Translate

2 Temmuz 2014 Çarşamba

BAKIDA RUSİYA ƏLEYHİNƏ QƏTNAMƏ QƏBUL EDİLDİ


Qərb istəyinə nail oldu; Amerikalı senatorun hazırladığı sənəd gərgin müzakirələrə səbəb oldu; hakimiyyət Moskva-Vaşinqton duelində riskli mövqe sərgiləməkdən yayındı

Qətnamə müəllifi, amerikalı konqresmen Kardin: “Region dondurulmuş münaqişələrdən inildəyir, onların sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna... Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir, nəyi gözləyirsiniz?..”

Dünən ATƏT Parlament Asambleyasının 23-cü plenar sessiyası öz işinə başlayıb. Bir neçə gündür komitələr səviyyəsində gedən və əsasən də sessiyanın gündəliyini müəyyənləşdirmək məqsədi güdən çoxtərəfli müzakirələr yekunlaşdıqdan sonra nəhayət, təşkilatın əsas işlək orqanı - Parlament Assambleyasının zirvə toplantısı start götürüb.
Sessiyaya qədər isə komitələrin toplantıları davam edib. APA-nın məlumatına görə, ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında Rusiyanın müəllifi olduğu “Terrorçuluğa qarşı mübarizə” adlı qətnamə layihəsi müzakirə edilib. Layihəyə Latviya, Litva və İsveç parlamentarları tərəfindən Ukrayna hadisələri ilə əlaqədar düzəliş təklif olunub. Latviya nümayəndə heyətinin rəhbəri xanım Vineta Porina çıxışında bildirib ki, Rusiya bu gün faktiki olaraq ATƏT məkanında - Ukraynanın şərqində terrorçuluğu dəstəkləyir: “Biz bunun qarşısını almalıyıq”. 

Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan Rusiyanın müəllifi olduğu qətnaməni dəstəkləsə də, düzəlişin əleyhinə çıxıb: “Rusiyada 1,5 milyon erməni yaşayır və onlar heç vaxt millətçilik zəmində təzyiqə məruz qalmayıb”. Öz növbəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, terrorçu qruplara ayrı-ayrı dairələr tərəfindən dəstək verilir: “Onlar istədikləri sərhədi maneəsiz keçə bilirlər. Azərbaycan hər zaman terrora qarşı aparılan mübarizədə iştirak edib, Azərbaycan qanunvericiliyi də buna tam dəstək verir. Amma bəzi ölkələr terrordan öz məqsədləri, qanuni hakimiyyətin devrilməsi və iqtisadi maraqları üçün istifadə edirlər. Ona görə də biz təklif edirik ki, bu məsələ təkcə müzakirə mövzusu olmamalıdır, əməli işlər görülməlidir”.
Rusiyadan olan deputat Aleksey Puşkov isə düzəlişdə Rusiya ilə bağlı hissəni əsassız adlandırıb: “Bu gün Ukraynanın şərqində vuruşanlar, Rusiyadan gedənlər deyillər, yerli xalqın nümayəndələridir. Amma Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və sair yerlərdə minlərlə terrorçu qruplaşmalar cəmləşib. Niyə onlarla bağlı heç nə qəbul edilmir?” 
Müzakirələrdən sonra təklif edilən düzəliş qəbul edilməyib. Azərbaycan düzəlişlərlə bağlı səsvermədə iştirak etməyib, Ermənistan isə əleyhinə səs verib. Daha sonra qətnamənin özü səsə qoyulub və qəbul edilib. Azərbaycan və Ermənistan sənədin lehinə səs verib. Həmçinin komitə rəhbərliyinə seçkilər keçirilib. Azərbaycanlı deputat Azay Quliyev yenidən komitəyə sədr müavini seçilib.

Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsi isə “Təhlükəsizliyin təminatı üzrə dövlət və özəl sektorlara demokratik nəzarət” adlı qətnamə qəbul edib. Layihəni sloveniyalı deputat Roberto Battelli təqdim edib.

Sənədin bəndlərindən birində təhlükəsizlik və kəşfiyyat orqanlarına demokratik nəzarət  sahəsində parlamentlər arasında qabaqcıl praktika mübadiləsinin qurulması tövsiyə edilir. ATƏT PA həmçinin iştirakçı dövlətləri jurnalistləri və onların mənbələrini qorumağa çağırır.

*   *  *


Günün ikinci yarısında isə ATƏT PA-nın sessiyası öz işinə başlayıb. Xatırladaq ki, sessiyada 500-dən çox nümayəndə - deputatlar, siyasətçilər, jurnalistlər, 68-dən çox ölkənin nümayəndə heyəti (57 üzv-ölkə, 11 əməkdaşlıq üzrə tərəfdaş dövlət) iştirak edir. Tədbir “Helsinki Yekun Aktı”nın 40 illiyi ərəfəsində “Helsinki + 40" devizi altında keçirilir və ilk dəfə olaraq ona Azərbaycan ev sahibliyi edir. 

Ali toplantının ölkəmiz üçün ikinci böyük əhəmiyyəti, gözlənildiyi kimi, ATƏT PA-nın gündəliyinə bir sıra digər məsələlərlə yanaşı, Ukrayna ilə bağlı məsələnin də salınması idi. Əslində toplantının mərkəzi mövzusu elə bu sənəd və ona münasibətlə əlaqəli idi. Arayış üçün bildirək ki, layihə ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, konqresmen Bencamin Kardinin müəllifliyi ilə hazırlanıb və “Rusiya tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması” adlanır. 
Sənəddə Rusiyanın Ukraynaya münasibətdə “Helsinki prinsipləri”ni, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq, kobud və ədalətsiz şəkildə pozması pislənir. Eyni zamanda Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir. 

Qətnamə layihəsində qeyd olunur ki, 2014-cü il martın 16-da Krımda keçirilən referendum qeyri-legitim, qeyri-qanunidir və heç bir hüquqi qüvvəsi yoxdur. ATƏT-ə üzv dövlətlər Rusiyanın Krımı zorla ilhaq eləməsini tanımamağa çağırılır; həmçinin Rusiya Ukraynaya müdaxiləni dayandırmağa çağırılır. Sənəddə habelə ATƏT-in böhranın aradan qaldırılması yönündə səyləri dəstəklənir, təşkilatın Krım da daxil olmaqla, bütün Ukrayna ərazisində öz fəaliyyətini həyata keçirməsinin müdafiə edilməsi istənilir.
***
Hələ sessiyadan öncə bir sıra analitiklər hesab edirdi ki, yekun sənəddə Rusiyanı mühakimə edən bəndlər əksini taparsa, o halda Kreml ABŞ, Qərblə yanaşı, Azərbaycanı da hədəf seçə bilər. O üzdən ortaq təxminlər belə idi ki, rəsmi Bakı Kremli ifrat qıcıqlandırmamaqdan ötrü bu ilin martında BMT Baş Məclisindəki səsvermədən fərqli olaraq bu dəfə Ukrayna ilə bağlı məsələdə neytrallıq göstərə bilər. 

O sırada politoloq Zəfər Quliyevin belə bir maraqlı şərhi olmuşdu: “Sessiya rəsmi Bakıdan ötrü növbəti sınaq olacaq. Ancaq Strasburqdakı AŞPA sessiyasındakı kimi demokratiyaya sadiqlik testi yox, bu dəfə ”Ukrayna məsələsi"ndə öz mövqeyini dəqiqləşdirmək və Qərblə Rusiya arasında hazırkı geosiyasi dueldə öz yerini müəyyənləşdirmək testi olacaq. Bakı isə BMT-də Ukrayna ilə bağlı məlum səsvermədən sonra Moskva ilə münasibətlərdəki gərginliyi təzə-təzə səngidə bilib. Nəzərə alanda ki, separatizmin və üzücü Qarabağ probleminin bəlalarını öz üzərində hərtərəfli hiss edən Azərbaycan bütün belə analoji hallarda daim ölkələrin ərazi bütövlüyü və suverenliyinin müdafiə edir, o zaman bu məntiq çərçivəsində o, faktiki surətdə Amerika qətnaməsini dəstəkləməyə məhkumdur. Lakin o zaman Bakı yenidən Kremlin sərt reaksiyası və proqnoza yatmayan hədələri ilə üzləşə, uzun müddətə Moskva ilə münasibətlərin pozulmasına risklənə bilər. Ancaq Azərbaycan iqtidarı ABŞ qətnaməsi əleyhinə də gedə bilməz, çünki belə mövqe açıq-aşkar milli-dövlət maraqlarımızla ziddiyyət təşkil edə, Azərbaycanın özü üçün təhlükəli bumeranq effekti yaradardı. Odur ki, rəsmi Bakı bu dəfə yəqin ki, səsvermə zamanı bitərəf qalmaqla ehtiyatlı və neytral mövqe tutmağa çalışacaq. Bununla belə, hətta o halda da sessiya hakimiyyət üçün olduqca qalmaqallı nəticələr doğura bilər. Çünki Azərbaycanın tutacağı mövqedən asılı olmayaraq yekun sənəddə Rusiyanı mühakimə edən bəndlər əksini taparsa, bu hadisə tarixdə Bakı bəyannaməsi kimi qalacaq. O zaman Moskva öz neqativliyini ATƏT və ABŞ-a deyil, həm də qismən foruma ev sahibliyi edənə, yəni rəsmi Bakıya yönəldəcək". 

***
Gözlənildiyi kimi, sessiyanın birinci günündə müzakirəyə çıxarılan Ukrayna sənədi ətrafında müzakirələr olduqca gərgin atmosferdə keçib. 

Öncə ATƏT PA-nın prezidenti Ranko Kirovkapiç Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupu yaradıldığını elan edib. Krivokapiç bildirib ki, Ukrayna ilə bağlı proseslər apreldən başlayıb və Ukrayna və Rusiya parlamentarlarının iştirakı ilə birgə müzakirələr aparılıb: “Orada yaradılan ATƏT PA-nın Vyana Qrupu indiyədək müəyyən müsbət irəliləyişlərə nail olub. Amma daha irəli getmək üçün biz Bakıda keçirilən bu toplantıda Ukrayna böhranının aradan qaldırılması üçün Bakı Qrupu yaratdıq. Bu qrupa Vyana Qrupundan fərqli olaraq, digər ölkələr də daxil ediləcək. Qrup böhranın aradan qaldırılması və sülh danışıqlarının bərpası üçün lazımi işləri görəcək”. ATƏT PA prezidenti onu da qeyd edib ki, Ukraynadakı hadisələrə operativ reaksiya vermək və fəlakətin qarşısını almaq lazımdır.
Sənəd layihəsi barədə danışan vitse-spiker Bahar Muradova əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin 22 ildir həll edilməməsinə diqqət çəkib. Problemin indiyədək yoluna qoyulmamasının səbəblərinə toxunub və bunu təşkilat adına ciddi nöqsan sayıb. Eyni zamanda Ukrayna böhranının bir səbəbini də məhz ATƏT-in vaxtında Qarabağ məsələsinə yetərli diqqət ayırmaması ilə əlaqələndirib və bir daha Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Lakin Bakının Ukrayna böhranının yalnız dinc yollarla aradan qaldırılmasına tərəfdar olduğunu söyləyib.
O, təəssüflə qeyd edib ki, ötən gün ABŞ konqresmenləri ilə plenar iclasda Dağlıq Qarabağ münaqişəsinin də müzakirəyə çıxarılması ilə bağlı razılıq əldə olunsa da, bu razılaşma yerinə yetirilməyib: “Amma buna baxmayaraq, biz ümid edirik ki, növbəti sessiyalarda bu məsələ də qətnamə halında müzakirəyə çıxarılacaq”.
B.Muradova yeni yaradılan Bakı Qrupunun taleyinin Minsk Qrupunun taleyinə bənzəməsini arzulamadığını vurğulayıb: “Biz arzu edirik ki, Bakı Qrupu işini tezliklə yekunlaşdırsın. Biz iki qardaş xalqın - rusların və ukraynalıların bir-birinə qarşı çıxmasını, nifrət bəsləməsini istəmirik. Biz artıq neçə ildir ki, belə konfliktli hadisələri müşahidə edirik və artıq bunun acı nəticələri bizdə arzulamadığımız immuniteti yaradıb”.
B.Muradova Azərbaycanın yeni yaradılan missiya ilə bağlı təklifini də səsləndirib: “Biz Ukrayna böhranının tezliklə həllini görmək üçün Bakı Qrupunda yaxından iştirak etmək niyyətindəyik. Ukraynanın ərazi bütövlüyünü tanıyırıq və böhranın sülh yolu ilə həllini istəyirik”. 

Nümayəndə heyətinin digər üzvü Azay Quliyev də bənzər rakursda çıxış edib və çıxışını daha çox ATƏT məkanında konfliktlərin həll yolları və təşkilatın prinsiplərinin reallaşmasının vacibliyi üzərində qurub.

Sənəd müəllifi, konqresmen Bencamin Kardin dünya birliyini, o cümlədən ATƏT-i sərt tənqid edib. APA-nın məlumatına görə, B. Kardin dünya birliyini və Qərbi Rusiyanın qarşısında aciz qalmaqda qınayıb, bildirib ki, region dondurulmuş münaqişələrdən inildəyir: “Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna... Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var? Biz Minsk Qrupuna böyük ümidlər bəsləyirdik, amma özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcək? Axıdılan insan qanlarına, itirilən torpaqlara göz yumacağıq?! Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Siz nəyi gözləyirsiniz?..”

Çıxışçılardan Belarus nümayəndəsi sənədi ədalətsiz adlandırıb və açıq şəkildə işarə vurub ki, onu dəstəkləməyəcək.

***
Qeyd edək ki, sənədin qəbulu üçün 300 deputatın dəstəyi tələb olunurdu. Çıxışlardan sonra qətnamə layihəsi Rusiya təmsilçilərinin əngəl yaratmaq səylərinə baxmayaraq bənd-bənd səsə qoyulub və sonda bütövlükdə qəbul edilib. Qətnamə layihəsi səsə qoyulub və lehinə 92 səs, əleyhinə 30 səs, bitərəf 27 səs olmaqla, qəbul edilib. Yekun səsvermə zamanı bəzi xəbərlərə görə, Azərbaycan nümayəndələri bitərəf qalıblar. 
Assambleya öz işini bu gün yekunlaşdıracaq. Ali tədbir Bakı Bəyannaməsinin qəbulu ilə başa çatmalıdır.

Siyasət şöbəsi
musavat.com

Hiç yorum yok: