Translate

11 Haziran 2014 Çarşamba

Azərbaycan ordusu Naxçıvanda hərbi vertolyotları havaya qaldırdı


(Yenilənib 4)
YAYIM TARİXİ: 11 İyun 2014 19:21

Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır”

19:20

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Naxçıvan istiqamətində atışma hələ də davam edir. Yerli sakinlərin verdiyi ən son məlumat belədir ki, Azərbaycan tərəfi artıq hərbi vertolyotları havaya qaldırıb.

Sədərək sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, hərbi əməliyyatlar hələ də dayandırılmayıb.

*   *   *   *   
Müdafiə Nazirliyi Naxçıvanla Ermənistan sərhədində atışmanın olması xəbərlərini təkzib etsə də yerli sakinlərin virtualaz.org saytına verdiyi məlumat bunun əksini deyir.

Sədərək rayonunda yaşayan sakinlərin bir neçə dəqiqə əvvəl virtualaz.org saytına verdiyi məlumata görə, hazırda ərazidə atışma səsləri eşidilir.

“Sədərəyin sərhədə yaxın olan kəndlərin bəzilərində evlər boşaldılıb. Bundan əvvəl də bölgədə atışma olurdu. Amma indiki kimi yox. Hazırda hamı narahatlıq içindədir” - deyə Sədərək sakinləri bildirir.

*****
16:44

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini İsa İsmayılovun musavat.com-a verdiyi məlumata görə, hazırda Naxçıvan istiqamətində hərbi vəziyyət tam sabitdir: "Naxçıvanda hərbi vəziyyətin gərginləşməsi ilə bağlı məlumatlar əsassızdır. Hazırda Naxçıvan istiqamətində hərbi vəziyyət tam sabitdir. Və əməliyyat şəraiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tam nəzarəti altındadır".

*****
14:57

Xəbər verildiyi kimi, Naxçıvanın Sədərək, Culfa və Şahbuz rayonlarında ermənilərlə şiddətli döyüşlər gedir. Naxçıvan üzrə müxbirimiz Həkimeldostu Mehdiyevin musavat.com-a verdiyi məlumata görə, ermənilər Culfanın Ləkətağ yüksəkliyini ələ keçirib və post qurublar.

Onun sözlərinə görə, əvvəllər bu yüksəklik neytral zona olub, hər iki tərəf arasındakı anlaşmaya görə burada azərbaycanlı və erməni çobanlar öz mal-qarasını sərbəst şəkildə otara bilər. Müxbirimizin xəbərinə görə, artıq ermənilər neytral ərazidə posta qurublar, çobanlarımız təhlükəni hiss edərək bu yüksəkliyi tərk ediblər.

“Hər iki tərəf arasında razılaşma beləydi ki, atışma olmasın, Ləkətağda çobanlar mal-heyvanını otarsın. Bizimkilər birdən ayılıb ki, Ləkətağ əldən gedir, ermənilər artıq orada postlar qurublar. Əhali narahatdır. Təxminən, 1992-ci ildə Naxçıvanın Sədərək rayonundakı Mil təpəsinin oxşar taleyini indi Ləkətağ yüksəkliyi yaşayır. 

O zaman da Mil təpəsi neytral ərazi idi. Bu postu ermənilər ələ keçirdilər, Naxçıvan xeyli sayda şəhid verdi. İndiyə qədər də Mil təpəsində ermənilərin postu var və oraya nəzarət edirlər. Hazırda Ləkətağda Mil təpəsində olduğu kimi ermənilər post qurub,”- deyə müxbirimi qeyd etdi.   


*****

Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ləkətağ kəndinin ermənilər tərəfindən atəşə tutulmasına aydınlıq gətirib.

“Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”. Bu  barədə Simsar.az-ın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib.

Bildirilib ki, hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ləkətağ kənd sakinlərinin Simsar.az-a verdiyi məlumata görə, ermənilər rayonun Ləkətağ kəndini atəşə tutublar. Verilən xəbərə görə, kənd sakinləri qonşu kəndlərə köçmək məcburiyyətində qalıblar.

Avropa.info məlumat verir ki, yerli sakinlərin verdiyi məlumata görə, hazırda  əraziyə  Azərbaycan ordusuna  məxsus  4 qırıcı  və tanklar  cəlb olunub. Qırıcılar  Ləkətağ kəndinin üzərində dövrə vurur.

*****
14:17

Naxçıvanda əsgərlər arxa cəbhədən yüksəklikdəki döyüş bölgələrinə qaldırılıblar. 

Simsar.az-ın Naxçıvandakı hərbi mənbədən əldə etdiyi məlumata görə, artıq bir həftədir ki, bütün əsgərlər həmin yüksəkliklərdə möhkəmləndiriliblər. Buna səbəb ermənilərin intensiv olaraq mövqelərimizi atəşə tutması və boşluq axtarmasıdır. 

Hərbi mənbə ermənilərin Naxçıvana hücum etməsi faktını da təsdiqləyib. Bildirilib ki, əgər ermənilər döyüş bölgəsində boşluq tapsalar, Naxçıvana hücum edəcəklər. Lakin əsgərlərimiz hələ ki, onların bu arzusunu ürəyində qoyub. 

Ermənilərin nədən bu qədər fəallaşmasına da aydınlıq gətirilib. Əsas səbəb ötən həftənin cümə axşamı Azərbaycan tərəfinə diversiya qrupu ilə keçməyə cəhd edən erməni hərbçilərindən 2-sinin öldürülməsi olub. 

Hazırda Sədərək, Culfa və Şahbuz rayonlarındakı döyüş bölgələrində qızğın döyüşlər gedir. Ermənilər mövqelərimizi iri çaplı pulemyotlardan atəşə tutsa da, əsgərlərimiz onların cavablarını verirlər. Atışma zamanı yaralananların olması istisna edilmir.

Məlumatda bildirilib ki, xidmət müddəti başa çatmış əsgərlər buna görə evə gec buraxılacaq: “Hələ ki, vəziyyət gərgindir, bu vəziyyətdə təcrübəli əsgərləri evə buraxmaq olmaz”.

Qeyd edək ki, bu gün Culfa rayonunun Ləkətağ kənd sakinləri Simsar.az-a ermənilərin hücuma keçməsi xəbərini veriblər.

Musavat.com-un əməkdaşı bu xəbərin həqiqətə nə qədər uyğun olub-olmamasını Müdafiə Nazirliyi vasitəsilə dəqiqləşdirməyə çalışıb. Ancaq əməkdaşımızın bütün cəhdləri hələlik nəticəsiz qalıb. Çünki əməkdaşımız Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya məxsus telefon nömrələrinə israrla zəng etsə də, telefonları açan olmayıb.

musavat.com

Hiç yorum yok: