Translate

20 Şubat 2012 Pazartesi

“Google” erməniləri dəli etdi

Ermənilər “Google”, “Apple” və “Microsoft”u özlərinin əleyhdarı olmaqda ittiham edib

 Dünyanın ən böyük virtual axtarış sistemlərindən olan “Google”də keçən həftə ermənilər pis bir sürprizlə qarşılaşıb. Məlumata görə, fevralın 18-də “google translate” xidməti “erməniləri sevirəm” sözünü “I love Turkey” (Türkiyəni sevirəm) kimi tərcümə edib. “Google”də olan bu səhvi ilk dəfə livanlı fəal Seruj Baqdasaryan görüb. Dünyanın müxtəlif yerlərində olan ermənilərlə əlaqə yaradan Baqdasaryan bu vəziyyətin qarşısını almağa müvəffəq olub. 

  Qeyd edək ki, “Google” rəsmiləri baş verənlər barədə açıqlama verməyib. Amerikada yaşayan ermənilər isə “Google”, “Apple” və “Microsoft”u erməni əleyhdarı olmaqda ittiham edib.



Şirəli Məmmədov

Ermənilər acından ölmür


Sözsüz ki, istənilən münaqişədə (istər məişət münaqişəsi olsun, istər beynəlxalq) tərəflərin ən ümdə marağı rəqibi haqda daha çox məlumat əldə etmək olur. Bunu etməyən tərəf məğlubiyyət acısını yaşamağa məhkumdur. 

 Gəlin görək biz ermənilər haqda nə bilirik? Kimdən soruşsaq, deyəcək ki, acından ölürlər, Ermənistandan qaçırlar və sairə və sairə və sairə. Əgər deyilənlər doğrudursa, bəs niyə biz hələ də məğlub durumdayıq. Burada iki izah ola bilər. Brincisi, biz məğlub durumumuzdan məmnunuq. O qədər məmnunuq ki, ermənilər acından ölsə belə, biz qalib olmaq istəmirik. İkinci izah isə odur ki, ermənilər acından ölmür, deməli, bizim onlar haqda bildiklərimiz həqiqət deyil. 

  Əlbəttə, Azərbaycan və Ermənistanı müqayisə edəndə hər iki ölkənin iqtisadi sferasında, el sözü olmasın, at-eşşək qədər fərqi görmək olar. Amma bu fərqi olduğu kimi görmək lazımdır ki, dovşan bildiyimiz çaqqal kimi əl ayağımızı qapanda çaşmayaq. Biz indi məhz həmin çaşqınlığı yaşayırıq – ermənilər acından ölür, amma hələ də biz, bizə məxsus olanı acından ölən erməninin əlindən ala bilmirik.

  Əslində bu gün cəbhə xəttinin o tayında mövcud olan reallıqlar gizli saxlanılmamalıdır. Əgər biz münaqişənin həllində bir xalq olaraq bütövlükdə məsuliyyət daşıyırıqsa, deməli, atəşkəs xəttinin o tayında baş verənlərdən xəbərdar olmalıyıq ki, düzgün nəticə çıxaraq. Amma bu informasiyalar gizlədilir və yaxud da “əl politoloqlarının köməyi” ilə naməlum səmtə yozulur. Bu, kimə lazımdır? Sualın bir cavabı var: Xalqı idarə etmək istəyənlərə. 

  Son olaraq Ermənistanın siyasi, iqtisadi, hərbi sahələrində yaranmış situasiyadan xəbərdar olan adam kimi bir daha təkrar edirəm. Ermənilər bizdən qat-qat kasıbdır. Amma acından ölmürlər. Bilirsiz niyə? Çünki onlarda, bizdə artıq olmayan sosial ədalətin işartıları hələ tam sönməyib.



Asəf Quliyev

18 Şubat 2012 Cumartesi

Almaniya Bundestaqının İşçi Qrupu Qarabağ münaqişəsi ilə bağlı sənəd yayıb

Sənəddə Xarici Siyasət üzrə İşçi Qrup Almaniya Federal Hökumətini bir sıra məqamlara diqqət yetirməyə səsləyir

 Almaniya Bundestaqının Xarici Siyasət üzrə İşçi Qrupu “Dağlıq Qarabağ münaqişəsinin 20 ili: Münaqişənin sülh yolu ilə həlli üçün yeni bir təkan” adlı sənəd yayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

  Sənəddə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınaraq, Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələrinin işğalı altında olması, BMT TŞ-nın münaqişə ilə bağlı 4 qətnaməsinin qəbul edilməsi, 1994-cü ildən bəri tərəflər arasında atəşkəs əldə olunsa da təmas xəttində mütəmadi şəkildə insidentlərin baş verməsi, Almaniyanın bu münaqişənin həllində öz mövqeyini dəyişməməsi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyin təmin olunmasında oynadığı rol öz əksini tapıb.

  Sənəddə Xarici Siyasət üzrə İşçi Qrup Almaniya Federal Hökumətini aşağıdakı məqamlara diqqət yetirməyə səsləyir:

1. ATƏT, NATO və BMT-dəki tərəfdaşlarımızla birgə Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayrılması, münaqişənin sülh yolu ilə həlli üçün bütün tərəflərin siyasi kompromislərə hazır olması, təmas xəttində yaşayan insanların həyatlarının təhlükəsizliyinə təminat verilməsi və qarşılıqlı etimad yaratma tədbirləri həyata keçirilməsi;
2. Münaqişənin həllində Avropa İttifaqının (Aİ) rolunun artması, Minsk qrupunda Fransanın tutduğu yerə Aİ-nin gətirilərək, münaqişə tərəfləri arasında vasitəçilik edə biləcək və Aİ-nin konkret mandatına malik olan Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi müəyyənləşdirilməsi;
3. Şərq Tərəfdaşlığı çərçivəsində Ermənistan və Azərbaycanın siyasi və iqtisadi cəhətdən bir-birinə yaxınlaşdırılması üçün bütün mümkün vasitələrdən istifadə olunması və bu çərçivədə regional münaqişənin həlli mexanizminin işlənib hazırlanması;
4. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas ölkə olan tərəfdaşımız Rusiyanın status-kvonun saxlanması üçün deyil, regiondakı silahlanma yarışının dayandırılması və daimi sülhün təmin olunması üçün daha konstruktiv addımlar atmağa çağırılması;
5. Dağlıq Qarabağ münaqişəsinin həllində konkret inkişafın olacağı təqdirdə təhlükəsizlik siyasəti sahəsində Aİ ilə Rusiya arasında dialoqun genişləndirilməsi;
6. Aİ üzvlüyünə namizəd ölkə olan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağa dəvət olunması və bununla da Ermənistanın Türkiyə ilə sərhədlərinin rus ordusu tərəfindən qorunmasına ehtiyac qalmayacağını düşünərək, Cənubi Qafqazda silahlanma yarışının dayandırılması;
7. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində oynadığı konstruktiv rolun və regiondakı öhdəliklərinin yerinə yetirilməsinin dəstəklənməsi.

17 Şubat 2012 Cuma

Azərbaycan Respublikası Qarabağ bölgəsi :: Qarabağın tarixi ərazisi və sərhədləri

Xocalı soyqırımı Türkiyə parlamentində

Cəmil Çiçək TBMM-də Xocalı Soyqırımı ilə bağlı qanun təklifinin müzakirə olunacağını vurğulayıb

 Azərbaycanın Türkiyədəki səfir Faiq Bağırov ötən gün Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşüb. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı səfir İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının İndoneziyada keçirilən toplantısında Xocalı soyqırımı ilə bağlı qərarının alınması prosesində Türkiyənin dəstəyinə görə ona öz təşəkkürünü bildirib, Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə Səfirliyin təşkil etdiyi silsilə tədbirlər barəsində ətraflı məlumat verib və qeyd olunan tədbirlərdə Türkiyənin parlament üzvlərinin iştirakının vacibliyini nəzərə çatdırıb.

  Qeyd edək ki, Faiq Bağırov 28 fevral tarixində Səfirliyin TBMM-də Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil edəcəyi rəsm sərgisi üçün lazımi köməkliyi göstərdiyinə görə Cəmil Çiçəkə təşəkkürünü bildirib.

  Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də öz növbəsində Səfirliyin Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil etdiyi tədbirlər silsiləsinə dəstək verəcəyini, Xocalı soyqırımının dünyaya çatdırılmasının çox mühüm olduğunu, bu çərçivədə parlamentdəki siyasi partiyaların qrup rəhbərlərinin məlumatlandırılacağını, Türkiyəni təmsil edən səlahiyyətli bütün şəxslərin beynəlxalq səviyyədə keçirdikləri görüşlər zamanı iki məsələni (Dağlıq Qarabağ və Şimali Kipr) əsas olaraq gördüklərini və Fransada qondarma erməni soyqırımı ilə bağlı qanunun tamamilə insan hüquqları prinsiplərinə zidd olduğunu dilə gətirib.

  Səfir Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif ölkələrində geniş tədbirlərin təşkil olunacağını, artıq Meksika və Pakistan kimi əhəmiyyətli ölkələrin parlamentlərində Xocalı soyqırımının tanındığını, AŞPA və dünyanın digər mötəbər qurumlarında Xocalı soyqırımı məsələsinin qaldırılacağını və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun TBMM-dəki öz həmkarlarına Xocalı Soyqırımının tanınmasının zəruriliyi ilə bağlı olan məktubunun olduqca əhəmiyyətli olduğunu bildirməklə yanaşı, Fransada qondarma erməni soyqırımı ilə bağlı qanunun qəbul olunması prosesində Azərbaycan tərəfindən atılan addımlar barəsində ətraflı məlumat verib.

  Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Fransada davam edən prosesin böyük əhəmiyyət daşıdığını nəzərə çatdırıb və TBMM-də Xocalı Soyqırımı ilə bağlı qanun təklifinin müzakirə olunacağını vurğulayıb.

  Səfir Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəkə dərin minnətdarlığını bildirib və Cəmil Çiçəki ölkəmizə rəsmi səfərə dəvət edib.



Aynur Əliyeva