Translate

30 Ağustos 2013 Cuma

HƏMİŞƏ BELƏ, MEHRİBAN OLUN !


ALLAH SİZİ MƏNƏ ÇOX GÖRMƏSİN. BAX, HƏMİŞƏ BELƏ, MEHRİBAN OLUN ! ULU BABALARINIZIN VƏ NƏNƏLƏRİNİZİN ƏNƏNƏLƏRİNƏ HƏMİŞƏ SADİQ OLUN VƏ ONLARIN RUHLARINI DAİM ŞAD EDİN !

21 Ağustos 2013 Çarşamba

“Qarabağın pulla geri alınması variantı indi də realdır”


Elxan Şahinoğlu: “Fikrimcə, rəsmi Bakı bu variantdan vaz keçib və silah almağa üstünlük verir”

Azərbaycan hakimiyyətinin pul müqabilində Qarabağı işğaldan azad etməsi planları ilə bağlı daha əvvəl yazmışıq. Məsələ ondadır ki, son dövrlərdə bu məsələ yenidən gündəmə gəlib. Bu, böyük məbləğdə pulun qarşılığında problemin həllində əsas tərəflərdən olan ölkələri, o cümlədən Ermənistan hökuməti, erməni lobbisini uzunmüddətli sülh planına razı salmaqdan, ardınca Qarabağa böyük yatırımlar qoymaq şərtilə münaqişənin həllinə nail olmaqdan ibarətdir.
Azərbaycan hökumət rəsmiləri Qarabağa böyük yatırım qoyulması ilə bağlı planlardan dəfələrlə bəhs ediblər. Bəs hazırda bu imkanlar nə qədər realdır? Azərbaycan üçün bu variant cəlbediciliyini qoruyub saxlayırmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikrincə, Qarabağı erməni separatçılarının əlindən pulla almaq üçün birinci növbədə İrəvanın baş ağası - Kremllə sövdələşmək lazımdır. Ekspertin sözlərinə görə, ermənilər istəsələr belə, bu cür məsələdə təkbaşına qərar verə bilməyəcəklər: “Bu günə qədər İrəvana dolayı yollarla oxşar təkliflər edilib, bunlar nəticə verməyib. Götürək Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanı. O, 1990-cı illərin ortalarında Azərbaycanla sülh sazişi imzalamağa yaxın idi. Çünki həm Qarabağın iqtisadi və sosial yükündən qurtulmaq istəyirdi, həm də Azərbaycanla sülhə nail olub əməkdaşlıqdan Ermənistanın qazanclı çıxmasını istəyirdi. Ter-Petrosyanla sülh imzalamağa nail olunsaydı, bu gün Bakı-Tiflis-Ceyhan boru xətti Ermənistandan keçər və Bakı-İrəvan-Ceyhan boru xətti adlanardı və Gürcüstanın illərdir boru xəttindən və digər layihələrdən əldə etdiyi qazancları Ermənistan əldə edərdi. 1996-cı ildə sülh sazişi imzalansaydı, ötən 17 ildə Ermənistanın həm Bakı-Tiflis-Ceyhan, həm də digər layihələrdən qazancı milyardlarla dolları aşardı. Halbuki hazırda İrəvan hansısa ölkə və ya beynəlxalq maliyyə təşkilatından yüz milyon dollar kredit əldə etmək üçün az qala yalvarır və heç kim, o cümlədən müttəfiqi Rusiya ona bu maliyyəni vermir”.
Elxan Şahinoğlunun fikrincə, Levon Ter-Petrosyana sülh imzalamağa və Qarabağı faktiki Bakıya pulla satmağa Kreml və onun İrəvandakı əlalatıları imkan verməyiblər. Ekspertin sözlərinə görə, o zaman bu hadisə ilə Qarabağı pulla almağın yolları qapanıb. Ancaq E.Şahinoğlu deyir ki, indi yenə də “pul qarşılığında torpaq” konsepsiyası mümkündür: “Kremlin o zamankı əlaltıları indi Ermənistanda hakimiyyətdədir və özlərinin bu gün yardıma ehtiyacları var. Başqa sözlə, Levon Ter-Petrosyanın dediyinə gəlib çıxdılar. Levon Ter-Petrosyan deyirdi ki, indi sülh sazişi imzalamasaq, sonrakı illərdə daha ağır şərtlər altında imzalamaq məcburiyyətində qala bilərik. Doğrudur, İrəvan hələ heç bir saziş imzalamayıb, ancaq iqtisadi vəziyyəti 1996-cı ildəkindən daha ağırdır. İrəvana sonrakı illərdə də rəsmi və qeyri-rəsmi kanallarla eyni təklif edildi, yəni işğaldan əl çəkin, siz də bölgədəki enerji və digər əməkdaşlıqdan qazanc əldə edərsiniz. Bunu İrəvanın diqqətinə daha çox Ankara çatdırırdı. Türkiyə rəsmiləri bu günə qədər açıq söyləyirlər ki, Ermənistan Qarabağdan qoşunlarını çıxarmağa razılaşsa, İrəvan Azərbaycan və Türkiyənin iştirakçısı olduğu regional layihələrə qoşula bilər. Ancaq keçmişdə olduğu kimi, söz sahibi İrəvan olmadığı kimi Bakı və Ankaranın mesajlarına birbaşa cavab verilmir. Halbuki Ermənistandan yan keçən bütün regional layihələr İrəvanı qıcıqlandırır, Gürcüstanı isə varlandırır. Təsadüfi deyil ki, Mixail Saakaşvili son illərdə dövlət işçilərinin maaşlarını dəfələrlə qaldırdığı halda, eyni addımı onun erməni həmkarı Serj Sərkisyan ata bilmir, çünki maliyyə resursları yoxdur”. 
Ancaq həmsöhbətimiz deyir ki, indi Bakı bu varianta o qədər də isti yanaşmır. E.Şahinoğluna görə, indi rəsmi Bakı daha çox güc istiqamətinə meylli kimi görünür: “Fikrimcə, artıq rəsmi Bakı Qarabağı pulla almaq planlarından vaz keçib. Əksinə, Azərbaycan hakimiyyəti silah alışına milyardlarla dollar xərcləyir ki, bu yarışa Ermənistan da qoşulmağa məcbur olsun. Bu yarışın tədricən Ermənistanı taqətdən salacağı düşünülür. Digər tərəfdən, rəsmi Bakı Ermənistanın boşalması tendensiyası tendensiyasını müşahidə edir ki, bunu da İrəvanı taqətdən salan element kimi qiymətləndirirlər. Bir sözlə, bu gün Bakı Qarabağı pulla almağın və ermənilərə milyardlar vəd etməyin yerinə, bu işi pulsuz görməyin ümidi ilə yaşayır. Ancaq bu siyasət də hələ ki uğur gətirmir. Çünki Ermənistan nə qədər taqətdən düşüb, iqtisadiyyatını və sosial sahəsini bərbad günə sürükləsə də, Kreml İrəvanı ən azı Qarabağı işğalda saxlamağa yardımçı olacaq”.

KƏNAN

19 Ağustos 2013 Pazartesi

AZƏRBAYCAN MƏTBUAT ŞURASI


Mətbuat Şurası peşə fəaliyyətini yerinə yetirəcək jurnalistlərin icazəli və ya icazəsizliyindən asılı olmayaraq, bütün aksiyalara üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə gəlməyi tövsiyə edir. Jurnalistlər prosesi işıqlandırarkən hər hansı maneə ilə üzləşdikləri halda bu barədə həm Şuranın monitorinq qrupunun üzvlərinə, həm də “qaynar xətt”inə məlumat verə bilərlər.

7 Ağustos 2013 Çarşamba

Naxçıvanda Türkiyə hərbi bazası qurulması xəbərinə müxtəlif reaksiyalar


İqbal Ağazadə: “Naxçıvan kimi həssas bir bölgədə xarici ölkənin bazasının qurulması inandırıcı deyil”
Azad İsazadə: “Bölgənin təhlükəsizliyi baxımından Türkiyə hərbi birləşməsinin yerləşməsini ciddi addım kimi qəbul edə bilərik”
Elxan Şahinoğlu: “Muxtar respublikada Türkiyənin hərbi bazasının yerləşdirilməsi ABŞ və NATO-nun da maraqlarına uyğundur”

Naxçıvanda NATO hərbi bazası yaradıla bilər. Bu barədə “Yeni Müsavat”ın 7 avqust sayında dərc olunan yazıda qeyd olunur. 

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin Vaşinqtona səfəri zamanı bu məsələ müzakirə olunacaq. Sitat: “Naxçıvanın müdafiəsi məqsədilə Muxtar respublikanın Türkiyənin himayəsinə verilməsi məsələsi gündəmdədir.

Şübhəsiz ki, bu, Amerikanın xeyir-duası ilə olan məsələdir. Ola bilsin, gələn il Naxçıvanda Türkiyənin Naxçıvanda hərbi bazasının yaradılması, yaxud hərbi nümayəndəliyinin açılması barədə qərar verilsin. Türkiyə Naxçıvana gəlirsə, demək, NATO gəlir. Bu yaxınlarda Türkiyə və Azərbaycanın 12 gün ərzində birgə hərbi təlimlər keçirməsi də adi məsələ deyildi”. 
Qeyd edək ki, Azərbaycan ərazilərində NATO və ya Türkiyə hərbi bazasının yerləşdirilməsi təklifləri daha əvvəl də səsləndirilib. Həm Türkiyədə, həm də Azərbaycanda bu planın tərəfdarları var. Ancaq bir sıra amillər, o cümlədən Rusiya və İranın buna qarşı olacağı və verəcəkləri təpkilər bu planı xeyli dərəcədə riskli edir.
Ümid Partiyasının sədri İqbal Ağazadə indiki şəraitdə Naxçıvanda Türkiyə bazasının yerləşdirilməsini real saymır. Partiya sədri Rusiyanın buna imkan verməyəcəyini düşünür: “Naxçıvanda NATO hərbi bazasının yerləşdirilməsi məlumatının real olacağına inanmıram. Hətta Azərbaycanın digər ərazilərində olması faktını qəbul edərəm, amma Naxçıvan kimi həssas bir bölgədə xarici ölkənin bazasının qurulması inandırıcı deyil. Rusiya buna razı olmaz. Üstəlik, ortada Qars müqaviləsi var. Ona görə də güman edirəm ki, bu, daha çox blefə oxşayır. Desəydilər ki, Azərbaycanın digər bölgələrində, Bakıda yerləşəcək, daha inandırıcı olardı. Düşünürəm ki, indiki şəraitdə bu, aktual və inandırıcı görünmür”.
Hərbi ekspert Azad İsazadə isə prinsip etibarilə bunu mümkün saysa da, ortada baza yerləşdirilməsi ilə bağlı hələ ki hansısa fəaliyyətin olmadığına diqqət çəkir. Ekspert deyir ki, hüquq tərəfdən Azərbaycan ərazisində hansısa xarici dövlətin hərbi bazasını yerləşdirmək üçün ilk növbədə dövlətlərarası saziş imzalanmalıdır və bu sazişi parlament təsdiq eləməlidir. A.İsazadə hazırda belə bir fəaliyyətin olmadığını deyir: “Konstitusiyaya görə belədir ki, hərbi baza statusu, yaxud başqa formada hərbi mövcudluq rəsmi olaraq təsdiqlənməlidir. Ancaq hazırda nə Türkiyə-Azərbaycan arasında, nə də Azərbaycan-NATO arasında heç bir danışıq getmir. Getsə də bu, ancaq məsləhətləşmə səviyyəsindədir”. 
İkinci tərəfdən, ekspert Rusiya amilinin böyük maneə olaraq qaldığını düşünür: “Əgər Azərbaycan belə bir addım atsa, Rusiya buna həddən artıq ağrılı reaksiya verəcək. Amma bu o demək deyil ki, biz bunu etməməliyik. Ancaq bəri başdan nəzərə almaq lazımdır ki, Rusiyanın reaksiyası heç də müsbət və yumşaq olmayacaq. Nəzərə alsaq ki, hazırda prezident seçkiləri dövrünü yaşayırıq, bu ərəfədə belə bir addım atmaq düşünürəm ki, bir balaca tez olar. Amma ümumiyyətlə, təhlükəsizlik baxımından hesab eləmək lazımdır ki, axırıncı bu il ərzində 3 dəfə Ermənistanda siyasətçilər yarı rəsmi şəkildə Naxçıvan problemi səsləndirilibsə, bu bölgənin təhlükəsizliyi baxımından Türkiyə hərbi birləşməsinin yerləşməsini ciddi addım kimi qəbul edə bilərik”. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsinin Azərbaycana hava-su kimi lazım olduğunu düşünür. Ekspert bunun bir sıra səbəblərini qeyd edir. E.Şahinoğlu deyir ki, Moskva və Tehranı Bakının Vaşinqtonla sıx hərbi əməkdaşlığı narahat edir. Onun fikrincə, Rusiya və İran sərhəddə təlimlər vasitəsilə daim Azərbaycanı təhdid altında saxlamağı düşünürlər ki, bu yolla Bakını Vaşinqton, Tel-Əviv və Ankarayla hərbi əməkdaşlıq üçbucağından qopa bilsinlər: “Azərbaycanın enerji resurslarını Rusiya və İrandan yan keçirməklə Türkiyə üzərindən Qərb bazarına, o cümlədən İsrailə ötürməsi də qonşularımızı ciddi narahat edir. Odur ki, ABŞ və NATO-nun Azərbaycanı Rusiya və İran təhdidindən qorumaq kimi məsuliyyəti var. İkinci bir məqam Dağlıq Qarabağdır. Bölgədə müharibə ehtimalı azalmayıb. Aydındır ki, ötən dəfə olduğu kimi növbədə toqquşmada da Azərbaycan yalnız Ermənistanla deyil, Ermənistan + Rusiya tandemi ilə üz-üzə qalacaq. Azərbaycan Qarabağ uğrunda ehtimal edilən savaşa qatılarkən, qarşı tərəf Naxçıvanın təhlükəsizliyinə problem yarada bilər. Bu baxımdan, Naxçıvanın qorunmasının yolu Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirilməsindən keçir”.
E.Şahinoğlu deyir ki, bu plan gerçəkləşərsə, Naxçıvan üçün daha ciddi bir qarantiya əldə oluna bilər. Ekspertin fikrincə, hüquqi baxımdan Rusiya bu plana etiraz edə bilməz: “Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsinə kimsə etiraz edə bilməz. Birincisi, Türkiyə 1921-ci il Qars müqaviləsinə görə Naxçıvanın təhlükəsizliyinə görə məsuliyyət daşıyır. İkincisi, Rusiyanın Ermənistanda hərbi bazası varkən, Kreml Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirilməsinin əleyhinə necə çıxa bilər? Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi ABŞ və NATO-nun da maraqlarına uyğundur. Azərbaycana hər hansı təhdid Qərbin maraqlarına ziddir. Ancaq Qərb Rusiya ilə toqquşmasın deyə birbaşa Azərbaycanda hərbi varlığını rəsmiləşdirə bilmir. Bunu Azərbaycana qardaş və strateji müttəfiq olan Türkiyə vasitəsilə həyata keçirə bilər. Öz növbəsində Türkiyə də Naxçıvanda hərbi baza yerləşdirməklə Cənubi Qafqazdakı statusunu artırmış olacaq. Önəmli olan Ankara-Bakı duetinin bu istiqamətdə ciddi addımlar atmasıdır. Çünki elə olmasın ki, Bakı Ankaradan hərbi dəstək istəyərkən, siyasi və iqtisadi əlaqələrdəki problemləri həll etməmiş saxlayacaq. Bakının Ankara ilə hərbi əməkdaşlığı genişləndirməyə ehtiyacı varsa, digər istiqamətləri də mütləq mənada inkişaf etdirməlidir”.

4 Ağustos 2013 Pazar

RUSİYANIN CƏNUBİ QAFQAZDA PLANI NƏDİR?


Ermənistanda anti-Rusiya əhvalı güclənməkdədir. Son vaxtlar yerli mətbuatda da Rusiyanın bu ölkəyə qarşı siyasəti tənqid hədəfinə çevrilib. Bir müddət əvvəl isə Rusiyanın Ermənistana satdığı qazın qiymətinin artırılması ilə bağlı etirazlar oldu. Hətta hakim partiyanın rəhbərlərindən biri gözlənilmədən Rusiyanın ünvanına kəskin ifadələr işlədərək Moskvanın asanlıqla Ermənistanda vəziyyəti qarışdıra biləcəyini dedi.

Rusiyanın Ermənistana münasibətinin dəyişdiyini iddia edən erməni mətbuatı bunu ölkənin Avropa Birliyi ilə həm azad ticarət haqqında saziş, həm də Şərq Tərəfdaşlığı proqramı çərçivəsinlə müqavilə imzalamaq niyyəti ilə izah edir.

Bu arada Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Azərbaycanda çevriliş hazırlamağı planlaşdırdığını deyib.

Bəs Rusiyanın Cənub Qafqazla bağlı hansı planları var və Moskva regionda siyasətini dəyişə bilərmi?

Politoloq Vəfa Quluzadə hələlik Rusiyanın Ermənistana və Azərbaycana münasibətinin dəyişmədiyini deyir. 

Çünki Moskva Cənubi Qafqaza nəzarəti itirmək fikrində deyil. Ona görə də Ermənistanla hərbi əlaqələrini və bu ölkəyə nəzarəti saxlayacaq. Eyni zamanda Azərbaycanda seçkiqabağı vəziyyətdən istifadə edib müəyyən imtiyazlara nail olmağa cəhd edəcək.

Saakaşvilinin bəyanatına gəldikdə isə ekspert artıq hakimiyyətdən getməyə hazırlaşan Gürcüstan prezidentinin şəxsi maraqlarından çıxış etdiyini bildirdi. Ekspert hesab edir ki, yaxın zamanlarda Azərbaycana səfər edəcək Rusiya prezidenti Putinin etirazla qarşılanması məqsədəuyğun olardı: "Azərbaycanda yaxşı vətəndaş cəmiyyəti mövcud olsaydı, Putin Amerika prezidentlərinin bir çox Latın Amerikası ölkələrində qarşılandığı kimi qarşılanardı. Çünki erməniləri silahlandıran, ermənilərin əli ilə Azərbaycan torpaqlarını işğal edən Rusiyadır. Heç olmasa Qarabağ icması Putini etirazla qarşılamalıdır”.

Ekspert 1998-ci ildə atılan oxşar addımı da xatırlatdı: "Həmin vaxt Rusiya Ermənistana bir milyon dollarlıq silah ötürmüşdü. Mən dövlət müşaviri və təhlükəsizlik şurasının üzvü kimi diplomatik korpusla məşğul olurdum. Qərara gəldim ki, Rusiya səfirliyinin qarşısında izdihamlı mitinq keçirim. 10-15 şüar hazırlayıb o zamankı mer Rafael Allahverdiyevə bu barədə göstəriş verdim. Ancaq o Heydər Əliyevin tapşırığı olmadan bunu edə bilməyəcəyini dedi. Gülhanədə müalicədə olan Heydər Əliyevlə danışdım. O da təhlükəsizlik şurasının toplantısını çağırmağı tapşırdı və oradan bu işləri görməyi tapşırıq verdi. Rusiya səfirliyinin qarşısında böyük mitinq keçirdim. Səfir Bloxin səhər yuxudan ayılanda dəhşətə gəldi. Dedi bilirəm bunu Quluzadə təşkil edib. Səfir Xarici Işlər Nazirliyindən tapşırıq almadan addım ata bilməzdi. Şənbə günü olduğundan Moskvadan tapşırıq alana qədər xeyli vaxt keçdi, aksiya bir saat davam etdi. Sonra Moskvadan icazə verdilər ki, səfirlik bəyannaməni aldı. Onda bu mitinqi müxalifətlə iqtidarın bir yerdə keçirməsini istəyirdim. Ancaq razılıq olmadı ki, müxalifət bunu öz adına çıxara bilər. Bu Rusiya səfirliyi qarşısında MDB tarixində yeganə izdihamlı mitinq idi. Indi Putin Azərbaycana gəlir. Dağlıq Qarabağ Rusiyanın köməyi ilə işğal altındadır. Ona münasibət bildirmək lazımdır. Ancaq hamı, müxalifət də, iqtidar da seçki barədə düşünür. Ümummilli məsələlər də var. Bu barədə də düşünmək lazımdır. Putinə belə münasibət sərgiləyib Dağlıq Qarabağın azad edilməsini tələb etmək üçün ən gözəl vaxtdır”.

Etatist.com

3 Ağustos 2013 Cumartesi

“O torpaqlara “Qərbi Azərbaycan” deyilməsinin tərəfdarı deyiləm”



“Azərbaycan deyəndə insanların dodağı çatlayırdı”
“İndi ancaq kosmosdan çəkilən xəritədə baxıram kəndimizə” 
“Kəndimizdə cəmi 8 erməni ailəsi yaşayır”

Publika.Az-ın “Könlüm keçir” layihəsinin növbəti qonağı Qərbi Azərbaycanın Çaxmaq kəndində doğulub böyüyən jurnalist, ermənişünas alim Qafar Çaxmaqlıdır.

Çaxmaq kəndi

“Mən Qərbi Azərbaycanın ən ucqar bir kəndində Çaxmaq kəndində doğulmuşam. Bizim kəndi Türkiyə sərhəddindən  100 metrlik bir məsafə ayırırdı. Ona görə də bizim məişətimizdə, adətlərimizdə türk ruhu vardı. Qars şəhəri bizə çox yaxın şəhərlərdən olub. Hətta böyüklərimiz  danışırdılar ki, biz bazarlığa Qarsa gedərdik. Bakı bizə çox uzaq, əlçatmaz idi. Çaxmaqda Azərbaycan deyəndə insanların dodağı çatlayırdı. Çox uzaq idi. Bizim kəndlə Bakınını arası 750 kilometr idi, amma Qarsla 40 kilometr. 

Bizim kökümüz əslən Qarsdandır. 1918- ci ildə ermənilərin Qarsda törətdiyi qırğından sonra bizimkilər gəlib Çaxmaq kəndində məskunlaşıblar. Kəndin adının Çaxmaq olması onunla bağlıdı ki, bizim kənddə çoxlu çaxmaq daşı var. O qədər çox idi ki, gəzdiyin hər yerdə qarşına çıxardı. Yadıma gəlir, uşaqlıqda dağa çıxanda yolumuzdakı otları çaxmaq daşıyla yandırardıq. Mənim üçün o kənd çox müqəddəs kənddir. Həmişə yuxumda da o kəndi, dağı, çayı o vaxtkı insanları görürəm. Baxmayaraq ki, indi biz o kəndi itirmişik, amma ruhum o yerləri tərk etməyib. Nə vaxtsa inanıram ki, biz oralara qayıdacağıq. Bizim kəndə yaxın olan Qarsın Ak Yaka  ilçəsi var. Orda nənəmin doğulduğu İbiş kəndinə gedirəm ara-sıra. Orada Çaxmaq kəndindən də adamlar yaşayır. Bir az o insanlardan kəndimizin qoxusunu ala bilirəm”.

Cənubi Qafqaz Respublikası

“Bilirsiniz ki, Qars əvvəllər Azərbaycan şəhəri olub. Anadoluda babalarımız 1919- cu ildə Cənubi Qafqaz Respublikasını ilk elan edənlərdən olublar. Bu fakt Azərbaycanda bir o qədər də bilinmir.  Həmin Respublika  ikinci Azərbaycan Cümhuriyyəti sayılırdı. Amma təssüf ki, Şimaldakı Cümhuriyyət kimi onun da ömrü çox uzun olmadı. Məmməd Əmin Rəsulzadənin yaratdığı Cümhuriyyət dövrünə təsadüf etsə də, fərqli bir coğrafiya olduğu üçün onların da öz xüsusiyyətləri olub.  Bu Respublikanın yaradılmasında əsas məqsəd ermənilərə qarşı bir dirəniş göstərmək olub. Cənubi Qafqaz Respublikasının özünün ordusu, məclisi, bayrağı, atributları olub. Gələcəkdə  Cənubi Qafqaz Respublikasının  necə yaranmasıyla bağlı kitab yazmaq fikrim var”. 
  
Ermənilər 60- cı illərdə köç etməyə başladılar

“Biz çox unutqan millətik. Yəqin ki, bu da bizim həddindən artıq humanist, bağışlayan  xalq olduğumuzdan irəli gəlir.  Bizim bölgədə ermənilər çox az yaşayırdı. Amasiyada əhalinin 95 faizi azərbaycanlı idi. Bizim kənddə dörd beş faiz erməni yaşayırdı. Onlar da 1918- ci ildə gətirilən ermənilər idi. Bizim kəndə sığınmışdılar, biz də onlara yer vermişdik. Özlərini çox mehriban göstərirdilər. Onlarla bizim  kəndin camatı arasında 1988- ci ilə qədər heç bir münaqişə olmayıb. Ermənilər  60- cı illərdə köç etməyə başladılar. Bizim kənddəki ermənilər də çıxıb getməyə başladılar. Bir erməni qadın qalmışdı, o da dükançı idi. Amma 1988- 1989-cu illərdə həmin köç edən ermənilər geri qayıtdılar və başladılar deməyə ki, buralar bizimdi,siz burdan çıxıb getməlisiniz. Əhaliyə qarşı zor tətbiq etdilər. Vaxtilə satıb getdikləri evlərə girib deyirdilər ki, bura mənim evimdi, çıxın gedin. Halbuki neçə il əvvəl o evləri satıblar.  Yəni erməni kəmfürsətçiliyi hər addımda özünü göstərirdi. O hadisələr zamanı bizim kənddə qalan 3- 5 faiz  ermənilər də 180 dərəcə dəyişdilər. Qardaş, kirvə deyən ermənilər başladılar bizimlə düşmənçilik etməyə.
  
Bizdə erməniylə ailən qurmaq söhbəti olmayıb. Erməni qızı hardasa alan ola bilərdi, amma azərbaycanlı qzını erməniyə getməsi ola bilməzdi”.

Bakıdan  gedən ermənilər oranı tərcih etmədilər

“Bizim kənd başqa kəndlərlə müqayisədə müasir kənd idi. Balaca kənd idi, cəmisi 40 ev vardı. Amma balaca olmasına baxmayaraq ziyalı gənclərin yetişməsi üçün çox yaxşı bir mühit vardı. Kənd mühitinə görə zəngin kitabxanası, modern bir klubu, yaxşı məktəbi vardı. Balaca olmağına  baxmayaraq hamamı vardı . Hər şeylə təmin olunmuş zəngin kənd idi, insanların ərzaq problemi demək olar ki, yox idi, insanlar çox rahat yaşayırdılar.  Baxmayaraq ki, ucqar yerdəydi, amma insanların yaxşı evləri vardı. İndi kosmosdan çəkilən xəritədə baxıram kəndimizə, o evlər indi də durur.

O yerləri 1998- ci ildə çəkənlər olub, orda indi cəmi 8 erməni ailəsi yaşayır. Azərbaycan yaşayan bölgələrdə məskunlaşma beş -on faizdir. Bakıdan  gedən ermənilər oranı tərcih etmədilər, çoxusu Rusiyaya üz tutdu. Ora gedənlərin bir çoxları da sonradan Ermənistanı tərk etdilər”. 
Xatirələr: “Məktəbə velosipedlərlə gedirdik”

“Bizim kəndlərdə özünəməxsus olan bir şey vardı. Uşaqlar, gənclər arasında oxumaq yarışı vardı. Yaxşı mənada paxıllıq,  rəqabət var idi. Mən orta məktəbi Güllübulaq kəndində oxumuşam. Bizim kənddən bir qədər uzaq olduğu üçün biz məktəbə velosipedlərlə gedirdik. Məktəbin həyətində velosipedləri saxlayıb dərsə gedərdik, həmin kəndin uşaqları velosipedlərimizi oğurlayırdılar. Biz çıxanda saatlarla velosipedlərimizi axtarırıdıq. 

Şübhəsiz ki, kənddə o dövrdə sovet hökümətinin qadağan etdiyi məscid yox idi. Ancaq insanlar bayram zamanları, Məhərrəmlik aylarında  ibadətlərindən qalmırdlar. Dinimizi unutmurduq”. 

“Biz o abidəyə əvvəllər yanlış olaraq kilsə deyirdik”

“Bizim kəndin ortasında böyük qayalıqlar vardı. Bəzən o qayalıqları cəhd edib qaldırmışdılar, altından qəbirlər çıxmışdı. Qəbirlərdə insan sümükləri ilə birlikdə, onun alətləri, heyvanının sümükləri çıxırdı. Bu da skiflərə xas olan bir adət idi. İnsan öləndə onun əşyalarını, atını, həyat yoldaşını da onunla birlikdə dəfn edirdilər. Bu da onu göstərir ki, o bölgələrdə ən qədim zamanlardan yaşayış olub. Biz o abidəyə əvvəllər yanlış olaraq Kilsə deyirdik. Amma o kilsə deyildi, Xristian dinindən də öncəyə aid bir abidə idi.  Mağaralar vardı kəndimizdə. Həmin mağaralarda ən qədim vaxtlarda yağ istehsal edildiyinə dair nişanlar vardı. Südü sal qayalığın içində düzəldilən oyuqlara töküb orda yağ  hazırlayırmışlar.


“Ötkəm qadınlar kişiləri də idarə edirdilər”

“Bizim tərəflərin qadınları çox mərd, şücaətli olublar.  Qadınlarla kişilər eyni hüquqa malik idilər. Bəzi hallarda ötkəm qadınlar kişiləri də idarə edirdilər.  Analarımız abır-həya əlaməti olaraq  başlarından örpəyi açmazdılar.  Mənim bibimin başında dingə vardı. Dingə taca bənzər bir baş geyimi idi, ətəklərində də pullar. O, ölənə qədər onu başından çıxartmadı  
“Kəndimizdə çox yaxşı idman ənənəsi var idi”

“İnsanların  bir- birinə sayğısı, sevgisi  yüksək idi.  O vaxt universitetin jurnalistika fakültəsi əlçatmaz fakültələrdən hesab olunurdu. Yadıma gəlir, mən jurnalisitka fakültəsinə qəbul olanda kənddə hamı bayram etmişdi. Kəndimizdə çox yaxşı idman ənənəsi var idi. Bizim kəndin gəncləri  yaxşı futbol oynayırdılar, qonşu kəndləri həmişə məğlub edirdik. Tətil vaxtı kəndə gedəndə hamı siyahı yazırdı, məni bir -bir qonaq çağırırdılar”.

Qərbi Azərbaycan Ostandarlığı

“Əslində mən o torpaqlara Qərbi Azərbaycan  deyilməsinin tərəfdarı deyiləm. Bəlkə də çoxları bilmir bunu, amma  Qərbi Azərbaycan bir başqa yerdir.  İndi Cənubi Azərbaycan dediyimiz yerdə bir Qərbi Azərbaycan Ostandarlığı var. Əgər Beynəlxalq  miqyasda biz desək ki, Qərbi Azərbaycanlıyıq onlar həmin Qərbi Azərbaycanı düşünəcəklər”. 

“Bizim məclislərdə türk mahnıları oxunardı”  

“Amma bilirsiniz ki, Sovet dövründə Türkiyə ilə ara açıq olmadığı üçün Azərbaycanın şimal tərəfində Türkiyə haqqında camaat o qədər geniş məlumata sahib deyildi.  Ancaq o vaxt bizim məclislərdə türk mahnıları oxunardı.  Camaat  türk müğənnilərini yaxşı tanıyırdılar, mahnılarını əzbər bilirdilər.  Amasiya rayonunun çox zəngin adət-ənənələri var. Bizim kəndin özünəməxsus bir Azərbaycan mədəniyyəti var idi. Hətta Türkiyədən gəlib adət-ənənələrimizi çəkiblər dəfələrlə. Bununla bağlı kitablar yazılıb.  

Bu mədəniyyət 1980- ci ildən sonra bir az aşındı, o adətləri yaşatmadılar.  Bu gün bəzi tədqiqatçılar o folklorları kitablaşdırmağa çalışırlar, amma artıq bu ənənənin özü olmur, tarix olur".  

“Özümü təhqir olunmuş bir millətin övladı hesab edirəm”

"Biz o yerlərə qayıtmalıyıq, ayrı yol yoxdur. Mən həmişə özümü təhqir olunmuş bir millətin övladı hesab edirəm. Erməni dilini bildiyim üçün erməni mətbuatını oxuyuram və hər gün ermənilərin təhqir və aşğılamaları ilə qarşılaşıram. “Biz belə elədik, öz torpaqlarımızı belə xilas etdik”  demələri  məni incidir.  Bununla barışmaq mümkün deyil". 

Günel Musa

Foto: Nuron