamımız xilaskarımızı axtarırdıq. Amma bir şey öyrənə bilmirdik. Bir neçə gündən sonra dekanımız Şirməmməd Hüseynov bizi kabinetinə çağırdı. Nə üçün çağırıldığımızı təxmin edirdik. Çünki çağırılanların siyahısında mənimlə bərabər Əjdərin, Çingizin, Mehmanın, Şəmsəddinin adları var idi. Biz dekanlığa çatana qədər düşündük ki, görəsən Şirməmməd müəllim bizə nə deyəcək, nə cəza verəcək?

Şirməmməd müəllim bizi həmişəki kimi, səmimi, mehriban qarşılayanda həyəcanımız xeyli azaldı. O əvvəl hamıdan bir-bir hal-əhval tutub, dərslər haqqında suallar verdi və özu tam yəqin etdi ki, həyəcanımız aradan qalxıb, bundan sonra keçdi mətləbə. Dedi ki, eşitmişəm Novruz bayramını xüsusi təmtəraqla qeyd etmisiniz. Bu haqda mənə məlumat verməli idiniz. Mənim məlumatım olsaydı, heç biriniz həyəcanlı saatlar yaşamazdınız. Bir də məsləhətsiz işlər görməyin. Tələbə bileti hər biriniz üçün qiymətlidir.

Biz başa düşdük ki, dekan hər şeyi bilir və xahiş etdik deyin görək bizi kim azad etdirib. Şirməmməd müəllim söhbəti dostyana səmtə çevirdi. Bildirdi ki, gecə saat 24 radələrində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi Heydər Əliyevə universitetin tələbələrinin saxlanılması barədə məruzə edilib. O, səbəbini öyrəndikdən sonra tələbələrin dərhal azad edilməsi üçün göstəriş verib və sizə çatdırmağı tapşırıb ki,” Onlar hələ tələbədirlər. Dərsləri ilə məşğul olsunlar, Azərbaycanın gələcəyi, iqtisadi inkişafı haqqında düşünənlər və çalışanlar var və mən buradayam.”

            Biz dekanlıqdan çıxanda hamının üzü gülürdü.


Hüseyn Əsgərov,
Naxçıvan MR Səhiyyə Nazirliyi 
mətbuat xidmətinin rəhbəri.
                                                                      

10 Şubat 2018 Cumartesi

ƏHMƏD KƏRİM OĞLU XUDATZADƏ HAQQINDA BİOQRAFİK MƏLUMAT

Əhməd Kərim oğlu Xudatzadə
©
Möhtərəm oxucularım, Əhməd Kərim oğlu Xudatzadə haqqında rəsmi bioqrafik məlumat verməzdən öncə Sizə Azərbaycan Səhiyyəsinin qısa tarixi keçmişindən, bu sahənin ziyalılarından danışmaq və Əhməd Xudatzadənin öz dövrünün səhiyyəsinin tarixi prosessindəki rolundan bəhs etmək istəyirəm.

"Azərbaycanın tibb tarixi qədim zamanlardan başlayır. Ancaq elmi təbabətin yaradılması və inkişaf etdirilməsi istiqamətində ilk addımlar XIX əsrin 2-ci yarısında atılmışdır. Bu, həmin dövrdə Rusiyanın və digər ölkələrin müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin sayəsində mümkün olmuşdur. Belə mütəxəssislərdən biri Mirzə Kazım bəydir. 1887-ci ildə «Ürəyin innervasiyasına dair materiallar» mövzusunda dissertasiya müdafiə edərək doktorluq dərəcəsi almışdır. Mirzə Kazım bəyin terapiya elminin inkişafında, difteriyaya qarşı mübarizədə və s. böyük xidmətləri olmuşdur.

Ölkəmizdə ambulator xidmətin ilk təşkilatçısı isə Məmmədrza ağa Vəkilovdur. O, Bakıda ilk pulsuz müalicəxana (poliklinika) yaratmış və daha sonra onların sayının artırılması barədə məsələ qaldırmışdır. Bakı şəhərində 6 müalicəxana açılmasına nail olmuşdur. İ.Rəhimov ilk azərbaycanlı psixiatr, M.İ.Şərifov ilk sanitar həkim, Ə.Axundov ilk ruhi xəstəliklər klinikasının təşkilatçısı olmuşlar. Azərbaycan təbabətinin inkişafında, səhiyyə ocaqlarının, elmi-tibbi müəssisələrin təşkilində Nəriman Nərimanovun da böyük rolu olmuşdur. Mirzə Məmmədqulu Qayıbov, Əbdülkərim Mehmandarov, Xudadat bəy Rəfibəyli Azərbaycan elmi cərrahlığının bünövrəsini qoymuşlar. 

20-ci əsrin əvvəllərində Azərbaycanda elmi təbabət, kütləvi tibbi xidmət yeni-yeni təşəkkül tapırdı. Müalicə ocaqları, milli tibb kadrları çatışmadığı üçün səhiyyənin inkişafı ləngiyirdi. Təkcə onu demək kifayətdir ki, 1913-1914-cü illərdə Azərbaycanın ambulatoriya və müalicəxanalarında ümumilikdə 45 həkim çalışırdı və onlardan cəmi 11 nəfəri azərbaycanlı mütəxəssis idi. Yalnız Bakı və Gəncə şəhərlərində müstəqil sanitar xidməti fəaliyyət göstərmişdir. Əhalinin böyük əksəriyyətinin tibb təhsilli əsl həkim əvəzinə ara həkimlərinə, dəlləklərə, hətta falçılara, mollalara, cadugərlərə müraciət etdiyi bir dövrdə ölkəmizdə səhiyyənin inkişafı üçün çalışan fədakar ziyalılarımız həm müalicə işi ilə, həm də cəmiyyətin maarifləndirilməsi ilə məşğul olmuşdurlar. Bu işdə azərbaycanlı tibb kadrları ilə yanaşı, digər millətlərdən olan həkimlərin də xidmətləri böyükdür.

Qeyd edək ki, səhiyyəmizin inkişafı istiqamətində göstərilən səylər 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası (ADR) yaradıldıqdan sonra daha çox artmışdır. Buna Xalq Cümhuriyyəti Hökumətinin 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı qərarı xüsusi təkan vermişdir. Nazirliyin 5 əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri yaradılmışdır. 

Müstəqil Azərbaycanın səhiyyə naziri vəzifəsinə ilk təyin edilən 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş cərrah Xudadat bəy Rəfibəyov olmuşdur. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açılmış, yeni tibb ocaqlarının, laboratoriyaların tikintisinə başlanılmış, lazımi avadanlıqlar alınmış və yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülmüşdür.

ADR dövründə Azərbaycan səhiyyəsinə dövlət qayğısının yüksək olmasına baxmayaraq, ilk addımlarını atan respublikanın qarşılaşdığı sosial-iqtisadi və siyasi problemlər onun fəaliyyətinə ciddi təsir etmişdir. Bu amil səhiyyə nazirlərinin tez-tez dəyişməsində də özünü göstərmişdir. Belə ki, 1919-cu ildə səhiyyə naziri vəzifəsinə Y.Y.Gindes təyin olunmuşdur. Azərbaycanda pediatriyanın əsasını qoyan Y.Gindes rus, alman və fransız dillərində 170-ə yaxın elmi əsərin müəllifi, Azərbaycanın əmək qəhrəmanı olmuşdur. Onun nazir olduğu dövrdə ölkənin digər bölgələrində də pulsuz xəstəxanalar açılmışdır, pediatriya sahəsi inkişaf etmişdir. Y.Gindes öz hesabına Buzovnada Sümük vərəmi sanatoriyası tikdirmişdir. Azərbaycan Demokratik Respublikasının sonuncu səhiyyə naziri isə M.Rəfiyev olmuşdur".

Azərbaycanda səhiyyənin inkişaf etməsi üçün əlindən gələni əsirgəməyən tibb mütəxəssislərindən biri də Əhməd Kərim oğlu Xudatzadə olmuşdur. O da unudulmaz müəllimlərinin yolunu davam etdirmişdir. İkinci Dünya Müharibəsi illərində Əhməd Xudatzadə səhiyyə orqanlarının, müəssisələrinin, həmçinin ali və orta məktəblərinin, elmi-tədqiqat institutlarının işinin yenidən qurulmasında və hər şeyin cəbhənin tələbatına uyğun yönəldilməsində yaxından iştirak etmiş, tibb tarixində unudulmaz izlər qoymuşdur.


1937-ci ildə o, Azərbaycan Tibb İnstitutunu fərqlənmə ilə bitirmiş və institutda işlə təmin edilmişdir. İnsanlara bilavasitə gərək olmaq hissinin güclülüyü Əhməd Xudatzadəni yerlərə, xəstəliyə məruz qalmış adamlara şəfa verən xəstəxanalara cəlb etmişdir. 1938 - 1941-ci illər ərzində o, Xızı, Laçın, Şuşa xəstəxanalarında çalışmışdır. İkinci dünya müharibəsi başlanan vaxtdan 1943-cü ilədək Ə.K.Xudatzadə Sovet Ordusu sırasında xidmət etmiş, hərbi xəstəxanalarda yüzlərlə sovet döyüşçüsünün sağlamlığının bərpa olunması üçün bütün istedad və enerjisini sərf etmişdir. Ordudan tərxis olunduqdan sonra o, 1954-cü ilə kimi Bakıda Semaşko adına xəstəxanada və Azərbaycan Tibb İnstitutunda həkim və müəllim kimi fəaliyyət göstərmişdir.

Yeri gəlmişkən, Azərbaycan Tibb Universitetində mütəmadi olaraq “1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan tibb işçilərinin müstəsna rolu” mövzusunda elmi konfrans keçirilir. Konfransda ikinci cahan savaşının tarixi, həmin müharibədə azərbaycanlıların, xüsusilə də tibb işçilərinin rolundan söz açılır. İkinci dünya müharibəsi illəri bəşəriyyətin  XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr kimi dəyərləndirilir. Qeyd olunur ki, Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.

Əhməd Kərim oğlu Xudatzadə 12 dekabr 1911-ci ildə Bakı şəhərində doğulmuşdur. 
Atası Kərim kişi Bakının Şüşə Zavodunda mütəxəssis işləmiş və sonradan xəsarət nəticəsində əlillik dərəcəsi almışdır. Anası Umsəlimə xanım evdar qadın olmuş və cavan ikən dünyasını dəyişmişdir. Əhməd ailənin böyük övladı olmuşdur. Onun təhsilə, elmə həvəsini görən əmisi Soltan bəy Xudadatoğlu Əhmədi himayəsinə götürmüş, özünün övladı olmadığına görə onu böyüdüb boya-başa çatdırmış və ona ali təhsil alması üçün şərait yaratmışdır. 

Əhməd Xudatzadənin qayğıkeş əmisi Soltan bəy Xudadatoğlunun Bakının Ramanı (İndi Bakı şəhərinin Sabunçu inzibati rayonu ərazisində qəsəbə) kəndinin ərazisində neft quyuları var imiş. O, Nobel qardaşları ilə neft sahəsində müştərək iş qurmuş, soydaşlarının rifahının yaxşılaşmasına çalışmış və Vətəni Azərbaycana böyük gəlir gətirmişdir. Soltan bəy Xudadatoğlunun həyat yoldaşı Nurcahan xanım Əhməd Xudatzadəyə doğma anası kimi daim qayğı göstərmiş və ona analıq etmişdir.

Ə.K.Xudatzadənin həyat və fəaliyyəti 1954-cü ildən etibarən həmişəlik olaraq Ağdam rayonu ilə bağlanmışdır. Həmin ildən ömrünün axırınadək Ə.K.Xudatzadə Ağdam Mərkəzi Xəstəxanası Cərrahiyyə Şöbəsinin müdiri və baş cərrah vəzifələrində çalışmışdır. Yüzlərlə insana şəfa verməklə yanaşı, Əhməd Xydatzadə öz ixtisas biliyini artırmaq üçün yorulmadan çalışmışdır. 1969-cu ildə Azərbaycan SSR Səhiyyə Nazirliyi Ə.K.Xudatzadəyə "Ali Cərrah" dərəcəsi vermişdir.

Əhməd Xudatzadənin həyat yoldaşı şuşalı Sürəyya xanım Cəlal qızı Mustafayeva olmuşdur. Cəlal Mustafayev Şuşa rayon Maliyyə İdarəsinin müdiri işləmişdir.  Bu izdivacdan onların 8 övladı doğulmuşdur : 

1. Aydın (rəhmətə gedib)
2. Gülxanım (müəllimə)
3. Arif (rəhmətə gedib)
4. Soltan (həkim)
5. Tofiq (texnik)
6. Fikrət (mühəndis)
7. Umsəlimə (evdar qadın)
8. Cavid (modelyer - dərzi)

İndi rəhmətlik Əhməd Xudatzadənin peşəsini oğlu Soltan Xudatzadə davam etdirir. O, Moskva şəhərində yaşayır və Azərbaycan naminə babasının, atasının arzularını həyata keçirir və çətinliklə rastlaşan həmyerlilərimizə qayğı göstərir, onları himayə edir.

Soltan Əhməd oğlu Xudatzadə

Ə.K.Xudatzadənin səmərəli fəaliyyəti dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "İkinci dərəcəli Vətən müharibəsi ordeni", medallar və fəxri fərmanlarla təltif edilmişdir.

Ağdamda hamı onu tanıyırdı və hamı ona hörmət edirdi

Qarabağ müharibəsi başlamazdan çox əvvəl Azərbaycanın, eləcə də Ağdamın tibb ictimaiyyətinə ağır itki üz verdi. Amansız ölüm Ağdam Mərkəzi Xəstəxanası Cərrahiyyə Şöbəsinin müdiri, rayonun baş cərrahı, "Ali Cərrah" dərəcəli Əhməd Xydatzadəni aramızdan apardı. O, 16 noyabr 1973-cü ildə övladları tərəfindən Bakının Zuğulba (İndi Abşeronda şəhər tipli qəsəbə) kəndində dəfn edilmişdir. Əsil ziyalı, mahir cərrah, gözəl insan Əhməd Xudatzadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

ALLAH ONA RƏHMƏT ELƏSİN. QƏBRİ NURLA DOLSUN. AMİN...


Hazırladı : Adil İrşadoğlu (Əliyev) 
Bakı, 10.02.2018-ci il / 16-30. ©

17 Haziran 2017 Cumartesi

"TÜRKÜN QURTULUŞU BİRLİYİNDƏDİR"


Umuxanım Hüseynzadə: 
"Amalımız Azərbaycan türkünün haq səsinin dünyaya yaymaqdır"





“Savaşımız Qarabağ deyil - Bütöv Azərbaycandır!”

“Bizi din və təriqətlər vasitəsilə bu boyuk ideologiyadan uzaqlaşdırıb dar çərçivələrə salmaq istəyirlər. Məqsədimiz böyük amal uğrunda savaşmaqdır! Şəxsən mənim Türk xalqlarının birliyi məsələsindəki gördüyüm süjet xətti öncə parçalanmış Azərbaycan torpaqlarının birləşdirilməsi düşüncəsidir”

Sosial şəbəkələr xəbəri mətbuat qədər peşəkar yaymasalar da, informasiya ötürücülüyündə jurnalistlərin sağ əlinə çevriliblər. Onların bir qismi sırf populyarlıq, özünü tanıtmaq, reytinq, pul qazanmaq məqsədində olsalar da, digər qismi isə gerçəkdən fayda vermək, cəmiyyətə yararlı informasiyalar ötürmək və çiyninə götürdüyü xeyirxah missiyanı gerçəkləşdirmək üçün xəbər yayımında liderlik etməyə çalışır. Bu məqsədlə də çoxsaylı üzvü olan aktiv qruplar yaradırlar.

İndi haqqında danışacağımız qrupa kimlərisə cəlb eləməyə ehtiyac yoxdu. Çünki bu qrupun məramı özünü türk sayan hər bir kəsin ürəyindən xəbər verir. Həmsöhbətimiz “Bütün dünya türkləri birləşin!” qrupunun yaradıcısı Birləşmiş Dünya Azərbaycanlıları (BDAT) Təşkilatında Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadədir:

Dosye:  Umuxanım Hüseynzadə 19 oktyabr 1974-cü ildə anadan olub.  Əslən Bakılıdır. Yaradıcı, istedadlı nəslin nümayəndəsidir. Zamanında çox tanınmış xanəndə Məşədi Məmməd Fərzəliyevin, Azərbaycan rəqqası, Azərbaycan SSSR xalq artisti, rəqs quruluşçusu, Əlibaba Abdullayevin nəslindədir. 1999-cu ildə Qərb Universitetinin Politologiya fakultəsini, 2003-cü ildə isə Beynəlxalq Əlaqələr üzrə Magistratura dərəcəsini bitirib, politoloq və beynəlxalq əlaqələr üzrə mütəxəssis ixtisasına yiyələnib. Ailəlidir, iki övladı var. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatında (BDAT) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəridir. Özünün dediyi kimi Azərbaycanı dünya arenasında mükəmməl şəkildə təbliğ etmək, dövətçiliyimizin qorunmasında bacardığı xidməti göstərmək, Azərbaycan türkünün haqq səsini dünyaya yaymaq kimi amalı var.



“Fəxrlə deyirəm : Mən qeyri-şovinist türk millətçisiyəm”


- Statuslarınızda Şuşa nisgili qabarıq görünür. Sizi Şuşaya bağlayan nədir?

- Vətənin Şuşası, Qarabağı olmaz, mənim üçün hər yer vətəndir, hər torpağımız əzizdir… Məgər Zəngəzur, İrəvan vətən torpağı deyilmi? Qarabağ sadəcə bu torpaqlar üçün savaş aça biləcəyimiz muqəddəs yerdir. Savaşımız Qarabağ deyil - bütöv Azərbaycandır! Doğma Azərbaycanımızı bölgələrə bölməyi sevmirəm.

Sizə tərəfimdən yazılan kiçik bir şeir ilə “məni Şuşaya nə bağlayır” sualınıza cavab verirəm:

                                    Məndən soruşmayın haralıyam..!

                                    Şuşalı, Bakılı, yoxsa Təbrizli?

                                    Bəlkə Şəki, Şirvan, Turan, İrəvan?

                                    Deyirəm sözümü mən birdəfəlik.

                                    Cənublu, Şimallı, Qərbli, Şərqliyəm...

                                    Mən bir olan Azərbaycan Türküyəm!

Qarabağ, Şuşa, parçalanmış Azərbaycan nisgili mənim ürəyimdə vətənsevər bir Azərbaycan vətəndaşı kimi torpaqlarımızın işğalçı xain qonşularımızdan azad olunduğu günə qədər davam edəcək. Bu nisgil yalnız Azərbaycan bayrağının təkrar əzəli-əbədi yurdumuz olan torpaqlarımızda sancıldığı zaman bitəcək.

Türkçülüyə önəm verməm soyumdan, kökümdən irəli gəlir. Mən türk millətçisiyəm və qürurla deyə bilərəm ki, mən öz Türk millətimlə fəxr edirəm. Lakin bununla yanaşı, qeyd etmək istəyirəm ki, mənim türk millətçiliyim şovnizmə, irqçiliyə və digər millətlərin mədəni-irsi ənənələrinə qarşı heç bir ziddiyyət əks etdirmir və sadaladığım anlayışlara tamamilə zidd olan bir ideyadır. Bizim millətçiliyimiz milli özünümüdafiə, türk milli ruhunun qorunması, onun dirçəldilməsi, dünyaya çatdırılması və türk birliyinə nail olmaq uğrunda mübarizə olmalıdır.

Mənim üçün millətçilik müqəddəs bir anlayışdır. Stalin deyirdi ki, millətin millət olması üçün onun ərazi bütövlüyü olmalıdır. Amma Stalin o tərifi verəndə İsrail dövləti hələ yox idi. Ancaq yəhudi milləti isə var idi. Yaxud heç kim deyə bilməz ki, qaraçı milləti mövcud deyil, halbuki onun vətəni yoxdur. Biz öz milli siyasətimizi elə qurmalıyıq ki, ölkəmizdə yaşayan digər etnik kökdən olan həmvətənlərimizin, azsaylı xalqların da mənafeyi nəzərə alınsın. Onları özümüzə düşmən etmədən öz birliyimizə nail olmalıyıq. Bunu deməkdə məqsədim əsla dini və irqi ayrı-seçkilik etmək deyil. Sırf türkçülüyümüzün, milli və mənəvi dəyərlərimizi dərindən anlayıb, ona sahib çıxmağımızdır. Bunu bir dəfəlik yadda saxlamaq lazımdır ki, milli ruhumuzu itirməmək, qədim adət-ənənələrimizin, mənəvi dəyərlərimizin bədhax qonşularımız tərəfindəm oğurlanmaması üçün tariximizi daha dərindən öyrənərək birliyimizi təmin etməliyik. Türkün qurtuluşu yalnız birliyindədir!

“BDAT - şəffaf, azad , ədalətli cəmiyyət quruculuğu üçün bütün təşəbbüsləri səfərbər edir”




- Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatını yaratmaqda məqsəd nədir və nə öhdəlikləri var?

- Təşkilat zərurətdən yaranıb. Müasir və dünya siyasətilə maraqlanan hər bir şəxsə aydındır ki, xarici lobbiçilik ölkələrin iqtisadi və siyasi maraqlarının təmsilçiliyini inkişaf etdirən və tamamilə mədəni əlaqələri özündə birləşdirən bir təbliğat fəaliyyətidir. Bu gün dünyada baş verən bir çox siyasi, iqtisadi, hətta hərbi xarakterli hadisələr hansısa təşkilatların lobbiçilik fəaliyyəti ilə əlaqəlidir. “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı” (BDAT) Dünya Azərbaycanlılarının birləşməsi və demokratikləşməsi, eləcə də Azərbaycanda yaşayan vətəndaşların azad və ədalətli cəmiyyətin inkişafı istiqamətində müxtəlif sahələrdə fəaliyyət göstərən, ictimai fəalların birləşdiyi bir platformadır.

Təşkilatın məqsədi dünyada yaşayan azərbaycanlıları bir təşkilat altında birləşdirərək mühitə dialoq, barış və sağlam rəqabəti inkişaf etdirmək, eləcə də şəffaf, azad və ədalətli cəmiyyət quruculuğu üçün bütün təşəbbüslərin səfərbər edilməsini həyata keçirməyi özünə məqsəd bilir. “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı” (BDAT) adlı qurum dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının qatılımı ilə qərarlaşdırılıb. Təşkilatın yaradılmasında məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə inteqrasiya prosesinə dəstək olmaq, dünya xalqları və toplumları ilə işbirliyi yaradaraq qarşılıqlı hörmət və dostluq səviyyəsində fəaliyyət göstərməkdir.

“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı” (BDAT) beynəlxalq təşkilat olaraq eyni zamanda Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə və sivil dünya təşkilatlarına çatdırmağı özünə məqsəd bilir.

Təşkilatımız bir çox dovlətlər tərəfindən maliyyələşən yalnız dünya dövlətlərində apardığı təbliğat işlərinin yarıtmaz səviyyədə olmasını müşahidə edərək, çatışmamazlıqları aradan qaldırmaq, lobbiçiliyin və diaspora işlərinin inkişafına təkan vermək və nəhayət xaricdə yaşayan AZƏRBAYCANLILARIN vətənlə sıx əlaqə qura bilməsi, dərdlərini bölüşə bilməsini təmin etməyi, vahid ideologiya ətrafinda birləşə bilməyi, mobil olmağı, düşmənə qarşı butun ölkələrdə səfərbər olmağı özünə məqsəd bilir!

Qeyd edim ki, bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar keçirilən tədbir üçün Türkiyə koordinatorumuzun dəvətilə İzmir şəhərində səfərdə olmuşuq. Səfər zamanı təşkilatın rəhbər nümayəndələri İzmir şəhərinin bir neçə rəsmilərilə görüşüb. Görüşdə Azərbaycan tarixinin qan yaddaşına Xocalı Soyqırımı kimi həkk olunan faciəmizin təbliğatı ilə bağlı dövlət rəsmilərinə müraciət edildi. Müraciətdə növbəti ildönümünə qədər Xocalı faciəsini ziyalılarımızın və tarixçilərimizin vasitəsilə ictimaiyyətə çatdırmaq üçün 3 günlük anım gününün keçirilməsi, İzmir şəhərinin sahilə açılan parklarının birinə Xocalı parkı adının verilməsi və qanlı faciəni xatırladan abidənin ucaldılması haqqında böyük bir işə imza atıldı. Eləcə də bu il 28 May Azərbaycanın müstəqilliyinin 99-cu ildönümü ilə əlaqədar Türk dünyasının vuran ürəyi olan Tatarıstanın Kazan şəhərində ictimaiyyəti maarifləndirmək və orada yaşayan azərbaycanlıları bu şərəfli gün münasibətilə təbrik etmək üçün böyük bir tədbir həyata keçirilib. Bu silsilə tədbirlər təşkilatın könüllüləri tərəfindən maaliyyələşdirilərək həyata keçirilir. Bizlər Azərbaycanımızın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səfərbər olmuşuq. “Hər şey vətən üçün” deyib, bu böyük missiyanın daşıyıcılarıyıq.

“Dünyanın hər yerində türklər yaşayır deyə, türkçülük ideyamız dünya boydadır”




- Türk xalqlarının birliyi məsələsi həmişəki kimi yenə aktualdır. Bu birliyi nədə görürsünüz?

- Bu gün insan haqqları deyilən bir kontekst var ki, dünya gücləri dünyanı həmin prizmadan idarə edirlər. Bura 5 muddəa daxildir. Onlardan biri də insanların milli və mənəvi dəyərlərinin qorunub saxlanmasıdır. Lakin bizim milli dəyərlərimiz təkcə Azərbaycan daxilində deyil. Dünyanın hər tərəfində türklər yaşayır. Demək, ideologiyamız da dünya boydadır! Bizi din və təriqətlər vasitəsilə bu boyuk ideologiyadan uzaqlaşdırıb dar çərçivələrə salmaq istəyirlər. Məqsədimiz böyük amal uğrunda savaşmaqdır! Şəxsən mənim Türk xalqlarının birliyi məsələsindəki gördüyüm süjet xətti öncə parçalanmış Azərbaycan torpaqlarının birləşdirilməsi düşüncəsidir. Çünki Vahid Azərbaycan Türk dünyasını birləşdirən və bilavasitə türk xalqlarını eyni ideologiya altında hərəkət etməyə təkan verəcək bir coğrafiyaya və tarixə malikdir. Bütün hallarda türk dövlətləri sıx birləşərək ümumi bayraq altında digər dünya dövlətləri tərəfindən özlərini qəbul etdirməlidirlər. Türklər bəşər tarixi yazıldığı gündən bu günə qədər böyük imperiyalar quran və olduqca adil idari-üsulla dövlət idarəçilik sisteminə malik olmuşlar. Lakin güc dövlətlərinin siyasi manevrləri və dini etiqadlarına uyaraq xarici güclərin dağıdıcı ideoloji basqısı nəticəsində hər dəfə içdən-içə parçalanmışlar. Fikrimcə, əgər türk dövlətləri vahid bir güc tərəfindən, milli məfkurəyə dayanan idealogiya altında birləşərsə, bu böyük dünya güclərə meydan oxuyacaq. Bildiyimiz kimi uzun illər Rusya sovetləri ərazisində yaşayan turkdilli xalqları bir millət olaraq nəinki inkişaf etməyə qoyub, hətta deyərdim ki, bacardığı qədər önünü kəsib. Əgər bu belə olmasaydı, tariximiz təhrif olunaraq min bir parçaya bölünüb, torpaqlarımız ucdan-uca satılmaz və hərəmiz ayrı-ayrı bir millət adıyla damğalanmazdıq. Məhz türklərin eyni coğrafiyada birləşib inkişaf etməsi, böyük gücə sahib olması super güc dövlətlərini tarix boyu qorxuya salıb. Çünki bizə məxsus olan coğrafi landştaft və relyef çox münbit şəraitə və bol bəhrəli torpaqlara sahibdir. Təbii ki, bu da iqtisadi gucü genişləndirərək dünya bazarını ələ almağa əsas yaradacaq.

“Bütün dünya türkləri, birləşin” qrupu başqa millətlərə qarşı deyil




- “Bütün dünya türkləri, birləşin” səhfənizin türk xalqlarının mənəvi birliyində nə kimi rolu var?     

- Bu qrupu yaratmaqda məqsədimiz bütün dünyada yaşayan türkdilli xalqlar arasında vahid informasiya mərkəzi yaratmaq olub. Burada dərdimizi-sevincimizi bölüşüb, problemlərimizin həlli yollarını müzakirə edir, ortaq dəyərlərimizə sahib çıxmağın yollarını araşdırırıq. Qrup başqa millətlərə qarşı hər hansı bir məqsədlər üçün nəzərdə tutulmayıb. Yəni dünyanın harasında olursa olsun Türklər barəsində nə baş verirsə, ilkin olaraq bunu biz işıqlandırırıq. Qeyd edim ki, qrupumuzun artıq 70 000 üzvü var. Bu qrupun yaradılmasında əməyi keçən digər inzibatçılara da öz təşəkkürümü bildirirəm.

Türk birliyinin yaranması üçün vahid, milli ideologiyaya sahib olmaq lazımdır. Bu gün bu yolda təriqətlər bizi bölür, qarşı-qarşıya qoyur. Çalışıb bu təriqətlərdən uzaq durmaq lazımdır. Milli məfkurəmizin təbliğatına geniş yer ayırmalıyıq. Bir daha vurğulamaq istəyirəm ki, milli məfkurə və milli idealogiyanın inkişafı, eləcə də öz taleyini doğru istiqamətdə dəyişə bilmək hər millətin öz əlindədir. Əgər biz bir millət kimi öz irsimizi qoruyub saxlamaq, inkişaf etdirmək, gələcək nəsilimizin tükənməyib törəməsini istəyiriksə, bütün yad idealogiyaları özümüzdən uzaq tutmalı və türk birliyinə nail olmalıyıq. Bu türk irqinin və irsinin xilas yoludur!

“Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çox geniş imkanlar var”




- Profilinzdə yazılıb ki, kənd təsərrüfatı mütəxəssisi olmusunuz. Belə çıxır ki, tamam fərqli sahələrdə özünüzü sınamısız? Hazırda Azərbaycanın iqtisadi böhrandan çıxış yolunu bir çox mütəxəssislər kənd təsərrüfatının inkişafında görürlər. Siz necə?

- 1994-cü ildə Kənd Təssərrüfatı Nazirliyində kargüzarlıq vəzifəsindən başlayaraq Beynəlxalq Əlaqələr departamentində tərcüməşi-mütəxəssis vəzifəsinə qədər yüksəlmişəm. Birləşmiş Millətlər Təşkilatının FAO, UNCİARE TRADİNG WHO İS WHO WORLD HEALTH ORGANİSATİON kimi bir sıra beynəlxalq təşkilatlarla fəaliyyət göstərmişəm. Azərbaycandan ilk olaraq FAO təşkilatına nümayəndə heyətinin seçilməsində yaxından iştirak etmişəm. Daha sonra müxtəlif sahələrdə, eləcə də bir neçə özəl sektorda aparıcı mütəxəssis və rəhbər vəzifələrdə çalışmışam. Ailə qurduğum üçün nazirlikdən uzaqlaşdım.
Hazırda sosial-iqtisadi durumumuzdakı sıxıntıya gəlincə, tək Azərbaycan deyil, bu gün bütün dünyada sağlam qida aktual məsələyə çevrilir. Dünyada aparıcı dövlətlər qida maddələrinə kimyəvi qatqılar qataraq insan ömrünü təhlükə altına salır, bu səbəbdən ekoloji təmiz qida dünya bazarlarında çox baha qiymətə satılır. Hətta Amerikada xüsusi mağazalar fəaliyyət göstərir ki, üstündə - ekoloji təmiz qida qeyd olunur. Yəni burada olan ət məhsulu adi mağazadakından 5-6 dəfə bahadır. Sanıram Azərbaycan bu sahədə dünya liderliyini əldə edə bilərdi. Mən dəfələrlə Türkiyəyə səfərlərdə olarkən ölkədən ət məhsullarının vətəndaşlarımız tərəfindən gömrük vasitəsilə xaricə daşınmasının şahidi olmuşam. Bu da onu deməyə əsas verir ki, bizim ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarına xaricdə təlabat var. Bu işə tək maneə heyvandarlığın və kənd təsərrüfatı məhsullarının inkişafının Azərbaycanda zəif olması, gömrükdəki rüşvətxorluq və yüksək rüsumlardır. Eləcə də qeyd etmək istəyirəm ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çox geniş imkanlar var. Bundan səmərəli istifadə olunarsa, mükəmməl nəticələr əldə etmək mümkündür. Ölkə iqtisadiyyatının tək neft və qaz hasilatından əldə olunan gəlirlər hesabına idarə etmək dar çərçivəyə sıxılmaq anlamındadır. Hal-hazırda dünya bazarında böyük dövlətlər tərəfindən oynanılan bir sıra siyasi oyunların nəticəsidir ki, Azərbaycanın brend markası olan nefti ucuza satılaraq, dövriyyədə manatın sıxışdırılmasına səbəb olur və ölkə iqtisadiyyatının idarə edilməsi çətinləşir.

“Türk birliyi türk dövlətlərinin iqtisadi təcrübələrinin bölüşüdürlməsindən keçir”




- Kənd təsərrüfatı, iqtisadi inkişaf baxımından türk xalqlarının təcrübələrinin bölüşülməsinin türk birliyində nə kimi əhəmiyyəti ola bilər?

- Kənd Təsərrüfatı üzrə mütəxəssis olmasam da araşdırmaların nəticəsi olaraq qeyd etmək istəyirəm ki, kənd təsərrüfatında "Kənd təsərrüfatı mədəniyyəti" deyilən bir anlayış var. Türk xalqları çox böyük mədəniyyətə malikdir və düşünürəm ki, bu mədəniyyətin birləşdirilməsi iqtisadiyyata geniş təkan verəcək. Məsələn, çoxlu sayda heyvan, quş, bitki növləri var ki, bunlar bizə seleksiya yolu ilə dədə-babadan miras qalib, biz gərək bu mirasa sahib çıxaq. Sadə bir misal deyim - adi bir Oynaq Bakı göyərçinlərinin bir ədədini ermənilər 5000 dollara alıb kənd təsərrüfatı mədəniyyəti kimi öz adlarına çıxarmaq istəyirdilər. Bu sizə çəkdiyim sıradan bir misaldır.


hurriyyet.org
& Vətənsevərlər

9 Haziran 2017 Cuma

BJEZİNSKİDƏN ÖLÜMQABAĞI AZƏRBAYCANLA BAĞLI İLGİNC PROQNOZ VƏ XƏBƏRDARLIQLAR

09.06.2017



Z.Bjezinski: “Qarabağda müharibə qaçılmazdır, azərbaycanlılara məsləhət görərdim ki...”

“Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək.

Mayın 26-da ömrünün 89-cu ilində dünyaca məşhur geosiyasətçi və politoloq, SSRİ və kommunist sistemi üzərində qələbənin ideoloqu, “Soyuq müharibə” dönəmindən sonrakı dünya düzənin arxitektorlarından olan Zbiqnev Bjezinski dünyasını dəyişdi. Lakin Bjezisnki həyatda olmasa da, onun qiymətli fikir və proqnozları, əsərləri yəqin ki, hələ uzun müddət dünya siyasətinə öz təsirini göstərəcək.

Bu xüsusda Britaniyanın Lester Universitetinin beynəlxalq əlaqələr şöbəsinin elmi əməkdaşı, erməni əsilli ekspert Eduard Abramyanın ölümündən az öncə Bjezinski ilə etdiyi söhbət diqqət çəkir. Söhbətdə Azərbaycanın da daxil olduğu Güney Qafqazın gələcəyi, Dağlıq Qarabağ problemi və Rusiyanın bölgəyə yönəlik siyasəti əsas müzakirə predmeti olduğundan və aktuallıq kəsb etdyindən, onun özətini təqdim edirik.


***

Erməni ekspert yazır: “Söhbətdən öncə Bjezinski məndən xahiş elədi ki, onun bir sualına cavab verim. Sula isə belə idi: “Sizcə, Ermənistan dövlətçiliyi üçün ən böyük təhlükə hansı ölkədir? “Birmənalı şəkildə - Rusiya” cavab verdim. Onun ovqatı dərhal dəyişdi. “Təşəkkür edirəm. Təşəkkür edirəm ki, ABŞ demədiniz. Yoxsa ki, zamanında belələrinə də rast gəlmişəm” dedi”. Bundan sonrakı fikirlər yalnız Z.Bjezinskiyə məxsusdur:

“Obamanın səhvi onda idi ki, onun xarici siyasəti sırf demokratik dəyərlər sisteminə əsaslanırdı. Tarix göstərir ki, normativ prinsipi üzrə ABŞ-ın qlobal siyasətini qurmaq mümkün deyil. Praqmatizmlə isə ABŞ-ın Rusiya siyasəti daha da sərtləşəcək – münasibətlərin normallaşmasına deklarativ səylər saxlanmaqla. Rusiyaya münasibətdə ABŞ təkcə strateji çəkindirmə siyasəti deyil, həm də zəiflətmə siyasəti yürüdəcək.

10-15 il sonra siz Rusiyanı tanımayacaqsınız! 10-15 il sonra Rusiya öz problemləri içində boğulan, xarici siyasətlə məşğul olmaq həvəsindən məhrum, ələlxüsus da Avrasiya inteqrasiya planlarına həvəsini itirmiş bir ölkə kimi olacaq. Bizim vəzifəmiz də odur ki, Moskva öz ərazisində olan problemlərin həlli ilə məşğul olsun və ondan ötrü xarici siyasət, xüsusən də yaxın qonşulara münasibətdə siyasət ikinci və üçüncü dərəcəli olsun. O halda Rusiya yəqin ki, yenidən özünü kəşf edəcək – müstəmləkəçi, təftişçi təzahürlərdən əl çəkərək və nəsli dəyişməsinin nəticəsi olaraq. Biz onların üzünə gülümsəməkdə davam edəcəyik, dialoqun vacibliyini qeyd edəcəyik, ancaq eyni zamanda Rusiyanın zəifləməsinə yönəlik işlərimizi də davam etdirəcəyik.

Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib.
Ermənistan – dünyada yeganə dövlət vahididir ki, Rusiyanın təftişçi və təkidli siyasətini sədaqətlə müdafiə edir və bu zaman özünə sual vermir ki, bu, onun özünə lazımdır, ya yox. Ermənistan belə mövqenin nəticələrini dərk edirmi? Fikrimcə, yox. Bu gün Ermənistan ABŞ üçün böyük problemləri olan ölkə qismində deyil, bu cür açılmalıdır: ABŞ Ermənistanla münasibətlərdən hansı fayda götürə bilər?

Başqa sözlə, İrəvan təşəbbüskar kimi çıxış eləməli və təkliflər verməlidir, nəinki bunu ABŞ-dan gözləməlidir. Vaşinqtondan belə təkliflər daha olmayacaq. Siz anlamalısınız ki, sizin üçün regional təhlükəsizlik yalnız Gürcüstanın təhlükəsizliyinin təmin olunması kontekstində maraq kəsb etməyə başlayacaq. Nə qədər ki, Ermənistan və Azərbaycan NATO ilə inteqrasiya eləmək istəyi göstərməyib, ABŞ-ın Güney Qafqaza münasibətdə siyasəti çətin ki, indikindən fərqli olsun.

Azərbaycanla Ermənistan hələ çox qan axıdacaq. Bizim Qarabağ məsələsində passivliyimiz maskalanmış laqeydliklə əvəz oluna bilər, nədən ki, tez-tez həm Ermənistan, həm də Azərbaycan artıq Rusiyanın təsiri altında olan rejimlər kimi təsnif edilirlər. Deməli, siz müharibəyə hazır olmalısınız – hansı ki, qaçılmazdır. Rusiya zəifləyəcək və o zaman ya siz, ya da Azərbaycan qarşı tərəfi məğlubiyyətə düçar eləməklə qələbə qazanmaq imkanı əldə edəcəksiniz. Yeri gəlmişkən, burda olsaydılar, eyni şeyi mən azərbaycanlılara da məsləhət görərdim.

Düşünürəm ki, konfliktlərə münasibətdə dünya düzəninin çəkindirici rolu zamanla zəifləyəcək. Təəssüf ki, mən sizin probleminizin (Dağlıq Qarabağ –red.) tezliklə öz həllini tapacağına inanan adamlar cərgəsinə aid deyiləm – xüsusən də indi, Rusiyanın orada manipulyasiya imkanları hələ ki böyük olduğu zamanda. Ancaq Azərbaycanla Ermənistan daha bir şeyi nəzərə almalıdır: müharibə başlayarsa, Qərbdən qan tökülməsini dayandırmaqla bağlı çağırış və bəyanatlar səslənəcək.

Amma sizin (Azərbaycan və Ermənistanın – red.) problemi öz xeyrinizə həll eləmək təşəbbüsünüz Rusiyanın müqavimətinə tuş gələcək. Regionda qəti dominantlığa nail olmaq üçünsə Moskvaya Ermənistan yox, Azərbaycan lazımdır. Deməli, Bakı ilə münasibətlər, Azərbaycanın Rusiya strukturlarına inteqrasiyası və Azərbaycanın xarici siyasətində Moskvanın rolunun artması sanksiyalar və izolyasiya şəraitində olan Kreml üçün daha vacibdir, nəinki Ermənistan faktoru.

Məhz bu hesablamalardan çıxış edərək də Rusiya İranı sizinlə (Ermənistanla-red.) yox, məhz Azərbaycanla iqtisadi, kommunikasiya planlarının reallaşmasına həvəsləndirir və itələyir. Nədən ki, Azərbaycanda İran-Rusiya proqramlarının həyata keçməsi Moskvanın Bakıya təsirini artıracaq.

Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək ki, buna da hazır olmaq lazımdır. Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib. Türkiyədən Ermənistana təhlükə yoxdur, çünki o, bütünlüklə ABŞ tərəfindən nəzarətdə olub və olacaq... 

Vaşinqtonda, siyasi dairələrdə, həm demokratlarda, həm də respublikaçılarda belə rəy var ki, Ermənistan öz maraqları ilə siyasi etimada layiq deyil. Tez-tez də o, hətta öz maraqları əleyhinə Rusiyanın maraqlarına xidmət edən ölkə kimi qəbul olunur. Ancaq istək və fəaliyyət olarsa, bunu dəyişmək mümkündür”.


Siyasət şöbəsi,
musavat.com

5 Haziran 2017 Pazartesi

BAKININ SİRLİ ADASI

29-05-2017 11:56

10 MİN TÜRK ƏSGƏRİ BURADA ACLIQDAN, SUSUZLUQDAN, İLANVURMADAN ÖLÜB.


Birinci Dünya Müharibəsində rusların işğalı zamanı 10 mindən artıq türk əsgərinin əsir saxlandığı Xəzər dənizindəki Nargin adası özündə çox sirləri saxlayır.

Cebhe.info xəbər verir ki, Böyük Zirə adlandırılan adada saxlananlar arasında türk pilot  Vecihe Hürküş da olub. Vecihe Hürküş adaya yaxın yerdə yaşayan sakinlərin köməyi ilə əsirlikdən xilas edilib. Bakıda dəniz sahilinin 11 kilometr məsafəsində yerləşən adadan Sarıqamış şəhidliyinə tökülmək üçün torpaq götürülüb. 




Bu günlərdə adaya səfər edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib ki, adaya 1-ci Dünya Müharibəsində Anadoluda əsir alınan və xüsusilə də Sarıqamışda donaraq şəhid olmaqdan qurtlasa da ruslara əsir düşən türk əsgərləri gətirilib. Türk əsgərləri böyük ehtimalla öldürülərək  ərazidə kütləvi məzarlıqda dəfn edilib. Adaya 12-20 min arası əsirin gətirildiyi təxmin edilir. Sarıqamışdakı əsgərlərin adaya gətirilməsi və ordan da bir hissəsinin Sibirə aparılması tarixi o qədər də öyrənilməyib.




Adada əsir saxlanan türk əsgərlərə Azərbaycan əhalisi böyük yardım edib. Bakı sakinləri Türkiyə əsirlərinin vəziyyətini öyrəndikdən sonra Rusiya tərəfi ilə məsələnin müzakirəsinə başlayıb. Bundan sonra adaya ərzaq aparılmasına başlanılıb. Bir müddət sonra isə əsirlər üçün həftə sonları üçün icazə verilməsinə razı salmağa müvəffəq olub. Əsgərlər həftə sonları Bakı sakinlərinin evində qonaq qalıb. Hətta sakinlər həyatlarını təhlükə qarşısında qoyaraq əsirlərin qaçırılmasına da kömək ediblər.




Qeyd edək ki, 3.1 km uzunluğu olan Nargin bölgənin ən böyük adası hesab olunur. Su qaynağı, bitki örtüyü yoxdur. Çox sayda ilanlar olduğuna görə ilanlı ada da deyirlər. Sovetlər dönəmində hərbi məqsədlərlə istifadə edilib. Havadan Müdafiə Sistemi yerləşdirilib. SSRİ dağıldıqdan sonra ada boşaldılıb. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin nəzarətindədir. Mülki şəxslərin adaya getməsinə icazə verilmir. 




Adada əsir saxlanan türk əsgərlərinin bir hissəsi susuzluq, aclıq və ilan zəhərlənməsindən həlak olub. Digər hissəsi isə rus əsgərləri tərəfindən güllələnib.  Hazırda Türkiyədə bu adada şəhidlərin xatirəsinə abidə ucaldılması müzakirə edilir. 

Qeyd edək k, bu günlərdə adaya Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, hərbi attaşe Zəfər Ocak, Azərbaycan Dəniz Qüvvələri komandan müavini Natiq Bağırov, Kars Serhat Boyları Dərnəyinin başqanı Məhərrəm Yıldız qatılıb. 


Cebhe.info