Translate

7 Mayıs 2013 Salı

ŞUŞA : TƏSLİMƏ BİR GÜN QALIR



Şuşa həbsxanasındakı məhbusları son dəqiqədə azadlığa kim buraxdı?

Şuşanın işğalı ilə bağlı ANS-in silsilə süjetləri davam edir. 1992-ci il mayın 7-si tarixində baş verən bir məqama diqqəti çəkmək istəyirik. Həmin gün Ermənistan qoşun hissələri küçə döyüşlərinin ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdi. Amma sonradan şəhərin boş olduğuna əmin olan Ermənistanın hərbi qüvvələri iki gün sonra Şuşa şəhəri üzərində qələbələrini bayram etməyə başlamışdılar. 

Şuşanı müdafiə edən üç tankçıdan biri Albert Aqarunov. Əlbəttə, onun işi müsahibə vermək deyildi, o müsahibə verməyi düşmənin dərsini vermək qədər mükəmməl bilmirdi. 

Mayın 8-i Şuşaya girən erməni tankını da Albert belə məhv edəcək, sonra özü də məhv olacaqdı. Amma hələ yaşamaq və döyüşmək üçün ixtiyarında 1 gün daha var. Hələ mayın 7-sidir. Ermənilər gecə saat ikiyə işləmiş artilleriya silahlarından atəş açmaqla hücuma keçəcəklər, bunu isə nə Albert bilir, nə də onun döyüşçü yoldaşları. Bunu heç ölkənin başında duran birinci şəxs də bilmir. Bilsəydi, ali baş komandan Yaqub Məmmədov mayın 7-si səhər saat 9-da Ter Petrosyanla görüş üçün İran prezidenti Rəfsəncaninin kabinetində olmazdı, səngərdə, ən pis halda əmr vermək üçün kabinetində olardı. Amma o, Rəfsəncaninin kabinetində düşmən tərəfi ilə danışıqlar aparır, atəşkəslə bağlı hansısa sənədə imza atır. Maraqlıdır ki, danışıqlar mayın 7-dən 8-nə keçən gecə də davam edib. Görünür, bu da Arkadi Ter Todevosyanın “Dağlarda toy əməliyyatı”nın tərkib hissəsi idi. Ermənistan prezidentini Azərbaycan prezidenti ilə üçüncü bir ölkədə danışıqlar stolu arxasında oturtmaqla meşə tülküsü öz ovunu tora salmağı bacarır. Danışıqlardan çox yox, cəmi üç saat sonra erməni tərəfi Şuşaya hücuma keçəcək. Bunun üçün artıq əngəllər də aradan qaldırılır. Hansısa mötəbər qonağın gəlişi adı altında Şuşa -Stepanakert yolu minadan təmizlənir. Ya da əvvəldən təmizləndiyi halda, ortaya belə bir şayiə buraxılır. 

Şuşa döyüşçüsü Azay Kərimov: “Mayın 7-si həmin minalanmış ərazi ilə Qırmızı Xaçın nümayəndəsi gəlib qayıtmışdı. Hələ Turşsuda onlara yemək-içmək də verilmişdi”.

1992-ci ilin mayında Şuşanın İcra başçısı Nizami Bəhmənov: “Şuşanın taleyi həmin o əmrlə bağlıdır. Məhkəmə prosesində Elbrus Orucov təsdiq elədi. Şahin Musayev tərəfdən əmr verilib, Rəhim Qazıyev tərəfdən təsdiq olunub”. 

Hər halda, mayın 7-si Şuşa təslimə tam hazır idi. 1 gün sonra Şuşanın bütün maddi-mənəvi sərvətləri ermənilərə qalacaq. Bəs Şuşa banklarına Şuşanın müdafiəsi üçün ayrılmış milyonlarla manat necə? Hansı ki, ANS-in əməkdaşları Şuşaya gedərkən o pulun üstündə, necə deyərlər, yatıb getmişdilər. 

Qarabağ müharibəsini lentə alan jurnalist Vahid Mustafayev: “Aprel ayında biz yolda bir maşın tutmuşduq. Bu yük maşını idi. Onun kuzasında Şuşaya getmişdik. Bu yük maşını ilə 15 milyon Şuşaya aparıldı. Biz bunu çəkmişik. Mən və Mirşahin bu pulun üstündə uzanıb Şuşaya girmişik. Yəni, fiziki olaraq bu pul vardı. Hansısa kağız üzərində avizo deyildi”. 

O pulların aqibəti necə oldu? Bəs Şuşa həbsxanasındakı bu məhbusların aqibəti necə? Onları son dəqiqədə azadlığa kim buraxdı? Bəs Şuşanın azadlığını itirməsinə neçə saat, neçə dəqiqə qalır? Bunu və başqa məqamları sabah - Şuşanın işğal günündə əhatə etməyə çalışacağıq. 

QARABAĞ MÜNAQİŞƏSİ HƏLL EDİLMƏYƏCƏK ?




İsveçrədə yerləşən analitik mərkəz sensasion bəyanatla çıxış edib

Dağlıq Qarabağ münaqişəsinin həll olmasına nə mane olur? ANS PRESS Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun Təhlükəsizlik və Beynəlxalq Əlaqələr Şəbəkəsinin hazırladığı analitik hesabatın bəzi hissələrini təqdim edir. 

Dağlıq Qarabağ münaqişəsinin mürəkkəbliyi regiondakı əsas oyunçuların güc siyasətinin xarakteri üzündən dərinləşir. Xarici oyuncular 3 qrupa bölünə bilər: 

1. Yaxşı imkanı olan, ancaq dəyişikliyi arzulamayanlar (Rusiya, ABŞ)
2. Dəyişikliklər etməyə hazır olan, ancaq yaxşı mövqeyə malik olmadığı üçün bunu edə bilməyənlər (Türkiyə, İran) 
3. Qarabağ münaqişəsinin həlli prosesinə tövhə vermək iqtidarında olmayanlar, meyilli olmayanlar (Avropa Birliyi, Gürcüstan).

Rusiya öz nüfuzundan münaqişənin əvvəlində istifadə edib və ATƏT-in Minsk qrupu çərçivəsində həmsədrlik prosesini inhisara alıb. 

Rusiyanın həmsədr kimi mövqeyi birbaşa münaqişəyə bağlılığı ( Ermənistanın təhlükəsiziliyini təmin edən, həm də aparıcı vasitəçi kimi) üzündən birmənalı sayıla bilməz. 

Ermənistanla sıx əməkdaşlıq Rusiyaya Türkiyə və İranla müqayisədə Cənubi Qafqazda stateji və iqtisadi dayaqlar verir. Öz güclü hərbi mövcudluğundan əlavə, Rusiya eləcə də Ermənistanın əsas infrastrukturunda fəal sərmayəçilərdəndir. Xüsusilə energetika, metallurgiya, telekommunikasiya və bank sektorunda. “Status-kvo”da istənilən dəyişiklik Rusiyanın təhlükəsizliyi və regiondakı starateji energi maraqları üçün üçün əlverişsizdir. 

Qarabağ münaqişəsinin həlli Rusiyanın regiondakı mövqeyini zəiflədəcək və Ermənistanın Azərbaycanla əməkdaşlıq etməsi üçün alternativ imkan yaradacaq. Bu yolla da Rusiyanın müəyyən sahədə, xüsusilə qaz nəqlində monopoliyasını dağıdacaq. 

ABŞ münaqişəyə ATƏT-in Minsk qrupunun həmsədri kimi cəlb edilib. Ancaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Rusiyadan fərqli olaraq çox məhdud nüfuza və maraqlara sahibdir. Azərbaycanla böyüyən iqtisadi əməkdaşlığa, habelə Ermənistanla yaxşı əlaqələrə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın ikinci dərəcəli maraqları siyahısındadır. 

Sovet İttifaqının dağılmasından sonra Türkiyə Qafqazda öz nüfuz dairəsini genişləndirir. O, Azərbaycan və Gürcüstanla iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində tərəfdaşlıq qurub. Ermənistanla isə Qarabağ münaqişəsinə cavab olaraq 1993-cü ildən sərhədlərini bağlayıb. 

Türkiyənin "erməni soyqırımı" məsələsi və Qarabağ münaqişəsi üzündən Ermənistanla tikanlı münasibəti Türkiyənin Cənubi Qafqazda dominant qüvvəyə çevrilməsi yolundakı maneədir. Buna görə, Türkiyə Minsk qrupu çərçivəsində həmsədr roluna israr edir. Onun hegemonluq cəhdlərini, Ermənistanla problemli münasibətlərini və Azərbaycanla sıx iqtisadi və hərbi əməkdaşlığını, münaqişə konteksində Azərbaycanın siyasətinə meyilli olmasını nəzərə alaraq Türkiyənin həmsədr kimi yaxşı mövqeyi olmadığını demək olar. 

İranın Ermənistanla get-gedə möhkəmlənən iqtisadi əlaqələrinə və əvvəllər vasitəçilik etmək cəhdlərinə baxmayaraq, bu ölkənin adıçəkilən münaqişə ilə bağlı nisbətən passiv mövqeyi olub. Tehran dəfələrlə münaqişənin həlli prosesində vasitəçi olmağa hazır olduğunu ifadə etsə də, bu, nəticəsiz qalıb. Onun Azərbaycan və ABŞ-la gərgin münasibəti, eyni zamanda Rusiyanın nüfuzu dairəsinə ehtiyatlı yanaşması İranın Dağlıq Qarabağ münaqişəsində vasitəşilik perspektivlərini məhdudlaşdırır. 

Avropa Birliyinin əvvəlki kimi münaqişənin nizamlanması istiqamətindəki cəhdləri marginal xarakter daşıyır. Avropa qonşuluq siyasəti fəaliyyət planına baxmayaraq, AB regiondakı sülh prosesdə yenə də passiv və fəaliyyətsizdir.

Gürcüstana gəldikdə isə, bu ölkə bilavasitə qonşu kimi münaqişənin həllinə kömək edə bilməz və bunu istəmir. Gürcüstan-Azərbaycan iqtisadi tərəfdaşlığı hər iki ölkənin öz ərazi bütövlüyü ilə bağlı narahatlığı və Rusiyanın Cənubi Qafqazdakı dominantlıq təhlükəsi üzündən möhkəmlənir. 

Ermənistanın regional layihələrdən kənarda qalması nəticəsində Gürcüstan nəinki enerji layihələrdən faydalanır, eləcə də özünü bir çox beynəlxalq təşəbbüslər üçün regional mərkəz kimi səciyyələndirir. 

Xarici oyunçular könülsüz, qabiliyyətsiz olsalar da, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı geosiyası kontekstə təsir etməkdə davam edir. Problemin mürəkkəbliyi, bu məsələdə oyunçuların mövqelərinin üst-üstə düşməməsi və regional güclərin geostrateji maraqları kimi amillərin birləşməsi Dağlıq Qarabağ münaqişəsini həlledilməz edir.

Kəmalə Məmmədova

6 Mayıs 2013 Pazartesi

İKİLİ STANDARTLAR VƏ QARABAĞ MÜNAQİŞƏSİ



Keçən həftə tez-tez müşahidə etdiyimiz hadisələrdən daha biri baş verdi. Söhbət demokratik dəyərləri və beynəlxalq hüququn “tərəfdarı” olan avropalı parlamentarilərin “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanla görüşməsindən gedir. Amma Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvləri ilə görüş Xankəndində deyil, qondarma qurumun İrəvandakı “nümayəndəliyi”ndə baş tutmuşdu. Nümayəndə heyəti sonradan Dağlıq Qarabağa da baş çəkib.

Dağlıq Qarabağla Cənubi Osetiya və Abxaziyanın fərqi nədir?

“Armtoday”ın yazdığına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi, regional proseslər və “DQR” ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivləri müzakirə edilib. B.Saakyan Avropa İttifaqı ilə münasibətlərin inkişafının, Avropanın müxtəlif qurumlarla, o cümlədən Avropa Parlamenti ilə əlaqələrin dərinləşdirilməsinin qondarma qurumun “xarici siyasəti”ndə əhəmiyyətli istiqamətlərdən biri olduğunu qeyd edib. Hər iki tərəf bu istiqamətdə iş aparmaq üçün zəruri imkanlardan yararlanmağın əhəmiyyətini vurğulayıb. “DQR” ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivləri”nın müzakirə edilməsi əslində seperatçıları dəstəkləmək anlamına gəlmirmi? Əlbəttə ki!

Adını demək olar ki, hər gün çəkdiyimiz Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Aİ, Avropa Şurası, İslam Konfransı Təşkilatı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bəyan edib. Dünyada sülh və sabitliyin qorunması üçün əsas qurum hesab olunan BMT-nin Təhlükəsizlik Şuranının dörd qətnaməsi münaqişədə kimin haqlı olduğunu açıq şəkildə ortaya qoyur. Üzlərini beynəlxalq hüququn “tərəfdarı” kimi təqdim edən avropalılar, ümumilikdə Qərb yaxşı yaxşı başa düşür ki, separatçılarla istənilən görüş onların dəstəklənməsi anlamına gəlir. Təasadüfi deyil ki, Dağlıq Qarabağdakı seperatçı rejim də bu kimi nümayəndə heyətlərinin işğal olunmuş bölgəyə səfərlərindən istifadə edir və “müstəqil ölkə” görüntüsünü yaratmağa çalşırlar.

Qonşumuz Gürcüstanın da torpağı işğal olunub. Dağlıq Qarabağdan fərqli olaraq Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən, həmçinin Moskvanın təzyiqi ilə bir neçə ölkə tərəfindən tanınıb. Təbii ki, dünya birliyi bu tanınmanı qəbul etmək istəmir. O da məlumdur ki, Dağlıq Qarabağ ilə Cənubi Osetiya və Abxaziyanın işğalına Qərbin münasibəti eyni deyil. Məsələ burasındadır ki, Abxaziya və Cənubi Osetiyaya Avropa Parlamentinin, yaxud da digər beynəlxalq təşkilatların üzvləri səfər etmir, seperatçıların rəhbərliyi ilə görüşmürlər. Yaxud da hansısa ölkə parlamentinin deputatları Dağlıq Qarabağdan fərqli olaraq Cənubi Osetiya və Abxaziya parlamentlərinin üzvləri ilə dostluq qrupu yaratmırlar. Elə isə Dağlıq Qarabağ münaqişəsi ilə Cənubi Osetiya və Abxaziya münaqişələri arasında hansı fərq var? Hər iki halda ortada işğal faktı var və işğalın arxasındakı ölkələr də məlumdur. Təbii ki, məsələ xristian təəssübkeşliyindədir.

Dağlıq Qarabağ münaqişəsində islamafobiya amili...

Yenə də Gürcüstan nümunəsində, eləcə də yaxın tarixin bir sıra hadisələrində bu məsələyə diqqət yetirmək istəyirik. Əminliklə söyləmək olar ki, Abxaziya və Cənubi Osetiya xristian ölkəsi olan Rusiya tərəfindən deyil, hansısa müsəlman ölkəsi tərəfindən işğal olunsaydı, Gürcüstanın ərazisi çoxdan işğaldan azad olunmuşdu. Gürcüstan məsələsində Rusiya amili ortada olduğundan məsələnin mahiyyəti bir qədər dəyişir. 1990-cı ildə Küveytin İraq tərəfindən işğalını yada salaq. 1991-ci ildə Bəsrə körfəzi müharibəsinin gedişində koalisiya qoşunları (NATO ordusu və Bəsrə körfəzi sahili dövlərlərin ordusu) tərəfindən İraq orduları məğlub edilir və Küveyt azad olunur. Təbii ki, hücum barədə BMT Təhlükəsizlik Şurası sanksiya vermişdi. NATO-ya qarşı qoyulacaq hər hansı bir iddia da yox idi. Çünki, ortada işğal faktı var idi və bu faktı aradan qaldırmaq lazım idi. Amma İraqın yerində Fransa, yaxud İngiltərə olsaydı, BMT-nin yenə də eyni qərarı verəcəyini gözləmək olardımı? İki il öncə isə Liviyaya hərbi müdaxilə barəsində BMT Təhlükəsizlik Şurasının qətnaməsi də saatlar sonra icra edilməyə başlanıldı. İndiki halda Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisi Ermənistan tərəfindən işğal olunubsa və işğal faktının aradan qaldırılmasını BMT Təhlükəszilik Şurası 4 qətnaməsi ilə tələb edirsə, qətnamələr niyə yetirilmir. Qərbdə inkarolunmaz bir xristian təəssübkeşliyi var və Dağlıq Qarabağ münaqişəsində də, xristian nümayəndə heyətlərinin Dağlıq Qarabağa səfərlərində də özünü göstərir.

İkili standartlar Qarabağ münaqişəsinin həllinə imkan vermir

Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə olan əsas amil kimi ikili standartların tətbiq olunduğu da rəsmi Bakı tərəfindən dilə gətirilib. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə beynəlxalq təşkilatları Qarabağ münaqişəsilə bağlı ikili standartlarla işləməkdə ittiham edib. Həmin çıxışlardan birini yada salaq:"BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar var. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir".

Təəssüf doğuran məqam odur ki, bəzi Qərb dövlətləri, xüsusilə, ATƏT-ə üzv olan dövlətlər, beynəlxalq təşkilatlar, elə həmsədr dövlətlər də son zamanlar iyirmi birinci əsrdə dünyada gedən prosesləri təhlil edərək bu münaqişəyə özlərinin qurub yaratdıqları beynəlxalq hüquq çərçivəsində yanaşırlar. Müxtəlif yollarla Ermənistan tərəfini dəstəkləmək, onunla müxtəlif gizli danışıqlar aparmaq, müxtəlif təkliflər vermək, müxtəlif nazirləri bir yerə yığıb protokollar imzalatmaq ümumi işə, yəni Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmir. Qərb çox yaxşı başa düşür ki, Ermənistan münaqişəyə görə məsuliyyət daşıyır və cavab verməlidir. Məhz bu yanaşma qəti şəkildə ortaya qoyulması ilə münaqişənin həllinə də asanlıqla nail olmaq olar. “Siz razılaşın, biz də dəstəkləyək”, - çağırışı isə münaqişəni həll etmək deyil, işğalçı Ermənistanın qol-qanad açmasına hesablanıb.

Dünyanın bir sıra bölgələrindəki münaqişələrə aktiv şəkildə qatılan NATO-nun ikili standartlardan çıxışı Dağlıq Qarabaş münaqişsində də özünü göstərir. NATO-ya üzv dövlətlərin maraqlarını qorumaq üçün qurum istədiyi zaman hədəf dövləti nüvə və kimyəvi silah əldə etmək istədiyini, beynəlxalq terrorizmə dəstək verdiyini iddia edərək bu dövlətlərə qarşı hərbi əməliyyatlar təşkil edə bilir. Nəticədə isə işğal edilən dövlətlərin əslində nüvə silahı olmadığı və beynəlxalq terrorizmə dəstək verəcək gücdə olmadığı bəlli olur.
Qərb Əfqanıstandakı işğalçı qüvvələr üçün tranzit ölkə olan Azərbaycan ilə əməkdaşlıq edən NATO, faktiki olaraq bunun ərazi bütövlüyünün təmin edilməsi üçün müxtəlif maneələr yaratmaqdadır. Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizi 20 ildən artıqdır ki, işğal altında saxlayır, amma NATO ona qarşı hətta iqtisadi və siyasi sanksiyalar belə tətbiq etmək istəmir, əksinə bu ölkə ilə əməkdaşlığını genişləndirir və dəstək olur. Beləliklə də, Qərb dövlətlərinin və NATO-nun bu məsələ ilə bağlı ikili standart həyata keçirməsi beynəlxalq aləmdə yaşanan ədalətsizliyin, beynəlxalq hüquqdakı çatışmazlıq və problemlərin hələ davam etdiyini göstərir.

Demokratik dəyərlərin pərdələdiyi çirkin maraqlar

İkili standartlar təkcə Dağlıq Qarabağ ilə bağlı deyil, Qərbin demokratiyaya “sadiqliyi”ndə də özünü göstərir. Qərbdən demokratiya ilə bağlı səslənən bəyanatlar dünya ictimaiyyətində şübhələri hər keçən gün daha da artırır.

Şübhələnmək üçün də kifayət qədər əsaslar var. Fevral ayının 18-də Ermənistanda keçirilən prezident seçkilərinin hansı formada keçirildiyi barədə əlavə danışmağa ehtiyac yoxdur. Xalqın səslərinin oğurlandığı, Sarkisyanın isə Moskva tərəfindən təyin edildiyi Qərbin gözü qarşısında baş verdi. Amma Qərbin müşahidə missiyası “xırda qüsurların olmasına baxmayaraq, seçkiləri irəliyə doğru atılmış addım” kimi dəyərləndirdi. Azərbaycanla bağlı isə balaca bir bəhanə axtarırlar ki, hakimiyyətin demokratiyaya “arxa çevirdiyini” dünyaya car çəksinlər. Bu gün Yaxın Şərqdə devrilən hakimiyyətlər son vaxtlara kimi bir Qərbin əsas müttəfiqləri idi. Amma birdən-birə həmin hakimiyyətlər “antidemokratik” oldular. Qərbin nə düşünməsindən asılı olmayaraq, əminliklə söyləmək olar ki, Qərbdə insan haqları heç də Azərbaycandan yaxşı qorunmur. Dağlıq Qarabağa seperatçılarına baş çəkən avropalı deputatların demokratik dəyərlərə, beynəlxalq hüquqa “sadiqliyi” də onların çirkin maraqlarından kənara çıxmır.

Ömər Əmirov
Publika.az

2 Mayıs 2013 Perşembe

" DAĞLIQ QARABAĞDA MÜHARİBƏ HƏR AN BAŞLAYA BİLƏR "



“Rusiya-Azərbaycan münasibətlərinin soyuqlaşmasının ən başlıca səbəblərindən biri Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərini müharibə yolu ilə geri qaytarmaq istəməsidir”. Bu fikirləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal bildirib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri bu vaxta kimi də o qədər yaxşı olmayıb: “Son vaxtlar isə münasibətlər daha da soyuqlaşıb. Bunun səbəbləri bir sıra faktorlarla bağlıdır. Belə ki, ABŞ-ın Əfqanıstandan qoşunlarının Azərbaycan ərazisindən keçməklə çıxarmaq  niyyəti, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonların müharibə yolu ilə azad etmək istəməsi və bu istiqamətdə NATO və İsrailin Azərbaycana mümkün qeyri-formal dəstək verməsi iki ölkə arasında münasibətləri soyuqlaşdırıb. Bütün bunlar rəsmi Moskvanın regionda təsir imkanlarını məhdudlaşdırır, bir sözlə əlini qolunu bağlayır. Və imkan vermir ki, Moskva Ermənistanı və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını hərbi yolla müdafiə etsin”.
Heydər Camal yaxın vaxtlarda müharibənin başlanma ehtimalının da yüksək olduğunu söyləyib: “Dağlıq Qarabağda müharibə hər an başlaya bilər. Azərbaycan tərəfi danışıqların heç bir nəticə vermədiyini görüb öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək istəyir”.
Bostonda törədilən terror aktının ABŞ-ın Qafqazla bağlı planları ilə bağlı olması ehtimalını dəyərləndirən politoloq bildirib ki, terrorda milliyyətcə çeçen olan Tsarnayev qardaşlarının adının hallanması təsadüf deyil: “Bu terror Federal Təhlükəsizlik Bürosunun professional əməkdaşları tərəfindən törədilib. İlk əvvəl baş verən terrorun “Əl-Qaidə”nin üzərinə yıxmaq planı boşa çıxıb. Buna Obama özü buna imkan verməyib. Daha sonra anti-Rusiya variantı seçilib. Çeçen Tsarnayev qardaşları variantı həyata keçirilib. Bu variantın seçilməsinin səbəbləri isə yaxın gələcəkdə məlum olacaq”.

H. Camal Azərbaycan-İran münasibətlərini də şərh edib. O, iki ölkə arasında münasibətlərin gərgin olduğunu, buna səbəb isə Azərbaycanın İsraillə sıx əməkdaşlıq əlaqələrinin olduğunu söyləyib: “İran belə hesab edir ki, Azərbaycan-İsrail arasında olan sıx əməkdaşlıq bir başa İrana qarşı yönəlib”.

19 Nisan 2013 Cuma

"Turqut Özalın öldürülməsinə Naxçıvanla bağlı layihə səbəb olub"


Türkiyə Ana Vətən Patiyasının (ANAP) sədri İbrahim Çələbi Publika.Az-ın suallarını cavablandırıb.

-Türkiyə hökumətinin terrorçu PKK təçkilatının rəhbəri Abdullah Öcalanla danışıqları Azərbaycanda də maraqla izlənilir. Sizcə, hansı nəticə gözlənilir?

-Türkiyə olduqca çətin bir dövrdən keçir. Otuz illik bir problem Türkiyə üçün artıq qanqren vəziyyətinə gəlib. Türkiyənin olduğu mövqe öz coğrafiyasında çox əhəmiyyətlidir, amma bu problemdən xilas olmalıdırr. Bizlər ölkə olaraq bayrağımızı, vətənimizi, insanımızı sevən, onun üçün ölümdən belə qorxmayan bir ölkəyik. Bu istiqamətdə atılan addımlar zamanı cəmiyyətin hər təbəqəsinin, xüsusilə bu problemdən zərər çəkən ailələrin həssaslığını unutmaq olmazr.

-Mərhum prezident Turqut Özalın zəhərlənməsi ilə bağlı iddialar Azərbaycanda də diqqətlə izlənilir. Bu məsələ ilə bağlı sizin mövqeyiniz nədən ibarətdir?

-Ölkə daxili və böyük xarici əlaqələri olan böyük bir şəbəkə tərəfindən mərhum prezidentimiz Turqut Özalın kompradorlar vasitəsilə zəhərlənərək öldürüldüyü qənaətindəyik. Turqut Özal öldürülməsəydi, Naxçıvanı, Şimali İraqı, Livanı və Kipri içərisinə alacaq çox böyük bir layihə həyata keçirməyi nəzərdə tuturdu. Turqut Özalın bu uzaqgörənliyi bəzi insanları narahat etdi. Onun planları Türkiyə ilə bağlı yaxşı niyyətləri olmayan qlobal gücləri hərəkətə gətirdi və yerli kompradorlar vasitəsilə hörmətli prezidentimizi zəhərləyərək öldürdülər. Biz bu işi diqqətlə izləyirik.

-Rəhbərlik etdiyiniz partiyanın ölkə siyasətindəki mövqeyini necə dəyərləndirirsiniz? Son vaxtlar müşahidə olunan AKP və CHP üstünlüyünü nə ilə izah etmək olar?


-Biz sevginin, sülhün ana vətəni olmaq üçün yola çıxdıq. Türkiyədə son 30 ildə hər iki adamdan birinin səsini alan iki partiya var: ANAP və AKP. ANAP qurulanda və 8 illik iqtidarı dövründə sahib olduğu xüsusiyyətlərini, quruluşuna hakim olan fəlsəfəni və 1983-cü ilin ruhunu bu gün də özündə saxlayır. Ana Vətən Partiyası millətimizin ona verdiyi müxalifət vəzifəsini layiqincə yerinə yetirməkdə davam edir. Son illərdə ölkəmizdə baş verənlər, partiyamızın digər partiyalardan fərqini açıq şəkildə ortaya qoyub. Millətimiz kreslo sevdası ilə hər şeyi vəd edən, iqtidara gələndə xidmət əvəzinə ədavətə yönələn və ölkəni bir böhranın astanasına gətirən bir iqtidarı görüb. Ölkəmizin içində olduğu böhrandan çıxaracaq iqtidar mahiyyətində qanun və prinsiplərə bağlı olan yalnız Ana Vətən iqtidarıdır, Ana Vətənin ikinci iqtidar həmləsi başlayır.

-"Sıfır problem" siyasətinin iflasa uğradığını demək olarmı? Rusuya, İran, Suruya, İraq və Ermənistanla münasibətləri ayrı-ayrılıqda şərh etməyinizi xahiş edirəm.


-AKP-nin xarici siyasətdə apardığı “sıfır problem” siyasəti “sırf problem” siyasəti oldu . Bölğə atəş xəttinə döndü, amma AKP hələ də problem olmamış kimi hərəkət edir. Bu da Türkiyənin bölğə ölkələri üzərindəki təsirini azaldır.

-Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz? Azərbaycanda iki ölkə münasibətlərinin lazımi səviyyədə olmadığı barədə fikirlər var. Siz necə düşünürsiniz?

-Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin müstəsna bir xüsusiyyəti , ortaq bir keçmişimiz vardır. Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub, ancaq son illər AKP iqtidarının xarici siyasətdəki fəaliyyəti iki ölkə əlaqələrinə zərər verib. Ana Vətən iqtidara qayıdanda mərhum liderimiz Turqut Özalın bizim üçün çəkdiyi yolla hərəkət etməkdə davam edəcəyik.

-Türkiyənin Dağlıq Qarabağ siyasətindən razısınızmı? 2009-cu ildə imzalanan Sürix protokolları Azərbaycanda təəssüflə qarşılanmışdı. Ermənistan və Türkiyə arasında iqtisadi əlaqələrin olması barədə tez-tez məlumatlar alırıq...

-Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və heç bir şəkildə Türkiyənin Qarabağ üzərindən siyasət aparması düşünülə bilməz. Ancaq AKP iqtidarının əsassız xarici siyasəti də qəbul edilə bilməz. Sürix protokolları təəssüf doğurur, Türkiyə bu protokollarla əcdadımızı soyqırımla günahlandıran ermənilərə boyun əymə nöqtəsinə gəlmişdir Ana Vətən iqtidarında bu problemlərin hamısını aşacağıq.

-Fevral ayında müəmmalı seçkilərlə ikinci dəfə prezident olan Ermənistan prezidenti Serj Sarkisyanı ilk təbrik edənlərdən biri Abdulla Gül oldu..

-Hörmətli Abdullah Gülün bu davranışı bizə də acı verdi. Belə bir təbriki gözləmirdik.

-Erməni diasporuna qarşı Türk və Azərbaycan diasporlarının birgə fəaliyyəti sizi qane edirmi?

-Türkiyə və Azərbaycan diasporalarının erməni yalanları qarşısında daha fəal olmalıdır. 1915-ci ildən bəri ermənilər Rusiyanın dəstəyi ilə türk düşmənliyinə, vəhşi soyqırımlara davam edir. Türk milləti kübar millətdir, tarix boyunca heç bir millətə zülm etməyib, soyqırım törətməyib. Erməni yalanları ilə hərəkət edən gözü qabağında törədilən Xocalı soyqırımını görmək istəmir.

Ömər Əmirov
Publika.az

13 Nisan 2013 Cumartesi

Dağlıq Qarabağ üçün həll modelləri: Bakı və İrəvan nə deyir?


Dağlıq Qarabağ probleminin həlli ilə bağlı illərdən bəri səslənən təkliflər məntiqi bir sonluq, yəni daimi bir sülh gətirməsə də, münaqişənin çözülməsinə istiqamətlənən fəaliyyət davam edir. Ötən müddət ərzində münaqişənin həlli üçün xeyli həll modelləri gündəmə gətirilsə də, həmin modellər yalnız müzakirə obyekti olaraq qalıb. Təbii ki, bunun da əsas səbəbi Ermənistanın işğalçı siyasətindən əl çəkmək istəməməsidir. Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə hazır olduğunu dəfələrlə bəyan etsə də, Ermənistan bildirir ki, Dağlıq Qarabağın bir daha Azərbaycanın tərkibinə qayıda bilməz.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Aland adaları, Tatarıstan, Cənubi Tirol, Triest kimi modellərin adı çəkilib. Bundan başqa isə dünyada etnik münaqişələrin həllində Krım, Kvebek, Şimali İrlandiya, Kataloniya, Honkonq, Puerto-Riko, Brüssel, Şimali İrlandiya kimi modellər də var. Onların bəziləri ilə sizi tanış edirik.

Aland adaları modeli

Haqqında ən çox danışılan modellərdən biri də Aland adaları modelidir. Aland adaları Baltik dənizində 8 min adadan ibarət arxipelaqdır. XX əsrin əvvələrində ümumxalq referendumu nəticəsində Norveç İsveçdən sülhlə ayrılaraq müstəqil dövlət yaradır. 1917-ci ildə isə Finlandiya da müstəqillik qazanır. Aland adaları Finlandiyanın tərkibində qalır. Həmin vaxt Aland adalarının isveçli vətəndaşları İsveçlə birləşmək üçün müraciət qəbul edirlər. Məsələni tənzimləmək üçün Millətlər Liqası 1921-ci ildə tarixi qərar çıxarır. Həmin qərara əsasən, Aland adaları Finlandiyanın ərazisi elan olunur və Finlandiyadan həmin adalarda İsveç dilini, mədəniyyətini, adət-ənənələrini qorumaq tələb edilir. Aland adalarına İsveçlə maneəsiz əlaqələr qurmaq imkan verilir. 1922-ci ildə qəbul edilmiş yerli idarəetmə haqqında qanuna əsasən, Aland adalarında yerli parlament (Laqtinq) yaradılır və arxipelaqdakı daxili işləri o tənzimləyir. Laqtinq hökuməti təyin edir, büdcəni maliyyələşdirir, səhiyyə, mədəniyyət, nəqliyyat, polis və rabitə məsələlərinə baxır. Xarici siyasət, hüquq və məhkəmə, mülki məcəllə, gömrük, cinayət hüququ, pul dövriyyəsi və sair məsələlər isə Finlandiyanın səlahiyyətindədir.

Bununla belə Aland modeli də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əsas kimi götürülməyib və götürülə də bilməz. Əvvəla ona görə ki, Aland adaları ilə bağlı yaranmış gərgin vəziyyət tənzimlənərkən qan tökülməyib, müharibə olmayıb, qaçqın və məcburi köçkün düşən yoxdur. İkinci faktor isə odur ki, Aland adaları əhalisinin mədəniyyəti, arxipelaqın siyasi-çoğrafi mövqeyi, iqtisadi vəziyyət və digər faktorlar onu Qarabağla eyniləşdirməyə imkan vermir. Qarabağ münaqişəsində işğal faktı var. Üstəlik, ermənilərin məsələnin Aland modeli üzrə çözülməsinə razılıq verəcəyi ağlabatan deyil, çünki bu model də ərazi bütövlüyü prinsipini önə çəkir. Qərbin bir sıra ekspert dairələrində Dağlıq Qarabağın gələcək statusunu əsasən bu modellə müqayisə edirlər. Təsadüfi deyil ki, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi təmsilçisi Qoran Lenmarker bir neçə il öncə hazırladığı hesabatda Aland modelinin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas kimi götürülə biləcəyini irəli sürmüşdü.

Triest modeli

Ən çox müzakirə olunan Triest modeli isə ümumiyyətlə, qəbul edilməzdir. Məlum olduğu kimi Triest İtaliyanın tərkibindədir, Venesiya-Culya Muxtar vilayətinin paytaxtıdır. Şəhər vaxtilə Yuqoslaviyanın tərkibində olub. İkinci Dünya Müharibəsindən sonra, yəni 1945-ci ildə Triestin iki hissəyə bölünməsi barədə saziş imzalanıb. İki il sonra Paris müqaviləsi ilə Triestin bir hissəsi Yuqoslaviyaya verilib. 1975-ci ildə isə Triest tamamilə İtaliyanın tərkibinə keçib.

Triest azad zonasının daimi statusu barədə imzalanmış sənədə görə bu ərazinin müstəqilliyini BMT-nin Təhlükəsizlik Şurası təmin edir. Ərazi hərbsizləşdirilib və neytral sayılır. Onun öz bayrağı, gerbi, qubernatoru, İdarə Şurası, Xalq Məclisi və məhkəməsi var. Azad zona polis və təhlükəsizlik xidmətini yaradır. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, “Triest modeli" yüksək status deməkdir. Bu isə Qarabağın təslimçilik aktının hazırlanmasına bir işarədir. Ona görə ki, Qarabağı iki hissəyə bölünüb sonradan bir ölkənin tərkibinə keçmiş Triestlə müqayisə etmək qətiyyən düzgün deyil. Triestdən fərqli olaraq Qarabağ Ermənistan ordusunun iştirakı ilə işğal olunub. Bu fakt bütün beynəlxalq aləmə məlumdur. Qarabağ həm də heç vaxt mübahisəli ərazi olmayıb.

Tatarıstan modeli

Tatarıstan Respublikası öz səlahiyyətləri çərçivəsində müstəqil xarici iqtisadi əlaqələrdə iştirak edir. Tatarıstanın xa¬rici ölkələrdə iqtisadi nümayəndəliklər açmaq hüququ var. Dağlıq Qarabağın Tatarıstanın statusuna malik olması müstəqil iqtisadi siyasət yürütməsi, iqtisadi sahədə müstəqil xarici razılaşmalar imzalaması, xarici ölkələrdə iqtisadi nümayəndəliklər açması, yerli idarəetmə institutları formalaşdırması və qəbul edilən qanunların Azərbaycan qanunvericiliyi ilə uzlaşdırılması, bir sözlə, yerli hakimiyyətin böyük idarəçilik səlahiyyətlərinə malik olması deməkdir. Lakin ermənilər bu modeli də qəbul etmirlər.

Brüssel modeli

Brüsseldə yaşayan flamandlar və fransızdillilər Brüsseli öz əraziləri sayırdılar, halbuki şəhərin tarixi əhalisi flamandılardır. 19-cu əsrdə keçirilən fransızlaşdırmadan sonra flamandlılarla fransızdillilər arasında müəyyən gərginliklər yarandı. Münaqişəni həll etmək üçün Belçika hökuməti ölkənin ərazisini üç regiona (Flandriya, Valloniya və Brüssel) böldü. Etnosiyasi qarşıdurma predmeti olan Brüsselə isə özünəməxsus səlahiyyətlər verildi.

Tətbiq edilmiş tənzimləmə modelinə əsasən, Brüsseli üç icma hökuməti idarə edir. Hər hökumət bir icmanın maraqlarını təmsil edir və həmin icma daxilindəki məsələləri tənzimləyir. Bu, flamanda, alman və fransızdillilər icmalarıdır. İcma hökumətləri yerli idarəetmə, təhsil, mədəniyyət problemlərinin həllində və ümumən etnik məsələlərdə geniş səlahiyyətlərə malikdir. Hər bir icma hökuməti öz səlahiyyətləri çərçivəsində yerli problemləri həll etməklə məşğuldur. Amma Belçikanın yalnız bir konstitusiyası var və həmin əsas qanuna görə, hamı ölkə vətəndaşı sayılır. Ordu, polis, məhkəmə sisteminin səlahiyyətləri isə Belçikanın bütün ərazisini əhatə edir.

Belçika modeli bir ölkə daxilində iki və ya üç etnosun birgə yaşayışını nəzərdə tutur. Bu modelin əsas gücü ondadarır ki, problem lokal səviyyədə, ümumi sosial-iqtisadi sistem çərçivəsində həll olunur. Problem aşağıdan yuxarı həll olunduğu üçün Belçika daxilində heç bir etnik ziddiyyət yaranmır. Sözügedən icma hökumətləri isə getdikcə daha da simvolikləşir və vətəndaş millətçiliyinin, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir. Hər şeydən görünür ki, bu model Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aid edilə bilməz.

Tirol modeli

Cənubi Tirol İtaliya ərazisidir. Tirol özü Avstriyada yerləşir. 1919-cu ildə Paris yaxınlığındakı Sen-Jermendə imzalanan sülh müqaviləsinə görə, Trentino və Cənubi Tirol Avstriyadan alınaraq İtaliyaya verildi. Avsrtiya hökuməti 1946-cı ildə II dünya müharibəsindən qalib çıxmış dövlətlərə müraciət edərək Cənubi Tirolun Italiyadan alınaraq yenidən Avstriyaya verilməsini istəyir. Böyük dövlətlər Avstriyanın bu istəyini qəbul etmirlər. Bunun əvəzində Avstriya və İtaliya xarici işlər nazirləri Parisdə anlaşma imzalayırlar. Həmin anlaşmaya görə, Cənubi Tirol Italiyanın tərkibində siyasi, iqtisadi, mədəni, dil muxtariyyəti əldə etməli idi. İkinci addım kimi 1948-ci ildə Cənubi Tirol-Trentino bölgəsinin muxtar statusu qəbul olundu. 1960-cı illərin əvvəllərində Avstriyanın xarici işlər naziri Cənubi Tirol məsələsini BMT Baş Assambleyasının müzakirəsinə çıxarır. Assambleya 1960 və 1961-ci illərdə Cənubi Tirolla bağlı iki qətnamə qəbul edir. Bu qətnamələrə görə, Avstriya və İtaliya danışıqlara başlayaraq, Cənubi Tirolla bağlı ziddiyyətləri ortadan qaldırmalı idilər. Bu danışıqların nəticəsində də 1969-cu ildə Cənubi Tirolun statusu ilə bağlı 137 maddəlik sənəd qəbul olunur.

Yeni statusa görə, Cənubi Tirol qanunverici və idarəetmə hüquqlarına malik olur. Avstriya hökuməti 1992-ci ildə “problemin həlli deklarasiyası” adlı sənəd qəbul edərək Cənubi Tirolla bağlı Italiya ilə heç bir mübahisəsinin qalmadığını bəyan edir. Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar çıxarılaraq həyata keçirilir. Xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Status anlaşmasına görə, əgər Cənubi Tirolda qəbul olunan hər hansı qanun Italiya qanunu ilə ziddiyyət təşkil edərsə, məsələ Konstitusiya Məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurma yaranmasın deyə, vəzifələrin böyük əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hər hansı vəzifəyə bir müddət alman dilli, o biri müddət italyan dilli rəhbərlik edir.

Kataloniya modeli

Katalonların əksəriyyət təşkil etdiyi Kataloniyaİspaniyada geniş muxtariyyətə malik bölgədir. 1871-ci ildə vilayət İspaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra İspaniya krallığının tərkibində qalmağa davam edir. Kataloniya ilk dəfə İspaniyanın tərkibində 1932-ci ildə muxtariyyət statusu qazanır.

Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq, yerli respublikaçılara divan tuturlar, Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilir. Frankonun ölümündən sonra, 1977-ci ildə İspaniyada referendum keçirilir və referendumun nəticəsinə görə, Ispaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır. Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur.

Kataloniya iqtisadi baxımdan inkişaf etdiyindən bölgənin siyasi dairələrində muxtariyyətin artırılması mövzusu daim gündəmdədir. 2005-ci ildə Kataloniya parlamenti böyük səs çoxluğu ilə Kataloniyanın yeni status mətninə səs verir. Yeni status sənədindəki maddələrin İspaniya Konstitusiyası və qanunlarına zidd olduğu vurğulanaraq, Kataloniya rəhbərliyinə zidd maddələri dəyişdirməsi tövsiyə edilir.

Vəziyyət böhranlı nöqtəyə gəlməsin deyə, Kataloniyanın yeni status layihəsinə qarşılıqlı razılaşma əsasında müvafiq düzəlişlər edilir. 18 iyun 2006-cı ildə Kataloniyada referendum keçirilir. Yeni status anlaşmasına görə, Kataloniya ilə İspaniya arasında səlahiyyət bölgüləri dəqiqləşdirilir. Madrid öz üzərinə Kataloniya hökumətinin səlahiyyətinə daxil olan məsələlərə qarışmamaq öhdəliyi götürür. Kataloniya geniş iqtisadi səlahiyyətlər qazanır. Bölgədə yığılan verginin 50 faizi Kataloniyada qalır. Hava və dəniz limanları, telekommunikasiya sahələri, daxili təhlükəsizlik, ədliyyə sistemi Kataloniya hökumətinin səlahiyyəti çərçivəsinə daxil edilir.

Yuxarıda da qeyd etdik ki, Ermənistan bu modellərdən heç birinə yaxın durmaq istəmir. Bu da onunla bağlıdır ki, adıçəkilən həll modellərində münaqişə baş verən ərazilərin heç birinin müstəqillik qazanmasından söhbət getmir.

Ömər Əmirov

QARABAĞA RUSİYA QOŞUNLARI GƏLİR ?


"Qarabağ münaqişəsi zonasında güc balansı kəskin dəyişib və bu hərbi-siyasi tarazlığın pozulmasına gətirib çıxara bilər”.Publika.Az-ın verdiyi xəbərə görə, bu sözlər Ermənistanın “Lragir” saytının Dağlıq Qarabağdakı hazırkı vəziyyətlə bağlı dəyərləndirilməsində yer alıb.

Yazıda bu günlərdə Qəbələ RLS-də təhvil-təslim prosesinin başa çatması, eyni zamanda Azərbaycanın Rusiyadan silah almağı dayandırması informasiyaları xatırlanır. Qeyd olunur ki, indiyə kimi Azərbaycan və Ermənistan arasında hərbi balansın qorunub saxlanılması məhz Rusiyanın Ermənistana verdiyi silahlar sayəsində mümkün olub. Bildirilir ki, Rusiya hər iki tərəfə silah satarkən əksər hallarda bu silahlardan istifadə texnologiyalarını ötürmürdü və onlarda Rusiya hərbçiləri işləyirdilər.

Yazı müəllifi hesab edir ki, Azərbaycanın başqa yerdən silahı almağa qərar verməsi Rusiyanı Ermənistanı gücləndirməyi və Ermənistan ilə Qarabağın təhlükəsizliyinin rəsmi qarantı olmağa məcbur edir. Bundan başqa isə Rusiya ATƏT-in Minsk Qrupu həmsədrləri, yəni ABŞ və Fransa ilə birlikdə Azərbaycanı hücum etməmək haqqında paktı imzalamağa məcbur etməlidirlər.

“Ehtimal olunur ki, Rusiya birinci variantı seçəcək və hər şey ediləcək ki, qoşunlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qarabağda yerləşdirsin. Bu hansı bəhanə ilə ediləcək, məlum deyil. Əvvəlcə güman edilirdi ki, bu Stepanakert(Xocalı) aeroportunun müdafiəsi məqsədilə ediləcək. Amma sərhəddə təxribat variantı da istisna edilimir. Bu arada Azərbaycanın hərbi texnika və qoşunlarının Ermənistanla sərhəddə toplanması xəbərlər yayılıb”.

Qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi ilə bağlı İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Menmanpərəstin çağırışı da məhz bu variant ilə bağlıdır: “İran Qarabağla yüz kilometrlik sərhədə malikdir. İran arzulamır ki, yüz kilometrlik sərhəddə Rusiya və yaxud NATO qoşunları olsun. Qərb analitikləri 2014-cü ildə Qarabağda müharibənin olacağını proqnozlaşdırırlar. Rusiya Dumasının komitə sədri Aleksey Mitrofanov da əmindir ki, müharibə gəlir. O, Rusiyanın çox tezliklə Qarabağa girməsinin mümkün olduğunu deyir”.

Aprel ayının 25-26-da Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Moskvaya çağırıldığı qeyd edilən yazıda ehtimal olunur ki, səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Rusiya qoşunlarının Qarabağda yerləşdirilməsi ola bilər. Moskva Ermənistanı inandırmağa çalışacaq ki, Rusiya qoşunları Qarabağda olacaqsa, Azərbaycan və Türkiyə müharibəyə başlamağa cürət etməyəcək”.

Ömər Əmirov