Translate

3 Aralık 2014 Çarşamba

Putin-Ərdoğan-Əliyev birliyi: Qarabağ Azərbaycana qaytarıla bilər?

TƏHLİL

Vladimir Putinin Ankara səfərindən öncə siyasi səhnədə sıradan hadisə kimi qarşılanan mühüm bir detal baş verdi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev telefon vasitəsilə danışdı və Ərdoğan azərbaycanlı həmkarının Antaliyada keçirilənə “böyük iyirmiliyin” sammitinə dəvət etdi. Həmçinin Rusiya-Türkiyə münasibətlərinin gələcəyi haqda fikir mübadiləsi aparıldı
Əslində, bu, diqqətdən yayınmayacaq qədər mühüm detaldır. Çünki Ankara-Moskva yaxınlaşması Bakıya regionda siyasi güc və iqtisadi dividentlər gətirməklə yanaşı, ölkənin əsas prioriteti olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də önəmlidir. “Hər şey Rusiyanın əlindədir”. Bəzən bu tipli açıqlamalar ciddi qəbul edilməsə də, Moskvanın İrəvanın siyasətini idarə etməsi təkzibolunmaz faktdır. Deməli, Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa da ancaq ruslar məcbur edə bilər. Amma əvvəlcə bu istək Moskvada olmalıdır.
Bu günə qədər Moskva üçün postsovet ölkələrindəki qeyri-sabit vəziyyət, dondurulmuş münaqişələrin mövcudluğu sərfəli olub. Ekspertlər eyni yanaşmanı Dağlıq Qarabağ münaqişəsinə də şamil edirlər. Bu keçmiş imperiyanın özündən qopmuş torpaqlara hakim olmaq kimi təbii hissdən və dünya nizamındakı qarşıdumadan irəli gələn məsələdir.
Lakin regiondakı son proseslər Moskvanın Qarabağ münaqişəsinə yanaşmasını da dəyişdirdiyi ehtimalını gücləndirir. Qərb sanksiyaları qarşısında iqtisadi çöküş yaşayan Rusiya üçün regionun aparıcı ölkələri olan Türkiyə və Azərbaycanla münasibətləri isti tempdə saxlamaq olduqca vacibdir. Təsadüfi deyil ki, Avropanın qorxusuna çevrilən “Cənub axını” layihəsindən imtina edən Putin çox uzağa getmədən eyni marşrutu Türkiyəyə köçürmək niyyətini açıqladı. Azərbaycan da Rusiya üçün sanksiyalar qarşısında duruş gətirməyin əsas dayaqlarından biri rolunu oynayır. Deməli Moskva üçün indiki vaxtda Ankara və Bakının istəyinə qarşı çıxmaq sərfəli olmaz.
Buna paralel olaraq, Rusiyanın müəllifi olduğu Avrasiya İttifaqına qoşulan Ermənistana çıxışlar əldə etmək Kreml üçün prioritet məsələdir. Bunun üçün üç yol var. Gürcüstan, İran və Türkiyə. Gürcüstan Avropa Birliyi ilə Assosiativ Sazişi imzaladığı üçün artıq Avropa Birliyinə daha yaxın ərazi hesab olunur və Qərbə qarşı olan ittifaqın üzv dövlətinə öz ərazisindən tranzit vermək öz əlində deyil. İran Ermənistan üçün ən unikal variantdır. Lakin Tehranın Qərblə yumşaq siyasət qurmaq istəkləri buna maneələr yarada bilər. Nəhayət, Türkiyə yolu qalır. Qara dəniz üzərindən keçən bu yol yalnız Türkiyə-Ermənistan sərhədlərinin açılmasından sonra baş tuta bilər. Bunun üçünsə Ankaranın zaman-zaman dilə gətirdiyi kimi, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının azad etməlidir.
Digər tərəfdən, Ankara-Bakı-Moskva üçbucağının birlikdə əldə edəcəkləri güc regionda əsas qüvvə olacaq. Bu qüvvənin mərkəzindən qaçmaq Ermənistana sərf etməz, xüsusilə, gücün əsas tərəfindən biri arxasını söykədiyi Rusiyadırsa. Bu baxımdan, hazırda çətin vəziyyətdə olan Moskvanın Dağlıq Qarabağa görə İrəvana təzyiq etmək ehtimalı böyükdür.
Burada Türkiyənin də Rusiya ilə yaxınlaşmasının bir sıra siyasi və iqtisadi maraqları mövcuddur. Ankara Rusiya ilə yaxınlaşmada Qarabağ münaqişəsinin həlli açarını ələ keçirməyin mümkün olduğunu anlayır. Münaqişənin həllində mühüm rol oynamaq Türkiyə üçün əsas maraq dairələrindən olan Cənubi Qafqazda möhkəmlənmək və Ermənistanla sərhədləri rahat şəkildə açaraq bu ölkənin təsir dairəsinə keçmək deməkdir.
Bakı üçünsə ən önəmli olan ərazi bütövlüyünün bərpasıdır. Həmçinin bütün hallarda qazanan o və yaxın müttəfiqləri olacaq.
“Trend” informasiya agentliyinin eksperti, keçmiş təhlükəsizlik zabiti Arzu Nağıyev Publika.az-a açıqlamasında Ankara-Bakı-Moskva yaxınlaşmasının münaqişənin həllinə müsbət təsir edəcəyini düşünür.
“Türkiyə - Rusiya görüşləri, nəhayət, dekabrın 1-də reallaşdı. Rusiya prezidenti Vladimir Putin Ankarada Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla görüşdü. Əvvəlcədən də deyildiyi kimi, əsas məsələ iqtisadi əlaqələrin möhkəmləndirilməsi oldu və görüşün yekunu kimi səkkiz sənəd imzalandı. Türkiyəyə ixrac edilən təbii qazın qiymətində 6 faiz endirim ediləcəyi haqqında razılıq əldə edildi. Bundan başqa, bu görüş “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin təsdiqlənməsi ilə yadda qaldı. Məlumdur ki, regionda həlli vacib olan problemlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir və bu problem həll edilmədən regional stabillikdən söhbət gedə bilməz”, - deyə ekspert Putinin Ankara səfəri haqda danışarkən bildirib.
A. Nağıyev Bakının Ankara-Moskva yaxınlaşmasından münaqişənin müsbət həlli istiqamətində şans əldə edə biləcəyini düşünür: “Rusiyaya qarşı ABŞ və Avropa Birliyi ölkələrinin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Türkiyənin belə sərbəst siyasət yeritməsi, kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı və s. çox cəlbedici görünür. Deməli, burada hər bir dövlətin öz marağı mövcuddur. O cümlədən, Azərbaycan da öz maraqlarından çıxış edir. Rusiya Türkiyə vasitəsilə öz qazını satır və ciddi maliyyə sanksiyalarını qismən həll edir, Türkiyə ixrac və idxal bazarını artırır, Azərbaycan isə qaz ixracında müəyyən irəliləyiş əldə edir. Ən başlıcası isə Ankara və Moskvanın yaxınlığından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edə biləcək bir şans əldə edir. Bildiyimiz kimi, Ermənistanla sərhədlərin açılmasında Türkiyəyə artıq Roma katolik kilsəsi vasitəsilə yeni bir dini təzyiq də əlavə edilib”.
Ekspert Ankara-Bakı-Moskva yaxınlaşmasının Ermənistanın bir sıra siyasi dairələrini narahat etdiyini bildirib.
“Çünki Rusiya Türkiyənin qoyduğu bəzi şərtlərlə razılaşmaya bilməz və bunu yerinə yetirməlidir. Bu halda isə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməlidir. Yəni, Rusiya-Türkiyə yaxınlaşmaları Dağlıq Qarabağ məsələsinin həllinə ancaq müsbət təsir edəcək. Deməli, münaqişə ilə bağlı danışıqlarda müsbət dönüş yarana bilər”, - deyə o vurğulayıb.
03 Dekabr 18:07

virtualKarabakh.az

Hiç yorum yok:

Yorum Gönder