Translate

20 Ağustos 2014 Çarşamba

TÜRKİYƏ VƏ AZƏRBAYCAN ƏLEYHİNƏ YENİ MƏKRLİ PLAN


İsrail prezidenti uydurma soyqırımı tanımağa hazırlaşır; İşğalçı Ermənistan iki qardaş ölkə ilə yəhudi dövlətinin arasını birdəfəlik vuracaq xain bir oyunun içindədir; bədnam 100-cü ildönüm üçün saxta genosidin tanınması ilə bağlı İrəvanla Təl-Əvivin intensiv gizli danışıqlar apardığı deyilir...
Türkiyə və Azərbaycan əleyhinə yeni məkrli planın hazırlandığı məlum olub. “Vestnik Kafkaza” nəşri yazır ki, İsrail və Ermənistanın prezident aparatlarının yüksək vəzifəli əməkdaşları Osmanlı Türkiyəsində 2015-ci il hadisələrini Təl-Əvivin “soyqırım” kimi tanımasından ötrü gizli və intensiv danışıqlar aparırlar.

Nəşrin yəhudi əməkdaşının yazdığına görə, erməni tərəfi bu xüsusda hətta konkret plan da təklif edib. Plana əsasən, İsrailin yeni prezidenti Reuven Rivlin 2015-ci ilin aprelində digər dünya liderləri kimi İrəvanda faciəvi hadisələrin 100-cü ildönümü tədbirlərinə qatılacaq və öz çıxışı zamanı rəsmən bəyan edəcək ki, Təl-Əviv ozamankı Türkiyə hökumətinin erməni xalqına qarşı soyqırım aktı törətdiyini etiraf edir.

İsrail prezidenti dəftərxanasının yüksək çinli əməkdaşının dediyinə görə, bu ideya yəhudi dövlətindəki erməni lobbisinin bir sıra liderləri tərəfindən fəal şəkildə irəli aparılır. Lakin o, həmin şəxslərin adlarını çəkməkdən imtina edib. 

Tanınma tərəfdarlarının nöqtə-nəzərincə, İsrailin “genosidi” tanıması üçün məhz indi ən əlverişli fürsətdir. “Çünki Təl-Əvivlə Ankara arasında olduqca gərgin münasibətlər mövcuddur. Üstəlik, baş nazir (hazırda prezident) Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə İsrail ordusunun Qəzazdakı hərəkətlərini Fələstin xalqına qarşı soyqırım adlandırıb. İsrail isə məlum olduğu kimi, bu ittihamları rədd edib”, - deyə mənbə bildirir.  
Ərdoğanın İsrail əleyhinə daha bir açıqlaması xatırladılır: “Ərdoğan demişdi ki, İsrail terrorizmlə məşğuldur, soyqırım həyata keçirir və qlobal sülhə, Yaxın Şərqdəki sülhə təhlükədir. Türkiyə lideri əlavə eləmişdi ki, nə qədər ki, o, baş nazir postundadır, İsrail haqda yaxşı heç nə deyə bilməyəcək. Buna cavab olaraq yəhudi nəqliyyat naziri İsrael Kats öz facebook səhifəsində ona ermənilərin ”genosidini" xatırlatmış, qeyd eləmişdi ki, məhz Türkiyə lideri kimisə soyqırımda günahlandıra bilməz". 

Məlumatlara görə, İsraildə uydurma məsələnin rəsmən tanınması mövzusunun tirajlanmasında yeni prezident Rivlinin personası da rol oynayır. Belə ki, Rivlin bir neçə dəfə tanınmanın tərəfdarı kimi çıxış edib. Hələ o, Knessetin (parlamentin -s.s.) spikeri qismində Litva parlamentində çıxış edərkən belə bir fikri söyləməyi özünə rəva bilmişdi ki, “Xolokost və 1915-ci ilin erməni ”soyqırımı" XX əsrin iki ən faciəvi hadisəsidir". Halbuki, indiyədək yəhudi siyasətçilərin hamısı rəsmi çıxışlar zamanı belə bənzətmədən qaçıblar.
Reuven Rivlin isə dəfələrlə qeyd edib ki, İsrailin 1915-ci il hadisələrini “soyqırım” kimi tanınması uğrunda mübarizə aparmaqla yalnız “tarixi ədalət”ə nail olmaq istəyir və söhbət qətiyyən müasir Türkiyə xalqına və hökumətinə qarşı hansısa ittiham, ələlxüsus iddia irəli sürülməsindən getmir. Rivlin həmçinin, sadəlövhcəsinə belə bir ifadə də işlətmişdi: “Mən başa düşə bilmirəm ki, İsrailin erməni ”soyqırımı"nı tanıması niyə də yəhudi dövlətinin Azərbaycan və postsovet məkanının başqa türkdilli ölkələri ilə münasibətlərinə mənfi təsir göstərməlidir? Axı bu ölkələrin xalqlarının 1915-ci il hadisələrinə heç bir dəxli yoxdur..."

“Bununla belə, İsrail XİN-də hesab edirlər ki, prezidentin konkret halda ”genosidi" tanınma təşəbbüsü ilə çıxış eləmək hüququ yoxdur və bu məsələ yalnız Azərbaycanla razılaşmadan sonra həllini tapa bilər, çünki bu dost ölkə ilə münasibətlər yəhudi dövləti üçün həddən-ziyadə mühüm əhəmiyyət daşıyır", - deyə mənbə vurğulayır.

Nəşrin məqaləsindəki daha bir maraqlı detal: “İsraildə əmindilər ki, yaxınlaşan Rivlin və Sərkisyan arasında danışıqlardan Türkiyə və Azərbaycanda xəbərdardılar. Ancaq İsrail diplomatlarının sözlərinə görə, hələ ki, Bakı və Ankaradan hər hansı reaksiya yoxdur”.
Xatırladaq ki, İsrail tərəfindən tanınma məsələsi Knessetdə ilk dəfə olaraq 2012-ci ildə müzakirəyə çıxarılıb. Lakin dəstək qazanmayıb.

musavat.com

11 Ağustos 2014 Pazartesi

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİNDƏN SERJ SƏRKİSYANA CAVAB


Azərbaycan Respublikasına ancaq düşmən münasibətdə olan qurumun başçısı Serj Sərkisyanın "armnews" informasiya agentliyinə verdiyi müsahibəsində Azərbaycan dövlətinin və xalqımızın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər heç bir təsir qüvvəsinə malik deyil və onun özünün də inanmadığı, erməni xalqının sevdiyi nağıldır, fərziyyədir.

Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir ki, Xocalının, Dağlıq Qarabağın digər kənd və qəsəbələrində, o cümlədən, onun ətrafındakı yeddi rayonun yaşayış məntəqələrində törətdiyi cinayətlərdə günahsız insanların qanına əli batmış bu cani ən yaxın zamanda Azərbaycan xalqı və beynəlxalq ədalət məhkəməsi qarşısında bütün məsuliyyəti ilə mütləq cavab verəcəkdir.

Azərbaycan dövləti yalnız öz torpaqlarını, Dağlıq Qarabağı erməni separatçılarından təmizləmək və ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. 

S.Sərkisyanın dediyi ballistik raketlərə gəlincə isə, qətiyyətlə bəyan edirik ki, ermənistan Silahlı Qüvvələrinin sərəncamında olan bu hərbi texnika Azərbaycanın malik olduğu ən müasir silah və texnika ilə heç cür müqayisə edilməzdir. Ermənistan ordusunun təchizatında olan keçmiş sovet dövründən qalma, nasaz, vaxtı keçmiş və köhnəlmiş silah-sursat, o cümlədən, maye yanacaq mühərrikli "Skad" tipli raketlər nəinki hər hansı bir obyekti məhv etməyə, heç havaya qalxmaq belə imkanına malik deyildir. 

Əgər bu prosesdə ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara əl atarsa o zaman ən yeni, müasir və yüksək dəqiqliyə malik silahlarla təchiz olunmuş Azərbaycan ordusu ermənistan ərazisindəki istənilən hərbi infrastrukturu və strateji obyektləri darmadağın edəcəkdir.

S.Sərkisyanın öz müsahibəsində söylədikləri ermənistan dövlətinin və onun hərbi-siyasi cinayətkar rejiminin işğalçılıq siyasətindən əl çəkmədiyinə əyani sübutdur. Bu isə ermənistan dövlətinin süqutuna və tam məhvinə səbəb olacaqdır.

baymedia.az
11 Avqust 18:51

Elçin Mirzəbəyli: “Seytnot vəziyyətinə düşmüş Sarkisyanın danışmağa sözü yox idi”


“Şübhəsiz ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşü ictimaiyyət tərəfindən ciddi qiymətləndirilən hadisə idi”

Bu sözləri SİA-ya açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeləri kifayət qədər möhkəmdir və son hadisələr ölkəmizin hərbi potensialının kifayət qədər güclü olduğunu və Ermənistanı dəfələrlə üstələdiyini sübut edir.

“Təbii ki, seytnot vəziyyətinə düşmüş Sarkisyanın danışmağa sözü yox idi. Videomateriallar, fotoşəkillər real mənzərə yaradır. Hətta görüşün bütün təfsilatı haqqında məlumatlar açıqlanmasa da, ümumi mənzərədən baş verən prosesin mahiyyətini anlamaq mümkündür. Hərhalda yaxın zamanlarda nəticələr ümumilikdə bəlli olacaq”- deyə, qeyd edən baş redaktor Azərbaycanın gündən-günə öz mövqelərini daha da möhkəmləndirdiyini, həm hərbi, həm də iqtisadi sahədə kifayət qədər gücləndiyini bildirib.

Onun sözlərinə görə, bütün bu proseslər ölkəmizin mövqeyinə təsir göstərən amillərdir: “Bütövlükdə son dövrlərdə regionda baş verən proseslər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəticələrin əldə olunmasına yardım göstərir”.

11 Avqust 15:52

ALMANİYALI DEPUTAT ERMƏNİSTANLA BAĞLI ÇAĞIRIŞ ETDİ


Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə Parlament qrupunun sədri, millət vəkili Yohannes Kahrs (SPD fraksiyası) Almaniyanın “Hauptstadt İNSEDER” nəşrində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyanatla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, avqustun 8-də dərc olunmuş bəyanatda deyilir: “Artıq bir neçə gündür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması ucbatından günahsız insanlar həlak olur.
İyirmi bir ildir ki, BMT vasitəçilik etməyə çalışır. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini rəhbər tutan beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və 7 ətraf rayondan Ermənistan işğalçı qüvvələrinin dərhal çıxarılmasını tələb edir.
Amma bu məsələdə heç bir müvəffəqiyyət əldə olunmayıb. Son əsgər ölümlərindən sonra Qərb dövlətləri ilə Rusiya gərək bu qeyri-qanuni işğala son qoyulması üçün Ermənistana təsir imkanlarını gücləndirməlidir. Əks halda Qafqazda növbəti müharibə ocağı ilə üzləşməli olacağıq”.

baymedia.az
11 Avqust 16:03

MİLLƏT VƏKİLİ SOÇİ GÖRÜŞÜNÜ TƏHLİL ETDİ


“Ermənistan və Azərbaycan arasında problemin həlli ilə bağlı görüşlərin 20 ildən çox tarixi olsa da, bu görüş müəyyən ilklərlə yadda qaldı”
Bu açıqlama ilə millət vəkili Aydın Mirzəzadə öz Feysbuk səhifəsində çıxış edib.
O, İkinci Qarabağ Savaşının birincidən daha təhlükəli olacağını bildirib:
“Rusiyanın Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin iki gün çəkən görüşləri başa çatdı. Görüşlərin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsinə həsr edilməsi barədə məlumat verilsə də, onun əsas mövzusunun Dağlıq Qarabağ probleminin müzakirəsi olduğu hamı üçün aydın idi. Avqustun əvvəlində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən gərginlik və lokal döyüşlər dünyanın diqqət mərkəzində oldu. Hər iki tərəfdən olan böyük itkilər dünyanın bu həssas bölgəsində müharibənin yenidən başlaması ehtimalından xəbər verirdi. Yeni müharibə başlayacağı halda isə onun masştabı və əks-sədası Birinci Qarabağ Müharibəsinin (1991-1994) göstəricilərini çox-çox geridə qoya bilərdi. Ancaq adi siahlardan istifadə etməklə (artilleriya, təyyarələr və uzaqvuran raketlərdən istifadə edilmədi) gedən iki günlük döyüşə dünya birliyinin reaksiyası olsa da, ancaq Rusiya tərəfi döyüşlərin praktiki olaraq dayandırılması və tərəflərin onun ərazisində təcili görüşünün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdi”.
Deputat Soçi görüşünün ilklərlə yadda qaldığını deyib:
“İlk dəfə idi ki, cəbhə xəttindəki gərginlikdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərindən birinin təklifi ilə təcili görüş keçirilirdi. İlk dəfə idi ki, tərəflər iki gün ərzində bir neçə rəsmi və qeyri-rəsmi görüş keçirdilər. İlk dəfə idi ki, həmsədr ölkə görüşdə üçüncü bir tərəf kimi iştirak edirdi. Bütün bu amillər Rusiyanın bu məsələdə praqmatik mövqe tutmağa çalışması kimi qiymətləndirilə bilər. Çünki problemin həll edilməməsi Rusiyanın cənub sərhədində, müharibə ehtimalının yüksəlməsinə, onun hər iki ölkə ilə münasibətlərinə də pozitivliyin itirilməsinə gətirib çıxara bilərdi. Görüşün özü barəsində çox az məlumat verildi. Prinsipcə bu müsbət qiymətləndirilməlidir. Tərəflərə piar deyil, problemin həlli ilə bağlı konkret müzakirələr lazım idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyanatı buna konkret sübut idi. Ancaq Ermənistan dövlət başçısı haqqında bunu demək olmazdı. Onun Rusiya prezidenti ilə görüşdə verdiyi bəyanat ilk növbədə öz ölkəsinin əleyhinə işləməyə başladı. Sərkisyan bildirdi ki, Azərbaycan məqsədli surətdə Ermənistan-Azərbaycan sərhədində, cəbhə xəttində gərginlik yaratdı. Hansı ki, o əvvəllər problemin guya Azərbaycanla “DQR” arasında olduğunu və Qarabağ ermənilərinin müqəddəratını həll etdiyini bildirirdi. İndi isə o Qarabağ erməni icmasının “müqəddəratı” barədə dediklərini unudaraq, həyasızcasına Ermənistan-Azərbaycan sərhəd xəttini Beyləqan, Ağdam, Goranboy və Kəlbəcər torpaqlarından çəkirdi”.
O, Sərkisyanın geri qayıtdıqdan sonra verdiyi bəyanatın sülhpərvər sayılmadığını söyləyib:
“Görüş iki gün mətbuatın iştirakı olmadan keçirildi. Heç sonra da hər hansı bəyanat və nəticələr barəsində məlumat verilmədi. Yeganə məlumat Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Azərbaycan və Ermənistan prezidentləri Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Rusiya Federasiyası həmsədrlərdən biri kimi bu məsələyə öz töhfəsini verəcək” fikri oldu. Təhlilçilərin Lavrovun bəyanatında diqqətlərini çəkən ”xarici işlər nazirlərinə tapşırılıb ki, bu işi məsələnin həllinin praktik aspektlərinin razılaşdırılması işi ilə paralel davam etdirsinlər” fikri oldu. Rusiyanın baş diplomatının sözlərinə görə, razılaşdırılmayan məsələlər elə də çox deyil, əksər razılaşmalar artıq əldə olunub, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir. Axırıncı cümlə müəyyən maraq doğurur, baxmayaraq ki, bunu hər tərəf bir cürə yoza bilər. Ermənistan prezidentinin İrəvana qayıtdıqdan sonra verdiyi bəyanat da heç də sülhpərvər sayıla bilməz. İşğalçı dövlətin işğal etdiyi dövlətə qarşı yenə də hədə gəlməsi heç də onun sülh istəməsindən xəbər vermir”.
A.Mirzəzadə problemin dondurulmasının onu həll etmədiyini vurğulayıb:
“Soçi görüşü başa çatsa da, problem hələ də durur və o öz həllini tələb edir. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi ölkəmizi razı sala bilməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mövqeni dəfələrlə səsləndirib və cəmiyyət liderini tam dəstəkləyib. Ötən dövr göstərdi ki, problemin dondurulması problemi həll etmir, onu daha da ağır vəziyyətə itələyir. Çətinliklərə baxmayaraq, Azərbaycan ötən illərdə öz iqtisadiyyatını və ordusunu kifayət qədər gücləndirə bilib. Beynəlxalq hüquq da ölkəmizin tərəfindədir. Ona görə də Ermənistan bu məsələdə ciddi seçimini etməlidir. Ya Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ya da bütün istiqamətlərdən Azərbaycanın təzyiqini və gücünü hiss etməlidir. Onun seçiminə ayrılan vaxt isə çox azdır”.

baymedia.az
11 Avqust 18:40

TROFİMÇUK : “SOÇİ GÖRÜŞÜ BAKININ ƏL - QOLUNU AÇDI"


“Əvvəlki onlarla üçlü formatdakı görüşlərə baxanda bu tip açıqlıq xarakterik deyildi”.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Qriqori Trofimçuk Soçi görüşünün nəticələrini şərh edərkən söyləyib.

O, Bakının Qarabağ konfliktinin həllində əllərinin tamamən açıldığını bildirib:

“Mən Axar.az-a bundan öncəki intervümda da proqnoz vermişdim ki, Soçi görüşü çox təəssüf ki, Qarabağ konfliktinin həllində inkşaf nöqtəsi olmayacaq. O əvvəlki görüşlərə daha çox bənzəyirdi. Nəzərə alınmalıydı ki, Qarabağın astanasında artıq yeni müharibə dayanır. Məhz bu görüşün ərəfəsində kifayət qədər çox insan öldürülmüşdü. Azərbaycan və Ermənistan prezidentlərinin çıxışı da müəyyən qədər tanış idi. Əliyev bir şeyə diqqət çəkdi ki, problemi “sülh yolu” ilə həll etmək istəyir (başqa sözlə desək, əgər bu gün sülhlə həll olunmasa, sabah müharibə ilə həll ediləcək – Q.Trofimçuk). Serj Sərkisyan açıq bəyan etdi ki, konfliktdə eskalasiyanı azərbaycanlılar edib. Əvvəlki onlarla üçlü formatdakı görüşlərə baxanda bu tip açıqlıq indiki prosesə xarakterik deyildi. Görüşün nəticələrinə uyğun olaraq bunu demək olar ki, hazırda Bakının əlləri sözün bütün mənalarına uyğun olaraq açılıb. Ona görə də problemin sülh yolu ilə həllini birbaşa Soçidə danışıqlar zamanı edilən təklifləri məqsədyönlü şəkildə, praktiki detallarına qədər dəqiqləşdirmək lazım idi. Görünür bu, Rusiyanın Qarabağ probleminə təsir etmək üçün son şansı idi. Hətta Azərbaycan Prezidentinin özü də açıq şəkildə bu şansı ona verdi. Prezident Putin Soçi görüşünün təşəbbüskarı olaraq ondan asılı olan hər bir şeyi etdi ki, Rusiyanın yaxınlığında yaranacaq ikinci müharibənin qarşısını alsın. Amma bu dəfə daha çox şey tələb olunurdu. Belə ssenarinin qarşısının alınması üçün tələb olunan zəmanətin verilməsi qeyri-mümkün idi”. 

9 Ağustos 2014 Cumartesi

TÜRKİYƏ BİBLİYASI XRİSTİANLIQ TARİXİNİN ÜSTÜNDƏN XƏTT ÇƏKDİ


Türkiyədə tapılmış 1500 il bundan əvvələ aid Bibliya Vatikanın ciddi narahatlığına səbəb olub. Məsələ ondadır ki, qədim kitab İsa Məsihin şağirdlərindən biri olmuş və apostol Pavel ilə birgə səyahət etmiş Varnavanın İncilindən ibarətdir. 

Kitab hələ 2000-ci ildə aşkar edilsə də, düz 14 il ciddi şəkildə gizlin saxlanılıb. Hazırda Bibliya Ankarada Etnoqrafik muzeydə qorunur. Onun səhifələri heyvan dərisindən hazırlanıb və zaman-zaman qaralıb. Odur ki, arami dialektində - İsa Məsihin dilindən yazılmış bütün mətni oxumaq mümkün deyil. 

Ekspertlər sübut edib ki, kitab orijinaldır: onlar həmçinin mətndən onu da müəyyənləşdiriblər ki, İsa Məsih çarmıxa çəkilməyib və Allahın oğlu deyil. Bu Bibliyada bildirilir ki, İsa peyğəmbər olub və göyə canlı ikən, yəni sağ ikən yüksəlib, Pavel isə apostol deyil, fırıldaqçı olub. İsanın yerinə İuda İskariot çarmıxa çəkilib. Mətndən həmçinin o da məlum olub ki, tezliklə yer üzündə sonuncu islam peyğəmbəri zühur edəcək.

Vatikan Bibliyanı türkiyəli həmkarları ilə birgə katolik ekspertləri tərəfindən daha dərindən incələmək, detalları ilə tədqiqata cəlb etmək niyyətindədir. Belə hesab edirlər ki, katolik kilsəsi Nikey Qurultayında Bibliyanın bir hissəsi olan İncilə senzura tətbiq edib, xüsusilə də İncili Varnavadan kənarlaşdırıb. 

axar.az

7 Ağustos 2014 Perşembe

Vəfa Quluzadə: «Əminəm ki, İlham Əliyevi sındıra bilməyəcəklər...»


Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-də və 9-da Soçidə görüşü gözlənilir. Rusiya prezidenti Vladimir Putin-in vasitəçiliyi ilə planlaşdırılan, sərhəd və qoşunların təmas xətti boyunca hər iki tərəfin itkiləri ilə nəticələnən bu – atəşkəssonrası görüşdən nə gözləmək olar? AzadlıqRadiosu bu və digər suallarla xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadəyə üz tutub.

- Soçidə keçiriləcək bu görüşdən nə gözləyirsiniz?

- Mənim ən böyük arzum odur ki, bu görüşdə heç bir şey baş verməsin. Axı Soçidəki görüş Azərbaycanı Gömrük İttifaqına sürükləməyə yönələn bir görüşdür...

- Niyə belə qənaətə gəlmisiniz?

- Birincisi, bu yaxınlarda Ermənistanda da bəyan etmişdilər ki, Azərbaycan qoşulmadan Ermənistanın Gömrük İttifaqında olması mənasızdır. İkincisi, Ukraynada istədiyinə nail olmayan Putin bu istəklərini Cənubi Qafqazda gerçəkləşdirməyə can atır. Azərbaycana ən böyük təzyiq rıçaqı da Qarabağ münaqişəsi və orada atəşkəsin pozulmasıdır. Son atəşkəs pozuntusunda 100 faiz Rusiyanın əli var. Buna mənim heç bir şübhəm yoxdur. Rusiya çalışırdı ki, Azərbaycan böyük itkilər versin və beləcə, Soçidə Azərbaycanı ələ almaq daha da asanlaşsın. Rusiya istəyirdi ki, iki ölkə arasında irimiqyaslı müharibə başlasın və regionda böyük bir ölkənin rəhbəri kimi, Putin sülhün təminatçısı rolunda çıxış etsin. Bəziləri bəyan edir ki, Azərbaycan və Ermənistan Gömrük İttifaqına qoşulsa, Rusiya Ermənistanın, Qazaxıstan da Azərbaycanın qarantı olacaq və bir daha atəşkəs pozulmayacaq. Hər şey göz qabağındadır: Rusiya öz geosiyasi maraqları uğrunda döyüşə başlayıb. Krımın işğalı, Ukraynanın şərqindəki hadisələr də bu qəbildəndir.

- Sizcə, Putin Ukraynada əldə edə bilmədiyini indi Cənubi Qafqazda gerçəkləşdirəcək?

- Bir adam bütün dünyanın əleyhinə gedərək, stalinsayağı sovet metodlarından yararlanırsa, ondan hər şey gözləmək olar. Putin Qarabağ məsələsini həll etmək istəmir. Onun istəyi Azərbaycanın Gömrük İttifaqına daxil olmasıdır. Bununla da Putin Qərbin bütün maraqlarını, regionda indi və gələcəkdə həyata keçiriləcək bütün layihələri öz nəzarətinə keçirmək istəyir. Yəni Azərbaycanı ələ almaqla Putin çox böyük strateji maraqları gerçəkləşdirə bilir. 

- Belə çıxır ki, Soçidə Azərbaycanı «tovlayacaqlar»?

- İnanmıram ki, İlham Əliyevin arzusu olmadan onu nəyəsə məcbur etmək mümkündür. Əminəm ki, İlham Əliyev müqavimət göstərəcək, onu sındıra bilməyəcəklər. Mən buna əminəm. Azərbaycanın Gömrük İttifaqına qoşulması, ilk növbədə, elə İlham Əliyevin öz maraqlarının əleyhinədir. Çünki bu məsələni Azərbaycan ictimaiyyəti dəstəkləməyəcək.

- Sizcə, 3 prezidentdən hansı daha uduşlu vəziyyətdədir?

- Bu görüşə qalib kimi gedən Putin-dir. Çünki burda Ermənistanın heç bir üstünlüyü yoxdur. Son atəşkəs pozuntusunda onlar da xeyli itki veriblər və başa düşüblər ki, qarşılarında duran Azərbaycan ordusu güclü ordudur və müharibə olsa, böyük itkiyə uğrayacaqlar. Biz də istəmirik ki, Gömrük İttifaqına sürüklənək. Bu baxımdan, Soçi görüşündə qazanc əldə etmək istəyən tərəf Putin-dir.

- Siz deyirsiniz ki, atəşkəs pozuntusu Azərbaycan ordusunun güclü olduğunu göstərdi. Onda belə çıxır ki, bu görüşə İlham Əliyev də üstün mövqedə gedir...

- Fikrimcə, İlham Əliyevin Ağdama getməsi, orda əsgərlərlə görüşməsi olduqca müsbət haldır və bunu yüksək qiymətləndirirəm. Bu onu göstərdi ki, lazım olsa, döyüşə də gedəcək və istiqlaliyyətimizi əldən verməyəcəyik.

- Son atəşkəs pozuntusunda Azərbaycanla Ermənistan bir-birini suçlayır. Sizcə, onlar günahkardır, yoxsa üçüncü tərəf?

- Atəşkəs pozuntusunun günahı 100 faiz Rusiyanın üzərindədir. Mənim yadımdadır, İstanbul sammitində Heydər Əliyev Kocharian-la razılığa gəlmişdi və bu razılığı Vazgen Sarkisian-la Karen Demirchian da dəstəkləmişdi. Sülh müqaviləsinin imzalanması gözlənilirdi. Tərəflər atəşkəsi pozmamaq razılığına da gəlmişdilər. Bir müddət belə də oldu. Ermənistan parlamentinin gülləbaranından sonra bu məsələ pozuldu. Hər iki tərəfi itkilərə uğradan atəşkəs pozuntusu indiyədək davam edir.

- Soçi görüşündən hər hansı sənəd imzalana bilər?

- Ümumi bəyannamə qəbul edilə bilər. Başqa bir şey gözləmirəm.

- Rusiya bu görüşü təşkil etməklə dünyaya hansı mesajı verir?

- Rusiya bununla Qərbə demək istəyir ki, təşəbbüsü sizə verməyəcəyəm. Axı son vaxtlar Qərb Parisə, Nyu-Yorka və ya Vaşinqtona çağırır, sülh danışıqlarını canlandırmaq istəyirdi. Putin bu təşəbbüslərin üstündən xətt çəkmək üçün tələsik Soçi görüşünə qərar verib.

- Demək, o məşhur deyimdəki kimi, «Qarabağın açarı Rusiyadadır»?

- Qarabağ məsələsinin açarı yox, tormozu, əyləci Moskvadadır. Rusiya heç vaxt bu münaqişənin həllində maraqlı deyil. Rusiya münaqişənin çözümünü tormozlamağa çalışır və bununla da tərəfləri özündən asılı saxlayır. O baxımdan «açar Rusiyadadır və biz gedib ona yalvarıb münaqişəni həll etməliyik» yanaşması tamamilə səhvdir.

- Sizcə, bu münaqişənin həllində «xalq diplomatiyası»ndan yararlanmaq uğur vəd edə bilər?

- Xalq diplomatiyasına heç inanmıram. Hesab edirəm ki, xalq diplomatiyası heç bir nəticə verə bilməz. Çünki bu milli və ya dini zəmində olan münaqişə deyil. Bu münaqişə Rusiyanın qurduğu tələdir. Burda xalqlar nə edə bilər? Yenə xatırladım, prezidentlər razılığa gəlirlər, ondan sonra Ermənistan parlamentində deputatlar güllələnir və  bununla da Qarabağ məsələsi yenə gündəmdən çıxır. Xalq burda neyləsin? Xalqlar çoxdan istəyirlər ki, sülh olsun, amma onların fəaliyyətindən heç bir şey asılı deyil.

- Azərbaycanın Ermənistanla birgə Gömrük İttifaqına qoşulması bu münaqişəni aradan qaldıra bilər?

- Bu da real məsələ deyil. Rusiya istəyir ki, Azərbaycan Gömrük İttifaqına girsin və bununla Azərbaycanın bütün açarları onun əlində olsun.

- Dediyinizdən belə çıxır ki, hələ çox «Soçi görüşləri» olacaq?

- Gərək olmasın. Bu baxımdan da hesab edirəm ki, Qərb Qarabağ məsələsi ilə bağlı Rusiya və Ermənistana təzyiq göstərməklə ortaya ciddi mövqe qoymalıdır.

- Amma Azərbaycanda tez-tez səslənən fikir odur ki, Qərb Ukraynaya göstərdiyi dəstəyi  bizə göstərmir.

 - Fikrimcə, Rusiya Azərbaycana da (Ukraynadakı kimi ) hücum etsə, Qərbin sanksiyaları 1-ə 100 artacaq. Bunu Rusiya çox yaxşı bilir. Ona görə Putin elə vəziyyət yaratmaq istəyir ki, Azərbaycan Gömrük İttifaqına könüllü qoşulsun və bununla da bütün dünyaya göstərsin ki, Azərbaycanın özü bizimlə bir yerdə olmaq istəyib. Amma əminəm ki, İlham Əliyev buna getməyəcək...

Maarif Çingizoğlu

SİBİR RUSİYADAN AYRILMAQ İSTƏYİR


Avqustun 17-nə bütün vilayət boyu “Sibir Marşı” keçirməyə qərar verildi

Sibir Rusiya ərazsinin 73,6 faizini tutur. Burada əhalinin sıxlığı yüksək deyil, amma kəndlər və şəhərlər bütün Sibir boyu səpələnib. Əgər “Sibir Marşı” uğurlu alınsa, onun qarşısını almaq polis üçün əməlli başlı başağrısı yaradacaq və bu prosesin nəticəsində Rusiyanın yerində 10-15 yeni dövlət əmələ gələcək. Məhz buna görə də Rusiya hakimiyyəti bütün ölkə ərazsinində KİV-ləri və internet resursları sərt senzura altında saxlayır ki, “Sibir Marşı” barədə xəbərlər geniş əhaliyə çatmasın. “Sibir Marşı”nı təşkil edənlərin isə ciddi arqumentləri var. Rusiyanın bütün təbii sərvətlərinin yüzdə doxsanı bu ərazilərdə olsa da, burada əhali yesir günündə yaşayır. Sibir əhalisi yoxsulluq səviyyəsinə görə ən aşağıda dayanır. Sizə təqdim etdiyimiz videoda “Sibir Marşı” təşkilatçılarının Sibirin Moskvadan ayrılması barədə arqumentləri səsləndirilir.


azadliq.info

6 Ağustos 2014 Çarşamba

Erməni ekspert: ”Zəngilan alınsa, Mehri dəhlizi bağlanacaq”


Cəbhədə vəziyyət gərgin olaraq qalır. Belə görünür ki, ermənilər müharibəsiz bir rayonu belə azad etməyəcəklər, sülh yolu ilə münaqişənin həlli mümkün deyil.  Ermənistan texnoloqlarının çıxartdıqları nəticəyə baxdıqda aydın olur ki, ermənilər nəinki 7, hətta 1 rayonun qaytarılmasına hazır deyillər. Bunun isə öz səbəbləri var. Bu mənada erməni hərbi eksperti David Simonyanın şərhləri daha çox diqqət çəkir. O yazır ki, Azərbaycana hər hansı bir rayonun qaytarılması cəbhədə olan hərbi balansı poza bilər və bundan sonra da qarşı tərəf çox böyük üstünlük əldə edəcək.


Simonyanın nə demək istədiyini anlamaq onun ən çox müzakirə edilən məqaləsini olduğu kimi nəzərinizə çatdırırıq:

“Azərbaycana hər hansı bir rayonun qaytarılması fəlakət olar. Əvvəla, indiki şəraitdə erməni qoşunları bir neçə eşalondan ibarət müdafiə sisteminə malikdirlər. Əgər düşmən ordusu (azərbaycanlılar – red.) ilkin cəbhə xəttini yarsalar, qoşunlarımız 2-ci müdafiə xəttinə çəkilərək düşmənin “Artsax”ın (Qarabağın – red.) içərilərinədək irəliləməsinə mane olar. Və Ermənistandan əsas qoşunlar köməyə gələnədək cəbhəni əllərində saxlayarlar.

İkinci bir tərəfdən, bizim qoşunların Zəngilanı, Cəbrayılı, Füzulini alması ilə Mehri rayonunun üzərində olan təhlükə aradan qalxdı. Həmçinin bu səbəbdən, Azərbaycan ordusu Stepanakerti (Xankəndi – red.), o cümlədən Ermənistanın Qafan, Gorus rayonlarını öz artilleriyası və malik olduğu BM-21 qrad qurğularından atəşə tutmaq imkanından məhrum edildi.

Altı rayonun qaytarılması o deməkdir ki, yeni cəbhə xətti Mardakert (Ağdərə – red.), Hadrut (Xocavənd), Əsgəran rayonlarının cəmı 5 kilometrliyində yerləçəcək. Bundan əlavə, Karvaçar (Kəlbəcər – red.) rayonunun Azərbaycana qaytarılması Mardakerti 3 istiqamətdən təhlükə altında qoyacaq.


Belə olan vəziyyətdə yeni müdafiə xətti nə qədər güclü olsa belə, “Artsax”ın təhlükəsizliyi üçün qarant ola bilməz. Hərb tarixindən bəllidir ki, hətta ən möhkəm müdafiə sistemini hücum edən tərəf yara bilər (Mannerqeym, Ziqfrid müdafiə sistemləri).


Nəzərə almaq lazımdır ki, indiki şəraitdə Ermənistanı Artsaxla və cəbhə xətti ilə 4 avtomobil yolu birləşdirir. Bu yollar həm Ermənistanla əlaqə, həm ordunu cəbhənin bir xəttindən digərinə atmaq üçün çox vacibdir. “Artsax Müdafiə Qüvvələri”nin daxildə istifadə etdiyi vacib 2 yol var: Mardakert-Füzuli-Cəbrayıl və Mardakert-Stepanakert-Qırmızı Bazar-Hadrut.


Altı rayonu Azərbaycana qaytarsaq, onda erməni qoşunlarının nəzarətində yalnız Mardakert, Hadrut və “Artsax”ı Ermənistanla birləşdirən Stepanakert-Gorus-Yerevan yolu (Laçın koridoru) qalacaq. İş ondadır ki, hərbi əməliyyatların başlayacağı təqdirdə Laçın koridorunu saxlamaq erməni qoşunlar üçün problem olacaq. Hətta onu saxlasaq belə, nəzərə almaq lazımdır ki, Azərbaycan aviasiyası havada üstünlüyə malikdir. Düşmən aviasiyadan və artilleriyadan istifadə etməklə bu yolu tam yararsız hala sala bilər. Ermənistanla əlaqə kəsilsə, Artsax ordusu Ermənistandan qoşunlar üçün lazım olan silah-sursatı, tibbi yardımı ala bilməyəcək. Bu halda, Ermənistandan əlavə canlı qüvvə ala bilməyən “Artsax Müdafiə Ordusu” düşmənin qat-qat çox olan canlı qüvvəsi qarşısında tab gətirməyəcək.


Belə nəticəyə gəlmək olar ki, Azərbaycana bir neçə rayonun qaytarılması cəbhədə olan hərbi balansı düşmənin xeyrinə dəyişə bilər. O halda bizə nə sülh müqavilələri, nə də beynəlxalq sülhməramlı qüvvələr kömək edəcək. Azərbaycan öz hərbi potensialını artırmaq kursunu götürüb. Nəzərə almaq lazımdır ki, Ermənistan öz hərbi potensialını bu miqyasda davam etdirməyə hazır deyil.
Hərbi balansı artırıb öz xeyrinə dəyişən və Artsaxın müdafiəsinin zəifliyini görən Azərbaycan lazım olan məqamda hücuma keçə bilər. Nəzərə alaq ki, Azərbaycan qoşunlarının 70 faizi cəbhə xəttində dislokasiya olunub. Hərbi kompaniyanın taleyi ilk günlərdə həll olunacaq. Bu halda “Artsax Müdafiə Ordusu”na düşmənin cəbhə xəttini yarmasının qarşısını almaq çətin olacaq. Artsaxı itirdiyimiz təqdirdə, Türkiyənin köməkliyi ilə Azərbaycan öz pantürkist arzusunu, yəni Mehri rayonunu da ələ keçirəcək. Bu halda Azərbaycan Türkiyəyə quru yolla birbaşa çıxış əldə edəcək. Digər tərəfdən, Ermənistanın İrana çıxışını kəsəcək. Əgər “Artsax”ı itirsək, Mehrini saxlamaq erməni qoşunları üçün mümkünsüz olacaq. Azərbaycan həm Zəngilan, həm də Naxçıvan istiqamətindən hücuma keçməklə buna nail ola bilər”.


Yazıdan göründüyü kimi, erməni hərbi ekspert Azərbaycanın hərbi potensialının üstünlüyünü açıq-aşkar etiraf edir, əndişəsini gizlətmir. Digər erməni ekspertlərin də şərhləri ilə tanış olduqda aydın olur ki, II Qarabağ müharibəsi başlayarsa, ermənilər ancaq müdafiəyə diqqət yetirəcəklər. Çünki onların hücum üçün canlı qüvvələri və texnikaları çatışmır. Üstəlik, onlar qeyd edir ki, Azərbaycan qoşunları Naxçıvan istiqamətindən də hücuma keçsələr, Ermənistanın tam məğlubiyyəti qaçılmaz olacaq.
Erməni hərbi ekspertləri həmçinin bildirirlər ki, yeni müharibə uzunmüddətli xarakter alarsa, bu da onlar üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq. Belə ki, müharibə böyük vəsait tələb edir, silah-sursat tez tükənir. Azərbaycanın hər tərəfə çıxışı var, onun tükənmiş silah-sursatı yenisi ilə əvəz edib cəbhəyə göndərməsi heç bir problem törətməyəcəyi halda, Ermənistan bunu edə bilməyəcək. Ermənilər hesab edir ki, Azərbaycanın təsiri ilə Gürcüstan Rusiyadan gətirilən hərbi texnikanı Ermənistana buraxmayacaq. Elə İran da İslam dünyasının qınağından ehtiyatlanaraq Ermənistana əvvəlki tək kömək etməyəcək.

İlqar Atabəyli