Translate

23 Mart 2014 Pazar

TURAN ƏCƏMDƏN NİYƏ GERİ QALIR ?


İbrahim Nəbioğlunun yazısı...

Türkiyədə ayaqqabı qutusundan milyonlar çıxanda İranın kosmik aparatından Farqam çıxmışdı. Farqam İranın kosmosa göndərdiyi ikinci meymunun adıdır. İran artıq kosmosu fəth etməyə başlayıb. Onun kosmik macəraları 2009-da Ömid (Ümid) adlı öz peykinin fırladılması ilə başlayıb. 2020-də isə kosmosa ilk astronavtını göndərəcək. Təsəvvür edirsizmi, cəmi 6 il sonra İran dünyanın kosmik fəzaya insan göndərən üç-dörd ölkəsindən biri olacaq.

Rus və amerikalıların kosmosdakı hegemoniyasına son verilir. Bir-neçə ölkə dövlət büdcələrinə kosmik tədqiqatlar üçün ciddi məbləğlər ayırır. Burada Yaponiya öndə gəlir, kosmosdakı araşdırmalara ildə 2.5 milyard dollar xərcləyir. Hədəfləri 2025-də Aya astronavt endirməkdir.

Başqa bir iddialı ölkə isə ildə bu tədqiqatlara 1,3 milyard dollar ayıran Hindistandır. Çinin qibtə ediləcək həmləsi isə əlavə şərh istəmir – bu ölkə Aya enməyi bacarmış 3-cü ölkə ünvanına sahibdir.

Adını çəkdiyim ölkələrlə müqayisədə İranın ayırdığı büdcə nisbətən azdır. İldə 500 milyon dollar xərcləyən İran irəli gedərək büdcəsini daha da artırır. Embarqodan qaynaqlanan çətinliklərə rəğmən İran alimlərinin iddialı hədəfləri Qərbdəki mütəxəssisləri heyrətə düşürür. Bir misal çəkim, Farqama bağlanan EKG (elektro-kardioqramma) cihazı sayəsində iranlı alimlər kosmosa uçuş zamanı canlıda meydana gələn dəyişiklikləri araşdıracaqlar. Bununla da onlar kosmik biologiya, kosmik fiziologiya, bio-medikal mühəndislik kimi sahələrdə böyük nəticələr əldə etməyi umurlar. İran kosmik tədqiqatlarla bərabər nüvə ölkəsi olmaq yolunda da əmin addımlarla irəliləyir.

Türkiyə isə hələ də ətalətini pozmayıb, nüvə enerjisi, kosmik araşdırmalar və başqa prioritet sahələrdə digər ölkələrdən xeyli geridə qalır. Kosmik tədqiqatlarda durum daha acınacaqlıdır. Özü də NASA-da onlarla türk əsilli alim və mühəndisin çalışmasına, önəmli layihələrdə aktiv rol almasına rəğmən. Təəssüf ki, onların “super zəkaları” Türkiyəyə deyil, başqa ölkənin elminə, gələcəyinə xidmət edir. Məmləkət cümhuriyyət tarixinin son 50 ilini sağ ideologiya ilə solun mübarizəsinə, baş örtüsü, dünyəvi dövlət, şəriət mübahisələrinə sərf etdiyindən qonşusu ilə “kosmik fiziologiya” nədir, heç raket istehsalında belə rəqabət apara bilmir. “Şahab”lara cavab verəcək sistemləri qurmaqda gecikmiş Türkiyə kosmik rəqabətin heç iştirakçısı belə deyil.

Farqamın kosmosdan sağ-salamat geri qayıtması ilə Türkiyədə nazir oğullarının həbsi ilə eyni vaxta təsadüf etdi. Dünyanın aparıcı televiziya kanalları Farqamın uçuşunu birinci xəbər olaraq verdilər. İranın kosmosu fəth etməsi nə qədər heyrət doğurdusa, Türkiyədəki korrupsiya skandalı və həbslər də bir o qədər təbii qarşılandı.

Tarixi “Əcəm-Turan” rəqabətinin ölçüsü artıq yeni torpaqların fəthi, qazanılan savaşlar deyil, elm və texnologiyadakı kəşflər, bu kəşflərin insanlığa xidmətidir. Halbuki, indiki hökumət 2023-ə – Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü il yubileyinə qədər necə də böyük hədəflər qoymuş, necə də gözəl gələcək vəd edirdi. 2023-lə bağlı o qədər şüarlar, plakatlar, reklam filmləri hazırlandı ki, yer-göy 2023 rəqəmləri ilə bəzənmişdi.

Modern dünya ilə ayaqlaşmaqda büdrəməyə, elmi-texniki tərəqqidən geri qalmağa başlayan bugünkü Türkiyə mənə dahi Çin rejissoru Vonq Kar Vayın (Wong Kar Wai) “2046″ filmini xatırladır. Filmin qəhrəmanı bütün itirilənlərin qaytarılacağı 2046-cı illə bağlı kitab yazır. Amma o, gələcəyi yazdığını düşündüyü halda, məgərsə keçmişi yazırmış…

Siyasətçilərin də əsas vəzifəsi ölkələrini gələcəyə aparmaqdır. Amma gələcəkdə keçmiş qurmamaq şərti ilə…

nebioglu.i@gmail.com
(Ayna qəzeti)

Hiç yorum yok: