Translate

23 Nisan 2012 Pazartesi

ERMƏNİSTAN AZƏRBAYCAN MÜHARİBƏSİ (1)

- XRONOLOJİ GERÇƏK TARİX -




Azərbaycan 1988 - ci ildə Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqları işğal olunmuşdur. Təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt edilmişdir. Bu müharibədə 20.000 - dən artıq adam həlak olmuş, 50.000 - dən çox insan yaralanmış, 5000 nəfərə qədər adam əsir, girov götürülmüş, yaxud itkin düşmüşdür. Bir milyon yüzmindən artıq azərbaycanlı öz yaşayış yerlərindən zorla çıxarılmışdır. Müharibə Azərbaycan iqtisadiyyatına real hesablanması mümkün olmayan zərər yetirmişdir. Bu müharibə geosiyasi anlamda birmənalı dəyərləndirilmir. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu müharibəni münaqişə kimi təqdim edərək onu Cənubi Böhran Qövsü deyilən münaqişələr qrupuna daxil etmişlər. Məlumat üçün bildiririk ki, bu qrupa həmçinin Əfqanıstan, Tacikistan, Rus - Çeçen, Gürcü - Obxaz, Gürcü - Ossetin, Ossetin - İnquş, Krım - Dnesteryanı, Balkan münaqişələri də daxil edilmişdir. Ermənistan Azərbaycan münaqişəsi bir sıra dövlətlərin, o cümlədən ABŞ, Rusiya, Türkiyə, İranın maraqlarına birbaşa toxunur. Bu dövlətlər isə daim regionda təsir və enerji daşıyıcıları mənbələri və marşrutları üzərində nəzarət uğrunda mübarizə aparırlar. BMT təhlükəsizlik şurasının bu münaqişə ilə bağlı 4 qətnaməsi yerinə yetirilməmiş qalır. Nəticədə Azərbaycan çox mürəkkəb şəraitdə müttəfiqlər və kifayət qədər təsirli xarici dəstəkdən məhrum olduğu bir zamanda mübarizə aparmaq məcburiyyətindədir. Lakin bu müharibə Azərbaycan üçün ədalətli müharibədir.
Bu yazıda Azərbaycan Ermənistan müharibəsi, hərbi əməliyyatların gedişi mərhələlər üzrə izlənilir.


Birinci mərhələ - Başlanğıc (fevral 1988-ci il - yanvar 1990-cı il)


Azərbaycanlılarla Ermənilər arasında ilk toqquşmalar 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərlərinin Azərbaycanın tərkibindən çıxmaqla bağlı cəhdlərindən sonra baş verdi: Ermənistanın emmisarları Dağlıq Qarabağda ixtişaşlar törətməklə təcavüz üçün şərait hazırlayırdılar. Dərhal bir sıra yerlərdə, o cümlədən Xankəndində, Əskəranda, Sumqayıtda insan təlafatı ilə nəticələnən iri miqyaslı ixtişaşlar törədildi. Münaqişənin qarşısının alınması məqsədi ilə regiona SSRİ DİN-nin əlavə qüvvələri göndərildi. 1988- ci il fevralın sonu üçün Azərbaycan və Ermənistan ərazilərində daxili qoşunların sayı 13 min nəfərə çatdırıldı.
Fevral hadisələrindən sonra Ermənistanda ilk hərbiləşdirilmiş dəstələr yaradıldı. Onlar “Qarabağ” komitəsinin rəhbərliyinə tabe idilər. Mitinqlərin genişləndiyi dövrdə (aprel-iyul 1988-ci il) bu dəstələr təşkilati strukturlarını formalaşdırdı, şəxsi heyəti komplektləşdirdi, həmçinin ovçu və döyüş silahları ilə təmin olundular. Bu qruplarla eyni vaxtda Ermənistanın kənd rayonlarından özünü müdafiə dəstələri yaradıldı. Həmçinin cinayətkar ünsürlərdən ibarət quldur dəstələri də yaradıldı. Həmin ilin yay-payız ayları ərzində bu hərbiləşdirilmiş dəstələr millətçi hərəkatın liderlərinin nəzarəti altına keçdi.
1988-ci ilin payızında Dağlıq Qarabağda növbəti toqquşmalar vəziyyəti kəskin şəkildə pisləşdirdi. Noyabrın sonu dekabrın əvvəlində Ermənistanın silahlı qruplaşmaları ilk iri miqyaslı hərbi əməliyyat keçirməklə 200 mindən artıq azərbaycanlnı Ermənistandan çıxardılar bu, Azərbaycanda sabitliyi kəskin şəkildə pozdu, bir sıra şəhərlərdə etiraz aksiyaları keçirildi. Sovet rəhbərliyinin situasiyanı nizama salmaq cəhdləri nəticə vermədi. 1989-cu ilin yanvar ayından Dağlıq Qarabağ Muxtar Vilayəti faktiki olaraq Azərbaycanın inzibati nəzarətindən çıxarıldı.
1988-ci ilin qışında Dağlıq Qarabağda hərbi əməliyyatların genişləndirilməsi üçün hazırlıq işlərinə başlanıldı. Dağlıq Qarabağın ucqar dağ ərazilərində silahlı qruplaşmalar üçün bazalar yaradılırdı. Ermənistandan gizli yolla silah və sursat Dağlıq Qarabağa ötürülürdü. 1988- ci ilin yayında Ermənistanın silahlı dəstələri Dağlıq Qarabağdan azərbaycanlıları sıxışdırıb çıxarmağa başladılar, onlar ayrı-ayrı vətəndaşları öldürməklə kifayətlənmir, böyük yaşayış məntəqələrinə hücumlar təşkil edirdilər. Bu əməliyyatların gedişində Ermənilər avtomat silahlardan, payızdan etibarən isə doluvuran toplardan (KS-19 topları) və “Alazan” raketlərdən, kiçik çaplı minamyotlardan istifadə edirdilər.
SSRİ DİN-nin Daxili Qoşunları (Xüsusi təyinatlı hissələr, əlahəddə operativ polklar, milis batalyonları, DİN məktəbinin kursantları - cəmi 15 min nəfər) onların üzərinə qoyulmuş vəzifənin öhdəsindən gələ bilmədilər. Bununla da az vaxt ərzində separatçı hərəkatın qarşısının alınması imkanı əldən buraxıldı. Azərbaycan rəhbərliyi Ermənistandan fərqli olaraq hadisələrə ləng reaksiya verdi, bu isə ölkədə müxalifət qüvvələrinin təşəbbüsü öz əlinə almasına gətirib çıxardı.
1988-ci ilin avqustundan etibarən Azərbaycan Xalq Cəbhəsi tərəfindən könüllü dəstələr yaradılır və münaqişə zonasına göndərilirdi. Qarabağın azərbaycanlılar yaşayan məntəqələrində də özünümüdafiə dəstələri yaradılır və müdafiə qurğuları tikilirdi. Azərbaycanlılar ermənilərdən fərqli olaraq silah və sursat cəhətdən çox çətinlik çəkirdilər. Avqust ayından başlayaraq Azərbaycan Xalq Cəbhəsinin ayrı-ayrı qrupları Ermənistana gedən nəqliyyat və enerji əlaqələrinin dayandırılmasına çalışırdılar.
1990-cı ilin yanvarında Ermənistan tərəfi Azərbaycanın Goranboy rayonunda yaşayış məntəqələrini havadan atəşə tutmaq üçün ilk dəfə Mİ-8 mülki vertalyotlarından istifadə etdi. Yanvarın 11-də Goranboy rayonunda Xalq Cəbhəsinin yaratdığı silahlı dəstələrlə SSRİ Daxili Qoşunlarının Xüsusi Təyinatlı dəstələri arasında toqquşma halları baş verdi. Yanvarın 15-də Dağlıq Qarabağ Muxtar Vilayətində və 10-a yaxın rayonda fövqəladə vəziyyət rejimi tətbiq olundu, buraya əlavə qüvvələr göndərildi. Eyni vaxtda sərhəddin Naxçıvan sahəsində Azərbaycan və Ermənistan silahlı qruplaşmalarının intensiv toqquşmaları baş verdi.
Qarabağ və Naxçıvanda hərbi əməliyyatların gedişi Azərbaycanda siyasi böhranın kəskinləşməsi ilə müşahidə olunurdu. Müxalifətlə qarşıdurma nəticəsində respublika iflic vəziyyətinə düşdü. Bir sıra cənub rayonlarında (Lənkəran, Cəlilabad) AXC-nin hərbiləşdirilmiş qrupları yerli hakimiyyəti nəzarətə götürdülər. Respublikanın böyük şəhərlərində AXC-nin iştirakı ilə yaradılmış Müdafiə Şurası dəstələr təşkil edərək Qarabağa göndərdi. Bu dəstələrin silahlandırılması üçün Sovet Ordusunun hərbi hissələrinə hücumlar təşkil edilirdi. İranla sərhəddə baş verən hadisələr nəticəsində 200 kilometrlik sahədə sərhədlər açıldı. Respublikanın paytaxtında kütləvi mitinqlər keçirilir, dövlət müəssisələrinin, hərbi hissələrinin fəaliyyəti iflic vəziyyətinə salınırdı. SSRİ rəhbəri M.Qorboçov Azərbaycanda şəraiti nəzarət altına almaq məqsədi ilə iri miqyaslı hərbi əməliyyat keçirmək qərarına gəldi. 1990-cı il yanvarın 16-dan 19-na qədər Bakı ətrafında 50.000 nəfərdən ibarət hərbi birləşmələr yerləşdirildi. Bu hərbi qruplaşma Zaqafqaziyadan, Moskvadan, Leninqraddan gətirilmiş hərbiçilərdən, o cümlədən 295 saylı motoatıcı diviziyadan, 76, 104, 106 saylı hava desant diviziyalarının 3 alayı, Xüsusi Təyinatlı 22-ci briqadadan, Qara Dəniz Donanmasının 882 saylı dəniz piyada batalyonundan, Daxili Qoşunlarının bir neçə operativ qruplarından, Xəzər Donanmasının hissələrindən, “Alfa” xüsusi təyinatlı qrupundan və digər hərbi hissələrindən təşkil olunmuşdu. Bakı Qarnizonunun bütün hərbi hissələrində və bölmələrində Azərbaycan millətindən olan zabitlər, gizir və digər hərbi qulluqçular təcrid edilmişdi. Tabel silahının inventarlaşması bəhanəsi ilə respublika DİN və Milli Təhlükəsizlik Komitəsinin bütün əməkdaşlarının silahları alınmışdı.
Yanvarın 19-dan 20-nə keçən gecə qoşunlar şəhərə yeridildi. Qoşunların müdaxiləsi geniş miqyasda iri çaplı silahlardan istifadə olunması ilə müşaiyət olunurdu. Sovet Ordusu şəhərə girərkən və ondan sonrakı bir neçə gün ərzində 29 nəfər itirdi və 98 nəfər yaralı verdi. Sovet ordusunun dinc əhaliyə atəş açması nəticəsində 131 nəfər öldürüldü, 1000-dən artıq adam yaralandı. Respublikanın bir sıra rayonlarında bu əməliyyatlar fevralın sonuna qədər aparıldı. Yaranmış vəziyyətlə əlaqədar olaraq AXC-nin hərbiləşdirilmiş qrupları qismən buraxıldı, bəziləri isə qeyri leqal vəziyyətə keçdi.


Hazırladı: Adil İrşadoğlu (Əliyev)
Ardı var...
Mənbə : Arxiv sənədləri,
qəzet, jurnal materialları,
televiziya, radio verilişləri və şəxsi müşahidələrim.

İlk dəfə "Azad Qarabağ"qəzetində çap edilib (09.02.2006. N-01).
-------------------------
VƏTƏNİ SEVMƏK İMANDANDIR ! İMANLI OLAQ ! VƏTƏNİ SEVƏK !
-------------------------

4 Mart 2012 Pazar

MÜBARİZ MƏNSİMOV KİMDİR ?




Mübariz Mənsimov – Türkiyədə yaşayan azərbaycanlı iş adamı və "Palmali" Şirkətlər Qrupunun sahibi, Türkiyə milyarderi.

10 il əvvəl Türkiyəyə sərmayə qoymağa başlayan zəngin iş adamı Mübariz Mənsimov son aylar gündəmdən düşmür. Sərmayələri və lüks həyatı ilə çoxunun diqqətini çəkən Mənsimovun son maliyyə əməliyyatı "Tekfen"də olub. Bir müddət adı Türkiyənin "Beşiktaş" futbol klubunun rəhbərliyinə namizədlik üçün hallanan azərbaycanlı oliqarx indi "Tekfen-insaat" şirkətinin səhmlərinin 50 faizinə sahibdir.Mündəricat [gizlə]

9 uşaqlı bir ailənin üzvü olan Mübariz Mənsimov 1968-ci il martın 22-də Masalli rayonun Miyenku kendinde anadan olub. Son dərəcə hərəkətli bir həyatı 40 ilə sığdırmağı bacaran Mənsimov uşaqlıq illərində atasının istəyi ilə Bakıda hərbi məktəbə qəbul olunub. O, burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib, 3 il ərzində daxili kəşfiyyat sahəsinin sirlərini öyrənib. Mübariz Mənsimov sovet daxili kəşfiyyatında müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1985-ci ildə Şərq Almaniyaya göndərilib.
Erməni düşmənçiliyi onun həyatını dəyişdirdi

1989-cu ildə erməni generalla mübahisə etdikdən sonra əsgərlik həyatına son verən Mübariz Mənsimovun 20 il sonra 3,5 milyard dollar dəyərində holdinqin sahibi olacağını heç kim ağlına gətirməzdi. "Bu gün şirkətlərimin hər hansı birində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm, dərhal qovaram. Onlarla ticarət əlaqəsi qurmaram. Ermənilərə qarşı həmişə antipatiyam olub. Ailəmdə 7 şəhid var və ən yaşlısı 21 yaşında. Erməniləri sevmək məcburiyyətində deyiləm, onlar da məni sevməsin", – deyən Mənsimov, əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq etdiyini deyib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb.

Duz gəmini batmaqdan xilas etdi

Mübariz Mənsimovun sonrakı hədəfi Rusiyada satışa çıxarılan gəmilərə sahiblik etmək olub. Bir müddət əvvəl keçmiş ilə bağlı mətbuata açıqlama verən azərbaycanlı biznesmen "O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmi aldıq. Gəminin çayın xaricində çalışması qeyri-mümkün idi. O gəmini risk altında İstanbula gətirmək qərarına gəldik. Yolda batma ehtimalı 80 faiz idi. Batmadı, duzla təmir etdirib bu şəkildə gəmi sahibi olduq. Ucuz aldıq gəmini, dəyəri 100 dollar idisə, 10 dollara götürmüşük. İşləri böyütməyimdə isə əlaqələrimin təsiri olmadığını söyləyə bilmərəm. Hər iş adamı kimi ətrafımdan dəstək gördüm", – deyib.

O gündən bəri gərgin iş tempinə uyğunlaşan milyarder gündən-günə böyütdüyü "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən "Palmali" Şirkətlər Qrupunun sahibi bunu Rusiyada özəlləşdirmənin nəticəsi sayır. 20 ildə illik dövriyyəsi 3 milyard dollarlıq olan holdinq yaradan cənab Mənsimovun hələ ötən il Türkiyə vətəndaşlığını qəbul etdiyi deyilir. "Beşiktaş"a olan marağı ilə qardaş ölkədə diqqəti çəkən azərbaycanlı oliqarxın bir müddət klub başçılığı üçün namizəd olduğu da danışılırdı. Ancaq "Palmali"nin rəhbəri bunu təkzib etmişdi.

21 ofis, 28 min işçi

Xatırladaq ki, "Palmali" Şirkətlər Qrupunun bu gün Azərbaycanda, Rusiyada, Bolqarıstanda, Yunanıstanda – ümumilikdə 21 ölkədə ofisi var. Hazırda şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.

"Palmali" 129 gəmisi ilə Aralıq dənizi , Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.

Mübariz Mənsimov xüsusi olaraq türk gəmi sahibiləriylə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. "Palmali"nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir.

Azərbaycanlı iş adamı indi inşaat sahəsindəki təcrübəsini Türkiyəyə daşımağa hazırlaşır. "Gazeteport" saytının yazdığına görə, Mübariz Mənsimov iqamətgahlar və xəstəxana proyektlərinə girişəcəyini də açıqlayıb. Onun proyektləri arasında Türkiyədə ediləcək iqamətgah inşaatlarının yanında Aralıq dənizində tikilməsi planlaşdırılan bir kottec tipli otel layihəsi də var.

Bundan başqa, Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi onun qardaş ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcək.

Media sahibkarı

Mübariz Mənsimov "PalMedia" adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə "Pal FM" radiosu və "Palhaber" adlı xəbər portalı da qurub. Bundan sonrakı sərmayələrini Türkiyədə edəcəyini söyləyən Mənsimov Rusiya, Azərbaycan və Türkiyədə 400 milyon dollar həcmində sərmayə planladığını da söyləyib. O, bu sırada ən böyük payı Türkiyəyə qoyacağını deyib. Bunun ilk addımı kimi 21 ölkədə ofisi olan qrupun bütün rəhbərliyini İstanbulda toplanacaq və beləcə bütün sərmayələr Türkiyədən istiqamətləndiriləcək.


Xalqımız belə övladları ilə fəxr edir. Mübariz Mənsimov kimi seçilən soydaşlarımız Azərbaycanın milli sərvətidir. Onları göz bəbəyi kimi qorumaq lazımdır.

www.realistadil.blogspot.com

TAKSİMDƏKİ XOCALI MİTİNQİNİ MÜBARİZ MƏNSİMOV MALİYYƏLƏŞDİRİB?







Diaspor Komitəsi məsələdən xəbərsizdir; Türkiyədəki konsulluq susur

Yenicə işıq üzü görən “Gündəlik Teleqraf” qəzeti ilk sayında Taksimdə keçirilən Xocalı aksiyası barədə yeni məlumatlar yayıb. Qəzet Türkiyədəki mənbələrinə istinadən yazır ki, İstanbulda keçirilən möhtəşəm aksiyanın bütün maliyyə xərclərini azərbaycanlı iş adamı Azərbaycanda və qardaş Türkiyədə kifayət qədər tanınan “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov öhdəsinə götürüb. Məsələni araşdırmaq qərarına gəldik.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bildirdi ki, onlarda bu barədə məlumat yoxdur: “Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri də var. Onlardan Türkiyə-Azərbaycan Dərnəyi, İstanbul Türkiyə Dərnəyi və 27 dərnəyi birləşdirən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası öz imkanları çərçivəsində Taksim yürüşünə qatılıblar. Diasporla İş üzrə Dövlət Komitəsindən hər hansı formada maddi vəsait ayırmayıb. Kiminsə də bu aksiyaya maliyyə yardımı etməsi haqqında xəbərimiz yoxdur”.
Azərbaycanın Türkiyədəki Baş konsulluğu sualımızı cavablandırmadı. Mübariz Mənsimovun sahibi olduğu “Palmali shipping”in İstanbuldakı baş ofisindən isə bildirildi ki, M.Mənsimov xaricdə səfərdədir, xəbərin doğru olub-olmadığını o, səfərdən qayıdandan sonra soruşa bilərlər.

Leyla İLQAR

1 Mart 2012 Perşembe

HACƏTTƏPƏDƏKİ TƏXRİBATIN ƏKS-SƏDASI

“Təxribatı Türkiyə daxilində Azərbaycanı sevməyən, qeyri-stabillik tərəfdarları, ermənilərlə əlbir olan qüvvələr törədib”



“Biz Azərbaycanın Türkiyədəki səfirliyi olaraq Hacəttəpə Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı fevralın 28-də təşkil olunacaq tədbirdə təxribat yaşanacağını proqnozlaşdırmışdıq. Ona görə də səfirlik olaraq tələbələrimizə xəbərdarlıq etmişdik ki, həmin tədbirə getməsinlər. Lakin bizim xəbərdarlığımızı dinləməyərək tədbirə gedənlər oldu”. Bu açıqlamanı APA-ya Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov verib.

O, Türkiyə səfirliyinin dəstəyi ilə Hacəttəpə Universitetində Xocalı soyqırımı ilə bağlı tədbirin fevralın 24-də keçirildiyini, fevralın 28-də baş tutan tədbirin təşkilatçılarının isə türk tələbələr olduğunu bildirib: “Hacəttəpə Universitetində baş verənlərlə bağlı şişirdiləcək bir şey yoxdur. Yalnız bir tələbəmizin burnu qanayıb. Bu yüngül yaralanma da zərbə nəticəsində yox, tələbənin özünün yıxılması nəticəsində baş verib”.

E. Salmanov fevralın 29-da Ankara Universitetində baş verənlərin də şişirdilməsinə ehtiyac olmadığını bildirib: “Ümumiyyətlə bütün bunlar bizim “Taksim” meydanında izdihamla, səs-küy yaradan, müvəffəqiyyətlə keçirilən mitinqimizə kölgə salınması xarakteri daşıyır. Biz bu mitinqlə Türkiyəni demək olar ki, silkələdik”.

Səfirlik rəsmisi Hacəttəpə və Ankara universitetlərində təhsil alan azərbaycanlı tələbələr arasında ali məktəbdən xaric edilənlərin olmadığını bildirib. Onun sözlərinə görə, təxribat iştirakçısı olan tələbələr arasında isə qovulanlar var: “Təxribatçıların bəziləri tələbələr, bir qismi isə universitet xaricindən gələnlər olub”.

Təxribatçıların kimlər olması barədə suala cavabında isə E. Salmanov belə cavab verib: “Bunlar Türkiyə daxilində Azərbaycanı sevməyən, qeyri-stabillik tərəfdarları, Azərbaycanın düşməni olan ermənilərlə əlbir olan qüvvələrdir”.

Qeyd edək ki, fevralın 28-də Hacəttəpə Universitetində, fevralın 29-da isə Ankara Universitetində kürd və erməni mənşəli tələbələr azərbaycanlı tələbələrə qarşı təxribat törədib. Nəticədə qarşıdurma yaranıb.

ANKARADA PKK-çılar AZƏRBAYCANLILARA HÜCUM ETDİ



Ankara Universitetində düşən davada 10-dək soydaşımız xəsarət alıb; davanın davamı bu gün olacaq



Dünən axşam saatlarında Ankara Universitetinin siyasi bilgilər fakültəsində azərbaycanlı tələbələr PKK yanlı kürdlərin hücumuna məruz qalıblar. Bu haqda “Yeni Müsavat”a Ankaradakı diaspor təmsilçimiz Zaur Bayramlı məlumat verdi. Bizimlə danışarkən o, hadisə yerində idi. O qeyd etdi ki, kürdlər ermənipərəst mövqedən çıxış edərək qəfildən azərbaycanlılara hücum çəkiblər. Onlar əvvəlcədən daş-kəsəklə, digər predmetlərlə silahlanaraq fakültəyə daxil olublar. PKK yönümlü gənclər Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Türkiyədə analoqu olmayan, uğurlu kampaniyanın aparılmasından sonra bu cür təxribatlara əl atıblar.

Z.Bayramlı dedi ki, kürd gənclər Taksim meydanında üzərinə “həpiniz ermənisiniz”, “həpiniz Hrant Dinksiniz” yazılmış kağız parçalarının atldığını və bunun guya onlara yönəldiyini iddia ediblər. Lakin bu kağız parçasını məhz təxribat məqsədi ilə yayan kürdlər özləri olub. Daha sonra isə onlar Ankara Universitetində buna cavab şüarları yapışdırıblar. Həmin şüar cırılanda isə kürdlər bunun azərbaycanlı tələbələr tərəfindən edildiyini deyərək onlara hücum çəkiblər. Hadisə yerinə polislər gəlsə də, bir neçə saat ərzində PKK yanlıları sakitləşdirmək mümkün olmayıb. Onlar gecə saatlarına qədər universitetin ətrafına öz tərəfdarlarını toplamaqda və növbəti hücumlara hazırlaşmaqda davam ediblər. Polis isə ərazidə sədd quraraq təhlükəsizlik tədbirləri həyata keçirib.
Z.Bayramlı dedi ki, hadisə zamanı xəsarət alan 10-dək azərbaycanlı xəstəxanaya yerləşdirilib. Onlardan birinin - Adəm Şamilin üzü parçalanıb və ağır vəziyyətdədir.
Qəzet çapa hazırlananda Zaur Bayramlı müxbirimizlə təkrar əlaqə saxlayıb. O deyib ki, davanın ən qızğın vaxtında Ankaradakı səfirimizin müavini Vüqar Mustafayevə zəng ediblər və dəstək istəyiblər. Lakin səfir müavini onlara “günah özünüzdədir, siz niyə PKK-lıların şüarını çırır, onları qıcıqlandırırsınız”, deyə cavab verib.
Z. Bayramlı dedi ki, hadisə yerinə 5 maşın polis gətirilib. Polislər davanı sakitləşdirərkən azərbaycanlı tələbələrin sifətlərinə bibər qazı sıxıb.
“Sabah saat 12-də pkk-lıların cavabı veriləcək. Biz Ülkü Ocaqlarına, Alpərənlərə də müraciət etdik. 1 martda Türkiyə vaxtı ilə saat 12-də Ankara Universitetinin Siyasal Fakultəsi önünə güclü heyətlə yığılacağıq və olanları protesto edəcəyik”. Bunları da Z. Bayramlı müxbirimizə söyləyib.

E.MƏMMƏDLİ