Translate

25 Eylül 2016 Pazar

DÜNYADA YENİ "SAVAŞ"

İRİ DÖVLƏTLƏRİN QIZIL QARŞIDURMASI
Tarix: 23 Sentyabr 2016 / 12:15


İqtisadiyyata inamın azalması fonunda qızlın unsiyasının 2016-cı ilin sonuna qədər 44% bahalaşaraq 1900 dollara yüksəlməsi gözlənilir.

Publika.az-ın xəbərinə görə, qızıl sənayesinin tanınmış nümayəndəsi Robert Mak Even bildirir ki, dünya valyutalarında və qiymətli kağızlarında olan qeyri-müəyyənlik nəticəsində qiymətli metal 1700-1900 dollar diapazonuna yüksələcək. Onun fikrincə, minimal səviyyə hətta mənfi olan istiqraz faizləri investorları alternativ aktiv axtarışına yönəldib. Belə bir vəziyyətdə ən risksiz maliyyə aləti olan qızıla yatırım edənlərin sayı getdikcə artmaqdadır.
Mak Even onu da qeyd edib ki, qızıla yatırım həmişə digər alternativ aktivlərlə müqayisədə az olub, çünki bu alətin gəlirliliyi az olur. Amma indi mənfi faizlərin hökm sürdüyü şəraitdə qızıl ən yaxşı və risksiz yatırım vasitəsidir.
Nəzərə çatdıraq ki, son illər Mərkəzi Bankların çoxunun yürütdüyü siyasətdə qızıla investisiyalar üstünlük təşkil edir. Ekspertlər hesab edir ki, Mərkəzi Bankların inflyasiyanı yüksəltmək istiqamətində səyləri davam etdikcə, qızılın qiyməti bahalaşmaq məcburiyyətindədir: “Dünyadakı bütün Mərkəzi Banklar inflyasiyanı dəstəkləyirlər. Lakin hədəfə çata bilmirlər. Mərkəzi Banklar borclarını artırdıqlarından deflyasiyaya icazə verməyəcəklər. İnflyasiyanı yüksəltmək istiqamətində səyləri davam edəcək”.
Məlum olur ki, ABŞ (FES), İngiltərə (BoE), Avropa (ECB), eləcə də Yaponiya Mərkəzi Bankı (BoJ) iqtisadi artımı canlandırmaq üçün bazarlara milyardlarla dollar likvidlik veriblər. Bununla da faizləri aşağı səviyyədə saxlayıblar. Amma yenə də inflyasiya rəqəmləri pul siyasətini həyata keçirənlərin hədəfindən çox-çox uzaqdır. Ekspertlərin fikrincə, bu vəziyyət  qızılın işinə yarayır. Beynəlxalq birjalarda qızılın qiyməti yüksəlməkdə davam edəcək. 
Onlar düşünürlər ki, qiymətlər yüksəlişə keçdikdən sonra qızıl satın almaq çox çətin olacaq. Bu səbəbdən də qızıl almağın tam zamanıdır.
Hazırda investorlara portfellərinin 10 faizini qızılda saxlamaq məsləhət görülür. Nəzərə alsaq ki, son zamanlar maliyyə sehrbazı Corc Soros, eləcə də məşhur sərmayəçi Bill Qross qızıla yatırımları artırıblar, bu gün qızıl alanlar sabah yanılmayacaqlar.

Bu arada onu da vurğulayaq ki, dünya üzrə bankların qızıl rezervləri 50  min ton təşkil edir. Dünyanın nə böyük qızıl ehtiyatına malik dövləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu yaradılıb. 1946-cı ildə qızıl ehtiyatı ABŞ tarixinin ən böyük həcminə - 20 min 205 tona çatıb. Növbəti illərdə dolların stabilləşdirilməsi məqsədilə qızıldan aktiv istifadə olunduğu üçün onun həcmi 2 dəfəyə qədər azalıb. Hazırda ABŞ 8 min 133 ton qızıl ehtiyatı ilə dünyada ən böyük qızıl fonduna malikdir. Daha 60 ölkənin qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.

Siyahıda ikinci yeri Almaniya tutur. 1951-ci ildən özünə qızıl ehtiyatı toplamağa başlayıb. 1968-ci ildə ehtiyatlar ən yüksək həddinə - 4 min tona çatıb. İndi bu göstərici 3384.2 tona qədər azalıb. Maraqlıdır ki, Almaniyanın qızıl ehtiyatlarının 70 faizi ABŞ Federal Rezerv Bankında, Londonda yerləşən İngiltərə bankında və Parisdəki Fransa bankında yerləşir. 
İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv şəkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi durum İtaliya hakimiyyətini qızıl ehtiyatından istifadə etməyə sövq edirdi. Buna baxmayaraq, Ümumdünya Qızıl Şurasının son məlumatları İtaliyanın dünyada ən böyük 3-cü qızıl ehtiyatına malik olduğunu göstərir.

Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyşiməklə özü üçün böyük qızıl ehtiyatı yaradıb. 1965-ci ildə rəsmi Paris 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın qızıl ehtiyatı çox olan 4-cü dövlətidir. Fransızlar 3-cü pillədəki İtaliyadan 16 ton geri qalırlar. Qeyd olunmalıdır ki, əksər ölkələrdən fərqli olaraq, Fransa öz qızıl ehtiyatlarını ABŞ Federal Rezerv Bankında saxlayır.

Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk “beşliy”ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın hazırda 1,149 ton qızıl ehtiyatı var. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qalsa da, şimal qonşumuz qızıl ehtiyatının həcmini artırmaqda davam edir.

Siyahıda sonrakı yerlərdə aşağıdakı ölkələr gəlir:

 6. Çin – 1,054,1 t
 7. İsveçrə - 1,040 t
 8. Yaponiya – 765,2 t
 9. Hollandiya – 612,5 t
10. Hindistan – 557,7 t
11. Türkiyə - 529,1 t
12. Tayvan – 423,6 t
13. Portuqaliya – 382,5 t
14. Venesuela – 367,6 t
15. Səudiyyə Ərəbistanı – 322,9 t
16. Böyük Britaniya – 310,3 t
17. Livan – 286,8 t
18. İspaniya – 281,6 t
19. Avstriya – 280 t
20. Belçika – 227,4 t

Dünyada ən çox qızıl istehsal edən ölkələrə gəlincə, ilk onluq belədir:

Çin - 370.000 kq
Avstraliya – 250.000 kq
ABŞ - 230.000 kq
Rusiya – 205.000 kq
Cənubi Afrika Respublikası - 170.000 kq
Peru - 165.000 kq
Kanada – 102.000 kq
İndoneziya – 95.000 kq
Özbəkistan - 90.000 kq
Qana – 89.000 kq

Sonda onu da qeyd edək ki, qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Qızıl sadə vətəndaşlarında da yığımı ola bilər.


İqtisadiyyat şöbəsi,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR

İKİNCİSİ DAHA QANLI OLACAQ, NOYABR AYINDA

TÜRKİYƏ  ÜÇÜN  DƏHŞƏTLİ  PROQNOZ
Tarix: 25 Sentyabr 2016 / 21:23  

  

“İkinci bir çevriliş cəhdinə hazır olun. Və çox yaxın bir zamanda. Çox dəqiq söyləyirəm, ikincisi daha qanlı olacaq”.

Bu xəbərdarlığı “Yeni Şafak” nəşrinə müsahibəsində təqaüddə olan polkovnik Həsən Atilla Uğur edib.

Polkovnik 15 iyul tarixində yaşanan çevriliş cəhdindən sonra təhdidin hələ aradan qaldırılmadığını deyib.

“15 iyuldan sonra zəfər sərxoşluğu yaşanır. İkinci çevriliş cəhdinə hazır olun, ikincisi daha qanlı olacaq. Kimsə “bu iş bitdi, Türkiyə relsinə oturdu, artıq Amerika, FETÖ, PKK başqa heç nə edə bilməz, biz bu təşkilatların belini qırdıq” deməsin”, - o, bildirib.

Onun sözlərinə görə, ilk olaraq ölkənin cənubi-şərqində xaos yaradılacaq: “Hadisələr böyük ehtimalla Şəmdinli, Yüksekova və ya da Kızıltəpədə baş verəcək. Burada 15-20 adam öləcək. Qərbdə isə fitili 4-5 nöqtədə böyük səs-küy yaradacaq partlayışlarla odlayacaqlar. Bunu ya PKK, ya da İŞİD edəcək”.

Kiprdə yerləşdirilən ingilis dəniz piyadalarının xaos bəhanəsi ilə Türkiyəyə daxil olacağını iddia edən polkovnik ikinci çevriliş cəhdinin əsas məqsədinin işğal olduğunu bildirib: “Aldığım məlumata görə, ingilislər iki ay yarımdır cənubi-şərqdəki bütün tayfaların ayağına gedir. Xüsusilə, Hakkari, Van, Silopi və Mardin bölgəsindəki tayfalarla sövdələşmə aparırlar. İngilislər bu tayfaların bütün kredit borclarını ödəyib. İngilis konsulun bu tayfaların içində nə işi var? Bundan 3-4 gün əvvəl İngiltərənin yüksək tirajlı qəzetlərindən olan “Daily Express”də bir yazı dərc olundu. Yazır ki, Türkiyəyə ikinci xaos gəlir. “Bizim Kiprdəki bazada olan 10 min dəniz piyadamız Türkiyədə olan 50 min ingilisin təhlükəsizliyi üçün Türkiyəyə girəcək, Türkiyədə təhlükəsiz bölgələr yaradılacaq. Vətəndaşlarımızı hava yolu ilə çıxaracağıq” deyir. Baxın, bu bir işğal planıdır. İkinci çevriliş cəhdinin əsas məqsədi işğaldır”.

Polkovnik bildirir ki, eyni vaxtda hədəf olaraq gördükləri şəxslərə qarşı sui-qəsdlər başlayacaq: “Bu zaman inanılmaz bir xaos mühiti yaranacaq. Hər kəs ayağa qalxacaq və vətəndaş müharibəsi, yəni onların istədikləri plan reallaşacaq. Amerika vətəndaş müharibəsi vəziyyətində “mənim Türkiyədə vətəndaşlarım var” deyərək gəlib oturacaq. İngiltərə də eyni şəkildə hazırdır. O, zaman Türkiyə nə olacaq? Allah qorusun, kimin kimi vurduğu bəlli olmayacaq. Ağılınıza nə gəlirsə, hər şeyi həyata keçirəcəklər, yüz il əvvəl edə bilmədiklərini indi edəcəklər. FETÖ və PKK-nı qırx ildir ki, bunun üçün yetişdirirlər. Amerika ingilislərlə birlikdə bu işin arxasında olacaq. Öcalandan ifadəni mən aldım, səkkiz ay İmralıda qaldım. Mənə bir sözü var: “Dünyada bu günə qədər hər şeyi ingilislər planlaşdırır, amerikalıları oynadır”,

Həsən Atilla Uğur xəbərdarlıq edir ki, Türkiyə bu oyunu pozmasa, ikinci çevriliş cəhdi noyabr ayını keçməyəcək.


Ömər Dağlı,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR

22 Eylül 2016 Perşembe

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİ TƏCİLİ XİDMƏTİ MÜŞAVİRƏYƏ TOPLAŞDI

22.09.2016 - 23-38


Xəbər verdiyimiz kimi dünən sentyabrın 21-də İrəvanda "İsgəndər-M” operativ-taktiki raketlərinin də nümayiş olunduğu hərbi paraddan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi xidməti müşavirəyə toplaşıb. Müdafiə Nazirliyindən yayılmış qısa rəsmi məlumatda deyilir ki,  müşavirə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında keçirilib. Müşavirədə "regionda yaranmış hərbi-siyasi vəziyyət” təhlil edilib.

Virtualaz.org qeyd edir ki, nazirliyin kifayət qədər diplomatik dildə yazılmış bu rəsmi bəyanatında yer alan "regionda yaranmış hərbi-siyasi vəziyyət” ifadəsi heç şübhəsiz ki, Rusiyanın Ermənistana "İsgəndər-M” raketlərini ötürməsi, yaxud hələ 3 il əvvəl bu ölkədə yerləşdirilmiş raketlərin indi Ermənistan ordusunun kamuflyajında rəngələnərək nümayiş etdirilməsi ilə bağlı yaranmış vəziyyəti nəzərdə tutur. Bəli, hərbi deyil, məhz hərbi-siyasi vəziyyət. Çünki Rusiyanın bu raketləri Ermənistana ötürməsi təkcə hərbi məsələ deyil, eyni zamanda regionda yeni siyasi situasiya da yaradır və Azərbaycan bu situasiyaya uyğun olaraq çevik şəkildə öz addımlarını müəyyən etməlidir.

Bəs prezidentin göstərişi ilə təcili xidməti müşavirəyə toplaşan müdafiə naziri Zakir Həsənov və ordunun generalları hansı sonrakı addımları müəyyən ediblər? Ermənistanın "İsgəndər”ləri İrəvan küçələrinə çıxarıb bu raketlərin Dağlıq Qarabağın müdafiəsinə xidmət edəcəyini təntənə ilə elan etməsinə qarşı Azərbaycanın hərbi planda görə biləcəyi tədbirlər nədən ibarət ola bilər?

Şübhəsiz ki, Müdafiə Nazirliyi bu kimi suallara detallı cavabları öz bəyanatında əks etdirməyib, əks etdirə bilməz. Lakin bəyanatda yenə də diplomatik dillə ifadə olunmuş bir neçə cümlənin arxasında hansı tədbirlərin dayana biləcəyinə dair bəzi təxminlər irəli sürmək olar.

Bəyanata əsasən müşavirədə "əsas istiqamətlər” üzrə kəşfiyyatın "bütün növlərinin” gücləndirilməsi, düşmən ərazisindəki yeni hədəflərin aşkar olunması, onların əhəmiyyətinin qiymətləndirilməsi və məhvetmə ardıcıllığının müəyyən edilməsi xüsusi diqqət mərkəzində olub.

Diqqət yetirmək gərəkdir ki, bu cümlədə işğal altındakı Azərbaycan ərazilərində deyil, məhz düşmən ərazisindəki, yəni Ermənistandakı yeni hədəflərdən və bu hədəflərin koordinatlarını müəyyənləşdirmək üçün kəşfiyyatın dərinləşdirilməsindən  söhbət gedir. Bu yeni hədəflər nədən ibarət ola bilər? Təxmin etmək çətin deyil ki, Ermənistan ərazisindəki strateji və hərbi obyektlər, o cümlədən "İsgəndər” raketlərinin dislokasiya bazası bundan sonra Azərbaycan ordusunun raket qüvvələrinin hədəfində olacaq.

Dünya hərb praktikasından məlumdur ki, raket təhlükəsini neytrallaşdırmağın ən effektiv metodu həmin raketləri start meydançasında, yaxud dislokasiya olunduğu bazada məhv edə bilməkdir. Məsələn, İsrail İranın ballistik raket hədələrinə qarşı məhz bu metod üzrə hazırlıqlar aparıb. İsrail hərbçiləri əvvəllər dəfələrlə deyiblər ki, əgər İran ballistik raketləri start meydançasına çıxarsa onlara birinci zərbə elə orada endiriləcək. Bu zərbədən yayınıb havaya qalxmağa imkan tapan raketlərə qarşı isə İsrailin güclü raketdən müdafiə sistemi döyüşə girməliydi.

Deməli, Azərbaycan ordusunun da mümkün cavab tədbirlərindən biri məhz "İsgəndər” raketlərini startdan əvvəl dislokasiya yerində məhv edə bilmək imkanları olmalıdır və bu, tamamilə məntiqli görünür.

Müşavirədə habelə müdafiə naziri,  general-polkovnik Zakir Həsənov ölkəmiz üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki (!) strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaq üçün müvafiq əmrlər verib. Nazir xüsusi vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.

Nazirin bu əmri o deməkdir ki, bundan sonra nəinki Qarabağdakı erməni qüvvələrinin baza və obyektləri, eləcə də bütün Ermənistan ərazisindəki strateji və hərbi təyinatlı obyektlər Azərbaycan kəşfiyyatının diqqət mərkəzində olacaq, raketlər bu obyektlərə tuşlanacaq.


Bəs Azərbaycan ordusunun imkanları Ermənistanın bütün ərazisində strateji və hərbi təyinatlı hədəfləri məhv etməyə imkan verirmi? Birmənalı olaraq, hə!

Birincisi, Naxçıvan istiqamətindən Azərbaycanın hədəfi yüksək dəqiqliklə vuran raketlərinin və reaktiv yaylım atəşi sistemlərinin İrəvanı və ətrafını vurmağa imkan verdiyi məlumdur. Ermənilər özləri də təsdiq ediblər ki, Azərbaycan Naxçıvanda İrəvanı vura biləcək silahlar yerləşdirib. Əgər Ermənistan "İsgəndər” raketlərini Bakının neft-qaz infrastrukturuna və digər strateji obyektlərə tuşlayacaqsa o zaman Azərbaycanın öz raketlərini İrəvana, o cümlədən Metsamor AES-ə tuşlamasına nə mane ola bilərdi?

Digər tərəfdən Azərbaycan ordusu təkcə Naxçıvan istiqamətindən deyil, cəbhənin digər istiqamətlərindən də Ermənistan ərazisinin dərinliklərindəki obyektləri hədəf ala bilər. Ordumuz İsraildən alınan, 150 km radiuslu "Extra Lynx” raket sistemlərinə, Türkiyədən alınan eyni mənzilli "Kasırga” reaktiv sistemlərinə və digər yüksək dəqiqlikli raket-artilleriya sistemlərinə malikdir.

Nəhayət Azərbaycanın raket qoşunları öz arsenalını 500 kilometrə qədər radiuslu, yüksək dəqiqlikli ballistik raketlərlə genişləndirməyə hazırlaşır. Və belə raketlər imkan verəcək ki, Ermənistanın istənilən nöqtəsi elə Bakıdan uzağa getmədən hədəfə alınsın.

İndiyə qədər Azərbaycan bəyan edirdi ki, onun hərbi strategiyası müstəsna olaraq işğal edilmiş ərazilərin azad edilməsi üçün döyüş əməliyyatlarının aparılması üzərində qurulub. Lakin indi MN-nin bəyanatında deyildiyi kimi, regionda yeni hərbi-siyasi situasiya yaranıb. Ermənistan "İsgəndər” raketləri ilə təchiz olunub və bu raketləri öz ərazisindən Azərbaycana tuşlayıb. Deməli, Azərbaycan hərbi komandanlığı da indiyə qədər masa üzərində olan əməliyyat planlarında dəyişiklik edib mümkün hərbi əməliyyatlar teatrını Ermənistanın bütün ərazisini hesaba almaqla genişləndirməlidir. Bunun siyasi məsuliyyəti isə Ermənistana "İsgəndər” raketlərini verənlərin üzərinə düşür.


& VƏTƏNSEVƏRLƏR



18 Eylül 2016 Pazar

“ İRAN DƏRHAL AÇIQLAMA VERMƏLİDİR ”

Qənirə Paşayeva İranı "yıxdı-sürüdü"


                                      Qənirə Paşayeva

“KİV-lər yazır ki, İranda ermənilər üçün 48-ci erməni olimpiadası keçirilib və Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı,cinayətkar erməni rejiminin təmsilçiləri də orada iştirak ediblər. Azərbaycana dost ölkə deyən İranın ermənilər üçün olimpiada keçirməsi nə qədər üzüntü və narahatlıq doğursa da, ortada bundan daha da dəhşətli məsələ isə həmin olimpiadaya Dağlıq Qarabağdan da emənilərin dəvət edilməsi və onların da geyimində cinayətkar-separatçı rejimin yaratdığı və beynəlxalq aləmin tanımadığı qurumun embleminin olmasıdır“.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, İran tərəfi bununla bağlı ciddi açıqlama verməlidir. O, deyib ki, çünki bu açıq şəkildə separatçılığın dəstəklənməsi və Azərbaycan qarşı düşmənçilik kimi qiymətləndirilə bilər.

“Həmin tədbirdə İranın rəsmi şəxsləri iştirak edib.İran səfirinin açıqlaması isə yaranmış bu qədər ciddi problemlə bağlı çox bəsit görünür. Səfirin ermənilərin geyimlərindəki rəmzlərin təşkilat komitəsiylə razılaşdırılmadığı haqda dediklərinə gəlincə adama soruşmazlar ki sizin təşkilat kömitəsi Azərbaycanın işğal altında olan ərazilərində qurulmuş separatçı-cinayətkar qurumdan niyə adamlar dəvət edir?

Bilmirdilərmi bu separatçılığın dəstəklənməsi kimi qəbul ediləcək və ordan gələnlər hər cür təxribata əl ata bilərlər. İkincisi bu adamlar o geyimlə göydən düşməyiblər ki…
Bəs təşkilat komitəsi üzvləri onlar hər kəsin önünə çıxana qədər hara baxıb?
İrandakı bəzi qüvvələrin bu erməni sevgisinin arxasındakı dayanan məqamları çox yaxşı bilir artıq insanlarımız.Amma orada yaşayan milyonlarla soydaşlarımız bu cür Azərbaycan əlehinə işlərə laqeyid, biganə qalmamalıdırlar və etiraz səslərini ucaltmalıdırlar.

İran rəsmiləri ölkələrimiz arasında normal münasibətlərə mənfi təsir göstərən bu cür təxribatların baş verməsinə yol verməməlidir. Çünki işğal altında olan torpaqlarımızla bağlı məsələ dövlətimiz və bütün insanlarımız üçün ən həssas məsələdir və bu məsələdə yol verilən təxribatlar hər bir azərbaycanlını ciddi şəkildə narahat edən məsələdir”- deyə, millət vəkili sonra sözlərinə əlavə edib.


Kamil Həmzəoğlu,
GUNUNSESİ.İNFO & VƏTƏNSEVƏRLƏR

17 Eylül 2016 Cumartesi

BU DA İRAN... BU DA ERMƏNİLƏR...

İRANDAN AZƏRBAYCANA QARŞI ERMƏNİ TƏXRİBATI 



Rəsmi Bakının reaksiyası isə çox gecikmədi !
Dünən sosial şəbəkələrdə İranda qondarma “DQR” idmançılarının da qatıldığı bir idman yarışının fotoları yayılıb. Məlumatda qeyd olunur ki, Tehranda 48-ci erməni olimpiya oyunları keçirilir və oyunda qondarma “Artsax respublikası” yığması da iştirak edir. Erməni idmançıların geyimində “Artsax” sözü və separatçıların “bayrağı” əks olunub.
10 gün çəkəcək olimpiadanın açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, habelə İranın Ermənistandakı səfiri, İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi, İran Prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi və Ermənistan atletləri iştirak ediblər.

Bəybala Mirzəyev

*********************

Dünən qəzetimiz təxribatla bağlı İranın Azərbaycandakı səfirliyinə müraciət edərək, oradan münasibət öyrənməyə çalışıb. Ancaq məlum olub ki, diplomatik nümayəndəlik artıq olayla bağlı səfirin mövqeyini açıqlayıb.
Açıqlamada qeyd olunur ki, tədbir uzun illərdir İranda milli azlıqların keçirdiyi idman tədbirlərindən biridir. “İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir. Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”, - rəsmi bəyanatda deyilir.
Göründüyü kimi, İran tərəfi təxribatdan xəbərsiz olduğunu bildirir, xoşagəlməz olaydan məsafə saxlamağa çalışır - hərgah, ermənilərin hər fürsətdəcə Tehranla Bakı arasında gərginlik yaratmaqda maraqlı olduğunu gərək Tehran rəsmiləri unutmayaydılar.
O mənada idman formalarında separatçı rejimin əski parçasını simvolizə edən emblemin vurulmasının İran tərəfinin diqqətindən yayılması təəssüf, eyni zamanda həm də təəccüb doğurur. Ona görə təəccüb doğurur ki, tədbirin açılışında İran Milli Olimpiya Komitəsinin prezidenti, İran prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri və Ermənistandakı İran səfiri də qatılıb və onlar geyimlərdəki “Artsax” sözü və embleminin nə anlam daşıdığını bilməmiş deyildilər.
Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yarışda qondarma rejimin təmsil olunmasına sərt münasibəti gecikməyib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan XİN-i bu barədə məlumatlıdır: “Azərbaycanın İrandakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini İranın müvafiq dövlət orqanlarına çatdırmaqdadır. Bildirmək istərdik ki, İran həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir”.

*** 
Buna inanmaq istərdik. Hər halda İran prezidenti Həsən Ruhani iyul ayında Bakıya etdiyi səfər çərçivəsində və azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bir daha Tehranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bu səfər çərçivəsində həmçinin, İran-Azərbaycan-Rusiya prezidentləri səviyyəsində ilk dəfə üçlü formatda uğurlu görüş keçirilib. “Şimal-cənub” nəqliyyat dəhlizinin reallaşması istiqamətində mühüm anlaşma əldə olunub, prezidentlərin çox vacib yekun bəyannaməsi qəbul edilib. Ruhanidən az öncə isə İlham Əliyev İrana uğurlu səfər eləmiş, iki ölkə arasında iqtisadi-ticari, energetika, səhiyyə və digər sahələr üzrə əlaqələri daha yüksək səviyyəyə qaldıracaq çoxsaylı müqavilələr imzalanmışdı.
Söz düşmüşkən, İranın ölkəmizdəki səfiri Möhsün Pakayin APA-ya dünənki müsahibəsində də bu gəlişmələri yüksək qiymətləndirib. “İkitərəfli münasibətlərdə son illər çoxlu uğurlar əldə olunub. Ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı etimad yaranıb və demək olar ki, bütün sahələrdə, o cümlədən ticarət, tranzit, enerji, neft-qaz, turizm, səhiyyə, sənaye, elm və mədəniyyət və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etməkdədir. Sevinirəm ki, mənim səfir olduğum müddətdə bu əlaqələrin genişlənməsində rolum və payım olub” - diplomat vurğulayıb.
Səfir daha sonra deyib: “iki ölkənin dəmir yolu xətlərini birləşdirəcək Astaraçay üzərindəki körpünün tikintisi davam etdirilir və ilin sonuna kimi başa çatmalıdır. Azərbaycan tərəfdə 8 km-lik və İran tərəfdə 2 km-lik dəmir yolu xəttinin tikintisi də bu ilin sonuna qədər yekunlaşmalıdır. Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisi 2017-ci ilin sonuna qədər reallaşacaq. Yerdə qalan Rəşt-Astara hissəsidir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası da bu layihənin maliyyələşdirilməsində iştirak etmək istəyir və bu xüsusda artıq müştərək komissiya və işçi qrupu yaradılıb. Yaxın zamanlarda bu işçi qrup öz müzakirələrini Tehranda davam etdirəcək”.

***
İşğalçı Ermənistanın iqtisadi təcridini gücləndirəcək bu kimi anlaşmalar və layihələr təbii ki, İrəvanda ciddi təlaş yaradıb və yaratmaqdadır. Odur ki, ermənilərin hələ də “yeganə nəfəslik” saydıqları İranla Azərbaycanın arasını hər vəchlə vurmaq səyləri məntiqli görünür. Önümüzdəki aylarda bu təxribatların artacağını gözləməyə dəyər. O üzdən məxsusən cənub qonşumuzun siyasi və diplomatik yetkililərinin maksimum diqqətli olmasına gərək var.


MUSAVAT.COM 
& VƏTƏNSEVƏRLƏR 

RUSİYA SİLAHININ 2030-cu ildə 5 ÖLDÜRÜCÜ NÜMUNƏSİ

Tarix: 16 Sentyabr 2016 / 18:30 
    
Rusiya hökumətində Silahlı Qüvvələrin müasirləşdirilməsi haqqında böyük planlar var. Planlara uyğun olaraq, 2020-ci ilə qədər hərbi texnikanın 70 faizi yeni nümunələrlə əvəz ediləcək. Yeni qırıcılar, bombardmançılar, təyyarədaşıyanlar, esmineslər və yeni nüvə silahı Rusiya Silahlı Qüvvələrinin arsenalına verilməlidir. Daha əvvəl neftin yüksək qiymətləri fonunda qəbul edilən planlar neftin indiki qiymətləri və Qərbin sanksiyalarına görə şübhə altına düşüb. Bununla belə, əgər vəziyyət yaxşılaşarsa, bəzi layihələr 2030-cu ilə reallaşdırıla bilər.

ABŞ-ın “The National Interest” nəşri 2030-cu ildə Rusiya silahının 5 ən öldürücü nümunəsini təqdim edir.

Qitələrarası RS-24 “Yars” ballistik raketləri

Son illər Rusiya geniş əraziləri üzrə yerini dəyişdirən mobil komplekslərini özünün qitələrarası ballistik raketləri ilə əvəz edir. RS-24 “Yars” raketləri bu sinfin ən yeni nümayəndəsidir. Onlar 2010-cu ildə silahlanmaya qəbul edilib. Raket müstəqil manevr etmək qabiliyyətinə malik olan dörd hissədən ibarətdir və onların hər biri 150-dən 250 kilotona qədər nüvə yükü catdıra bilir. Müqayisə üçün deyək ki, Xirosimaya atılmış bombanın gücü 15-dən 18 kilotona qədər təşkil edirdi.

“Yars” raketinin uçuş məsafəsi 11 min kilometr təşkil edir. Buna görə də raket Birləşmiş Ştatların əsas hissəsi, Alyaska və Havay adalarının istənilən nöqtəsini vurmağa qadirdir. Raketin hədəfə çatdırılması üçün QLONASS sistemindən istifadə olunur (GPS peyk naviqasiya sisteminin Rusiya versiyası). Raketin radial səhvi 250 metr təşkil edir. Belə dəqiqlik “Yars” raketini ən təhlükəli zərbə silahı edir.

“T-50 PAK FA” qırıcıları

Rusiyanın beşinci nəsildən olan ilk qırıcısı Hindistanla birgə layihədir.

Rusiyanın “Suxoy” şirkətinin hazırladığı “PAK FA T-50” qırıcısı amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “Sukhoi” reaktivlərinin yeni nəsil versiyası olan “T-50 PAK FA”lar bəzi parametrlərə görə, hər iki Amerika təyyarəsini üstələyir.“PAK FA T-50”nin maliyyə dəyəri daha az,  manevr qabiliyyəti isə daha çoxdur.

“Fırtına” sinifinin təyyarədaşıyanları

Rusiyanın tək təyyarədaşıyanı olan “Admiral Kuznetsov” artıq köhnə və etibarsızdır.  Xoşbəxtlikdən potensial əvəzetmə hazırda Krılov dövlət elmi mərkəzinin masasındadır. Yeni təyyarədaşıyanın uzunluğu 330 metr təşkil edir, sututumu 100 min tondur. Bu “Admiral Kuznetsov”dan 60 faiz daha çoxdur. “Fırtına”da elektromaqnit katapultadan istifadə olunacaq və elektrik enerjisi atom reaktorları ilə istehsal ediləcək.

“Fırtınanın” hava qanadı 70 və ya 90 təyyarədən ibarət olacaq. Rusiya təyyarədaşıyanı döyüş sistemlərinə, həmçinin torpedalar üçün raketlərə malik olacaq. Hərçənd “Fırtına”nın inşası Rusiya üçün mürəkkəb məsələ olacaq. Çünki, ölkədə təyyarədaşıyanların yaradılması təcrübəsi yoxdur. Moskvada faktiki olaraq xüsusi seçim yoxdur. Rusiya dəniz dövləti olaraq qalmaq istəyirsə, yeni təyyarədaşıyanın inşa etməlidir.

“Lider” sinifinin esminesləri

“Fırtına” təyyarədaşıyanı inşa edilərsə, onu hücumlardan qorumağa qadir müşayiət gəmilərinə ehtiyac duyacaq. Krılov institutu effektiv böyük esminesin inşası ilə bağlı layihə hazırlayıb. Esmines hazırda mövcud olan Rusiya kreyserləri və esmineslərin əvəz edilməsi üçün nəzərdə tutulub.

“Lider” çox böyük olacaq, onun uzunluğu 200 metr, su tutumu isə 17500 ton təşkil edəcək. Bu, çoxməqsədli esmines olacaq. O, sualtı gəmilərlə yanaşı, yerüstü hədəfləri vurmağa qadir olacaq. “Lider”in göyərtəsində ballistik raketlərlə mübarizə üçün raket əleyhinə sistemlər, həmçinin zenit-raket kompleksləri yerləşdiriləcək. Esmines təxminən 200 raket, o cümlədən 60 gəmi əleyhinə qanadlı raket və 128 hava hücumuna qarşı raket daşıyacaq. Gözlənildiyi kimi, “Lider” yeni gəmi əleyhinə “Sirkon” raketləri alacaq.

Rusiya “Lider” sinfinin ilk esminesinin tikintisinə 2019-cu ildə başlamağı planlaşdırır.

X-101 qanadlı raketləri

Rusiya yeni “Raduqa” X-101 qanadlı raketlərini ilk dəfə İŞİD-ə qarşı istifadə edib. Onlar yerin relyefini dolanmağa qadirdir və eyni sinifdən olan mövcud raketlər arasında ən böyük hərəkət radiusuna malikdir. Bütün bunlar onları öldürücü silaha çevirir.

X-101 raketinin döyüş başlığının çəkisi 440 kiloqram təşkil edir. Bu onun sələfindən iki dəfə çoxdur. Hərəkət radiusu X-101 raketinin çox gözəl keyfiyyətidir. Raket 5 min kilometr uzaqlıqdakı hədəfləri vura bilir. Onun nüvə variantı da mövcuddur. Bu halda, raket 250 kiloton gücündə döyüş başlığı ilə təchiz edilir.


Ömər Dağlı,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR

PUTİNDƏN ŞOK ADDIM

Dünyanı diz çökdürən nüvə başlıqlı raketlər Qondarma Ermənistanda

Tarix: 17 Sentyabr 2016 / 11:52 
     
Ermənistan silahlı qüvvələri Rusiyanın ən yeni “İskəndər-M” operativ-taktik raket komplekslərini alıb. Bu haqda “Defence-blog” yazıb.

Qeyd edilir ki, bu, Rusiyanın ən yeni raket komplekslərinin ixracının ilk təsdiq edilmiş hadisəsidir. Ermənistana sözügedən silah sistemlərin çatdırıldığı barədə daha əvvəllər də məlumatlar yayılıb, ancaq bu informasiya rəsmən təsdiq edilməyib.

Yerevanda may ayında bildirirdilər ki, Rusiya silahlarının Ermənistana çatdırılması prosesi başlanıb. Bu, Rusiyanın 200 milyon dollarlıq ixracat krediti üzrə həyata keçirilir.

Məlumata görə, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəş sistemləri, “İqla-S” zenit-raket kompleksləri, “Avtobaza-M” yerüstü radiotexnika kəşfiyyat kompleksləri, TOS-1A ağır oqnemyot sistemləri, 9M113M idarə olunan raketlər, RPQ-26 qumbaraatanları, “Draqunov” snayper tüfəngləri, “Tiqr” zirehli avtomobilləri və rabitə vasitələri almaq istəyir.

Qeyd edək ki, “İsgəndər - M” Rusiya hərbi sənayesinin ən son yeniliklərindən sayılır. 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər M” raketlərinin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi, o cümlədən İsrail və ABŞ-ın sərəncamında olan raketdən müdafiə sistemləri onu vura bilməz. Yaxın gələcəkdə də heç kimin belə raketdən müdafiə sisteminə malik olacağı gözlənilmir. Bir neçə il bundan əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq “İsgəndər-M” raketlərini Kalininqrad vilayətinə yerləşdirib. Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən “İsgəndər M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. “Stels” texnologiyası ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki olaraq mümkün deyil. Müdafiə naziri Sergey Şoyqu bildirir ki, 2018-ci ilə qədər Rusiyanın bütün raket briqadaları “İsgəndər - M” texnikası ilə silahlandırılacaq.

Rusiya KİV-i Ermənistanda hərbi paradın dünənki məşqindən şəkilləri dərc edib. Şəkillərdən birində “İskəndər-M” Rusiya operativ-taktik raket kompleksi diqqət yetirilir. KİV-in məlumatına görə, bu komplekslərin çatdırılması barədə müqavilə 2014-cü ildə bağlanıb, çatdırmalar 2015-ci ildə başlanıb və birləşmiş hava hücumundan müdafiə sisteminin yaradılması çərçivəsində indi başa çatıb.
  
“Lragir” nəşrinin yazdığına görə, Ermənistanda hərbi ekspertlər yeni güclü silahların çatdırıldığını təsdiq edirlər. Onlar sözlərinə görə, hərbi parada 200 milyon dollar kredit çərçivəsində alınan bütün silahlar çıxarılmayacaq.

Nəşr yazır ki, faktiki olaraq, birgə hava hücumundan müdafiəyə Rusiyaya Ermənistan ərazisində taktik-raket komplekslərini yerləşdirməyə icazə verib. Bu raketlər Rusiyadan başqa heç bir yerdə yoxdur.

“Lragir” nəşrinin yazdığına görə, hərbi paradın məşqində həmçinin Rusiyadan alınan digər silah sistemləri nümayiş etdirilib. Bunlar 9K58 “Smerç” reaktiv yaylım atəş sistemləri, “Buk M2” zenit-raket kompleksi, S-300PS zenit-raket sistemlərinə əlavə olunan S-125 “Peçora-2M2” kompleksləri və “İnfauna” radio elektron sistemidir.


Ömər Dağlı,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR

TÜRKLƏR ÜÇÜN CƏHƏNNƏMƏ ÇEVRİLƏN AZƏRBAYCAN TORPAĞI – ŞOK FAKTLAR

Tarix: 17 Sentyabr 2016 / 10:21 
  
Xəzər dənizinin Nargin adasında türk tarixi baxımından son dərəcə vacib olan türk şəhidlərinin sümükləri tapılıb. “Cəhənnəm adası” və “İlan Adası” olaraq da tanınan bu yerdə Birinci Dünya Müharibəsi zamanı ruslara əsir düşən türk əsgərləri hər cür işgəncələrə məruz qalaraq öldürülüb. 1914-1915-ci illərdə, Sarıqamış döyüşündə Anadolu kəndlərindən zorla alınıb götürülən və içərilərində 3 yaşındakı qız uşaqlarından tutmuş 80 yaşındakı yaşlılara qədər bir çox türkün olduğuna dair məlumatlar rus sənədlərində yer alıb. Bu sənədlərdə aclıq, xəstəlik və zəhərli ilanların sancmasıyla ölən və ruhi xəstəlik tapıb əldən düşən bir çox türkün şəkilləri də var.

Birinci Dünya Müharibəsində ən çox zərər görən bəlkə də, Şərqi Anadolu ilə Azərbaycan bölgəsindən ruslar tərəfindən əsir alınıb, Sibir və Nargin adası kimi şərtlərin son dərəcə pis olduğu yerlərə sürgün edilən türk xalqı və əsgərləri olub. Müxtəlif işgəncələrə məruz qalan, həyatda qalmağa çalışan türklərlə bağlı isveçli Qızıl Xaç səlahiyyətlisi Graf Londrof yaşananları belə təsvir edib: "İzdihamda, qoxudan yaxın durmaq qeyri-mümkün olan, qapıları kilidli və içərisi Osmanlı əsirləri ilə dolu böyük bir qatar 1915-ci ilin yanvar ayının sonunda Sirzan stansiyasına gəldi. Qatarın içindəki əsirlər, insan sifətindən çıxmış, aclıqdan rəngləri saralmış, yanaqları çökük, almacıq sümükləri çölə çıxmış, tərpənə bilməyəcək şəkildə yorğun və qüvvədən düşmüş, paltarsız, ayaqları çılpaq, kainatda mövcud bütün yoluxucu xəstəliklərə mübtəla bir halda idi. Bu faciəvi mənzərə insanları utandıracaq və ürəklərini sızıldadacaq dərəcədəydi”.



 Nargin adası 1915-ci ildə Şahzadə Oldenburqun istəyiylə döyüşlərdə əsir düşənlər üçün düşərgə vəziyyətinə gətirilib. Adada su qaynağı olmadığı üçün düşərgənin su ehtiyacı Bakıdan təmin edilərək gəmilərlə gətirilib. gətirilirmiş. Bakıdan gətirilən su əvvəl rus və erməni əsgərlərinə verilirmiş. Əgər sonra su qalsaydı, onu əsirlərə də verirdilər. Türk əsirlərin bəzən altı gün su içmədikləri deyilir. Ağacın, suyun olmadığı, zəhərli ilanlarla dolu bu adada, erməni və rus əsgərlərinin ağıla sığmayan işgəncələrinə baxmayaraq yaşayan türk əsirləri möcüzə hesab edilirdi. Ölənlər və güllələnən türkləri adada toplu halda basdırırdılar. Yəni, Nargin adasının bir qisminin tamamilə Türk Qəbiristanlığı olduğunu söyləyə bilərik.

Nargin adasında tutulan on minlərlə əsirin bir qismi, Azərbaycan türklərinin köməyiylə adadan qaçıb. Bu bölgədə "Kardaş komeg" yəni, qardaş köməyi deyə nəsildən-nəsilə ötürülən bir çox əhvalat var. Onların köməyi və dəstəyi ilə ölümdən qaçanlar arasında ilk təyyarəni uçurdan və ilk düşmən təyyarəsini yerə düşürdən, türk havaçılıq tarixinin ilklərinə imza atan Vecihi Hürkuş da var. Hava döyüşünün birində yaralandıqdan sonra, ruslara əsir düşən pilot Xəzər dənizindəki Nargin adasına göndərildikdən sonra, Azərbaycan türklərinin köməyi ilə adadan üzərək qaçıb və Ərzuruma qədər piyada gəlib.

Nargin adasında əsir tutularaq həyatını itirən əsgərlərin sümüklərini türkiyəli professor Bingür Sönməz və professor İbrahim İldırım 2007-ci ildə Nargin adasına xüsusi bir icazə ilə etdikləri səfər zamanı sümüklərin bir qismini Sarıqamış şəhidliyində dəfn etmək üçün Türkiyəyə aparıblar.

Qeyd edək ki, Nargin adasında türk əsirlər üçün qoyulan abidə var.




Dilrubə Vaqifzadə,
PUBLİKA.AZ  & VƏTƏNSEVƏRLƏR

15 Eylül 2016 Perşembe

“AZƏRBAYCANI NİYƏ SATDIN ?" SUALINA ATATÜRKÜN YAYIMLANMAYAN CAVABI



Atatürkün XX əsrin əvvəlində Azərbaycan Demokratik Respublikasına yardım etmədiyinə dair iddialar zaman-zaman gündəmə gəlib.

Atatürkə qarşı bir çox ittihamlardan bəhs edən “Sözcü” qəzetinin məqaləsində “Azərbaycanı niyə ruslara satdın?” sualının da cavabı yer alıb.

Qəzet ittihamlar əsasında hazırladığı suallara tarixçi Sinan Meydanın Atatürkün dilindən hazırladığı cavabları təqdim edib.

Tarixçi S. Meydan Mustafa Kamal Atatürkü ən yaxından tanıyan şəxslərdən biridir. Onun Azərbaycanla bağlı cavabları indiyə qədər heç yerdə yayımlanmayıb.


“Azərbaycanı niyə ruslara satdın?” sualına Atatürkün cavabı :

“Mondoros müqaviləsinin 11-ci maddəsinə görə, türk ordusu 1918-ci ildə Azərbaycanı boşaltmaq məcburiyyətində qaldı. Mən Naxçıvana qarşı erməni hücumlarına şiddətlə etiraz etdim. Hətta Naxçıvanın müdafiəsi üçün zabitləri gizli şəkildə bölgəyə göndərdim. Ruslarla razılıq əldə olunması üçün göndərdiyim Yusuf Kemal bəyə “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alaraq əlinizdən gələni edin” əmrini verdim. Daha Qurtuluş savaşı vaxtında Azərbaycanla dost münasibətləri qurdum. 18 noyabr 1921-ci ildə təşkil olunan böyük bir mərasimlə Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin bayrağını şəxsən mən Ankaradakı təmsilçiliyinin binasına taxdım. Həmin vaxt çıxışımda Azərbaycan və Türkiyə xalqlarının qardaş olduğunu diqqətə çatdırdım. “Qardaş Azərbaycan” Qurtuluş savaşında Nərimanovun vasitəsilə bizə maddi yardımlar da göndərib. Azərbaycanla mədəni əlaqələrə böyük önəm verdim. Misal üçün, 1926-cı ildə Azərbaycanda bolşeviklər latın əlifbasına keçdi. Biz də 1928-ci ildə latın əlifbasına keçərək, mədəni əlaqələrin zəifləməsinin qarşısını aldıq. Qısası mən Azərbaycanın azadlığı üçün mübarizə apardım. Həmçinin, bu mübarizəni digər məzlum millətlər üçün də apardım”.


Asif
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR

11 Eylül 2016 Pazar

QƏDİM TÜRKLƏRİN KÖÇƏRİ VƏ DİNSİZ OLMASI FİKRİ ALT-ÜST EDİLDİ


Hun və Göytürk dönəminə aid məbəd kompleksində Türk tarixinə işıq salan yeni tapıntılar ortaya çıxıb 

Monqolustanda qədim Türk tarixinə işıq tuta biləcək yeni qiymətli mənbələr aşkarlanıb. Ölkənin Şivet Ulan adlanan ərazisində kəşf edilən külliyyə Orxon kitabələrindən sonra üzə çıxan ən böyük tapıntı hesab olunur. Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə "Tanrı dağından Ötükənə: Böyük Çöl xalqlarının tarixi və mədəni dəyərləri" adlı beynəlxalq ekspedisiya çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Rusiyadan tanınmış türkoloq və arxeoloqlardan ibarət ekspedisiya qrupu həmin ərazidə olub.

Təxminən 100 il əvvəl tapılmasına, ortaya çıxarılmasına baxmayaraq, Şivet Ulan – Ötügen kompleksi uzun illər diqqətdən kənarda qalıb. Burdan müxtəlif oğurluqlar edilib, çapılıb, talanıb. Ötən il Beynəlxalq Türk Akademiyası tərəfindən Monqolustan tərəfi ilə birgə burda ciddi tədqiqatlara start verilib.

Türk tarixinin İslamdan əvvəlki dövrü haqqında məlumatlar indiyədək əsasən Orxon daş kitabalərindən alınmışdısa, tədqiqatçılar qazıntıların davam etdiyi bu kompleksdən yeni və daha qədim kitabələrin, qiymətli məlumatların əldə ediləcəyi qənaətindədirlər. 



Tədqiqatlara bilavasitə rəhbərlik edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali hesab edir ki, “Şivet Ulan məbəd kompleksi qədim türklərin, əcdadlarımızın müqəddəs bildiyi bir yer, Kutluq, İlteriş, Bilgə xaqanların, Tonyukuk, Gültegin kimi türk sərkərdələrin gəldiyi, ibadət etdiyi bir məkandır. Bura İslamiyyətdən öncə Türklərin əsas inanc yeri olub. Onlar bura gələr, ayinlər icra edər, qurbanlar kəsər, qurultay keçirərdilər. Bu tapıntı indiyədək türklərin köçəri və dinsiz olması ilə bağlı fərziyyələri də alt-üst edib. Qədim türklərin tanrıçılıq dini olduğunu və tək Tanrıya ibadət etdiyi təsdiqlənib. Ona görə də, Beynəlxalq Türk Akademiyası burda aparılan qazıntılara xüsusi önəm verir. Bu məqsədlə Monqolustan Elmlər Akademiyası ilə xüsusi memorandum da imzalanıb. Qazıntılar bir ildir aparılır və bundan sonra da davam etdiriləcək. İndiyədək məbəddə 15 dəfə oğurluq və dağıntı olub. Müxtəlif ölkələr tərəfindən bir neçə dəfə məbəddə tədqiqatlara cəhd olunsa da, ilk geniş tədqiqatı aparmaq bizə qismət oldu. Bütün Türk dünyasına xeyirli olsun!”



Arxeoloqlara görə bu məbəd Göytürklərdən öncəki vaxtlara, Hunlar dövrünə, yəni Oğuzların Orta Asiya və Qafqazlara hərəkətindən əvvəlki tarixə aiddir. Tək Tanrıya inanan türklər bura yığışar, qurultaylar, mərasimlər keçirər və əsas məsələləri burda həll edərdilər. Onların inancına görə bura dünyanın mərkəzi hesab olunurdu.
Qazıntılar zamanı tapılan çeşidli daş abidələr də bunu təsdiq edir. Amma tədqiqatlar həmin abidələrin ilk ünvanının bura olduğu qənaətini doğdulayır.
Kompleksdə ən diqqət çəkən abidələrdən biri məşhur Bengü daşıdır. Burda avşar, salur, bayandur kimi 65 qədim türk boyunun tamqası yer alıb.
Qədim türk boylarının tamqalarının yer aldığı məşhur Bengü daşı da Şivet Ulan kompleksində yerləşir. Bengü daşında türklər öz varlıqlarını tarixin yaddaşına küçürmək üçün öz tamqalarını qoyurdular. Məhz bu müqəddəs daşda Bilgə Xaqan və Külteginin də tamqaları yer alıb.
Qeyd edək ki, ekspedisiya çərçivəsində Monqolustanda arxeoloji və türkoloji tədqiqatları genişləndirmək məqsədi ilə Beynəlxalq Türk Akademiyası ölkənin müxtəlif rəsmi qurumları ilə çeşidli razılaşma və memorandumlar da imzalanıb.


MODERN.AZ 
& VƏTƏNSEVƏRLƏR