Translate

23 Kasım 2016 Çarşamba

MUSİQİ - MÜZİK - MUSIC / HƏQİQƏTƏN MUSİQİ İNSANLARIN UNİVERSAL DİLİDİR


MUSİQİ İZLƏMƏK VƏ DİNLƏMƏK ÜÇÜN BURA DAXİL OLUN
MUSİQİ - MÜZİK - MUSIC: Arif Babayev - AzTv "Musiqi Xəzinəsi" verilişində ...

KONFİÇYÜS : 

- Həyat iztirab və kədər versə sükunəti musiqidə axtarın. Musiqi göylə torpaq arasında bir ahəngdir. 
Bağlılıq musiqinin təməlidir, sevinc və məmnuniyyət isə musiqinin məmurlarıdır. 
Düzgünlük musiqinin cövhəridir. Ciddilik, hörmət və nəzakət musiqinin sistemləridir.
Bir ölkənin doğru idarə olunub, olunmadığını, əxlaq baxımından ucalıb, ucalmadığını anlamaqmı istəyirsiniz? 
O ölkənin musiqisini dinləyin. Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir.

HƏQİQƏTƏN MUSİQİ İNSANLARIN UNİVERSAL DİLİDİR.

22 Kasım 2016 Salı

YƏHUDİ ALİMDƏN TÜRKİYƏ İLƏ BAĞLI ŞOK PROQNOZLAR

Dünyanın ikinci SUPER GÜCÜ…
21 Noyabr 2016 / 17- 42


ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) “kölgəsi” olaraq tanınan “Stratfor” analitik şirkətinin qurucusu, yəhudi alim Corc Fridman çaşdırıcı bəyanatlarını davam etdirir.

Turkustan.info Publika.az–a istinadən xəbər verir ki, “Yeni söz” nəşri onun Türkiyənin gələcəyi ilə bağlı bəyanatlarını analiz edib.

Fridmanın 2009-cu ilin yanvar ayında çıxan “Gələcək 100 il: XXI əsr üçün proqnozlar” kitabında yaxın zamanda üçüncü dünya müharibəsinin başlaya biləcəyi, Rusiya və Çinin çökəcəyi, Türkiyənin isə dünyanın ikinci super gücü olacağı göstərilib. O, son olaraq Türkiyənin Yaxın Şərq, Balkanlar, Ərəbistan yarımadası və Şimali Afrikaya hakim bir imperatorluğa çevriləcəyini, bunun da ABŞ-ın əsəblərini pozacağını söyləyib.

ABŞ Hərb Məktəbi, Milli Müdafiə Universiteti və RAND təşkilatlarında milli təhlükəsizlik və müdafiə üzrə mühazirələr oxuyan Fridman Türkiyənin dünyanın ən böyük 17-ci güclü iqtisadiyyatına malik dövlət olduğunu söyləyir. Onun sözlərinə görə, Türkiyənin iqtisadiyyatı hazırda Səudiyyə Ərəbistanının iqtisadiyyatından daha yaxşı vəziyyətdədir.

“Hərbi mövqeyi, İngiltərə istisna olmaqla Avropanın ən yaxşısıdır. Fransızları bir saatın içində məğlub edərlər. Əvvəllər ətrafı Avropa, daha sonra Rusiya və ABŞ tərəfindən mühasirəyə alınmışdı. İndi isə amerikalılar gedirlər, ruslar daha geri gəlməyəcək, ingilislər isə başqa işlərlə çox məşğuldur. Türklər qanadlarını açır”, – Fridman bildirib.

“Yeni söz” yazır ki, Corc Fridmanın “Rusiya və Çin çökəcək, Türkiyə bir saatda Almaniya və Fransanı alar, Türkiyə Balkanlardan Afrikaya qədər olan ərazini, xüsusilə də ərəbləri yenidən ölkəsinə qatacaq” şəklindəki şərhlərdən maraqlı bir nəticə çıxır: “Əsl məqsəd hər kəsi Türkiyəyə qarşı qaldırmaqdır. Qərbə “Türkiyəyə qarşı birlikdə ol!”, müsəlman ölkələrə də “türklər Osmanlı dövründə olduğu kimi dövlətlərinizi alıb torpaqlarına qatacaq” mesajı verməkdir. Rusiyanın 1917 və 1991-ci ildə olduğu kimi 2020-ci ildə çökəcəyini, Rusiya və Çin torpaqlarının Türkiyənin ov yaylağına çevriləcəyini, Türkiyənin ərəb ölkələri, Ukrayna, Krım və Yunanıstan da daxil olmaqla Balkanları ələ keçirəcəyini, Türkiyənin Afrikanın mərkəzinə qədər irəliləyəcəyini, ardınca ABŞ ilə Türkiyə arasında üçüncü dünya müharibəsi başlayacağını deyən Fridman bir çox ölkələr üçün qorxunc ssenarilər yazıb. Bu ssenarilərin arxasında “dünyanı narahat etmək” və “türklərə qarşı tədbir görmək” çağırışı dayanır”.


TURKUSTAN.İNFO
&  VƏTƏNSEVƏRLƏR

21 Kasım 2016 Pazartesi

QARAKƏND FACİƏMİZ – SAMİR ƏSƏDLİ

20 noyabr 2016 - cı il 

                                                              Samir Əsədli 

1991-ci ilin 20 noyabrında mən Yardımlı rayonunun Bilnə kəndində 2-ci sinifdə oxuyurdum. Soyuq qış gecəsində sobanın yanına sığınıb televezorda nəyəsə baxmalı idim. Dəqiq xatırlamıram, amma səbirsizliklə gözlədiyim bir verliş olmalı idi. Birdən proqram dəyişdi, qara paltarlı adamların orkestr ifası başladı. Yarım saat, bir saat… Amma bu kədər musiqisi bitmək bilmirdi. Səbrim bir tikə olmuşdu, hər dəqiqə “ana, niyə bunlar çalır?” deməyə başladım. Sonra musiqi dayandı, diktor ekrana çıxdı və dedi: “Bu gün, Qarakənd istiqamətinə uçan vertalyot dumana düşüb, dağa dəyib partlamışdır”. Sonra öyrənəcəkdik ki, helikopter dumana düşməyib, onu ermənilər vurub və bu helikopterdə Azərbaycanın say-seçmə oğulları, dövlət xadimləri həlak olub.

Hər il 20 noyabr tarixində uşaq yaddaşıma yazılan və mənim bəlkə də “daha tez böyüməyimdə” əsas rol oynayan bu epizodu xatırlayıram. Doğrudan da müharibə dövrünün uşaqları olmazmış: müharibə dövründə uşaqlıq yaşanmır, insan özünü dərk edəndən dəhşətləri, faciələri yaşaya-yaşaya hər gün bir il böyüyür.

Məncə, Azərbaycanın böyük faciələrinə gedən yol bu hadisədən, bu terrordan başladı. Bəlkə, bu hadisədən sonra mən reallıqları daha aydın dərk etməyə çalışdım deyə, xatirəmdə belə yazılıb. Ancaq şübhəsiz ki, bu faciə hakimiyyətin daha da zəifləməsinə və Qarabağda silsilə məğlubiyyətlərə, bir-birinin ardınca baş verən işğallara yol açdı. Çünki Qarakənd terrorunda millətimizin qaymaqları faciəli şəkildə öldürüldü. Bu bir günlük terroru 1937-ci il repressiyası ilə müqayisə edərdim: həmin zaman Sovet rejiminin bir ildə apardığı terroru ermənilər bir anın içində həyata keçirdilər. Helikopterdə ölənlərin ictimai və siyasi nüfuzunu ancaq bu cür müqayisə ilə aydınlaşdıra bilərəm…

Nələri bilirik? 1991-ci il noyabrın 20-də, Xocavəndin Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycanın rəsmi şəxslərinin olduğu hərbi vertolyot qəzaya uğrayıb. Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin də olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində 22 nəfər həlak olub. Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu saat 14:42 dəqiqədə vurulub.


Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da, bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə saat 15:30-də yayımlanıb. Həmin gün İrəvan radiosu saat 16:15-da, 17:00-da Moskva radiosu bu məlumatı efirə verib.

Bu faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, jurnalistlər Osman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olmalı idilər.



Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitinə 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı) cinayət işi açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya “ermənilər göstərib”… Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi… Belə ki, vertolyotun “qara qutusu”nu da əlinə keçirən bu polkovnik oldu. Ona toxunmaq qadağan edildi və belə bir məlumat da yayıldı ki, qara qutu “istidən və yanğından”, “partlayışdan” (onun sozləridir) sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokuror İ.Lazutkin hamını aldatdı. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur.


                         Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq İsmayılov

            ABŞ silahı ilə vurulan ictimai xadimlərimiz

Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə vertolyotu müşayiət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi – sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir. 


                        Azərbaycan Respublikasının Baş Prokuroru İsmət Qayıbov

Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu – “U-238”var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həm də kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqları mərkəzdən 500-600 metr kənara atılır. Və beləliklə həmin gün Azərbaycanın nüfuzlu dövlət xadimləri müəmmalı “qəza” nəticəsində həlak oldular. Bu hadisə bəlkə də Azərbaycanın başına gələcək olan müsibətlərin xəbərçisi idi və artıq heçnə əvvəlki kimi olmayacaqdı.

“Qəza” nəticəsində şəhid olanlar :

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror

Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri

Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini

Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru

Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

Alı Mustafa oğlu Mustafayev – telejurnalist

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri

Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü

Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.


ABZAS.NET
& VƏTƏNSEVƏRLƏR



12 Kasım 2016 Cumartesi

İSRAİLİN AZƏRBAYCANA “DƏMİR GÜNBƏZ” SATDIĞI TƏSDİQLƏNDİ

12 Noyabr 2016 / 12:57


Azərbaycan İsraildən bir neçə batareya “Dəmir Günbəz” raketdən müdafiə sistemi (Iron Dome) almağı planlaşdırır. 

Bu barədə az əvəl İsrailin “İsrael Hayom” nəşri hərbi dairələrə istinadən xəbər yayıb.

Azərbaycanın İsraildən “Dəmir Günbəz” sistemlərini alacağı haqda məlumatı ilk dəfə Milli Məclisin deputatı Yevda Abramov mətbuata müsahibəsində açıqlayıb. Bu açıqlama geniş rezonans doğurub, lakin nə İsrail, nə Azərbaycan rəsmi qaynaqları Abramovun dediklərinə şərh verməyiblər. Bu məsələ İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfəri ərəfəsində yenidən gündəmə gəlib. Bəzi İsrail KİV-ləri Netanyahunun səfəri zamanı bu məsələnin müzakirə olunacağını yazıblar. Lakin xəbər başqa müstəqil mənbələrdən təsdiqlənməmişdi.

İndi “İsrael Hayom” bildirir ki, Azərbaycana “Dəmir Günbəz”in satılacağına dair məlumatı noyabrın 10-da dəqiqləşdirib.  “Azərbaycan bir neçə batareya “Dəmir Günbəz” raketdən müdafiə sistemi batareyası almağı planlaşdırır”-mənbə bildirir.

Bu raketdən müdafiə sistemlərini İsrailin “Rafael Advanced Systems” şirkəti istehsal edir, təyinatı 4 kilometrdən 70 kilometrə qədər məsafədə kiçik mənzilli raketləri və artilleriya mərmilərini zərərsizləşdirməkdir. 

Azərbaycanın İsraildən bu sistemləri alması məsələsi Rusiyanın Ermənistana 300 km mənzilli “İsgəndər” operativ-taktiki raketlərini verməsindən sonra gündəmə gəlib. “Dəmir Günbəz” İsraili Qəzza sektorundan və Livanın cənubundan “Həmas” və “Hizbullah”ın raket zərbələrindən qorumaq üçün nəzərdə tutulub. Bu sistemlərin operativ-taktiki raketlərə qarşı necə işlədiyi məlum deyil, lakin tamamilə mümkündür ki, hələ təkmilləşdirilməkdə olan bu sistemin bir çox göstəriciləri məlum deyil və “Dəmir Günbəz” “İsgəndər” tipli raketləri də hədəfə çatmamış neytrallaşdıra bilər.

“İsrael Hayom” bildirir ki, Azərbaycanın bu sistemləri almaq niyyəti baş nazir Netanyahunun dekabrda Bakıya edəcəyi səfər ərəfəsində açıqlanıb. Bu səfər əhalisinin əksəriyyəti şiə olan İranla həmsərhəd ölkə ilə bütün sahələrdə əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. Sayt qeyd edir ki, son illər bir neçə yüksək vəzifəli İsrail rəsmiləri, o cümlədən keçmiş müdafiə naziri Moşe Yalon və indiki müdafiə naziri Aviqdor Liberman Bakıya səfər ediblər.

 “Bəzi mənbələr bildirir ki, Azərbaycanla İsrail arasında bir neçə milyard dollarlıq yeni silah sövdələşməsi üzərində hazırlıqlar başa çatmaq üzrədir. Hansı ki, bu sövdələşmə çərçivəsində İsrail Azərbaycana sahil mühafizə katerləri, pilotsuz uçan aparatlar, raketdən müdafiə sistemləri və digər hərbi sistemlər verəcək”-sayt yazır.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl İsraildən milyardlarla dollarlıq silah sistemləri alıb.


VIRTUAL.ORG      
& VƏTƏNSEVƏRLƏR

İLHAM ƏLİYEV : “LƏLƏTƏPƏ ƏMƏLİYYATI KİMİ BİR ÇOX UĞURLU ƏMƏLİYYATLAR OLACAQ ”

12 Noyabr 2016 /12:36


İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izlədi.
Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.

Dövlətimizin başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etdi :

"Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir.
Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.
Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq.

Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır.

Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.

1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq.

Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Sağ olun".

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verdi.


PUBLİKA.AZ  
&  VƏTƏNSEVƏRLƏR

RUSİYADAN İRƏVANA TƏCİLİ QARABAĞ MESAJI...

12 Noyabr 2016 / 12:47



Azərbaycan Ordusunun irimiqyaslı hərbi təlimlərə başlaması Ermənistanda ciddi qorxulara səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən 18-dək səhər şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələr irimiqyaslı təlimlərə başlayıb.
Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Ermənistan mediası bunu Azərbaycanın işğal altındakı əraziləri azad etmək üçün böyük hərbi hazırlığı olaraq təqdim ediblər.

Erməni ekspert David Apinyan deyib ki, gözlənilməz müharibə hər an başlaya bilər : “Azərbaycanın hərbi təlimləri təsadüfi ola bilməz və sonda Ermənistan ciddi zərbə ilə qarşılaşa bilər. Müharibənin yenilənməsi təhlükəsi var”.

Azərbaycan Ordusunun təlimləri fonunda SSRİ-nin keçmiş baş naziri, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkovun dünən İrəvanda söylədiyi fikirlər də diqqət çəkir.

Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandıran Rıjkov “Rusiya Azərbaycana niyə silah satır?” sualını cavabında bunun köhnə sual olduğunu vurğulayıb.

“Bəli, biz silahı satırıq, lakin bu o demək deyil ki, müharibə istəyirik. Hər şeyin yoluna düşməsi üçün Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək lazımdır. Yalnız o halda, bu problemlər aradan qalxacaq”.

Rusiya Ermənistana Rıjkovun dili ilə “əgər silah satmağımızı istəmirsənsə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mənim planımı qəbul et” mesajını verir.

“Armenianreport” saytı da yazır ki, Rıjkov əslində, Ermənistanın ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan “Qarabağ planı” ilə razılaşmasına işarə edir.

“O, “əraziləri qaytarın, Rusiyanın Qarabağ planı ilə razılaşın və bütün bu problemlər aradan qalxsın” demək istəyir. İkinci mesajı da belədir: “əgər siz bununla razılaşmasanız, o zaman Azərbaycan güc yolu ilə sizi yola gətirəcək”. Bunu Ermənistan rəhbərliyi də yaxşı bilir, lakin susur. Bu, sadəcə Ermənistanın milli biabırçılığıdır”, - deyə sayt yazır.


Asif,
PUBLİKA.AZ
&  VƏTƏNSEVƏRLƏR  

10 Kasım 2016 Perşembe

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN : “1 ƏSRDİR ORADA BİZİ GÖZLƏYİRLƏR”


Türkiyənin heç kimin torpağında gözü yoxdur.  
Bunu Türkiyənin məşhur lideri Mustafa Kamal Atatürkün vəfatının 78-ci ili ilə əlaqədar təşkil edilən konfransda çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan söyləyib.

Onun sözlərinə görə, Türkiyənin tarixində heç vaxt müstəmləkəçilik anlayışı olmayıb :

“Bizim mədəniyyətimizə görə, eyni vətən torpağında yaşadığımız hər kəs qardaşımızdır. Bütün dövlətlərini bu anlayışla quran bir millətin başqalarının haqlarını qəsb etməsindən söhbət gedə bilməz. Orta Avropadan Afrikaya qədər uzanan ərazidə təhlükəsizlik və hüzur şəraitini formalaşdıran bir dövlət ənənəsinə sahibik. Bizi də Qərb kimi işğalçılıq siyasətində günahlandırmağa çalışanların fəaliyyəti boş şeydir. Bu gün Suriyada, İraqda, Afrikada, Balkanlarda istənilən adamdan Türkiyəni soruşun. Əsla bizdən zülm, qətliam görmədiklərini deyəcəklər. Biz oralardan artıq 1 əsrdir ki, ayrılmışıq, ancaq oralardakı insanlar həmişə bizi gözləyib. Dünən dövlət olaraq oralarda idik, bu gün yardım, təhsil, səhiyyə qurumlarımızla oralardayıq. Türkiyə Türkiyədən böyükdür. Biz 780 min kvadrat kilometrə sığışa bilmərik. Bizim fiziki sərhədlərimizlə könül sərhədlərimiz fərqlidir. Krımdakı, Makedoniyadakı, Qafqazlardakı qardaşlarımız fiziki sərhədlərimizdən kənarda olmaqlarına baxmayaraq, hər zaman könül sərhədlərimizin daxilində, qəlbimizin ortasında olublar. Türkiyə Cümhuriyyəti göydən zənbillə enməyib. 1919 və 1923-ü 1071 (Malazgird döyüşü – red.) və 1453-dən (İstanbulun fəthi – red.) ayrı görsəniz, yanılmış olarsınız. Bunların hamısı bir-birinin davamıdır. Səlcuqluların bayrağını Osmanlı daşıdığı kimi, Cümhuriyyət də Osmanlını əvəz edib”. 


AXAR.AZ
& VƏTƏNSEVƏRLƏR

BU GÜN "YENİ MÜSAVAT" QƏZETİNİN TƏSİS OLUNMASINDAN 27 İL KEÇİR


Qəzetin baş redaktoru Rauf Arifoğlu  bildirib ki, 27 il Azərbaycanın qəzet və fikir tarixi üçün böyük bir dövrdür. 

Qəzetimizin keçdiyi 27 il Azərbaycan üçün ən gərgin, ən həssas, ən təlatümlü illərə təsadüf edir. Qəzetimiz sovet hökuməti dövründə gizli təşkilat kimi yaradıldı. Qəzet yaranandan sonra hakimiyyət dəyişdi, çevrilişlər oldu, torpaqlarımız işğal altına düşdü. Bir sözlə, bu illərə o qədər böyük tarixi hadisələr təsadüf edir ki, onların hər biri haqqında ayrıca film çəkmək olar. Bir qəzet olaraq həm də həmin dövrlərin səlnaməçisiyik. Bu vaxta qədər çap olunmuş 6571 sayımızın səhifələrinə baxdıqda hər bir dövrün mənzərəsini görmək olar. Bu say həm də dayanmadan 20 illik iş günləri deməkdir. Ona görə də, “Yeni Musavat” qəzeti haqqında qısa müddətdə danışmaq olduqca çətindir.

 “Yeni Müsavat” bu gün ən çox yaşı olan qəzetlərdən biridir və mediada hələ də, öncül yerlərdən birini tutur: Bütün bunlar hamısı böyük bir zəhmətin bəhrəsidir. Allahın insana verdiyi ən böyük istedad zəhmətkeş olmaqdır. O istedad kimdə varsa, irəli gedir. Bizə də Allah bunu bəxş edib. Yorulmadan, bezmədən media sektorunda çalışırıq. Bu kollektivdə çalışan hər kəs günlərinin ən dəyərli saatlarını qəzetə, xəbərə həsr edir. Buna görə də, həm onlara, həm də bizi oxuyan hər kəsə təşəkkür edirəm

Ən azı bu cür davam etmək, ən çoxu isə yüksələn xətlə daha da inkişaf etmək, əsas qayəmizdir. Zamanın kəsimində yeni media, internet mediası imkanları yarandı. Biz də həmin imkanlardan keyfiyyətlə yararlandıq. “Yeni Musavat” qəzetinin elektron versiyası, musavat.com saytı 2000-ci ildən fəaliyyət göstərir. Hazırda ölkənin yaxşı və keyfiyyətli xəbər yayan yeni mediasından biri hesab edilir, rus və azərbaycan dilində xəbər verir. “Yeni Musavat” media qrupu içərisində minval.az saytı fəaliyyət göstərir, rus və anadolu türkcəsində xəbər yayımı həyata keçirir. Biz sinerji oluşdurduq, klassik qəzet mediası ilə yeni medianın çulğalaşmış bir vəziyyətdə, bərabər yayın yapmasını yoxladıq. Hesab edirəm, alındı, həm də çox yaxşı alındı. Gələcəyə doğru planlarımızdan biri də internet televiziyanın açılmasıdır. Bu ya əlavə sayt, ya da saytlarımızın biri üzərindən televiziya yaratmağı düşünürük. Təəssüf ki, dünyamız, ölkəmiz iqtisadi böhran içərisindədir. Həmin böhranlar mane olmazsa, gələcəyə yönəlik planlarımız var...


"VƏTƏNSEVƏRLƏR" BU MÜNASİBƏTLƏ "YENİ MÜSAVAT" QƏZETİNİN KOLLEKTİVİNİ TƏBRİK EDİR VƏ ONLARA YENİ YARADICILIQ UĞURLARI ARZULAYIR.

RUS JURNALİST : “RUSİYA BELƏ PARÇALANACAQ...”

10 Noyabr 2016 / 14:40


Rusiyanın Qərblə qarşıdurması ölkədə iqtisadi çöküşə və süquta səbəb olacaq.

Bunu TSN televiziyasına müsahibəsində rusiyalı jurnalist Saşa Sotnik söyləyib. Onun sözlərinə görə, hazırda Rusiyanın sonu ilə bağlı əsas məsələ əhalinin bu süqutun qarşılığını nə ilə ödəyəcəyidir:

“Ruslar üçün ölkənin süqutunun qarşılığı çox ağır olacaq. Kremlin başlatdığı bu müharibənin sonu Rusiyanın süqutu olacaq. Bir tərəfdən üstümüzə Çin gələcək, digər tərəfdən isə iqtisadi çöküş başlayacaq. İqtisadi çöküş bir anda olacaq və o hər şeyi məhv edəcək. Federal hakimiyyət heç kimə lazım deyil. Artıq yerli “knyazlar” öz ərazilərinin sərhədlərini müəyyənləşdirib, ordularını yaradırlar. Rusiya ilk növbədə bir neçə regiona parçalanacaq. Birinci mərhələdə Kalininqrad, Şimali Qafqaz, Dağıstan, Cənubi Osetiya, Qaraçay Çərkəz, Çeçenistan, İnquşetiya ilə vidalaşacağıq. İqtisadi fəlakət bunları qaçılmaz edəcək. Ölkənin süqutu Kremldə əyləşənlərin nə qədər pulunun olmasından asılıdır. Bütün proqnozlar 2 ildən 10 ilə qədər olan müddətdə özünü göstərəcək”.



AXAR.AZ
& VƏTƏNSEVƏRLƏR

5 Kasım 2016 Cumartesi

BAŞBUĞDAN SENSASİON AÇIQLAMALAR



“FETÖ-çülərin siyahısını Ərdoğana verdim, “bunları çox böyüdürsüz” dedi”


Türk Silahlı Qüvvələrinin (TSK) keçmiş Baş Qərargah rəisi, istefada olan ordu generalı İlkər Başbuğ bu ilin iyulunda ölkədə baş verən hərbi qiyam cəhdi ilə bağlı maraqlı açıqlamalar verib.

Uzun müddət FETÖ-yə (Fətullah Gülən Terror Təşkilatı) qarşı çıxan yeganə məmur və dövlət adamı olduğunu deyən Başbuğ gəlmiş-keçmiş bütün siyasətçilərin FETÖ-nün etdiklərinin sosial xidmət kimi gördüyünü bildirib: «Buna niyə qarşı çıxmaq lazım olduğunu anlamadılar».

«Oyun deyildi…» 

Başbuğ 15 iyulda baş verənlərin hərbi qiyam adlandırılmasına qarşı çıxıb: «O gün yaşananlara hərbi qiyam demək Türk Silahlı Qüvvələrinə böyük haqsızlıq olar. Bu, FETÖ-nün TSK-ya sızdırdığı xunta vasitəsilə həyata keçirilmiş qiyam idi».

Başbuğ bildirib ki, 15 iyulda olanlara oyun və ya bu kimi bənzətmələr etmək yanlışdır: «Qiyamın uğursuz olmasının əsas səbəbi TSK-nın komandanlıq hissəsinin qiyam cəhdinə qarşı çıxması və dirəniş göstərməsi idi.

2008-ci ildə – Baş Qərargah rəisi olduğum vaxtlarda MİT-dən (Milli Təhlükəsizlik Təşkilatı) Fətullah Gülən camaatı ilə bağlı hesabat tələb etdim. Bir müddət sonra gətirdilər. Təxminən 100 səhifəlik hesabat idi. Müstəşar mənə «bu hesabatı sizə qeyri-rəsmi verirəm» dedi. Mənim üçün fərqi yox idi. Hesabatda Fətullah Gülən camaatı ilə bağlı ümumi məlumatlar var idi. Kimdir bunlar? TSK-ya necə sızırlar? Bunlarla bağlı bir bilgi yox idi. Sadəcə 8-9 polisin adı vardı. Ən başdakı adam da Ali Fuat Yılmazər idi. Polislərin adlarını baş nazirə (Rəcəb Tayyib Ərdoğana) verdim».

FETÖ-nün ən güclü tərəfi…

Generalın sözlərinə görə, FETÖ-nün ən güclü tərəfi məlumatlı olmasıdır.

Başbuğun fikrincə, 2002-ci ildən qiyam cəhdinə qədərki dövrdə FETÖ ilə bağlı ən önəmli məqam 2009-cu ilin iyununda Türkiyə parlamentində qəbul edilən qanun olub: «Bu qanun qarşı tərəfə böyük cəsarət verdi, əlimizi də bağladı. Bu dəyişikliyə görə, hərbçilərin özəl səlahiyyətli məhkəmələr tərəfindən mühakiməsinin yolu açılmışdı. Baş Qərargah rəisi olduğum dönəmdə baş nazirə (Ərdoğana) «bu gün bizə, sabah da sizə» dedim. Mənə dedi ki, bunları çox böyüdürsüz. Böyüdürdük, bəli, çünki çox böyük təhlükə idi».

«Yaxalarından tutub atardıq»

General hesab edir ki, FETÖ-nün gücləndiyi dövr 2002-2012-ci illərdir: «İndi keçmiş polis rəisi deyir ki, işə başlayanda bölgələrdə 64 polis rəisinin FETÖ-çü olduğunu öyrənib. Bizim əlimizdə belə bir siyahı olsaydı, yaxalarından tutub atardıq. 2007-ci il Türk siyasi tarixində dönüş nöqtəsidir. Bu ildən başlayaraq siyasi iqtidar (AKP) Fətullah Gülən camaatı ilə tam ittifaq qurdu və TSK-ya yönəlik qurama əməliyyatlara dəstək verdi. 2011-ci ildəki seçkilər qırılma nöqtəsi oldu. Camaat daha çox millət vəkili istədi və burada qırılma başladı. 2012-də mənimlə bağlı olay vardı. Baş Qərargah rəisi uzaqlaşdırılır və cəmiyyətdə də «öz qurumu belə, təpki vermədi» düşüncəsi yaradılır.

«Savaş 2012-də başladı»

Sonra MİT Müstəşarı olayı oldu. O vaxt baş nazir vəziyyətin vahiməli olduğunun fərqinə vardı. Növbə özünə gələcəkdi. Bu mərhələ bu ilin 14 iyuluna qədər davam etdi. Bu müddətdə prezidentin FETÖ ilə ciddi şəkildə mücadilə etdiyini görürük. Tək mübarizə aparırdı. 2008-2010-da da mən təkbaşına mücadilə etmişdim».

Hərbi qiyamın bilərəkdən uğursuz alınması ehtimalını isə Başbuğ belə qiymətləndirib:

“Baş Qərargah rəisi işlədiyim dövrlərdə xüsusən Cənubi Amerikada orduda qurama əməliyyatların necə hazırdandığını araşdırdım. Bir ordunu necə dibə batıra bilərsiz? Bunun üç üsulu var. Birincisi odur ki, ordunun ona verilən vəzifəsinin öhdəsindən gəlməməsini təmin edirsiz. Biz bunu 2007-də Dağlıca olayında yaşadıq. Bu, sadəcə PKK olayı deyildi. Açın, mətbuata baxın. Ordu ilə bağlı nələr yazılmadı?!

İkincisi, böhtan ataraq Silahlı Qüvvələri məhkəmələrə çəkirsən, terrorçu quruluş adlandırırsan. Bunu da etdilər, amma şükür, baş tutmadı. Üçüncüsü də, təxribatla Silahlı Qüvvələri qiyam cəhdinə cəlb edirsən. Amma elə edirsən ki, qiyam uğursuz olur. 15 iyul belə bir model idimi, bilmirəm. Amma hesab edirəm ki, təhqiq etməyə dəyər.

«Bu ordunun qürurunu, şərəfini qoruyaq!»

Güclü ordu, güclü Türkiyə deməkdir. Bu millət belə bir ordusu olduğu üçün şanslıdır. Bu ordunun qürurunu, şərəfini, əhval-ruhiyyəsini qorumalıyıq. Güclü ordu olmadan güclü Türkiyə ola bilməz».


STRATEQ.AZ 
& VƏTƏNSEVƏRLƏR

HƏRBİ EKSPERT DEPUTATA SƏRT CAVAB VERDİ...


Əziz dostlar! Dəyərli həmkarlar!

Görürəm Milli Məclisin ən uzunömürlü, hətta deyərdim ki, anadan olandan elə ancaq və ancaq rahat kabinetlərdə yaşa dolan, faydalı iş əmsalı demək olar ki, çox aşağı olan deputatlarından biri Hadı Rəcəblinin Qarabağ müharibəsinin əlilləri və iştrakçıları ilə bağlı son yerində olmayan açıqlamasl aləmi biri-birinə qatıb. Təkcə sosial şəbəkələrdə deyil, elektron və çap mətbuatı da bu məsələyə geniş diqqət ayırıb. Sosial şəbəkədəki dostlar, tanışlar mənə də bəzi suallar və iradlar ünvanladıqlarına görə də, mən bu məsələdə öz mövqeyimi buradan açıqlamaq istəyirəm. 
Vallah əziz dostlar, mən Milli Məclisdə oturan və bəzən "qaş düzəldən yerdə vurub gözü çıxaran" şəxslərə görə çox xəcalət hissi keçirirəm. Onların içərisində isə ən çox utandığım və narahatçılıq hissi keçirdiyim şəxslərdən biri də məhz Hadı Rəcəblidir. Bu şəxsin son dövrlər pedaqoji sahədəki insanlarla, müharibə iştrakçııarı, şəhid ailələri ilə bağlı verdiyi əndrabadi açıqlamalara görə isə sadəcə böyük təəssüf və təəccüb hisləri keçirirəm. Onunla eyni rayondan, eyni kəndə doğulub boya başa çatmağımıza, hardasa ana tərəfimdən hətta qohum olmağımıza baxmayaraq, bu adam mənim üçün hər zaman çox qeyri-səmimi, məddah və öz şəxsi maraqları naminə nəyə desəniz getməyə hazır olan bir şəxs olub. Hesab edirəm ki, onun uzun illər partiya-sovet məktəbində çalışması və rəhbər şəxslərin əlinin altında özünü "doğrultması"nın nəticəsidir ki, bu adam uzun illər Milli Məclisə ən vacib komissiya və komitələrdən birinə - sosial siyasət daimi komissiyasına rəhbər kimi təyin edilib və bu gün də təəssüflər olsun ki,bəzən nə danışdığının fərqində olmur. Özü də, öz qıcıq yaradan bəzi yersiz açıqlamaları, təklifləri ilə cəmiyyətdə dövlətə və hökumətə qarşı çox aqressiv münasibət sərgiliyən atmosfer yaradır. 

Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs öz məsuliyyətini dərindən dərk etməli, cəmiyyətin ən həssas təbəqələrindən biri olan Qarabağ müharibəsinin iştrakçıları, şəhid ailələri, əlil olmuş şəxslərlə və digər kateqoriyadan olan insanlarla bağlı son dərəcə ehtiyatlı, məsuliyyətli ifadələrdən istifadə etməlidir. Hələlik isə, mənim yaşı kifayət qədər çox olan Hadı Rəcəbliyə bir tövsiyəm olardı ki, onun fikirlərinin konteksdən çıxarılması və ya təhrif olunması ilə bağlı açıqlamalar əvəzinə, özündə cəsarət tapıb, indiyə qədər etdiyi ciddi xətalara görə üzr istəyib üzüsulu istirahətə getsin. Şükürlər olsun ki, bu illər ərzində özünə və doğmalarına kifayət qədər komfort şərait və babat biznes şəbəkəsi qurub. Belə gedişlə isə, onu tarixin yaddaşında heç də xoş olmayan bir xatırlanma gözlüyür. Fürsətdən istifadə edib, mənim üçün əziz olan 74 saylı Lənkəran Seçki Dairəsinin hörmətli seçicilərindən, mənim tanıdığım minlərlə insanlardan xahişim budur ki, Hadı Rəcəbli yoldaşa, cənaba başa salsınlar ki, o artıq "qırmızı xətti" bir neçə dəfə keçib. Təmsil etdiyi rayonun və elin günahı yoxdur ki, belə bir uğursuz siyasət və elm adamı bu gün öz əndrabadi və qıcıq dolu çıxışları ilə cəmiyyətdə çox böyük narazılıq və hiddət yaradır.


Üzeyir Cəfərov 
Hərbi ekspert 
Məsələyə biganə qala bilməyən vətəndaşlar arasında bəzi tanınmışlar da var. 

4 Kasım 2016 Cuma

PAYIZ GƏLDİ, ÇOXDAN UÇUBDU QUŞLAR...



Emin Sabitoğlunun “Payız gəldi” (“Payız gəldi, uçdu getdi quşlar”) mahnısını gənclik illərindən çox sevirəm. Özü də Xədicə Abbasovanın ifasında. İmkan düşdükcə dinləyirəm. 


Amma bu mahnı indi məndə tamam başqa bir ovqat yaradır. Elə bilirəm mahnıdakı sözlər dəyişib: “Payız gəldi, çoxdan uçubdu quşlar” kimi oxunur … 


İlk avtomat, ilk top səsindən diksinən quşlar qanadlarını geniş, çox geniş açıb bacardıqları qədər uzaqlara uçub getdilər. Qorxdular barıt qoxusunda boğulmaqdan. Ocağının istiliyini uzaqlarda tapa bilməyən adamlar təki quşların da bəziləri yaxınlıqda özlərinə müvəqqəti yuva qurdular. Ara sakitləşən kimi güllədən yayınmaq üçün lap hündürdən uçaraq sərhədi keçib öz yurduna, dağılmış yuvasına baxıb qayıdırlar. Quşlar bizdən xoşbəxtdirlər. 

Hərəkət edə bilən bütün canlılar tərk etdi o yerləri. Ağaclar, kollar, torpaqlar, dağlar, … qaldı. Demək, onlar torpağa bizdən daha çox bağlıdılar.
Ayrılıqdan, xiffətdən ağacların yarpaqları sapaldı. Dağlar bozardı. Ağappaq ağaran evlərin yerə sərilən daşları nəm çəkdi. Dəyişdi rəngi. Lalələr də dərd çəkdiyindən üstündəki qara xalı qırmızı rəngindən böyük görsəndi. Nişangah kimi. 

Qarabağa hər mənada payız gəldi. Qarabağın baharı sonbahara döndü.

Daha oraların narı qızarmır. Qoz da qabıqdan gecələr düşür. Qorxur səsi eşidilər, tutular atəşə.
Ağacların yarpaqları payız yarpaqlarının başqa rəng çalarlarını da almır. Saralıb tökülən yarpaqların üstünə qara buludlar göz yaşı tökür. Isladır. Isladır ki, külək əsəndə xışıltı səsi salmasın. Adam yox üstündə yeriyə…
Tutu araq dadır. Arxından hələ də qan axır. Buralarda qızaran ancaq qan rəngidir. 
Lal bir sükut var. Gecələr ancaq atəş səslərinin pozduğu lal-ölü bir sükut. 
Cığırlar dərddən üzülüb. Dəli olmuş külək izləri itirib. Saralmış otlar, kol-koslar qapayıb yolların üzünü. Pas atmış dəmiryol relsləri sarala bilən nə varsa, onların arasında ard-arda düzülmüş ilan sürüsü kimi qaralır. Üzüqoylu uzanmış künbəz sınıq-sökük baş daşlarını qucaqlayıb ağı deyir. Dağlar, dərələr bizim yerimizə çəkdiyi xəcalətdən kiçilib. Təpələr düzən olub, düzəni çala yerdə.

Qarabağın payızına payız gəlib. 

O yerlərə öz istəyiylə ancaq payızla qış gəlir. Özü də daha sərt. İlımlı heç nə yoxdur orda. Bu dərdə dözə bilməyib infark keçirən torpağın sinəsi cadar-cadardı. 
Bulud bu yerlərin üstünü kabus kimi alıb. Yağış balasını itirmiş ana təki aramsız göz yaşı tökür. Qəmin, kədərin göz yaşı duzlu olduğundan düşdüyü yeri sapsarı saraldır. 

Hər dəfə soyuqlar başlayanda; yağış, qar yağanda mənə elə gəlir ki, oralar da mənim kimi üşüyür. O yerlərə yağan yağış, qar sanki içimə yağır. Əsim-əsim əsirəm. Titrədirəm. 
O yerlər soyuqdan daha çox yiyəsizlikdən üşüyür. Yetim kimi. Atılmış kimi... 

Göynərtisi sinəmizi göynədən, acısı yuxumizi ərşə çəkdirən bu həsrət üzəcək bizi. Torpaq, dağ qarışıq. 
Payız ömürlü yurdun durnalara qoşulub gedən quşları biz gələn yazı gözləyir. O yerlərə bahar, yaşıllıq sevincin şirin göz yaşlarıyla gələcək. 

Həsrətə rəng qatmaq lazımdır. Yaşıl rəng sarı ilə mavinin qarışığından alınır. Sarı ümid, mavi isə azadlıq rəngidir.
Azadlığa olan Umid Qarabağa yaşıllıq, həyat gətirəcək… 


Rəfail Tağızadə  
18.10.2016
&  VƏTƏNSEVƏRLƏR

3 Kasım 2016 Perşembe

REALİST ADİL: YÖNÜ BƏRI BAXAN DAĞLAR... (5)

Adil İrşadoğlu ( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpa...

REALİST ADİL: YÖNÜ BƏRI BAXAN DAĞLAR... (4)

Adil İrşadoğlu ( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz...

REALİST ADİL: YÖNÜ BƏRI BAXAN DAĞLAR... (3)

Adil İrşadoğlu ( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpa...

REALİST ADİL: YÖNÜ BƏRI BAXAN DAĞLAR... (2)

Adil İrşadoğlu ( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz ...

REALİST ADİL: YÖNÜ BƏRI BAXAN DAĞLAR... (1)

Adil İrşadoğlu ( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpa...