Translate

3 Temmuz 2014 Perşembe

AZƏRBAYCAN MİLLİ MASON LOJASININ TARİXİ


Gizli qurumun açıq rəhbəri

Bir neçə gün əvvəl Bizimyol.info saytında  Bakıda masonların toplantısının keçirildiyi barədə məlumat gedib. Bu yazıda iddia olunur ki, Azərbaycan masonlarının Bakı toplantısında masonluğun vacib ritualı olan installiatsiya həyata keçirilib. 
İnstalliatsiya Ali Lojanın ali rütbəli zabitlərinin Ali Ustad rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimidir. Bu dəfə Azərbaycan masson lojasından yeni Ali Ustadı Araz Kanzas and içib. Masonların iyunun 24-də Bakıya gəldiyi bildirilir. Qonaqlar sırasında Azərbaycanda mason lojasının yaradılmasında böyük rolu olan Andrey Boqdanov, Azərbaycanda mason lojasının rəhbəri və bünövrəsini qoyan Bağır Heyyətin də olduğu bildirilir. Yeni ustadın andiçmə mərasimindən sonra qonaqlar “Şirvanşah” restoranına toplaşaraq, Azərbaycanın milli musiqisini dinləyiblər. 
Modern.az saytı Azərbaycan mason qurumu ilə bağlı araşdırma aparıb və bəzi maraqlı məlumatlar əldə edib.

“Azərbaycan Milli Böyük Lojası” necə qurulub?

Araşdırma nəticəsində bəlli olub ki, Bakıda  mason hərəkatının “Azərbaycan Milli Böyük Lojası” fəaliyyət göstərir. Tam qapalı fəaliyyət göstərən bu lojanın fəaliyyəti haqqında çox məhdud məlumatlar var. Bu loja barədə mason qurumunun yaydığı məlumatda qeyd olunur ki, 2000-ci ildə Vaşinqtonda türkdillilərin "Nur-2000" lojası qurulanda, Azərbaycanda da Azad Masonluğu qurub inkişaf etdirmək qərarı qəbul olunub.
“Azərbaycan keçmiş Sovet İttifaqının bir hissəsi idi və Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmişdi. Azərbaycan Qafqaz dağlarında yerləşən türkdilli Avropa ölkəsidir. Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vashinqtonda qəbul olunmuş "Azerbaijan Lodge No.2001"in yaradılması ilə başladı. Bir il sonra Vashinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət etdi. 2002-ci ildə onlar Moskvada "Drujba No.24" lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vashington D.C. Böyük Lojası Türkiyənin "Nur Lodge 2000" Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan "Xəzər Lojası No.1000" layihəsini yaratdılar”-deyə “Azərbaycan Milli Böyük Lojası” nın rəsmi açıqlamasında vurğulanıb.

Qurumun yaradılmasında Rusiya Böyük Lojasının köməyi olub

2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasına hazırlıq məqsədilər bir çox qonaqlar Bakıya səfər edib. Bu müzakirələrdən sonra  2008-ci ildə lojanın yaradılmasına qərar verilib. Bunun ardından Vashinqton D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək "Baku Lodge No.2008"i yaradaraq Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb. Xüsusi qeyd etmək lazımdır ki, bu qurumun yaradılması prosesində  Rusiya Böyük Lojasının köməyi olub və çətin layihənin bütün səylərini dəstəkləyib.
5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vashington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.
Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9 dekabrda Bakıda təsis  üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci ildə  Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırlaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən elan edilib.

Hazırda Azərbaycanda üç aktiv loja fəaliyyət göstərir: Azerbaijan Lodge No.1, 
Drujba Lodge No.3, Baku Lodge No.4 (Xəzər Lojası No.2 Ankaradakı Türkiyə Böyük Lojasının nəzarəti altında fəaliyyət göstərir). Azərbaycan Milli Böyük Lojasının 102 üzvü var.


Robert Bağır Heyyət kimdir?

Bəs Robert Bağır Heyyət kimdir? 1938-ci ildə Təbrizdə anadan olmuş Bağır Heyyət gənc yaşlarında İrandan ABŞ-a mühacirət edib. ABŞ-da ticarət fəaliyyətinə daşınmaz əmlakın alqı-satqısı ilə başlayan Bağır Heyyət Amerika vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoyub. Masonluq fəaliyyətinin ən aktiv dövrünü Rumıniyada keçirən Bağır Heyyət Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı Türkdilli Nur Lojası (Nur Lodge) və Azəri Lojasının (Azeri Lodge) qurulmasında fəal iştirak edib. O, Avropada bir çox lojalarda müxtəlif vəzifələrdə çalışıb. Bağır Heyyət həm də Rumıniya Milli Böyük Lojasının qurucularından biri, eyni zamanda Rumıniya və digər Slavyan ölkələrində masonluğun təməlini gücləndirmiş şəxsdir. 19 dekabr 2006-cı ildən etibarən Bağır Heyyət Vaşinqtondakı lojaların mərkəzi olan Kolumbiya Dairəsi Böyük Lojasına (Grand Lodge of the District of Columbia) başçılıq edən Hörmətli Böyük Ustaddır. 8 dekabr 2008-ci ildə isə Robert Bağır Heyyət Azərbaycan Milli Böyük Lojası (National Grande Lodge of Azerbaijan) təsis edib, və Lojaya başçılıq edən Hörmətli Böyük Ustaddır.
O, türk dünyasında, eləcə də bütün dünyada ən böyük türk masonu olaraq tanınır. Ailəlidir. 2 qızı və 1 oğlu var.

Bu məlumatlar özünü Azərbaycan Milli Böyük Lojası adı ilə çıxış edən qrup tərəfindən təqdim edilib və göründüyü kimi çox çox maraqlı informasiyalar yer alıb. Azərbaycanda mason təşkilatlarının fəaliyyəti haqqında müxtəlif vaxtlarda məlumatlar yayılsa da, ciddi qəbul olunmayıb. 2006-cı ildə özünü Azərbaycan masonlarının lideri elan etmiş Paşa adlı şəxs bir neçə dəfə müsahibə verərək, Bakıdakı fəaliyyəti barədə danışıb. Amma sonralar onun fəaliyyəti barədə heç nə eşidilməyib. İndiki məlumatı Azərbyacan masonlarının fəaliyyəti barədə ilk açıq informasiyalar saymaq olar.

bizimyol.info

Hiç yorum yok:

Yorum Gönder