Translate

30 Eylül 2012 Pazar

MƏNİM QAÇQIN ANAM BAKIDA ÖLDÜ

(QEYD : Vaxtilə Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində uzun müddət kafedra müdiri işləmiş, şair- publisist, professor Famil Mehdinin öz anasına xitabən yazdığı bu şeyir Qarabağdan qovularaq məcburi köçkünə çevrilmiş bütün insanların ürəyindən gələn sözləri ifadə edir).

Mənim qaçqın anam Bakıda öldü,
Öldü " Ağdam " deyə, " Qarabağ " deyə,
Bakı da həmin o Bakı deyildi,
Bəs niyə yanmadı qara bəxtliyə?!

Əlimi qoymuşdu döşünün üstdə,
Ürəyi şişirdi, bişirdi, Allah.
Əlimin altında, o dar qəfəsdə,
Ürəyi sinəsin deşirdi, Allah.

Elə bil qoşulub axar bir çaya,
Axır yavaş - yavaş axırdı anam.
Mən sığal çəkdikcə o ağ birçəyə,
Necə yazıq - yazıq baxırdı anam.

Hardasan Dəlidağ, Qırxqızın qarı,
Hardasan ey Kötəl ? - Anam yanırdı.
Hərdən uzanırdı ana qolları,
Qollar uzandıqca yol uzanırdı.

Qəfil göy kişnəyir, dağ yarılırdı,
Qayalar kəsirdi yolları sanki.
Yollar bağlanırdı, qol qırılırdı,
Güllələr biçirdi qolları sanki.

Qəm yemə, ey sarvan, göydən od tökə,
Səhrada köç gedə, köçün çatmaya.
Dünyada ən böyük dərd budur, bəlkə,
Anan ölüb, gedə, gücün çatmaya.

Allaha yalvardım : ya Pərvərdigar,
Möhlət ver anama yurda dönüncə.
Adilsən, qadirsən, de, nə fərqi var,
Qoy yurdunda ölsün burda ölüncə.

Bir az din - imandan avara qaldım,
Verən belə verdi dərsimi, neynim.
Allaha yalvara - yalvara qaldım,
Allah eşitmədi səsimi neynim.

Ortada qat kəsən qardaş paltarı,
Qırx il qardaş deyib şivən qopardı.
Qismətdi, öləndə Bakıda barı
Qardaşa qovuşmaq imkanı vardı.

Anamı qınama "Vətən Vətəndir".
Bunu kişi bilir, naşı bilməyir.
"Vətən", "Vətən" deyib yüz il ötən də,
Bəlkə Vətən nədir yaxşı bilməyir.

Bəli, torpaq çəkdi, qardaş çəkmədi.
Dedi : bir abırlı yas tutarsınız.
Ölüm yaman yerdə məni təklədi,
Aparıb yurdumda basdırarsınız.

Ölür, Vətən deyir, yurd deyir anam,
Yurd düşmən əlində, Vətən dərddədir.
Bəlkə, haray çəkim: ay dad, ay aman,
Bu millət hardadır, bu xalq hardadır?!

Məni də aparar bu dərd nə vaxtsa,
Bu ahıl dünyada, nağıl dünyada.
Ana vəsiyyəti qarsılacaqsa,
Haqqı yox yaşaya oğul dünyada.

Tanrı, bu nə işdi, gedişdi, tanrı,
Hökmün nə tez belə dəyişdi, tanrı?
Tapdayıb, adlayıb cəsədlər üstdən
Kürsülər qapanı öldürməliykən,
Var - dövlət tapanı öldürməliykən,
Şuşanı satanı öldürməliykən,
Laçını satanı öldürməliykən,
Ağdamı satanı öldürməliykən,
Anamı öldürdün - əydin, əyildim,
Bəs sən adil idin, zalim deyildin?!

Soruşma halını gözü yaşlının,
Sevinc hamınındı, dərd çəkənindi.
Oğluna sığınan gözəl qaçqınım,
Məzara sığınıb uyuyur indi.

Sonuncu qaçqın da bu yer üzündə,
Doğma od - ocağa qayıtsa belə,
Qaçqın ürəyində, qaçqın gözündə,
Sərvlər göyərib boy atsa belə,
Mənim sərvlərim boy atmayacaq,
Mənim qaçqın anam qayıtmayacaq,
Mənim köçkün anam qayıtmayacaq,
Mənim küskün anam qayıtmayacaq.

*****

QARABAĞ HƏSRƏTİYLƏ DÖYÜNƏN ÜRƏK

Azərbaycan təhsilinin, elminin və riyaziyyatının tanınmış nümayəndələrindən biri olan Qənirə Rüstəm qızı Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Onun elmi - pedaqoji fəaliyyəti çox geniş, əhatəli və rəngarəng olmuşdur.



Qənirə Rüstəmova vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən Müəllimlər İnstitutunun fizika - riyaziyyat fakültəsini bitirmişdir. Onun dərs yükü daim çox olmuşdur. Bu da ondan irəli gəlmişdi ki, Qənirə müəllimə çalışdığı orta məktəbin - Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Qənirə müəllimənin özünəməxsus pedaqoji fəaliyyətini nəzərə alaraq Təhsil Nazirliyi onu dəfələrlə Bakı şəhərinə dəvət etmiş və ixtisasına uyğun kurslarda biliyini təkmilləşdirməyə şərait yaratmışdır. O, 1986 - cı ildə müəllimlər arasında keçirilən bilik müsabiqəsində yüksək bal toplamış, yaşadığı Ağdamın və çalışdığı kollektivin nüfuzunu artırmışdır. 55 ildən çox iş stajı olan Qənirə Rüstəm qızı Rüstəmova dəfələrlə fəxri fərmanla mükafatlandırılmış və 1973 - cü ildə xüsusi medalla təltif edilmişdir. O, şagirdlərinin və onların valideynlərinin, həmçinin xalqınin ürəyində əməkdar müəllim kimi əbədi yer qazanmışdı. Qənirə müəllimənin şagirdlərinin sorağı Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, Almaniyadan, Fransadan, Polşadan, Hollandiyadan, İsveçdən, Baltik ölkələrindən, Rusiyadan, Ərəb ölkələrindən, Afrikadan, Türkdilli respublikalardan gəlir.
Daim xalqının sevincinə sevinən, kədərini öz içindən yana - yana keçirən, millətinin haqq sözünü deməyi bacaran mərd insan - Qənirə Rüstəm qızı Rüstəmova dözülməz Qarabağ həsrətiylə ünvanını dəyişdi, əbədiyyətə qovuşdu. Allah qəni - qəni rəhmət eləsin ! Amin...

(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).

İş yoldaşları adından bir qrup.




26 Eylül 2012 Çarşamba

VAŞİNQTON BÜTÖV AZƏRBAYCANIN XƏRİTƏSİNİ TƏQDİM ETDİ





“The New York Times” iki Azərbaycanın birləşəcəyi haqqında yazdı
Zəfər Quliyev: “Qərb Güney Azərbaycandakı soydaşlarımıza mesaj verir ki...”



ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində Böyük Azərbaycan haqda yazı dərc olunub. Müəlliflər Frank Cacobs və Parag Khannanın hazırladığı məqalədə XXI əsrin siyasi xəritəsində yeni dəyişikliklər olacağı ehtimalının yüksək olduğu bildirilir: “Bugünlər daha bir neçə yeni dövlətin doğulması bu dalğanın başlamasına bənzəyir. Bu dəfə yeni dövlətlər Sovetlər Birliyinin dağılmasında olduğu kimi, hansısa siyasi dəyişiklik və ya münaqişə nəticəsində yaranana oxşamır.

Görünür, yeni dövlətlər həm də konkret bir spesifik regionda meydana gəlməyəcəklər. İranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski də yüksəkdir. İndiki rejim zorakılıqla süquta uğrasa, İranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər. Bu da artıq müstəqil olan Azərbaycan Respublikası ilə birləşərək, hətta indiki Türkiyədən də təsirli yeni regional gücün meydana çıxması deməkdir”.

Qəzet yazır ki, Bütöv Azərbaycan dövlətinin yaranması eyni zamanda Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddialarını çətin vəziyyətə sala bilər: “Konqresmen Dana Rohrabacherin də sentyabrın 12-də ABŞ-ın Nümayəndələr Palatasına İranda yaşayan azərbaycanlıların öz müqəddəratlarını təyinetmə hüquqlarının tanınması barədə qətnamə layihəsi təqdim edib. Amma İran rəsmiləri hələlik bu mövzuda hər hansı şərh verməyib”.

“The New York Times”da təkcə İranda deyil, dünyanın başqa yerlərində də yaxınlarda yeni dövlətlərin meydana çıxacağı barədə ehtimallar səslənib. Bu sırada Kürdüstan dövlətinin də adı çəkilir: “ABŞ qüvvələrinin bölgədən çəkilməsi, İranın qərbində və İraqdakı gərginlik, eləcə də Suriyadakı vətəndaş müharibəsi I Dünya müharibəsindən sonrakı Yaxın Şərq xəritəsinin tamamilə yenidən çəkilməsilə nəticələnə bilər. Kürdlərin 3000 illik tarixlərində müstəqil kürd dövlətinin yaranması imkanı heç vaxt indiki qədər real olmayıb”.

Qəzet Quzey və Güney Koreyanın birləşməsi məsələsini də real sayır.

Şərti adlandırsaq Quzey Azərbaycan və Güney Azərbaycanın birləşməsi uğrunda bu torpaqlarda yaşayan türk əhali əsrlərdir mübarizə aparır. XVIII əsrin başlanğıcında Rusiya və İran imperiyaları arasında bölünən ərazidə yaşayan əhali birləşmək üçün bir neçə dəfə inqilabi şərait yarada bilib. Ancaq bölgədəki geosiyasi durum və uzun illər bu zəngin torpaqlara hökmranlıq edən imperiyalar buna imkan verməyib. Qərb analitiklərinin fikrincə, Araz çayı boyu bölünən Azərbaycanın bütövləşməsi prosesi öz məntiqi sonuna heç zaman indiki qədər yaxın olmayıb. Təbii, söhbət ərazidə maraqları olan böyük dövlətlərin bu məsələyə müsbət yanaşmasından gedir.

Son bir neçə ildə ABŞ-ın Şərqlə bağlı siyasətində əsas prioritetlərindən biri İrandakı hakimiyyəti dəyişməkdir. Qərbin bir sıra analitikləri İranda mərkəzdənqaçma meyllərinin ölkə daxilindən stimillaşdırılmasını vacib sayır. Çünki yetərincə qapalı dövlət olan İranda hakimiyyəti kənar müdaxilələrlə dəyişmək xeyli vaxt apara bilər. İran qaynaqları isə dəfələrlə Qərbi İranda hakimiyyəti devirmək üzrə gizli planlar qurmaqda və bu işə külli miqdarda vəsait ayırmaqda suçlayıb.

Bəs Quzey Azərbaycanda ABŞ-ın Bütöv Azərbaycan ideyasını nə qədər real sayırlar? Politoloq Zəfər Quliyev deyir ki, ideyanın dünyanın siyasi gündəminə gəlməsi artıq onun həyata keçirilmə mexanizmləri haqqında ciddi şəkildə düşünüldüyündən xəbər verir: “Qərbin Azərbaycan amilindən İrana qarşı istifadə etmək istəkləri birmənalıdır. Bu yolla İranda ciddi siyasi dəyişikliklər baş versə və İran parçalansa, o zaman Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi üçün heç bir əngəl olmayacaq. Təxminən 20 il öncə SSRİ dağılan zaman Quzey Azərbaycanda dəfələrə bu çağırışlar olub. Ancaq Azərbaycan siyasətçilərinin, ziyalılarının qaldırdığı bu problemi dünyanın siyasi gündəminə daxil etmək mümkün olmurdu. Elə ona görə də İrandakı son prezident seçkilərində vətəndaşlar rejimə qarşı mübarizəyə qalxanda ölkənin ən fəal kəsimi olan türklər bu prosesə qoşulmadı. Bizim Güneydəki qardaşlarımızın etirazçılara fəal dəstək verməməsi bir tərəfdən olduqca doğru addım idi. Çünki onlar gördülər ki, Güney Azərbaycan məsələsi hələlik iri dövlətlərin siyasi gündəmində yoxdur. Ancaq onlar İranın ən fəal təbəqəsi olaraq qalmaqdadırlar. Ölkədəki bütün inqilabi proseslər Azərbaycan türklərinin fəal iştirakı ilə mümkün olub”.

Politoloq prosesin 2013-cü ilin iyununda gözlənilən prezident seçkisi zamanı fəallaşacağını proqnozlaşdırır. Onun sözlərinə görə, durum artıq yavaş-yavaş dəyişməkdədir: “Əgər həmin vaxt əhali fəal etiraz aksiyalarına başlasa, proseslər İransayağı narıncı inqilab kontekstində gedəcək. Narıncı inqilab çox sərt formada qanla müşayiət oluna bilər. Çünki ölkədəki rejimin mahiyyətinə görə orada dəyişikliklərin dinc aksiyalar nəticəsində baş verəcəyini gözləmək mümkün deyil. Qərbin Güney Azərbaycan məsələsini tez-tez səsləndirməsində, diskussiyalar təşkil etməsində də düşünürəm ki, iki məqsəd var - birincisi, İrana təzyiq göstərilməsi, ikincisi Güney Azərbaycandakı qardaşlarımıza mesaj verilməsi. Qərb Güney Azərbaycandakı soydaşlarımızı əmin etməyə çalışır ki, uzun illər altında əzildikləri Tehran rejimindən qurtula, öz müqəddəratları ilə bağlı qərar vermə hüququnu əldə edə bilərlər. Təbii, bu, çox vacib amildir. Onlar öz real siyasi dividentlərini bilməlidirlər ki, mübarizəyə qalxsınlar”.

Ərazinin geosiyasi durumunu incələyən politoloq bildirir ki, hələlik Vahid Azərbaycan haqqında danışmaq tez olsa da, Azərbaycanın bütövləşməsi ideyasının gündəmə gəlməsi artıq reallıqdır.

Aygün MURADXANLI

10 Ağustos 2012 Cuma

PUTİNDƏN SENSASİON ETİRAF


Kreml başçısı Rusiyanın ikili standart siyasətini faş elədi;  Moskva Qafqaz uğrunda həlledici döyüşə hazırlaşır...


Rusiyanın Gürcüstana ikincinin ərazilərinin işğalı ilə bitən hərbi təcavüzündən (“5 günlük müharibə”) 4 il ötdü. İldönüm günü Rusiyanın hazırkı prezidenti, o zaman isə baş nazir postu tutmuş Vladimir Putin sensasion etiraf edib.

Putin deyib ki, Gürcüstana müdaxilə şəxsən onun iradəsi əsasında olub və əməliyyata da iki il qabaqdan - 2006-cı ildən hazırlıqlar görülüb. Sitat: “Sirr deyil ki, plan var idi və biz o plan çərçivəsində hərəkət edirdik. Bu plan Baş Qərargah tərəfindən 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində hazırlanmış və mənimlə razılaşdırılmışdı”.

Açıqlamadan aydın olur ki, hərbi müdaxiləyə qərarı o zaman Pekin olimpiadasında olan baş nazir Putinin prezident Dmitri Medvedyevə və müdafiə nazirinə israrlı zənglərdən sonra reallaşıb.

Belədisə, onda əvvəla, bu etiraf Medvedyev dönəmində də ölkə sükanı arxasında Putinin durduğuna, Medvedyevin isə marionet olduğuna şübhə yeri qoymur. Zatən, 4 il öncə də hamı əmin idi ki, beynəlxalq hüquqa təhqir olan hərbi müdaxilə qərarı məhz KQB-nin sonuncu mogikanı Putinin işidir.

Putinin öz etirafını Ermənistan prezidenti Serj Sərkisyanla Moskvada keçirdiyi görüşdən sonra səsləndirməsi də rəmzi məna daşıyır və heç şübhəsiz, öncə Azərbaycana hədə məqsədi güdür. Hər halda açıqlamada beynəlxalq hüququ tapdamağa, suveren bir dövlətə hərbi müdaxiləyə görə zərrəcə üzrxahlıq elementi yoxdur. Əksinə, “düz etmişik” jesti var. Üzrxahlıq yoxdusa, demək, bəd presedentin davamı gələ bilər.

Rusiya dövlət başçısının açıqlaması tək Azərbaycana deyil, Kremlin “ikinci sort” saydığı bütün “Yaxın Xaric” ölkələrinə növbəti əzələ nümayişi sayılmalıdır. Bu, eyni zamanda Rusiyanın onu açıq şəkildə işğalçı adlandıran ABŞ-a qarşı bir demarşdır, antiqərbçi kimi tanınan Putinin Qərb önündə güc nümayişidir, nəhayət, Güney Qafqazdakı maraqlar uğrunda mübarizədə Moskvanın güzəştə getməyəcəyinin anonsudur.

Açıqlama həmçinin Rusiyanın azadlıq istəyən xalqlara qarşı ikili standart siyasəti yürütdüyünün etirafıdır. Unutmayaq ki, bir vaxt Çeçenistandakı milli azadlıq hərəkatına “separatizm” damğası basıb çeçen xalqını qan içində boğan da Putin olub. Amma çeçenlərin azadlıq haqqını tank-topla qarşılayan Moskva Abxaziya və Cənubi Osetiyadakı separatizmi gül-çiçəklə qarşılayıb və utanıb eləmədən dövlət səviyyəsində separatçılara dəstək verib, hərbi kömək göstərib, ardınca bu iki separatçı qurumun müstəqilliyini tanıyəb - dünyanın iradəsi əleyhinə olaraq. İndi necə olur, öz daxilindəki separatizm pisdi, qonşu dövlətin ərazisindəki yaxşı?

Beləcə, şimal ayısı hələ ki fiziki gücdən savayı heç bir anlaşma vasitəsi hərləmir. Deməli, açıqlama-etirafdan ən çox Azərbaycan pay götürməlidir. O da bir daha bəlli olur ki, Kreml Qarabağ məsələsində də heç vaxt səmimi olmayıb, olmayacaq, ondan ədalətli vasitəçi gözləməyə dəyməz. Çünki Moskva üçün bu konfliktlərin hamısında yeganə hərəkətverici qüvvə onun regiondakı hərbi-siyasi maraqlarının qorunmasıdır. Purinin məlum fikirləri bu qənaətlə bağlı illüziya saxlamadı.

Təsadüfi deyil ki, Abvxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyandan sonra Rusiya dərhal bu ərazilərlə böyük hərbi kontingent yeridib, orada iri hərbi bazalar qurub. Payızda isə Ermənistandakı və bu iki separatçı qurumdakı hərbi qüvvələrin də iştirakı ilə Qafqazda genişmiqyaslı hərbi manevrlər keçirməyə hazırlaşır.

Bütün bunlar ondan xəbər verir ki, Rusiya bölgəni nəzarətdə saxlamağın yeganə yolunu hərbi vasitələrdə görür. Və bu zaman beynəlxalq hüquq normaları onu ən axırıncı planda qayğılandırır. Suriyada, İran ətrafında mürəkkəb proseslərin getdiyi zamanda Kremlin regionda bu cür hərbi demarşlarını artacağını gözləmək lazımdır.

Baş nazir Medvedyevin separatçı bölgələrə səfəri də eyni hədəfə xidmət edir. Rusiya demək istəyir ki, mən burdayam. Söz düşmüşkən, Medvedyev səfər zamanı Rusiyanın Gürcüstana hərbi müdaxiləsini “vaxtında və ədalətli” adlandırıb. Eyni mesaj, eyni hədə. Anlaşılandır. Çünki Moskva narahatdır. Azərbaycanda və Gürcüstanda rus hərbi mövcudluğunun sıfıra endiyi vaxtda Abxaziya və Cənubi Osetiya Kreml üçün olduqca mühüm plasdarm rolundadır bu gün. Eləcə də Ermənistan, Gümrü bazası.

Bir sıra təhlilçilərə görə, Ermənistan prezidentinin öz məzuniyyətini yarımçıq qoyub Moskvaya tələsik səfərə yollanmasının arxasında da Moskvanın bölgə sarıdan əndişəsi, burada daha da möhkəmlənmək planlarını müzakirə eləmək dayanıb. O sırada İran, Suriya məsələlərinin, Amerikanın bölgədə hərbi-siyasi, iqtisadi nüfuzunun artmasının ortaq maraqlara mümkün mənfi təsirlərini aradan qaldırmaq yolları, birgə hərəkət planının diqqət mərkəzində saxlandığı deyilir.

Belə görünür, Rusiya Qafqaz uğrunda həlledici döyüşə hazırlaşır.

Zahid SƏFƏROĞLU

14 Temmuz 2012 Cumartesi

ERMƏNİ YALANINI İFŞA EDƏN XƏRİTƏ TAPILDI



14.07.2012

Amma qəribədir ki, bu barədə ətraflı danışmaq istəyən yoxdur.
Tarixçi-alim Kərim Şükürov: “Təəssüf ki, Qarabağla bağlı araşdırmalarda Strateji Araşdırmalar Mərkəzinin rolu görünmür”


Ermənilərin Qafqaza mərhələlərlə köç etməsini və onların Azərbaycanın tarixi torpaqları hesabına özlərinə yeni dövlət yaratmasını təsdiqləyən qədim xəritələr tapılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva “Trend”ə açıqlamasında bildirib ki, xəritələrdə eramızdan əvvəl IV əsrdən, Makedoniyalı İsgəndərin dövründən başlayaraq XX əsrin əvvəllərinə qədər azərbaycanlıların yaşadıqları, Azərbaycan dövlətlərinin yerləşdiyi ərazilər göstərilir. Bu xəritələrdə həm də ermənilərin harada yaşadıqları göstərilir.

Tədqiqatçı alimin sözlərinə görə, indiyə qədər aşkarladıqları xəritələr Azərbaycanın tarix elmində aparılan bütün tədqiqatları, Azərbaycanın ərazisinin qədim dövrlərdən XX əsrin əvvəllərinədək böyük bir ərazidə yerləşdiyini təsdiqləyir. Bu xəritələrdən o da məlum olur ki, ermənilər özlərinin iddia etdiyi kimi, Qafqazda yaşamayıblar, onlar əvvəllər Dəclə və Fərat çaylarının arasında (indiki İraq ərazisi) məskunlaşıblar. Xəritələr ermənilərin Qafqaza gəlmə etnos olduğunu tam sübuta yetirir.
“Bu xəritələrə baxdıqda görmək olur ki, ermənilər necə mərhələlərlə Qafqaza köç ediblər və tarixi Azərbaycan torpaqları hesabına özlərinə yeni dövlət yaradıblar. Ermənilər qədim dövrlərdə Dəclə və Fərat çaylarının arasında yaşayıblar. Onlar Dəclə-Fərat tərəfdən tədricən şimala doğru getməyə - bugünkü Türkiyənin, İranın ərazisində yerləşməyə başlayıblar. Sonra isə oradan tədricən daha şimala doğru gediblər və Cənubi Qafqaza gəlib çıxıblar. Bu həqiqət xəritələrdə tam öz əksini tapır. Ermənilərin Azərbaycandan hansısa torpaq tələb etməyə heç bir əsasları yoxdur. Əksinə, bizim onlardan torpaq tələb etməyə ixtiyarımız var. Çünki bu gün onlar tarixi Azərbaycan torpaqlarında yerləşirlər” - deyə G.Baxşəliyeva bildirib.
Tədqiqatçı deyib ki, hazırda tədqiq etdikləri bu xəritələr müxtəlif dövrlərdə həm Osmanlı, həm Avropa, həm ərəb, həm də İran xəritəşünasları, alimləri tərəfindən tərtib edilib.
“Bu xəritələrin obyektivliliyinə şübhə olmamalıdır. Çünki bu xəritələri biz tərtib etməmişik. Onları müxtəlif dövrlərdə müxtəlif ölkələrin alimləri tərtib ediblər” - Baxşəliyeva əlavə edib.
Şərqşünaslıq İnstitutunun direktoru deyib ki, hazırda Azərbaycanın qədim torpaqlarını göstərən tarixi xəritələrlə bağlı tədqiqatlarını davam etdirirlər. Payızda Misirdəki İsgəndəriyyə kitabxanasında da tədqiqatlar davam etdirildikdən sonra “Azərbaycanın tarixi xəritələri” adlı atlas-kitab çap olunacaq.


Avropada hazırlanan obyektiv xəritələr


Xatırladaq ki, sözügedən araşdırma prosesinə 2009-cu ilin dekabrında start verilib. Həmin vaxt Misirdə səfərdə olan institutun direktoru Gövhər Baxşəliyeva bu ölkənin Dar-yül-Kütub kitabxanasının kartoqrafiya şöbəsində olub. Orada müxtəlif tarixi dövrlərə aid 15 mindən çox coğrafi xəritə saxlanılır.
G.Baxşəliyeva orada ötən əsrin qərbli alimləri, Avropa və Asiya kartoqrafları tərəfindən hazırlanan xəritələri aşkar edib. Qədim xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir və Ermənistanın hazırda tutduğu və iddia irəli sürdüyü ərazinin xeyli cənubunda yerləşdiyindən xəbər verir. Xəritə ötən əsrin əvvəllərində Parisdə hazırlanıb. Dəmir və naviqasiya yollarının əks olunması üçün nəzərdə tutulan xəritə Avropa və Asiya ölkələrini əhatə edir. Azərbaycanla Ermənistan arasında mübahisə doğuran torpaqlar xəritədə Azərbaycanın tərkibində göstərilib. Bu xəritə, həmçinin azərbaycanlı alimin digər kartoqrafik tapıntıları təkcə Qarabağın yox, həm də hazırda müasir Ermənistanın tərkibində olan Mehri, Qafan, Gorus, Sisyan, Vardenis, Krasnoselsk rayonlarının Azərbaycana məxsus olduğunu təsdiqləyir.
Türkmənçay müqaviləsindən sonrakı dövrdə fars dilində tərtib edilmiş digər xəritəyə görə Azərbaycanın sərhədi Araz çayı boyunca İraq sərhədinə kimi gedir. Digər iki xəritə Amsterdamda (Niderland) tərtib edilib və Osmanlı imperiyasını əhatə edir. Belə ki, onlardan biri - 1595-ci ilə aid olan xəritə rəssam Yudukus Qundius tərəfindən hazırlanıb. O birisi isə 1775-ci ildə rəssam Fridrix dü Vidin işləri əsasında hazırlanıb. Hər iki xəritə sübut edir ki, Ermənistanın hazırda yerləşdiyi torpağa heç bir aidiyyəti yoxdur. Həmin xəritələrdə Ermənistanın ərazisi xeyli cənubda yerləşib. G.Baxşəliyeva həmin xəritələrin surətlərini özü ilə gətirib.

Gövhər Baxşəliyeva: “Bu layihə qrant əsasında həyata keçirilir”

Biz də Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli hesab oluna biləcək bu araşdırmanın təfərrüatlarını öyrənmək üçün dünən iyulun 13-də AMEA-nın Şərqşünaslıq İnstitutunda olduq. Təəssüf ki, iş günü olmasına baxmayaraq nə institutun direktoru, nə də bu layihədə iştirak edən işçiləri yerində tapmaq mümkün olmadı. Hətta əməkdaşımız layihə iştirakçılarından olan Lalə xanım adlı elmi işçi ilə bu barədə danışmaq üçün razılığa gəlsə də sonradan xanım gün boyu telefonunu qapalı saxladı.
İnstitutun digər əməkdaşları da bu layihə ilə bağlı məlumat vermədilər. Məlum oldu ki, xəritələr institut direktorundadır, əlavə heç kim bu barədə danışa bilməz.
Bizi isə əslində bu mövzu ilə bağlı sadə, amma önəmli məsələlər maraqlandırırdı: araşdırmanın hazırkı mərhələsi, bu günə qədər görülən işlər, araşdırmanın nəticələrini dünya ictimaiyyətinə çatdırmaq üçün atıla biləcək addımlar, ermənilərin ifşası üçün bu sənədin rolu, əhəmiyyəti...
Gördüyünüz kimi, suallar da sırf layihənin oxuculara aydınlaşdırılması məqsədi daşıyırdı. Amma gün boyu israrlı zənglərimizə cavab verməyən layihə iştirakçılarından sonra çətinliklə də olsa institutun direktoru G.Baxşəliyeva ilə əlaqə saxadıq. O isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu məsələdə institutun adının hallandırılması doğru deyil. İnstitut direktorunun sözlərinə görə, Elmin İnkişaf Fonduna təqdim etdiyi layihə əsasında ona qrant ayrılıb. O da bu qranta və onunla bağlanan müqaviləyə əsasən belə bir araşdırma aparıb.
“İnstitut xəritələrlə məşğul deyil” deyən G.Baxşəliyeva institut işçilərinin layihədə iştirakının səbəblərinə isə aydınlıq gətirmədi. Bundan başqa, yuxarıda aydınlaşdırmaq istədiyimiz sualların heç birinə cavab vermədi: “Mən lazım olan vaxt uyğun bildiyim media orqanlarına bu barədə danışıram və bu, gələcəkdə də belə olacaq. Zəhmət olmasa, məni narahat etməyin”.
Bu isə funksiyası elmi araşdırmalar aparıb, düşməni elmi faktlara susdurmaq olan bir institut rəhbərinin mövqeyi. Görəsən, Gövhər Baxşəliyeva və digərləri erməni yalanlarını ifşa edən faktlarla bağlı nədən ətraflı danışmaqda maraqlı deyillər? Ümumiyyətlə, Azərbaycanda bu sahədə görülən işlər qənaətbəxşdirmi? Qarabağla bağlı tarixi faktlar, sübutlar, dəlillər nə dərəcədə araşdırılır, beynəlxalq ictimaiyyətə peşəkar, inandırıcı formada təqdim olunur?

Cəmil Həsənli: “Ermənilər bizim araşdırmalara həmişə qibtə edib”

Görkəmli tarixçi-alim, professor Cəmil Həsənli hesab edir ki, bu günə qədər sözügedən istiqamətdə kifayət qədər ciddi araşdırmalar olub. Professorun sözlərinə görə, 1918-ci il mart hadisələrinin, Quba, Şamaxı hadisələrinin sənəd bazası artıq çap olunub və bu, kifayət qədər ciddi işdir: “Mənim özümün rus, ingilis dilində Qarabağ probleminin münaqişəli həlli ilə bağlı məqalələrim olub. ”Regnum"da hər həftə mənim 2-3 yazım gedib. Onlar ingilis dilinə də tərcümə olunub. Digər müəlliflərin də maraqlı işləri var".
C.Həsənli hesab edir ki, Qarabağ mövzusunun Azərbaycanda işlənmə səviyyəsi yaxşıdır. Alimin fikrincə, ermənilər hər zaman tarixi müzakirələrdən qaçırlar: “Onlar etiraf edirlər ki, tarixi və ideoloji kontekstdə Azərbaycan tərəfi daim udur. Ermənilər bizim araşdırmalara həmişə qibtə edib”.
Tarixçi-alim Kərim Şükürov da bu araşdırmaların səviyyəsindən razıdır. Onun bildirdiyinə görə, araşdırma sahəsində 80-ci illərin sonu ilə müqayisədə mühüm işlər görülür: “Çoxlu sənədlər nəşr olunub. Təbii ki, bunları ümumiləşdirsək deyərik ki, böyük işlər görülsə də daha böyük işlər görülməlidir. Xüsusilə də Dağlıq Qarabağın son 20 illik tarixini nəzərdən keçirsək, bu sahədə problemimiz var. 80-ci illərin sonu-90-cı illərin əvvəlinə qədər olan dövrü nisbətən öyrənmişik. Amma o dövrdə ermənilərin həyata keçirdiyi işğal rejimi, bu sahədə hansı işlərin görülməsi araşdırılmalıdır”.
K.Şükürov dedi ki, Dağlıq Qarabağın tarixi, politoloji aspektlərlə bağlı kitablar nəşr olunub. Tarixçi-alim o kitabların qarşısında görəcəyimiz çoxlu işlər olduğunu bildirdi: “Məsələn, Dağlıq Qarabağın azərbaycanlı icması var. Deportasiya olunub. Bunların içərisində nə proses gedir, vəziyyətləri necədir, əhalinin kənarda yaşamasına baxmayaraq bağlılıqları hansı səviyyədədir. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı tarixi, sosioloji istiqamətdə kompleks tədqiqatlar aparılmalıdır. Burada xüsusi mərkəz olmalıdır, institutların şöbələri yaranmalıdır. Amma bütün bu işləri koordinasiya edən mərkəz də olmalıdır. Təəssüf ki, bu məsələdə Strateji Araşdırmalar Mərkəzinin rolu görünmür. Onların koordinasiyası ilə bağlı fundamental araşdırmalar həyata keçirilməlidir. Bunlar danışıqlar prosesində real vəziyyətin çatdırılması baxımdan mühüm rol oynaya bilər”.


Sevinc TELMANQIZI

28 Haziran 2012 Perşembe

Bakıda sabiq erməni rəsmisi: “Biz çox böyük səhvlər eləmişik“

28.06.2012.


"Bakıya qayıtdığıma görə sevinirəm və ümid edirəm ki, bu dəfəki səfərimdə yeni dostlar qazanacağam".

Publika.Az-ın məlumatına görə, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş müşaviri olmuş Jirayr Libaridyan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus International" və "Turkish Policy Quarterly" jurnallarının birgə təşkil etdiyi "Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri" mövzusunda beynəlxalq konfransda deyib.

Qafqaza ümumilikdə region olaraq baxdıqlarını deyən erməni qonaq mövcud vəziyyətdən təəssüfləndiyini bildirib:

"Qafqaz coğrafiyanın bir hissəsidir, tarixi regiondur. Lakin problem olarkən onu region boyunca həll etməyə çalışmırıq. Müstəqillik əldə olunduqdan sonra problemlərimiz həll olunmalı idi. Amma hələ də bu problemlər həll olunmamış qalır. Müstəqilikdən sonra gözləntilərimiz oldu. Bütün bunlar da yüksək gözləntilər idi ki, bu da problemlərə gətirib çıxarırdı".

Libaridyan bildirib ki, müstəqillik əldə edildikdən sonra hər kəs "soyuq müharibə"nin başa çatdığını düşündü:

"Lakin soyuq müharibə Qafqazda bitmədi, kənar qüvvələrin vasitəsilə davam edir. Bu mini "soyuq müharibə"nin nə qədər davam edəcəyini bilmirik. Artıq bəllidir ki, müstəqillik o demək deyil ki, sən necə istəyirsən elə də ola bilərsən. Kiçik ölkələrdə bu, daha çox görünür. Biz çox böyük səhvlər etmişik.

Dağlıq Qarabağ münaqişəsi təkcə Ermənistan və Azərbaycanın problemi deyil. Bu, həm də başqa ölkələrin problemidir. Kollektiv şəkildə bütün bu problemlərin həll edilməsini gözləmək çətindir. Çünki belə vəziyyətdə birgə layihələri həyata keçirmək çox çətindir".

Ömər Əmirov

27 Haziran 2012 Çarşamba

"RUSİYA AZƏRBAYCANA HÜCUM ETMƏK İSTƏYİR"

27-06-2012

Vəfa Quluzadə: “Türkiyə Azərbaycanı müdafiə edəcək, rusların da, ermənilərin də cavabı veriləcək”


Son vaxtlar Rusiyanın Azərbaycana qarşı təzyiq və təhdidləri artmaqdadır. Özü də bu, ən müxtəlif məsələlərdə özünü göstərir. Rusiya bir tərəfdən Azərbaycanla sərhədə əlavə qüvvələr və hərbi texnika cəmləşdirir, Ermənistandakı hərbi bazasını, Xəzərdəki hərbi donanmasını gücləndirir, digər tərəfdən də Rusiya siyasətçiləri və hərbçiləri Azərbaycanı təhdid edən bəyanatlar verirlər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın son bəyanatı da bu baxımdan diqqəti çəkir. Rusiyalı general açıq-aşkar Azərbaycanı hədələyir. KTMT baş katibi öz "hərbçi səmimiyyəti" ilə İrəvanda bildirib ki, erməni hərbçiləri Azərbaycanla müharibə başlayacağı təqdirdə güc gələ bilməsələr, onda onlar özləri Ermənistana kömək edəcəklər.

“Ermənistanın bu quruma üzvlüyünün Azərbaycan üçün maneə faktoru ola biləcəyi” barədə suala isə onun cavabı müsbət olub. O qeyd edib ki, müttəfiqlərin mövcudluğu və tərəfdaşların köməyi çox vacib faktordur.

Rusiyalı general bildirib ki, Ermənistanın KTMT-yə üzvlüyü Qafqazda stabilliyi qorumaq nöqteyi-nəzərindən çox müsbət faktordur: “KTMT olaraq biz öz tamhüquqlu üzvümüzə - Ermənistana lazımı dəstəyi verəcəyik. Qalan məsələlər, sonrakı hadisələr isə təşkilata üzv ölkələrin prezidentlərinin qərarından asılı olacaq”.

Qeyd edək ki, İrəvan da cənab Bordyujanın çox xoşuna gəlir. Burada o, digər KTMT-ya üzv ölkələrin paytaxtlarına nisbətən daha çox olur.

Rusiyanın bölgə ilə bağlı siyasəti, eləcə də Nikolay Bordyujanın son bəyanatlarına münasibətini açıqlayan politoloq Vəfa Quluzadə hecab edir ki, Rusiya Azərbaycana hücum etmək niyyətindən əl çəkməyib: “Mən dəfələrlə Azərbaycan ictimaiyyətini bu barədə xəbərdar etmişəm. Rusiya min cür fırıldaq, fənd işlədir, əlindən gələni edir ki, Ermənistanla Azərbaycan arasında heç bir sülh bağlanmasın. Neçə dəfə Rusiyanın keçmiş və indiki prezidentləri Medvedyev və Putin bizim prezidenti Soçiyə dəvət edib. Bütün bu görüşlərin hamısında Rusiya rəhbərliyi yalandan oyunbazlıq, hoqqabazlıq ediblər. Cəbhə xəttində də vəziyyəti gərgin saxlayırlar. Tez-tez Azərbaycanın mövqelərinin gülləbaran edirlər. Onların əsas məqsədi odur ki, bir gün imkanları olanda Azərbaycana təcavüz etsinlər”.

Vəfa Quluzadə hesab edir ki, Azərbaycan hakimiyyəti Rusiya tərəfindən gözlənilən bu təhlükə ilə bağlı tədbirlər görüb: “Birincisi, Azərbaycan ordusu əvvəlki ordu deyil. Hazırda ordumuz güclənib. İkincisi bizim apardığımız siyasət nəticəsində Türkiyə Azərbaycanın yaxın tərəfdaşına çevrilib. Əgər Rusiya yenidən ermənilərlə birgə bizə hücum etsə, o zaman rusların da, ermənilərin də cavabı veriləcək”.

Hazırda vəziyyətin gərgin olduğunu vurğulayan politoloq Azərbaycan rəhbərliyinin bununla bağlı müzakirələr apardığını da bildirdi: “Azərbaycan prezidenti Türkiyədən yenicə qayıdıb. Mən tam əminəm ki, orada prezident bu məsələləri ətraflı müzakirə edib.

Zahid
Teleqraf.com