Translate

22 Aralık 2015 Salı

“ATƏŞKƏSSİZ DAHA BİR İL YAŞAYACAĞIQ”



ASTROLOQUN 2016-cı il PROQNOZLARI

Modern.az saytının müsahibi tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlidir. İlin sonu olduğu üçün təbii ki, Səbuhi Rəhimli ilə üzümüzə gələn 2016-cı ilin proqnozları barədə danışdıq. Amma müəyyən məsələlər, elmi, sirli məqamlar var idi ki, hamı üçün maraqlı olan proqnozlardan sonra onlara da toxunduq. 

- Səbuhi müəllim, “keçi ili” 2015-ci il fevralın 19-dan başladı, gələn il isə “meymun ili”dir.  O nə zamandan  start götürəcək?

- Od ünsürlü “Qırmızı meymun ili”ni deyirsinizsə, bu, fevralın 8-də Bakı vaxtilə axşam saat 18:40-da start götürəcək.

- Üzümüzə gələn ilin proqnozlarına keçməzdən əvvəl, yola saldığımız 2015-ci il üçün verdiyiniz proqnozlardan hansıların doğru, hansıların yanlış olduğunu sizdən öyrənək...

- Müsahibə zamanı müxtəlif fikir və ehtimallar olur ki, bəzən jurnalistlər bunu proqnoz kimi təqdim edirlər. Məsələn, ilin başlanma vaxtı, rəngi, ünsürü, aktiv ölkələr və siyasi xarakteristika... Əslində bunlar ümumi qəbul olunmuş fikirlərdir. Bir də var, özümün tərtib etdiyim ictimai-siyasi proqnozlar. Bu baxımdan ötən il verdiyim 21 proqnozdan 16-sı tam, 3-ü qismən özünü doğrultdu. Cəmi 2 proqnoz isə yanlış çıxdı. Onların hamısı təhlillərlə birlikdə mətbuatda çıxıb.

- Ötən il bizimlə bu istiqamətdəki  müsahibənizdə verdiyiniz proqnozların böyük qismi doğru çıxdı. Lakin bircə mədəniyyət haqqında dediklərinizdə nəticə hasil olmadı. Bildirmişdiniz ki, göy keçi mədəniyyət ünsürüdür. Bu ildə kimsə parlayacaq, yeni mədəni uğurlar olacaq. Sizcə, bu proqnozunuz düz çıxdımı? 

- Əvvəlki sualda dediyim kimi, bu, proqnoz deyil, ümumi qəbul olunmuş astroloji qənaətdir. Keçi teatr və incəsənətlə bağlı olduğu üçün ümumi fonda bu fikirləri deyirik. Amma bir az araşdıra bilsəniz, hətta bunun da doğru çıxdığını görərsiniz. Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasının qalibi olması, “Əli və Nino” filminin şöhrəti, beynəlxalq film festivallarında aldığımız mükafatlar, həmyerlimiz Röyanın Türkiyə sənətçiləri arasında getdikcə irəliləyən yüksək reytinqi sübut olar. Bilirsinizmi, proqnozlar çoxsahəlidir – siyasi, iqtisadi, mədəni, tibbi, hətta coğrafi. Proqnozların nəticəsini bir jurnalist araşdıra bilməz, mütləq hər sahədən mütəxəssis özünə uyğun xətti dəqiqləşdirməlidir. Məsələn, demişdim ki, 2015-ci ildə 4 nazir və ya nazir ranqlı məmur vəzifəsini itirəcək. Bu gün hamı deyir yalnız 2 nəfər olub, çünki ilin sonunda qalmaqallı iki istefa daha çox yadda qalıb. Halbuki, ilin birinci yarısında Statistika Komitəsinin sədri dünyasını dəyişdi, Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv olundu. Yaxud “15-ə yaxın icra başçısı dəyişdiriləcək” proqnozumu götürək. Hamının yadında son 4 dəyişiklik (Abşeron, Sumqayıt, Nəsimi, Səbail) qalıb. Halbuki,  2015-ci ildə 12 rayonun rəhbərliyi dəyişdirilib.

- İndi isə keçək 2016-cı ilə. İlin ünsürləri, aparıcı ayları, bürcləri hansılar olacaq?

- İlin göy cismi Ay, aparıcı bürcləri Xərçəng və Buğa, illəri Meymun, Siçovul və Əjdaha, ayları may, iyul, rəngi qırmızı, ağ və açıq-mavi, daş-qaşı zümrüd, rubin, Ay daşı, metalı isə gümüş olacaq.

- Dünyanın siyasi xəritəsində hansı dövlətlər 2016-da aktiv və ya passiv olacaq?

- Əslində bunu da proqnoz kimi qəbul etməyinizi istəməzdim. Çünki ilin astroloji göstəriciləri sırasında aktiv ərazilər də olur və bunu təkcə mən yox, bütün astroloqlar deyir. Bir haşiyə çıxım: bəzən gün və ya Ay tutulmalarını həftələr, aylar öncə mətbuata açıqlayıram. Bir də görürsən ki, oxucular “halaldır, demişdiniz gün tutulacaq, doğrudan da tutuldu” deyirlər. Gülməlidir, 21-ci əsrdə belə yanaşma təəssüf doğurur. Sanki heç kim bilmirdi və mənim dediyim hamını təəccübləndirib. Halbuki, bu, mənim proqnozum deyil, sadəcə olacaq deyə əvvəlcədən insanlara çatdırıb tədbirli olmalarını istəyirəm. 

Sualınıza gəlincə, 2016-cı ildə gündəmdə olacaq ərazilər bunlardır: Avstraliya, Türkiyə, Azərbaycan, Şotlandiya, Hollandiya, Almaniya, İrlandiya, Polşa, İsveçrə, Suriya, Sakit okean adaları, İraq, İran, Əfqanıstan...

- 2016-cı il Azərbaycan üçün nə ilə yadda qalacaq?

- Əslində meymun illəri daha çox qıtlıq və məhəlli münaqişələrlə, istila və sensasion sui-qəsdlərlə yadda qalır. Azərbaycan üçün hansısa qeyri-adi hadisənin olacağını isə güman etmirəm. Mən sırf astroloji qənaətlərimi deyirəm. Ola bilsin ki, bizim bilgimizi aşan amillər də çoxdur. Yaddaqalan Qarabağın qaytarılması, rüşvətin tam yığışdırılması, əhalinin rifahı naminə aparılan islahatlar ola bilərdi, onlar da olmayacaq.

- Devalvasiya, manatın ucuzlaşması, qiymət artımı 2016-cı ildə insanlara necə təsir göstərəcək? Ümumiyyətlə, sırf bu istiqamətdə müsbət nəsə gözləyə bilmərik?

- Bu sualı iqtisadçılar daha aydın tərzdə şərh edə bilərlər. Astrologiya təbii gedən mənzərəni təsvir edir, bizdə isə çox şey sünidir. Sizə bir misal deyim. Bir dəfə tanınmış bir siyasi dustaq haqqında yazmışdım ki, azad olunacaq. Tam əmin idim ki, bütün hesablamalarım dəqiqdir. Lakin həmin ilin 31 dekabr əfv fərmanında adı çıxmadı, o biri ilin Novruzunda buraxdılar. Sonralar onunla rastlaşdıq, mənə “türmədə mənə dedilər ki, Səbuhi Rəhimlini səhv çıxarmaq üçün qəsdlə səni əfv siyasından çıxarmışıq” dedi. İndi buna ulduzlar neyləsin? (gülür) 
Belə hallar da olur. Ona görə də dəyişdirilə bilən proqnozları verməməyə çalışırıq. 
Sualınıza gəlincə, hazırkı devalvasiya artan xətt üzrə gedəcək – bunu uşaq da bilir. Birinci devalvasiyada sosial şəbəkələrdə yazmışdım ki, dollar bir də heç vaxt 1,05 manatdan ucuz olmayacaq. Həmin fikri yenə təzələyirəm: dollar heç vaxt 1,5 manatdan ucuz olmayacaq. Vəziyyətin qismən də olsa düzəlməsi mümkündür, lakin bunun üçün vətəndaşları düşünən, maliyyə qaydalarını yaxşı bilən ağıllı başlar lazımdır.

- Qarabağ məsələsində nə kimi yeniliklər olacaq?

- Döyüşlər bir az da irimiqyaslı olacaq. Atəşkəssiz və Qarabağsız bir il yaşayacağıq.

- Qarabağ demişkən hamıdan çox sizə doğma olan iki soydaşımız - Dilqəm Əsgərovla, Şahbaz Quliyevin müqəddəratı barəsində nəyi demək olar?

- Ötən il səhv çıxan iki proqnozumdan biri də onlarla bağlı oldu. Bəlkə də emosiya və istəklərim soyuqqanlı hesablamalarıma mane olmuşdu. Əslində bütün hesablamalarım onların iyulda və noyabrda azadlığa çıxacaqlarını göstərirdi. Amma məhz həmin aylarda cəbhə bölgəsində şiddətli döyüşlər, ağır itkilər oldu – bunların arasında nə kimi əlaqə olduğunu hələ də anlamıram. Ona görə də bunu siyasi iradənin öhdəsinə buraxıram.

- Proqnozlardan keçək, Səbuhi Rəhimlinin əsas fəaliyyət sahəsi olan araşdırmalara. Azərbaycan tarixinin Midiya dövrünə aid olan gizlinləri barəsində nə zaman yazmaq fikriniz var?

- Midiya dönəmi dərindən öyrənilməyib. Çoxlu açıq suallar var. Təsəvvür edin ki, hələ dəqiqləşdirən olmayıb ki, Midiya türklərə məxsus olub, farslara, yoxsa hətta kürdlərə. Əsas mənbələri ortaya çıxarmaq az qala mümkün deyil. Min dəfə dediyim fikri bir daha deyirəm: bütün dillərdə dərc olunmasına baxmayaraq bu vaxta qədər “Avesta” öz dilimizdə dərc olunmayıb. Bütün dünya gücləri buna imkan vermir. Kimsə bu fikrimə gülürsə, buyursun dərc etdirsin – rusca da var, farsca da. Kim bu işə qol qoyubsa, məhv edilib. Ən gülməlisi isə odur ki, Zərdüşt peyğəmbərin doğulduğu yer, yaşadığı ərazi (Marağa) hamıya bəlli olduğu halda, o ərazidə hətta düşmənlərimizin belə, etiraf etdiyi kimi əzəldən türklər yaşadığı aydın olsa da, bəzi ciddi tarixçilərimiz onun türklüklə heç bir əlaqəsi olmadığını deyir. Onu fars, kürd, hindli, hətta slavyan (Tamara Qloba tərəfindən) adlandıranlar var. Bax, bu problemləri aradan qaldırmaq lazımdır. Dilimizdə “Avesta”nın yalnız Yasna Qatları dərc olunub ki, onun da səhv etmirəmsə,  16 Qatı kitabdan çıxarılıb. Hər şeyin kökü də məhz buradadır. Midiyanı heç olmasa özümüz üçün öyrənə bilsək, o ad bizə bugünkü qədər uzaq və yad gəlməz. Nəsə yazmağa gəlincə, ara-sıra öz məqalələrimdə buna toxunuram, lakin ayrıca bir yazı, özü də gizlinlərdən bəhs edən yazı yazmaq planım yaxın perspektivdə yoxdur.

- Siz həm də söz adamısınız. Qədim maq fəlsəfəsini şairin və təhkiyənin dili ilə bədiiləşdirmək fikriniz varmı?

- Əgər şeiriyyət yönümündə deyirsinizsə, mən özümü şair adlandırmıram. Ara-sıra könlümdən qaynayan, içimdən doğan, zəkama hopan və oradan dilimə axan kəlmələri ovcuma yığıb qələmə həvalə edirəm. İndi insanlarda mənəvi eniş mərhələsi pik həddinə çatdığı üçün şeir və söz fəlsəfəsini qavramaq ovqatında deyillər. Qədim mağ sivilizasiyasını isə bu gün çox az adam bilir. Bilinməyən bir şeyin ədəbi təsviri isə maraq doğurmaz.

- Özümüzə qayıtmaq üçün Azərbaycan tarixinin hansı dövrünə bir daha səfər etməliyik?

- Biz hər zaman özümüzdəyik, hər zaman sıfır nöqtəsindən başlamaq şansımız var. Sadəcə bunun üçün qurban verməyə də hazır olmalıyıq. Bu gün hər şeyimiz var, yalnız qurban getməkdən, şəhid olmaqdan çəkinəcəyimiz var. Deməli, azacıq qürurumuzu artırmalıyıq. Türk milləti yaranışından deyib ki, Göyün altı bizimdir. Nə yazıq ki, bu gün dünyamız sərhədləşdirilib, türklər heç vaxt sərhəd qoymayıblar. Mən geri qayıtmaq istəməzdim, yolumuz irəlidir. Bu gündən baxanda Turanla fəxr edirik, Uzun Həsən, Xətai dönəmi ilə fəxr edirik, nə deyim, səhifələrimiz çoxdur.

Elmin NURİ 
modern.az

ÇİNDƏKİ GİZLİ TÜRK PİRAMİDALARI


Bu yazı qarşıma çıxdığında o qədər də ciddiyə almadım və oxumadan ötüb keçmək istədim. Birdən, sanki kimsə mənə bu yazını “oxu” deyə pıçıldadı. Oxudum… Və… Dəhşət… 

...Bizlər qəhrəman, tarix yaradan, çağ dəyişən, svilizasiya yaradan, böyük-böyük imperiaylar quran bir millət olaraq öz tariximizi öyrənə bilmirik. Bu yazını oxuduqca bir daha bunun şahidi oldum. Çində olan piramidalar, orada gizlənən tariximiz haqqında heç bir bilgiyə sahib deyilik. Başda Çinin özü olmaqla, bütün dünya dövlətləri bu piramidaların araşdırılmasını istəmir. Ancaq bizlər də buna çox az təşəbbüs göstəririk. Orası da bəllidi ki, onlar buna heç zaman imkan verməyəcəklər. Ta, biz o imkana sahib olana qədər. 

Marağımıza səbəb olan yazını oxuculara təqdim edirik. 

Çində piramida varmı? Bəli. Əslində dünyadakı ən böyük piramida - 300 metr yüksəkliyində olduğu təxmin edilən Xiandakı "Ağ Piramida"dır. Bu piramida Misirdə olan piramidaların iki qat böyüklüyündədir. Ağ Piramida on altı piramidadan ibarət olub bir kompleksin ən böyük parçalarından biridir və Çindəki "qadağan olunmuş bir bölgə"də yerləşir. 

Təqdim etdiyimiz fotoşəkillərdən də göründüyü kimi, piramidalar torpaqla örtülüb. Piramidalardan birində torpaq qablı daş strukturlar olduğunu göstərən daş bir giriş vardır. Bəziləri Amerikadakı piramidalar kimi düz bir təpə quruluşuna malikdir. Bu piramidalar 5000 illik tarixə malik olduqları təxmin edilir, çünki ən azından 5000 illik Çin mətnlərində onlara istinad vardır. 

Verilən məlumatlara görə, Çindəki Ağ Piramida ikinci dünya müharibəsi zamanı Amerikalı pilot Ceyms Qussman tərəfindən müşahidə edilib. Hindistandan Çungkingə yük daşıyan pilot uçuşdan dönərkən mühərriklərindən birinin işləmədiyini görür və benzin çəninin donduğunu güman edərək, bir az aşağı enməyə qərar verir. Pilot çox diqqətli olmaq məcburiyyətində idi, çünki bütün bölgə dağlıq və təhlükəli ərazilərlə dolu idi. Dağlara dəyməmək üçün təyyarəni yanı üstə idarə etdiyində böyük, düz bir vadiyə gəlir. Bu zaman düz qarşısında, sanki metaldan tikilibmiş kimi parlayan nəhəng bir piramidanın olduğunu görür. 
                                              Çindəki gizli Türk Piramidaları

Burada ən diqqət çəkən şey, piramidanın təpə daşı idi. Qussman bunun kristaldan düzəldiyini düşünür. Piramidanın ətrafına üç dəfə dövrə vurduqdan sonra üstünə çıxmağa cəhd edir. Ancaq o verdiyi kəşfiyyat hesabatında piramidanın ətrafında heç bir şey görmədiyini ifadə etmişdi: "Çılpaq ərazi içində böyük bir piramida dayanırdı. Onun çox köhnə olduğunu təxmin etdim". Hesabatını isə bu sualla bitirir: "Onu kim tikib? Nə səbəbə tikilmişdi? İçində nə var?"
Alman araşdırmaçı-yazar Hartvig Hausdorf bölgəni şəxsən ziyarət edib və piramidalarla əlaqədar burada gördüyümüz fotoşəkilləri çəkməklə bərabər, bir çox material da yığıb.

Edqar Caycenin araşdırmaları insanların bir zamanlar tək bir dil danışdığını və çox uzaqlara səyahət edə bilmək imkanlarının olduğunu göstərir. Həmçinin o, misirli yüksək rahib Ra Tanın Çin və əlaqədar digər bütün bölgələrə etdiyi ziyarətlərin necə reallaşdığından danışır. Bəlkə də Ra Tanın, piramida tikmə texnologiyasını səfəri əsnasında getdiyi yerlərdəki xalqlara da öyrətmişdi. Bu piramidalardan dünyanın hər yanında ola bilər: Misir, Amerika (burada digər bölgələrdən daha çox piramida vardır), qədim Fransa, Orta Asiya, Polinezya, Peru və eramızdan əvvəl Mississipi Vadisində, hətta bəlkə də Marsda belə.

Misirdəki fironlar dövrü ilə təxminən müasir sayıla biləcək zamanlarda (E.ə. 2852 - 2206 arasında) Çində yarı mifoloji "Beş Kral" hökm sürmüşdü. Bu sivilizasiya inkişaf etmiş bir sivilizasiya idi; ipək və qida bolluğu içində. Bununla birlikdə İmperator Çin Shin Huang e.ə. 212-ci ildə qədim Çinlə əlaqədar bütün kitabların və ədəbi əsərlərin yandırılmasını əmr edir. Böyük kral kitabxanası da daxil, bütün kitabxanalar yox edilmişdir. Ancaq bəzi mətnlər mağaralarda və monastırlarda saxlanmışdı. 

Deyilənə görə e.ə.100-ci ildə Vang Tao-Şih adlı Taocu bir rahib silsilə bir mağarada kitabxanaları tapıb. Bu mətnlərdə qədim zamanlardan və "Ana Vətən Mu" deyilən bir yerdən söz açılırdı. Edgar Cayce, Munun Lemuryanın digər adı olduğuna bir neçə dəfə eyham vurmuşdu. 

Tapılan bir əlyazma parçasında Atlantik və Munun batdığı Okeanı göstərən qədim bir xəritə yer almaqdadır. Bu qitələrin sulara qərq olmasından sonra sağ qalanlar zəfər dolu bir çağın geridə qalan son qeydlərini Misirə, Çinə, Yukatana və başqa yerlərə səfər edərək özləri ilə aparıblar. Bax, bu gün yenidən kəşf etməyə çalışdığımız da o çağın qədim tarixidir. 

İlk insan mumiyalama texnikasını mükəmməl bir şəkildə tətbiq edənlər Altay türkləridir. (Misir mədəniyyətindən əsrlər əvvəl) Uyğur bölgəsində olan, Misir piramidalarından əsrlər əvvəl tikilən və Misir piramidalarından daha böyük olan piramidaları da tikən türklərdir. Çin hökuməti bura girişi tamamilə qadağan etmişdir. Çünki bu piramidaların içində proto-Türk yazılar mövcuddur. Arxeologların da oraya girişinə qəti surətdə icazə verilmir. Əgər orada olanlar araşdırılsa, gərəkdir ki, bundan sonra dünya tarixi yenidən yazılsın. Bax, Çin və dünya dövlətlərinin narahatçılığı da bu üzdəndir. Piramidaların orijinal şəkil və böyüklükləri diqqət çəkməməsi baxımından Çin hökuməti tərəfindən məqsədli şəkildə təhrif edilmişdir. Piramidaların üst tərəfləri kəsilmiş və üzəriləri torpaqla örtülmüşdür. 
Türkiyə televiziyalarının birində yayımlanan “Ceviz qabığı” progamına qatılan Xəlil Şıvgın demişdi: "1984-cü ildə mən Çini ziyarət etdim, Çini ziyarətim əsnasında Turfana apardılar. İlk dəfə Turfana gedən Türk heyətinin mənsubu olmaqla da həqiqətən qürur duyuram. Orada bizi gəzdirərkən mumiya tapdıqlarını söylədilər və biz mumiyaları gördük. 

O gördüyümüz mumiyaların Misirdəki mumiyalardan çox fərqli olduğunu söylədilər, yəni texnoloji və düzəldilmə baxımından Misirdəki mumiyalardan daha əvvəl olduğunu da qeyd etdilər. Daha sonra aradan illər keçdi, bir televiziya kanalında bu mövzunu müzakirə edildiyini gördüm. Həqiqətən elmi olaraq Misir mumiyalarıyla Turfandakı mumiyalar arasında bir müqayisə aparılmalıdır. 

Mən orada qadın, uşaq, kişi mumiyaları gördüm. Və o sırada, hətta bir dənəsi kifayət qədər qorunmadığından yararsız hala düşmüşdü. Bunları muzeydə gördük. 
Bu mumiyalardakı üstünlüyü elm adamları ortaya qoymağa başladılar. Elm adamlarının ortaya qoyduqları bir gerçək var ki, ilk dəfə mumiya mədəniyyətinin Türklərdə olduğu ortaya çıxır. Yəni mən elm adamı deyiləm, amma bizim elm adamlarımınızın bu hadisənin üzərinə ciddi düşmələri lazımdır. 


Çindəki gizli Türk PiramidalarıƏgər Misirdə mumiya mədəniyyəti vardısa, deməli o zaman onun ətrafında da bir mədəniyyət olmalı idi. Misirin ətrafında mumiya mədəniyyəti ilə əlaqədar hər hansı bir iz yoxdu. İstər Afrika, istərsə də bu biri tərəflərdə yenə belə bir mədəniyyət yoxdu. Bu səbəbdən də ancaq Orta Asiyadan o bölgəyə gedən Türklərin varlığı müzakirə mövzusu ola bilər…"

Türkləri bütün dünyaya geridə qalmış bir millət olaraq tanıdan fikirləri zaman-zaman bizim də içimizə yeridiblər. Əvvəla millətə tarixini, ulu bir millətə mənsub olduğunu, bütün mədəniyyətlərin anası olan irəli bir millətin cocukları olduğunu öyrətməliyik. 

Bütün insanlıq tarixini dəyişdirərək; MƏDƏNİYYƏTİN ƏSL YARADICISININ TÜRKLƏR OLDUĞU NƏTİCƏSİNİ DOĞURAN bu fövqəladə kəşf qərbli elm adamları tərəfindən israrla görməzlikdən gəlinir. Ən azından ona görə ki, bu piramidaların özündə saxladığı həqiqətləri gizləmək sadəcə mümkün deyil. 
Necə deyirlər: ''Türkləri tarixdən çıxarsanız tarix deyə bir şey qalmaz''.


Rəşad SAHİL
karabakhmedia.az

2 İL SONRAKI RUSİYA : MÜSTƏQİL DÖVLƏTLƏR, VƏHABİLİK VƏ DİVARDAN AŞAN KÖÇKÜN RUSLAR...



2017-ci ildə Rusiyanın dağılma prosesi başlayacaq. 

Cebhe.info Retrans24 saytında bu barədə yer alan məqaləni təqdim edir.

Məqaləyə əsasən, Rusiyanın dağılması prosesi 2017-ci ildə başlayacaq. Şimalı Qafqazdan başlayacaq prosesə Türkiyə də dəstək verəcək. Yeni müstəqil olmuş ölkələrə Türkiyənin kömək göstərəcəyi bildirilir.

İlk növbədə Çeçenistan ayrılacaq. Bu bölgədə rus əhalisi az, müsəlman çeçenlər çoxuq təşkil edir. Moskvadan Çeçenistana ayrılan maliyyə vəsaiti azaldıqca bu bölgə onsuz da faktiki yarımüstəqil həyat sürür. Çeçenistan güclü hərbi dövlət olacaq və Qafqazda hegemonluğu ələ alacaq.

Çeçnistandan sonra prosesə Dağıstan qoşulacaq. Dağıstanın artıq Rusiya ilə mübarizə etmək təcrübəsi var. Şeyx Şamil buna ən yaxşı misaldır. Burda 3 milyon insanın ancaq 3 faizi rusdur. Bu isə gələcəkdə Rusiyanın bölgəyə hegemnonluq etməsini mümkünsüz edir. Dağıstan korrupsiya ilə mübarizədə vəhabi ideologiyasını qəbul edəcək.

Qafqazda daha bir ölkə Kabardin yaranacaq. Bu ölkə Qaraçay-Çərkəz, Kabardin-Balkar və Adıgeyin birləşməsi nəticəsində meydana çıxacaq. Kabardin-Balkarda əhalinin böyük əksəriyyəti çərkəzlərdir. Əhalisi milyondan bir qədər azdır. 40 min əhalisi olan Adıgey müstəqil yaşamağa qadir olmayacaq. Buna görə də Kabardin-Balkara birləşəcək. Qaraçay-Çərkəsdə 470 min əhali yaşayır ki, onların da böyük əksəriyyəti müsəlman qaraçaylardır. Onlar hamısı Qafqazda yeni ölkədə-Kabardində birləşəcək. Hələ 18-19-cu əsrlərdə bu bölgənin əhalisi ruslara qarşı uzun müddət dirəniş göstərib.

300 min əhalisi olan İnquşetiya Çeçenistana birləşəcək. Şimalı Osetiyada əhalinin 65 faizi osetinlərdir ki, onlar da Cənubi Osetiya ilə birləşərək yeni dövlət- Alaniyanı yaradacaqlar. Osetinlərin əcdadları olan alanlar Afrika, İspaniya, Balkanlar və Yaxın Şərqdə döyüşüblər. Qızıl Ordaya qarşı da dirəniş nümayiş etdiriblər. Alanlara qarşı mübarizədə Qızıl Orda xanları moskvalı qullardan istifadə edib.

Bütün Şimali Qafqaz respublikalarına Türkiyə böyük təsir göstərəcək. Türkiyə bu ölkələrin Rusiyadan mühafizə olunmasında xüsusi rol oynayacaq. Rusiyadan müdafiə olunmaq üçün bu ölkələr Türkiyə ilə hərbi-siyasi ittifaqa daxil olacaq. Türkiyənin məqsədi Rusiyanı Qara dənizdən qoparmaqdır ki, bu da Avropa ilə enerji və ticarət əlaqələrinin gücləndirilməsində əsas vasitələrdən biridir.

Abxaziya Gürcüstana qaytarılacaq. Türkiyənin artan təsirinin qarşısını almaq və Qafqaz ölkələrini zəiflətmək üçün Federal Tədqiqatlar Bürosu dağlarda yeni İŞİD yaradacaq.

2018-ci ildə Rusiyanın dağılması prosesində ikinci mərhələ başlayacaq. Bu mərhələ neft-qaz regionlarını əhatə edəcək. Tümen vilayəti Xantı-Mansiyski də daxil olmaqla müstəqil dövlətə çevriləcək. Və öz neftini satmağa başlayacaq.

Neft-qazla zəngin olan Komi tez ayrılacaq, buna səbəb isə neft-qazdan əldə edilən gəliri Rusiya ilə bölməmək istəyidir. Onlar hərbi kömək üçün Amerikaya müraciət edəcəklər.

Tümendən sonra ayrılmaq növbəsi Ural bölgəsinə çatacaq. Bu ərazi Çinin mümkün təsirindən qorunmaq üçün Amerikaya üz tutacaq.

Tuvalıların yaşadığı Tuva da 2018-ci ildə müstəqilliyini elan edəcək.  Tuva 1944-cü ildə Xalq Respublikası kimi tanınıb və müstəqil olub. 1944-cü ildə SSRİ-yə birləşdirilib. Bu elə zaman idi ki, Çin bu bölgəyə iddia edirdi. Çin Tuva Xalq Respublikasını tanımırdı, ancaq indi bu vəziyyət əksinə olacaq. Çünki Tuva gec-tez Çinə birləşdiriləcək və ancaq 15-20 il müstəqil yaşayacaq.

Yakutiya da müstəqil ölkə olacaq. Ancaq əhalisinin böyük hissəi Çinə miqrasiya edəcək.

Kamçatka vilayəti Çukotiya, Maqadan və Xabarovsk vilayətinin şimalı ilə birləşəcək. Bu ölkə ABŞ-ın təsiri altında olacaq və Alyaska, eləcə də Kanada ilə sıx əlaqədə olacaq.

Xabarovsk vilayətinin cənubu isə Çinə birləşdiriləcək. Zabaykalye də Çinin ərazisi olacaq. Primorski vilayəti  müstəqil olacaq ki, bu ərazilərdə Yaponiya və Amerikanın təsiri böyük olacaq. Bu iki ölkə Primorskinin müstəqillyinin qarantı hesab ediləcək. Ölkənin əhalisi pul qazanmaq üçün Yaponiya, Alyaska və Kanadaya gedəcək.

Buryatiyada əhalinin 30 faizi burtaylar, 65 faizi isə ruslardır. Buryatiyanın da Çinə birləşdirilməsi ehtimalı var. Altayın əhalisinin bir hissəsinin monqollara yaxın olduğu bildirilir ki, 2018-ci ildə bu əhalini sayı 38 faizə yaxınlaşacaq. Əgər bu ölkə müstəqillik əldə etsə belə çox keçmədən Monqolustan və ya Çinin təsiri altına düşəcək.

Krasnoyarsk İkrutskla birləşəcək və paytaxtı Krosnoyarks olan Xalq Respublikası kimi tanınacaq.

Saxalin və Kuril adaları Yaponiyaya qaytarılacaq. Omsk vilayəti Novosibirsk, Tomsk və Kemerovsk ilə birləşdiriləcək. Omsk vilayətinin bir hissəsi Qazaxıstana veriləcək.

530 min əhalisinin ancaq 12 faizini xakasların təşkil etdiyi Xakasiya Krosnoyarsk Xalq Respublikasına birləşdiriləcək.


Amur vilayəti Çinə veriləcək. Əhalisinin əksəriyyəti rus olan Altay vilayəti də müstəqilliyə imza atacaq.

2020-2025-ci illərdə Rusiyanın dağılması prosesi davam edəcək. Bu mərhələdə ilk ayrılan Çuvaşıstan olacaq. Mari-El Respublikası və Mordoviya Çuvaşıstana birləşdiriləcək. Kareliya Finlandiyaya qaytarılacaq və əhali həyat səviyyəsini yaxşılaşdıracaq.

4 milyon əhalinin yaşadığı Tatarıstanda əhalinin 50 fazini tatarlar rtışkil edir. Tatarıstana dotasiyalar kəsildikdən sonra müstəqil islam respublikası olacaq və Türkiyə ilə dostluq edəcək. Türkiyə bütün türkdilli ölkələrin müstəqilliyini müdafiə edəcək. Ulyanovsk vilayətində də çox sayda tatar var. Bu ərazinin də Tatarıstana briləşdirilməsi gözlənilir.

Başqırdıstanda 2010-cu il əhalinin siyahıya alınmasının nəticəsinə görə, ruslar 36 fazi, başqırdlar 29,5 faiz, tatarlar 25,4 faizdir. Burdakı vəziyyət də Tatarıstanla eyni olacaq. Ancaq dotasiyanın kəsilməsi əhalidə millətçilik əhval-ruhiyyəsini artıracaq.

Başqırdıstan 2021-ci ildə Rusiyadan ayrılacaq. Başqırdıstanın Tatarıstanla birləşərək islam dövləti yaratması mümkün olacaq.

Əhalisi 2,6 milyon nəfər olan Perm vilayətidə Rusiyadan ayrılacaq. Penzanın bir hissəsi Mordoviyaya, digər hissəsi isə Çuvaşıstana veriləcək. 1,5 milyon əhalisi olan Udmurtiya da müstəqilliyə imza atacaq. Krosnodar vilayəti Ukraynaya birləşdiriləcək.

Krım Ukraynaya qaytarılacaq. Hər şey adi qaydada baş verəcək, təkcə bayraq dəyişdirləcək.

Sevastopolda NATO bazası yaradılacaq. Türkiyə və İsrail burda öz layihələrini həyata keçirmək üçün imkan əldə edəcək.

Krım Ukraynanın tərkibində ikinci Honq-Konq olacaq. “Ölü şəhərlər” canlanacaq, əhalinin həyat səviyyəsi yüksələcək.

Astraxan vilayəti Qazaxıstana birləşdirləcək.

3,5 milyon əhalisi olan Çelyabinsk vilayəti müstəqil olacaq.

Samara vilayəti Orenburqa birləşdiriləcək və müstəqil olacaq.

Kalmıkiyada əsas əhali kalmıklardır və onlar dini əqidəsinə görə Dağıstanla birləşə bilməyəcək. Kalmıklar müsəlman deyil və buddizmə itaət edirlər. Müstəqilliklə yanaşı bu ərazinin Rusiyanın tərkibində qalmaq ehtimalı da var. Stavropol da müstəqil olacaq.

Kalininqrad ən çox bəxti gətirən bölgə olacaq. Onlar Avropa hesab ediləcəklər. Kalininqarddakı almanlar öz vətənlərinə qayıdacaqlar. Paytaxat Kenisberq olacaq.

Murmansk vilayəti Norveçin bir hissəsi olacaq. Eləcə də Arxangelsk vilayəti müstəqil dövlətə çevriləcək. Sankt-Peterburqda İnqermanlandk Xalq Respublikası yaradılacaq və orda NATO bazaları yerləşdiriləcək.

Peterburq “rejimin qurbanı” statusu alacaq və Rusiyadan fəqli xarici siyasət imtiyazı əldə edəcək. Leninqrad, Kirovsk, İvanovsk, Kemerovsk, Smolensk, Bryansk, Kursk, Belqorod, Moskva, Tambov, Tulsk, Yaroslavl, Saratov 2025-ci ildə də Rusiyanın tərkibində qalacaq.

Ukrayna və ABŞ-ın qoşunları Belarusa daxil olacaq və hakimiyyət demokratikləşəcək. Ukrayna qoşunları həmçinin Rusiyanın bəzi bölgələrinə də daxil olacaq.

Rusiyanın cəmi 70 milyon əhalisi qalacaq. Ərazisi isə indiki ərazisinin ancaq 16 faizini təşkil edəcək. Rusiya artıq dünyanın nəhəng dövləti olmayacaq. Ərazisi Qazaxıstandan da az olacaq. Vəziyyət elə həddə çatacaq ki, ölkə əhalisi Ukraynaya köş etməyi qənimət hesab edəcək. Ukrayna ilə Rusiya arasında bir zamanların Almaniyasındakı kimi divar çəkiləcək və bu divarı aşaraq Avropaya, şengen zonasına daxil olmaq ölkədəki olub-qalan rusların ən böyük arzusuna çevriləcək.

Cebhe.info

31 Ekim 2015 Cumartesi

Rac Kapur Azərbaycanda - Bakıda

RAC KAPUR NƏİNKİ HİNDİSTANDA, ELƏCƏ DƏ DÜNYADA ŞÖHRƏT QAZANMIŞ ƏN SEVİMLİ KİNO XADİMİDİR. RAC KAPURUN VƏ ONUNLA BİRLİKDƏ FİLM ÇƏKİLİŞLƏRİNDƏ FƏAL İŞTİRAK EDƏN SƏNƏTÇİLƏRİN AZƏRBAYCANA GƏLİŞİNƏ HƏSR EDİLMİŞ BU FİLMİ GÖRƏNDƏ SEVİNDİM. AXI RAC KAPURUN ÇƏKDİYİ FİLMLƏR 60 - CI, 70 - Cİ İLLƏRDƏ BİZ YAŞDA OLAN İNSANLARIN TƏRBİYƏSİNDƏ ÇOX MÜHÜM ROL OYNAMIŞDIR. BUNA GÖRƏ FİLMİ MƏHƏBBƏTLƏ ÖZÜMÜN FİLMLƏR KATALOQUMA ƏLAVƏ ETDİM.