Translate

9 Nisan 2014 Çarşamba

İSA SADIQOV ORDUNUN DURUMUNU DƏYƏRLƏNDİRDİ


Polkovnik Azərbaycan və Ukrayna ordularını müqayisə edərək, təhlükəli saydığı məqamı qabartdı

Mühacirətdə olan Qarabağ müharibəsi veteranı, polkovnik İsa Sadıqov Moderator.az-a çox maraqlı və hərbi təhlillərlə zəngin müsahibə verib. İ.Sadıqov cəbhə bölgəsində mina partlayışından sonra şəhid olmuş əsgərləri rəhmətlə anaraq bildirib ki, atəşkəsdən düz 20 il keçib və 20 ildir ki, bunlar cəbhənin bütün perimetri boyu gecə-gündüz addımbaaddım gedib gəlirlər: "Yəni hər yolu, hər cığırı, hər kolun dibini bilirlər və hansı yolla gedib -getməməyi də artıq əzbər bilirlər və ya bilməliydilər". 

Polkovnik deyib ki, artıq orduda elə acınacaqlı vəziyyət yaranıb ki, əsgər və zabitlər diversiya yoluyla baş verən “təsadüfi” ölümə alışıblar: "İndi məni bir məsələ maraqlandırır, kimsə bunları araşdırırmı bu minalar orda nə vaxtdan qoyulubmuş və bu vaxtadək onu niyə tapıb zərəsizləşdirməyiblər? Əgər bu təzə basdırılmış  minadırsa o zaman bəlli olacaq ki, təmas xətti qorunmur və ermənilər asanlıqla gətirib hətta daha içərilərimizə doğru mina basdıra bilərlər". 

Müdafiə nazirinin sabiq müavini hazırkı müdafiə naziri Zakir Həsənovdan bəhs edərək bildirib ki, o, Həsənovun da bir-iki çıxışını dinlədikdən sonra onun nəyə qadir olduğunu, onun ordunun başına hansı məqsədlə gətirildiyini anlayıb: "Bu adam ordudan tamamilə uzaq, qeyri-peşəkar bir şəxsdir. Təsəvvür edin ki, bu adam səngər görmədən, döyüşdə barıt qoxusu bilmədən qısa vaxtda baş leytenantdan gəlib general, sonra isə nazir oldu. Ancaq Talıb Mamedov, Kərim Vəliyev, Heydər Piriyev kimi peşəkar, ordunun nə ilə nəfəs aldığını xırdalıqlarıyla bilən cəsur zabitləri kənarda saxladılar, naşıları isə ora doldurdular. Nəcməddin Sadıkovun orda olmasını təsəvvür edəndə mənim bu orduya və millətə yazığım gəlir. Axı onun hələ sovet ordusunun vaxtından QRU-nun (Baş Kəşfiyyat İdarəsi) zabiti olduğunu hamı bilirdi. Amma 20 ildir ki, bu adam oturub ordunun baş qərargahında. Bu gün Ukraynada baş verənlər bunlara dərs olmadımı? Yəni Rusiyanın əli hara çatırsa həmin ölkələrdə eyni vəziyyətdir". 

İsa Sadıqov deyib ki, heç kim Nəcməddini yerindən tərpədə bilməz: "Ya da Nəcməddini əvəz edəcək başqa bir namizəd onun yerinə təklif ediləcək. Məqsəd də bu gün Ukraynada baş verənlərin hər an Azərbaycanda da baş verməsinə əlverişli zəmin yaratmaqdır. Uzağa getməyək, Ukraynada axırıncı 4-5 il ərzində 4 müdafiə naziri dəyişib. Onların 4-ü də Rusiya vətəndaşı olub. Biri isə hətta Rusiyanın Milli Qəhrəmanı idi. Ukraynanın daxili işlər naziri, hansı ki, “Berkut” xüsusi dəstəsinə millətə divan tutmaq əmri verdi, o da birbaşa Rusiyanın adamı idi. Krım və Cənub-Şərq vilayətləri Ukraynanın strateji nöqtələridir. Amma bu nöqtələrdə qəsdən bir dənə də olsun ortabab hərbi hissə yerləşdirilməyib. Yəni həmin hərbi hissələrdə nə şəxsi heyət var, nə silah-texnika. Amma Ukraynanın ən elit hərbi hissələri isə bu ölkənin qərb sərhədləri boyu yerləşdirlib. Adama deyərlər ki, məgər Avropadan Ukraynaya hücum təhlükəsi var ki? Nəticədə Ukrayna kimi 50 milyonluq bir dövlət  Krımdakı bir ovuc rus əsgərinin qarşısında aciz qaldı. Yarımadada rusların cəmisi 15 minlik hərbi qüvvəsi var idi. Yəni axırıncı 5-6 ildə Ukrayna ordusu Moskvanın əliylə tamamilə dağıdılmışdı. Kimin əlinə nə gəlir satırdı, dağıdırdı, rüşvət və korrupsiya tüğyan edirdi. Qəsdən elə şərait yaratmışdılar ki, Rusiya bazasında əmək haqqı 10 min olduğu halda, onun qonşuluğundakı hərbi hissələrdə uzağı min rubl alırdılar. Ukraynadakı polislərsə asayiş keşikçisi kimi yox, banditlər kimi hərəkət edirdilər". 

musavat.com

Hiç yorum yok: