Translate

31 Temmuz 2014 Perşembe

İTALİYADA QALMAQAL : İLHAM ƏLİYEVİN İMZASI OLAN SƏNƏDİ DƏYİŞMƏK İSTƏYİRLƏR


İXTİYAR ŞİRİN : - Qərb dövlətlərinin və Rusiyanın Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı təkidləri əslində Azərbaycanın razılığı ilə Dağlıq Qarabağın ermənilərə verilməsi planıdır...

Mən dünən - 30.07.2014 tarixində Facebookdakı hesabımda Qərb dövlətlərinin və Rusiyanın Qarabağ probleminin sülh yolu ilə həlli planı barədə aşağıdakıları yazmışdım: "Qərb dövlətlərinin və Rusiyanın Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı təkidləri əslində Azərbaycanın razılığı ilə Dağlıq Qarabağın ermənilərə verilməsi planıdır. Onlar Dağlıq Qarabağın ətrafındakı 6-7 rayonun Azərbaycana qaytarılmasının əvəzində Dağlıq Qarabağda ərazinin statusunu müəyyənləşdirən referendum keçirilməsini təklif edirlər. Referendum, əgər keçiriləcəksə, ərazinin statusunun müəyyən edilməsi ilə bağlı yox, muxtariyyətin forması ilə bağlı ola bilərdi. Mən əvvəllər muxtariyyətin forması ilə bağlı referendumu mümkün hesab edirdim. İndi isə belə bir qənaətə gəlmişəm ki, referendum oyununa getməmək lazımdır. Ukrayna hadisələrindən sonra beynəlxalq şərait dəyişdi. İndi Qərb Krımla bağlı hansı mövqeyi tutubsa, Qarabağla bağlı da o mövqeyi tutmalıdır. Biz isə erməni-rus terrorçularını Ukraynadakı kimi əzməliyik. Xalqımız bu işə Ukrayna xalqından daha hazırlıqlıdır. Mövqeyimizi daha da sərtləşdirməliyik. Ermənistana və Qarabağa "dostluq" üçün gedən Azərbaycanlıları da bu işlərdən əl çəkməyə çağırıram. Bu cür hərəkətlər düşmənin çörəyinə yağ-bal sürtməkdir. Litvanın səfirinin telefon danışıqlarındakı etirafları əslində bütün Qərb və Rusiya dövlətlərinin mövqeyini əks etdirir. Sülh yolu ilə həll planı təklif edənlərin heç biri, o cümlədən Kerri də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bəyan etmirlər. Bu məsələnin geniş ictimai müzakirəyə çıxarılmasına ehtiyac daha da çoxalıb."

Bu gün Virtualaz.org saytında mənim dediklərimi təsdiq edən informasiya yayıldı.
İtaliyada qalmaqal: İlham Əliyevin imzası olan sənədi dəyişmək istəyirlər.
İtaliyada Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı imzalanan sənədlə bağlı diplomatik insident baş verib.

Virtualaz.org saytı spondasud.it adlı İtaliya portalına istinadən xəbər verir ki, Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqda Birgə Bəyannamənin mətnində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək ifadə olunması xarici işlər naziri Federiko Moqerinin Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali komissarı vəzifəsinə seçilməsi şanslarına zərbə vura bilər.

Saytda yerləşdirilmiş məqalənin müəllifi Kalyari Universitetinin Yaxın Şərq İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Laura Tossodur.
L.Tosso Türkiyə araşdırmaları üzrə ixtisaslaşıb və belə görünür ki, erməni çevrələrinə bağlıdır. Qeyd edək ki, müəllifin Türkiyədə qətlə yetirilən erməni jurnalist Qrant Dink barədəki araşdırması beynəlxalq jurnalistika mükafatı alıb.
Məqalədə deyilir ki, Azərbaycan prezidentinin səfəri ərəfəsində İtaliya XİN-dən iki diplomat strateji tərəfdaşlıq haqda Birgə Bəyannamənin mətnini işləyib hazırlayıb.
Sənədin bu variantı rəsmi Bakı ilə razılaşdırılıb və orada Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə çağırış ifadə olunur.
Sənəd iyulun 14-də prezident İlham Əliyev və İtaliyanın baş naziri Mattio Renzi tərəfindən qəbul edilib.
Lakin məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın nümayəndələri İtaliyanın Minsk Qrupuna üzv olan ölkə kimi münaqişə ilə bağlı bu cür mövqe tutmasını düzgün hesab etməyiblər və məsələni İtaliya xarici işlər nazirinin diqqətinə çatdırıblar.
Nəticədə İtaliya XİN “anlaşılmazlığı” başa düşüb və rəsmi mətninin dərcini dayandırıb. İtaliya XİN Bakıya təklif edib ki, yeni mətn üzərində işləsinlər.
Təbii ki, Azərbaycan tərəfi bu təklifi qəbul etməyib və yüksək səviyyədə qəbul edilmiş sənədi dəyişdirməkdən imtina edib. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq barədə Birgə Bəyannamənin mətni Azərbaycan XİN tərəfindən dərc edilib. İtaliya XİN isə buna baxmayaraq sənədin mətninə yenidən baxmağa başlayıb və onun dərcini dayandırıb.

Hiç yorum yok: