Translate

6 Mayıs 2017 Cumartesi

TANRIÇILIQ FƏLSƏFƏSİ (4-cü yazı)

05.05. 2017 / 18-22
                                                Dos., Dr. Faiq Qəzənfəroğlu


Qamlar arasında suya, yerə (torpağa), oda, daşa, ağaca və başqa maddi ünsürlərə xüsusi inanclar olmuşdur ki, bu cür hallara türk, o cümlədən Azərbaycan türk das­tan­larında da rast gəlmək olur. Bütün türksoylu xalqların (türkmən, uyğur, oğuz, qazax, tuvin, xaqas, buryat, kalmık və b.) mifologiyasına görə, Ülgen yerüstü işıqlı dünyanı, Erlik isə yeraltı qaranlıq dünyanın idarə edir. Adətən, Yer qadın Göy isə kişi başlanğıcdır; Göy yağış yağdırmaqla Yeri mayalandırır və ondan müxtəlif varlıqlar, o cümlədən insan törəyir. Ancaq sonralar Erlik yamanlığın, Ülgen isə yaxşılığın simvolu olur, hətta qara Qam Erlik, ağ Qam isə Ülgenlə bağlıdır. Deməli, başlanğıcda xeyir və şər olmamış, bu ziddiyyət, əkslik sonralar meydana çıxmışdır. Azərbaycan türklərinin ən qədim miflərindən də görürük ki, başlanğıcda, əzəldə heç nə yox imiş. Tanrı əvvəlcə bitkiləri, heyvanları və ən sonda isə insanları yaratmışdır. İnsanlar yarandıqdan sonra aralarında paxıllıq, pislik əmələ gəlmiş, bununla da Göy Yerdən aralanmışdır.

Beləliklə, Tanrıçılığı türklərin, o cümlədən Azərbaycan türklərinin mükəmməl dini-fəlsəfi təlimi sayan Mirəli Seyidova görə, qədim türklərin su, od, ağac, torpaq, yer, günəş, müxtəlif rənglər (ağ, göy, qa­ra, qırmızı, sarı) haqqında özünəməxsus inancları olmuşdur. Bütün bunları, çoxillik tədqiqatlarının nəticəsi olaraq aşkar edən M.Seyidov hesab edir ki, qədim türklər arasında «Göy Tanrı»­ya inam təsadüfən yaranmamışdır: «Türkdilli xalqlarda Göy Tanrı sayılırmış. Hər şey onun iradəsinə tabe imiş. Buna görə də tanrı–Göy sonralar tanrı–allah anlamını da almışdır. Bəllidir ki, tanrı ilkin göy–səma demək imiş. Göyün–tanrının baş tanrı sayılması əsas ver­miş­dir ki, onun rəngi də müqəddəs sayılsın».

Alimin fikrincə, azərbaycanlıların ulu babaları da «Göy» anlayışına xüsusi önəm vermişdir: «Azərbaycanlı­la­rın ulu babalarında belə bir inam varmış ki, Göy Günəşin vasitəsilə Yeri qızdırır, yağış vasitəsilə onu mayalayır, dölləndirir. Günəş şüası və yağış vasitəsilə Yerlə əlaqə sax­la­yan Göy həyat nemətlərinin yaradıcısıdır. Göy, torpağı ne­mət verməyə, məhsul verməyə hazır vəziyyətə gətirir. Belə bir inama, etiqada görədir ki, bu və başqa təbiət hadisəsini, şeyi, heyvanı, kosmik cismi müqəddəsləşdirmək üçün onu Göylə–tanrı və onun rəngi ilə bağlayırlar». M.Se­yidov yazır ki, qədim türklərdə «Göy-Tanrı» ideyası o qədər güclü olmuşdur ki, onlar xaqanı göy kimi göydə doğulmuş təsəvvür etmişlər. Hətta hunlar öz ulu, əcdad babaları Me­te­nin oğlunu «tanrının oğlu», onu «Yer və Göy»dən do­ğul­muş, Günəşlə, Ay tərəfindən məmur edilmiş saymışlar. Deməli, əski türklərə görə xaqanı Göy Tanrı təyin edirdi, yaxud da xaqan Göy Tanrının yer üzərində elçisi idi. Əski türklərin inamında «Göy» həm də yüksəklik, genişlik, ucalıq mənasını daşımış, öz əksini ailə və dövlət qurluşunda da tapmışdır.

Əski Turan-Türk uluslarından hesab olunan, m.ö. 4-3 minillərdə İkiçayrasında mövcud olmuş Sumer xalqının da eyni fəlsəfəni izlədiyini görürük. Belə ki, Sumerlərdə də erkək və dişi iki yaradıcı qüvvət olmaq etibariylə kainatın əsası hesab edildikləri üçün cinsiyyət bayramları ilkbahar və sonbahar mərasimləri onların adına təsbit edilirdi. Onların ittihadını təmsil edən Alaimüssəma idi. Türklərdə Göy Tanrı və Asra Yer erkək və dişi yaradıcı qüvvətləri təmsil etdikləri kimi, Orhon abidələrində Göy körpüsü-Göy qurşağı, yəni Alaimüssəma da onların ittihadıdır. Yenə qədim Türklərin etiqadına görə, bütün cinsiyyət və bərəkət ayinləri Göy Tanrıya aid olduğu üçün, Göy körpüsünün (Göy qurşağının) altından keçən qız oğlan və ya əksinə oğlan qız olur. Türk fəlsəfəsinin ana mahiyyətini təşkil edən bu dünyagörüşün Sumer sivilizasiyasında da özünü göstərməsi təsadüfi ola bilməzdi. Bu anlamda Sumerlərdə və digər Turani qövmlərdə görünən Göy Tanrı dininin, yəni Tanrıçılığın (Göy Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması şübhəsizdir. Özəlliklə, 12 heyvanlı Türk-Turan təqviminin digər xalqlara Turan irqindən Sumerlərə, onlardan da digər xalqlara (çinlilərə, iranlılara vəb.) keçməsi get-gedə daha çox qəbul olunur.

Deməli, bu ikili mübarizə, onun yaranışı, inkişafı və sonuyla bağlı müxtəlif uluslarda müxtəlif baxışlar olsa da, ən qədim fəlsəfi fikir Turan-Türk hikmətidir. Bu baxımdan Türk aydını Hilmi Ziya Ülken haqlı olaraq yazır ki, ilk dəfə türklər aləmi biri-birinin ziddi olan, fəqət biri-birini tamamlayan iki prinsip ilə izah edirdilər: “Bunlar  da “Göy Tanrı” və “Asra Yer” idi. Həqiqətdə  hər şey bir fəza (xaos)  halından ibarət ikən sonradan vuzuh qazandıqca göy yerdən, aydınlıq qaranlıqdan, erkək cövhər dişi cövhərdən ayrılmış və biri-birinə tamamıyla zidd olan bu qüvvətlərin təkrar birləşməsindən kişi, yəni ilk insan vücud bulmuşdur”. Orhon kitabəsində də yazılır: “Öze Gök Tengri, asra Yagız yer kılındıkta, ekin ara kişioğlu kılınmış”.

Vəli Hə­bib­oğlu da Azərbaycan türklərinin qədim inanclarında Tan­rı­çılığın xüsusi yer tutduğunu qeyd edərək yazır ki, qədim türklərin, o cümlədən Azərbaycan türklərinin mifoloji dün­ya­görüşündə Yer və Göyün ayrılması Tanrıyla bağlıdır. Ha­zır­da da bu cür mifik inanclara inananlar tapılır: «Bu da onu göstərir ki, qədim türkdilli xalqlar arasında təkallahlılıq inamı çox güclü olmuşdur. Məhz buna görə də türk xalq­la­rının bir çoxunda həyatın, kainatın yaradılışı anlayışının özü Tanrı, Allahla əlaqə­ləndirilir». Deməli, türklərin islamaqədərki dünyagörüşü təbiətlə (su, yer, göy, ağac, Boz qurd) və tanrı­ya keçid kimi Tenqri xanla, sonra bir olan Allah və Allaha aşiq insan obrazı ilə bağlıdır: «İslamaqədərki inanc və gö­rüş­lər daha çox tarixin hələ yazısız, kitabsız sivilizasiya mər­hə­ləsinə təsadüf edir və təbiidir ki, ən qabarıq əksini etno­qra­fik qaynaqlarda, mifologiyada, bir də folklorda tapır». Bir sözlə, qədim türklərin dünyagörüşünə görə yuxarıda mavi göy, aşağıda boz yer, onların arasında isə insan oğlu-türk yaradılmışdır.


                                   Bu kitabı əldə etməyi və oxumağı unutmayın

Ülkenin fikrincə də, əslində bir olan iki zidd prinsipin Göy və Yerin sonradan təkrar birləşməsi Türk kosmoqoniyasının monist bir dünyagörüşünə çatdığını göstərir. Bu o deməkdir ki, Göy Tanrı yaradıcıdırsa, Asra yağız yer isə Göy Tanrının yaratdıqlarını məhv edəndir. Göy Tanrı xaqanı, Yer xatunu təmsil edər. Ancaq Asra yer Göy Tanrının bir parçasıdır. Ülken yazır: “Göylə yer arasındakı ayrılıq ancaq  vəziyyət və hal etibarilədir. Fəqət ailənin ahəngi, cəmiyyətin nizamı kimi, göklə yerin də əzəli bir uyuşması, uzlaşması vardır”.  Türk düşüncəsində atam Göy, anam Yerdir. Göy Tanrının timaslı Göydə Ay ata, Ay dədədir, Yağız yerin timsalı isə Günəş anadır. Hacı Bektaşinin fəlsəfəsində də bu düşüncə əsas xətdir. Ülken yazır: “Əsasını monizmdən alan bu ahəngçi ikilik Türklərin kollektiv fəlsəfəsidir”.

Türk-Turan fəlsəfəsi ikili mahiyyət etibariylə vəhdətçi, ahəngçi və monistdir. Məsələn, Yakutlarda Göy Tanrı Tenger, yer Tanrısı Yireydir. Göydə 9 ağa oza. Aşağıda 8 ağa oza oza vardır gök təbəqələri 17, yer təbəqələri 12, ya da 5-dir. Gök məbudlarının ən qüdrətlisi Art Toyon Ağadır. Türklər arasında Göy Tanrı və Yağız yer arasında orta dünya var. Burası kişinin yaradıldığı və insanların yaşadıqları aləmdir. Orada Yer-sular hakimdir.

Türk fəlsəfəsində Tanrının insanı yox yerdən yaratması deyil, daima onunla birlikdə var olması ideyası var. Yəni həmişə Tanrıyla (görən) birlikdə su (görülən) da var olub. Tanrı sonra  əvvəlcədən şəkli olan İnsanı su vasitəsilə var etdi. Deməli, Tanrı insanı yoxdan var etməmişdir. Əslində əvvəlcədən var olana şəkil vermişdi. Amma Xristianlıq (kreationizm) və İslam (xilqətçilik) dinlərinə görə Allah insanı yox yerdən var etmişdir. Altay türklərinin mifologiyasında insanın və dünyanın yaranışı belə izah olunur: “Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı.  Qara xandan başqa görən, sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana “yarat” deyib yenidən suya saldı. Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi.  Onun istədiyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Boğulurdu. Elədiyinə peşman olub Tanrı Qara xandan bağışlanmasını xahiş etdi.

Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi həmin ulduzun üstünə çıxıb xilas oldusa da, Qara xan onun bir daha uça bilməyəcəyini nəzərə alıb dünyanı yaratmaq qərarına gəldi. Kişiyə buyurdu ki, suyun dibinə dalaraq torpaq çıxarsın. Şər düşüncədən əl çəkməmiş kişi torpaq gətirərkən fikirləşdi ki, özü üçün gizli bir dünyada yaratsın, ona görə də torpağın bir hissəsini ağzında saxladı. Elə ki, ovcundakı torpağı su üzərinə səpdi, Tanrı Qara xan torpağa “böyü” deyə  buyurdu. Torpaq böyüyüb dünya oldu. Lakin kişinin ağzında saxladığı torpaq da böyüyüb onu boğmağa başladı. Qara xan ona “tüpür” deməsəydi, boğulub öləcəkdi.

Tanrı Qara xan dümdüz bir dünya yaratmışdı, lakin kişi tüpürəndə ağzından çıxan torpaq bataqlıqlar, təpələr əmələ gətirdi. Hirslənən Qara xan itaətsiz kişiyə “Erlik” (şeytan) adını verib, özünün işıqlı dünyasından qovdu. Sonra yerdə doqquz budaqlı bir ağac bitirdi, hər budağın altında bir adam yaratdı ki, bunlar doqquz insan irqinin atları oldular. Erlik insanların gözəl həyatını, xoş həyatını görüb Tanrı Qara xandan xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Lakin Erlik istəyindən dönmədi, insanları öz tərəfinə çəkməyə başladı. Qara xan insanların azğınlığını, Erliyə aldanımalarını görəndə acıqlandı, onları öz başlarına buraxdı. Erliyi yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu. Özü göyün on yeddinci qatını yaradıb oraya çəkildi. Mələklərdən birini insanları qorumaq üçün yer üzünə göndərdi.

Erlik Tanrı Qara xanın qərar tutduğu gözəl göyü görüb, ondan icazə istədi ki, özü üçün bir göy yaratsın. İcazə alıb yaratdı və aldatdığı şər ruhları öz göyündə yerləşdirdi. Lakin Qara xan görəndə ki, Erliyin təbəəsi ondan daha yaxşı yaşayır, mələklərindıən birini gönədrib həmin göyü dağıtdırdı. Göy yıxılıb dünyaya düşdü, dağlar, dərələr, ormanlar meydana gəldi. Və acıqlanmış Tanrı Qara xan Erliyi yerin ən aşağı qatına sürdü. Buyurdu ki, günəşsiz, aysız, ulduzsuz yerdə dünyanın sonuna qədər qalsın. Tanrı Qara xan göyün on yeddinci qatında oturub  kainatı idarə etməkdədir. Ondan bir qat aşağıda Bay Ölgün Altun dağda  qızıl bir taxt üstündə oturub. Göyün yeddinci qatında Gün Ana, altıncı qatında Ay Ata oturmuşlar”.

Tanrıçılıq düşüncəsində xatun da Yerlik xanın bir parçası deyildir. O, Qaraxan tərəfindən ayrıca yaradılmış olub Yer Xatun ismiylə Yerlik Xana əks bir qüvvət təşkil edər. Türk hikmətində, aləmin nizamı erkək və dişi  prinsiplər arasındakı ahəngdən doğduğu üçün Xaqanın qarşısında Xatun, ailədə erkəyin qarşısında qadın özəl bir mövqeyə sahibdir.

Ardı var...

Dos., Dr. Faiq Qəzənfəroğlu

Hiç yorum yok: