Translate

10 Mart 2014 Pazartesi

QARŞIDURMA YARADARAQ, ÖZ MƏQSƏDLƏRİNƏ NAİL OLMAQ İSTƏYƏNLƏR...


Atatürkçü düşüncəni Türkiyədən silmək və qardaş ölkəni bölmək üçün 40 il hazırlaşan fətullahçı şəbəkənin Azərbaycan və Heydər Əliyev sevgisi timsahın göz yaşlarına bənzəyir. 

Əmirləri Qərbin dərin güclərindən alan və Türkiyənin milli maraqlarına zərbə vuran, Atatürk islahatlarını travma adlandıran fətullahçı zehniyyətin Azərbaycanda gücləndikdən sonra Heydər Əliyev islahatlarını tapdalamayacaqlarına kim qarantiya verə bilər?

Vaxtı ilə İzmirdə kiçik bir məsciddə bir molla vaizlik edirdi. Vaizlik imtahanından kəsilmiş, orta təhsili olmayan bu molla sabatayçı qohumlarının yardımı ilə ikinci dəfə imtahana girmiş və güc-bəla ilə vaiz təyinatını almışdı. Həmin molla müxtəlif variantlarla tədricən ətrafını genişlətməyə başladı. Dini savadı olmasa da, güclü hiyləgərliyi bacaran molla Fətullah (o zaman adı bizim yazdığımız kimi
Fətullah idi. Daha sonra adını M.Fəthullah olaraq dəyişdirdi) öncə gəncləri ətrafına cəlb etməyə başladı. Nur Camaatının içində fəaliyyət göstərən molla Fətullah zamanın nəbzini tutaraq, hər zaman güclünün yanında yer alaraq, min bir hiylə ilə öz imperiyasını qurmağa başladı.

Kiçik bir məsciddə başlayan bu fəaliyyət tədricən böyüdü. Nurçuların ətəyindən yapışan Gülən bu qrupun zəiflədiyini görüb, ulduzu parlayan Ərbakanı dəstəklədi. Ərbakanın dəstəyi ilə İzmirdən bütün Türkiyəyə yayıldı. Nur mədrəsələrindən tutmuş, Ərbakanın partiyasının əyalət şöbələrinə qədər öz adamlarını yerləşdirməyə başladı. Ərbakanın ulduzu sönən zaman isə ümmətçi Fətullah «milliyyətçi oldu» və seçimləri qazanmaq istəyən mərhum Alparslan Türkeşlə yaxınlaşdı. Daha sonra Turqut Özalın himayəsinə girdi. Süleyman Dəmirəl belə yavaş-yavaş güc mərkəzi halına gələn Güləndən istifadə etdi. Tansu Çillərdən Bülent Ecevitə, Məsud Yılmazdan Rəcəb Tayyib Ərdoğana qədər hər siyasətçi arxasında zombiləşmiş, Gülənin bir sözünü iki etməyən kütlənin səsini almaq üçün yarışdı. Ancaq bir sual meydana çıxır? Kim kimdən istifadə etdi? Gülən türk siyasətinin divlərindən istifadə etdi, yoxsa onlar ibtidai təhsilli vaiz-molladan?..

Gülənin bu gün Türkiyədə gəldiyi mövqeyə baxarsaq, bu siyasi oyunlarının əsas qalibinin molla Fətullah olduğunu görməmək mümkün deyil. Hər seçkidə qələbə çalmasına şübhə edilməyənə verdiyi dəstəklə kiçik bir məscidin mollası böyük bir imperiya qurdu. Dünənə qədər məscid pencərəsində yatan Gülən bu siyasi əlaqələr vasitəsi ilə böyük media imperatorluğu, dünyanın 95 ölkəsində məktəblər və şirkətlər yaratdılar. Dünənə qədər kirayə pulunu belə verə bilməyən molla Fətullah bu gün 25 milyard dollar kimi fantastik bir rəqəmli paranı yönləndirir.

Gülən bu mövqeyə bir iləmi gəldi? Xeyr! Gülənin və arxasındakı qüvvələrin bu gün sahib olduqları güc 40 illik fəaliyyətin nəticəsidir. Türkiyənin dünyəvi quruluşundan narahat olanların, Türkiyənin heç bir zaman fağır bir dövlət olmayacağını, bir gün güclənərək, öz əmrini başqa dövlətlərə diqtə dəcəyindlən qorxan güclər Güləni yetişdirdilər. Bu gün Avropa Birliyinin nümayəndəsi Laqendak aylardan bəri iddianaməsiz olaraq, zindanda saxlanılan insanlarla bağlı «Ergenekonun dibini qazımaq lazımdır» deyə, bəyanatlar verir və Gülənə bağlı media cəmiyyəti bu yönə istiqamətləndirirsə, bu bir günün işi deyil, ta 40 ildən bəri hazırlanan «Fətullah Gülən Şəbəkəsi» proyektinin pik nöqtəsindən xəbər verir. İzmirdə vaizlik edən ərzurumlu mollanı «Troya atı» kimi dindar çevrənin içinə salan güclər daha sonra onun üçün mədrəsələr, litseylər açdırdılar.

Bu mədrəsələrin, bu litseylərin görünən qeyri-leqal sahibi və ideya müəllifi Gülən idi. Həmin məktəblər Atatürk büstləri qoyulub, sinif otaqlarını Atatürk portretləri bəzəyirdi. Hər sahə üzrə kadr yetişditrilməyə başlanıldı. Bütün strateji postlarda çalışacaq kadrlar axtarıldı və onlar üzərində iş aparıldı. Molla Fətullahın «əsgər kazarması» adını verdiyi «İşıq evləri»ndə yetişən bu gənclər müxtəlif yollarla dövlətin bütün orqanlarına yerləşdirildi və yerləşdirilməkdə də davam edir. Gülən siyasi hakimiyyətlərlə etdiyi bazarlıqlarda bu kadrdara önəm verilib, önə çəkilmələrini istədi və «Gülənin cocuqları» siyasi iqtidarların seçici problemindən yararlanaraq, mühüm postları ələ keçirdilər. İş o yerə çatdı ki, əvvəlki seçkilərdə siyasi iqtidarlardan mandat və bürokrat yeri alan Gülən sonucda iqtidar ortağı oldu. Nəticə? Bu gün Atatürkün rəsmi altında oxuyan və Gülənin «vali, deputat, məmur, polis rəisi olacaq» dediyi gənclər bu gün Atatürk islahatlarını tarixdən silmək üçün çalışırlar.

Qarşısında tək bir əngəl gördü: Türk Ordusu! Əsgərlikdə olarkən, komandirinə yaltaqlanmaq üçün etdiyi çıxışdan sonra yıxılaraq, üç qabırğasının qırıldığını «Küçük dünyam» adlı kitabında anladan Gülənin ulduzu Türk Ordusu ilə heç vaxt barışmadı. Arada orduya yaltaqlanmaq istəsə də, siyasi iqtidarlardan fərqli olaraq, Türkiyənin mənfəətlərini düşünən və seçki kimi bir dərdi olmayan türk generalları hər zaman Gülənə şübhə ilə baxdılar. Gülənin Atatürkə sevgi ilə baxmadığını, gözdən pərdə asmaq üçün bunu etdiyini vurğuladılar. Əslində, generalların bu şübhəsi doğru çıxdı. Gülənin 35 illik dostu çıxıb onun Atatürk haqqında dediklərini ortaya qoydu və bəlli oldu ki, Gülən özündə güc taparan qədər hər kəsdən və hər şeydən istifadə etməyə maraqlıdır.

Bu gün Ərdoğan belə hakimiyyətinin gizli ortağı Gülənin əlindən zinhara gəlib. Molla Fətullahın tövsiyyələri və Avropa Birliyinin tələbləri ilə Türkiyə dövlətinin bel sütunu olan Türk Ordusuna qarşı səlib yürüşünə çıxan Ərdoğan belə etdiyi səhvin fərqindədir. Fəqət arxasındakı körpüləri yandırdığı üçün yalnız qabağa (oxu: tarana) getmək məcburiyyətində qalıb.

Bəzilərinin fikrincə, Gülən xilafəti bərpa etmək istəyir. Doğru, ansaq yarımçıq fikirdir. Gülənə müstəqil, üç qitəyə hökm edən xilafət yaratmağa kim icazə verər? Heç kim! Söhbət müstəqil və dünyəvi Türkiyə dövlətinin sütunlarının dağıdılmasından, Türkiyənin milli varlığının yox olmasından gedir. Gülən camaatına ayrılan rol isə bu işi məharətlə həyata keçirmək və bütün vasitələrdən istifadə edərək, Atatürk islahatlarını aradan qaldırmaqdır. Hədəf Avropadan asılı bir Türkiyə qurmaqdır. Qərbin nəyinə gərəkdir, Türkiyənin rəhbəri kim olacaq və ya dinçi olacaq, yoxsa dünyəvi. Hədəf Atatürk ideyalarından və islahatlarından məhrum bir Türkiyə yaratmaqdır.

Bu gün Türkiyədə əsl hədəfi Avropadan asılı olan Türkiyə qurmaq olan Gülən camaatının orduya qarşı kinini, nifrətini öyrənmək üçün “Star”, “Zaman”, “Tərəf”, “Vakit” və “Yeni Şafak”ı vərəqləmək kifayətdir.

Eləcə də, “Samanyolu”, “ATV”, “24 SAAT”, “Mehtap”, “Kanal 7” kimi telekanallar vasitəsi ilə Türkiyənin dövlət ənənələrinə qarşı savaş açılıb. Bir vaxtlar ağız dolusu Atatürkdən danışanlar bu gün ermənilərin və digər türk düşmənlərinin at oynatdığı «Tərəf»dən tərəf olub, Türk Ordusuna və Atatürkə qarşı kirləmə kampaniyanısını müdafiə edirlər. Çünki bu çirkli kampaniyanı həyata keçirənlər də, buna maliyyə dəstəyi verənlər də fətullahçılardan başqası deyil.

Cəmiyyəti xaosa sürükləyən, qarşıdurma yaradaraq, öz məqsədlərinə nail olmaq istəyənlər əslində bu gün Atatürkə qarşı nifrətlərini bəyan edir, Türk Ordusuna qarşı ən şərəfsiz siyasəti aparırlar. Heç şübhəsiz, Gülənin Türkiyəyə dönüşünü təmin edə bilməyən AKP iqtidarına da qarşı ayrı oyun izləyirlər. AKP-nin əli ilə dünyəviliyə qarşı savaş açanlar «gəminin su buraxdığını» görüb, «günah keçisi» olaraq, Ərdoğanı irəli sürürlər. Halbuki bu yollarda Ərdoğanla bərabər yürüyüb, Türkiyəni xaosa ürükləyənlərdən biri Abdullah Gül, digəri isə Fətullah Gülən idi… İndi isə hər iki şəxs yaxasını kənara çəkirlər. Halbuki prosses Fətullah Gülənin adamlarının təkidi ilə Abdullah Gülün cümhurbaşqanı olması ilə başladı.

Eyni hal Azərbaycanda da davam edir. Azərbaycanda da bəzi məmurlarımıza təzyiq etmək, cəmiyyəti yönləndirmək üçün Ulu Öndərimizə olan sevgidən sui-istifadə edirlər. Türkiyədə dünyəvilik düşmənləri yetişdirən məktəblərinin divarlarından Atatürkün şəkillərini asanlar, Azərbaycanda da ulu öndər Heydər Əliyevə olan sevgidən istifadə edirlər. Gözdən pərdə asmaq üçün Heydər Əliyevlə bağlı xüsusi buraxılışlar, təqvimlər buraxan fətullahçılar burada da Türkiyədəki siyasəti yürüdürlər. 1991-ci ildə Azərbaycana gələn və Ayaz Mütəllibovdan Əbülfəz Elçibəyə qədər o dönəmin siyasiləri ilə isti münasibət quran fətullahçılar bu gün Heydər Əliyevdən istifadə edirlər. Artıq Türkiyədəki kimi burada da media, təhsil və iş dünyasında öz yerlərini tutmaq üzrədirlər. “Çağ Öyrətim” litseyləri, ildə əlli min abuturiyentin hazırlandığı “Araz” kursları, dövlət orqanları üçün kadr yetişdirdiyi gizlədilməyən “Qafqaz” Universiteti, «Samanyolu»nun Azərbaycan versiyası adlandırılan “Xəzər” TV, “Xəzər” radiosu, “Zaman-Azərbaycan”, “Burc FM” kimi artıq birbaşa nəzarət etdikləri təhsil və media qrupları hər keçən gün Azərbaycanda Fətullah Gülənin ayaq səslərinin bir az da aydın gəlməsinin müjdəçiləridir.

Ancaq onlar bu gün hələlik Azərbaycanda təşkilatlanma ərəfəsində olduqlarından, dövlətin bütün orqanlarına hakim olmadıqlarından, hər kəs onları məzlum, fağır, «başına vur, çörəyini əlindən al» cinsindən adamlar hesab edir. Bunların əsl üzü təşkilatlanma işini bitirib, dövləti ələ keçirəndən sonra üzə çıxır. Türkiyədə olduğu kimi…

Bunlar yeri gəlir, hamıdan böyük milliyyətçi kimi özlərini göstərir, ən böyük dünyəvilik tərəfdarını belə şəriətçilikdə suçlayacaq qədər ultra-dünyəvi ola bilir və bu minvalla hər kəsin gözündə pərdə asa bilirlər. Ta o vaxta qədər ki, Türkiyədəki kimi güclənsinlər, dövlətin bütün qurumlarına təsir etmə mexanizmini öz əllərinə keçirsinlər.

Ondan sonra isə Türkiyədə olduğu kimi Azərbaycanda da hakimiyyətə öz şərtlərini diktə etməyə çalışacaqlar. Bu prossesi tamamladıqdan Azərbaycanla da şərtlə danışıb, istəklərinə nail olmadıqda, aranı qatmaqla, ölkədə xaos yaratmaqla iqtidara təzyiq edəcəklər. Necə ki, Gülən «xaos olmasa, düzən olmaz» deyir…

Əslində, fətullahçılrın iç üzü 2003-cü ildə Azərbaycana aydın olmalı idi. Mərhum Heydər Əliyevin qabağında ikiqat vəziyyətdə dayanan fətullahçılar Respublika sarayındakı canlı yayının göstərmədiyi məqamları xarici informasiya agentliklərinə sataraq, milyonlar qazanmışdı. O zaman bəzi şaiyələrin dolaşdığı ölkəmizdə Gülən tərəfdarları da durumu dəyərləndirir, hakimiyyətə birbaşa arxa çevirməyin riskli olduğunu düşünüb, eyni zamanda bəzi şirkətləri vasitəsi ilə müxalifətə də yardım edirlərdi. Seçkinin nəticəsi bəlli olduqdan sonra isə yenidən iqtidara yaltaqlanmağa başladılar.

Bu səbəbdən də, sürüşkən mövqeli olub, Türk Dünyasının düşmənlərinin maraqlarına xidmət edən, onların istəyi ilə hər oyuna gedən Gülən tərəfdarlarına meydan vermək, onların fəaliyyətinin genişlənməsinə yardımçı olmaq Azərbaycanın milli maraqlarına ən böyük zərbədir. Nə yazıq ki, bəzi məmurlarımız Azərbaycanın gələcəyini Gülənə bağlı şirkətlərin qəpik-quruşuna satmaqda davam edir. Fətullah Gülənin məktəblərinin nümayəndələrinə hətta diplomat rütbəsi verilməsini belə təşkil edirlər. Niyə? Çünki gözəl məddahlığı bacarır, həm də birilərinin gözünü doyduran paralar verir. Onsuz da daşdan da pul çıxaran məmurlarımız anlamırlar ki, onların Fətullah Gülən tərəfdarlarından aldıqları rüşvətin müqabilində gördükləri iş dövlətçiliyimizə qoyulan minalardır və bir gün bu minalar mütləq partlayacaq… Və bu gün Türkiyədə atatürkçü düşüncəni, Atatürk islahatlarını silərək, Gülənin ideyalarını hakim qılmaq istəyənlərin gələcəkdə güclənəndən sonra Ulu Öndərimizin islahatlarını, onun qurduğu Müstəqil Azərbaycanı ayaqlar altına almayacaqlarına kim qarantiya verə bilər? Kim qarantiya verə bilər ki, Türkiyədə ermənilərin hamisinə çevrilən Fətullah Gülən şəbəkəsi sabah milli maraqlarımıza xəyanət etməyəcək və Azərbaycanın Qafqazdakı mövqeyinin ermənilərin xeyrinə sarsılmasına yardım etməyəcəklər. Türkiyədə bu gün yaşananlar buna dəlil deyilmi?

Allah eşqinə söyləyin, Gülənin Qarabağ mövzusu ilə bağlı konkret olaraq, erməniləri suçladığına dair bir dəliliniz varmı? Əsla da ola bilməz. Ancaq hər an Azərbaycanın yanında olan, İran təyyarələri hava sərhədimizi pozduğu vaxt türk şahinlərini Bakıya göndərən Türk Ordusunun genraliteti, başda Hüseyn Kıvrıkoğlu olmaqla bu gün Gülən mediasının hədəfindədir. Suçları isə vtən sevmək, yad təsirlərə qarşı
mübarizə aparmaqdır. Və dünənə qədər fətullahçı olmadığını deyib, ancaq son günlərdə açıq şəkildə Güləni təbliğ etməklə məşğul olan «Zaman-Azərbaycan»ın da «Ergenekon» adlı bütün suçların üzərinə yıxıldığı xəyali bir təşkilatın bir nömrəli şəxsi olaraq suçladığı, Türkiyədə erməni-PKK-irtica üçlüyünün işlədiyi bütün cinayətlərin sifarişçisi adlandıraraq, həbs etdirilməsini istədikləri şəxs də
Azərbaycanın yaxın dostu Hüseyn Kıvrıkoğlundan başqası deyil… Niyə? Çünki molla Fətullahın iç üzü Kıvrıkoğlunun dönəmində üzə çıxıb. Dəvə qədər kinli olan Gülən (baxmayaraq ki, zombiləşmiş tərəfdarları onun mələk obrazını yaradırlar) Kıvrıkoğlundan xaricdə keçən günlərinin heyfini almaq üçün bu böyük insanın da həbs olunmasını istəyir. Ancaq hələlik prokuror bu əmri həyata keçirməkdə ehtiyat edir. Çünki AKP hökuməti belə bu riskin altına girməyə çəkinirlər… Türk Silahlı
Qüvvələrinin komandanını həbs etdirəcək qədər güclənən Gülən tərəfdarları bu səbəbdən də “Asala”nın, PKK-nın və “Hizbullah”ın bütün cinayətlərini də Türk Silahlı Qüvvələrinin üzərinə çıxaraq, Atatürk islahatlarının vəfalı keşikçilərinin nüfuzunu sarsıtmaq istəyir.

Bütün bunlardan Azərbaycanın çıxaracağı dərs olduqca böyükdür. Yetər ki, prossesləri düzgün oxuyub, Gülən tərəfdarlarının qəpik-quruşuna vətənimizi satmalayalım… Azərbaycanın gələcəyi naminə dünyəvilik düşməni olan, Azərbaycançılıq ideyalarını öz fikirləri ilə əvəz etmək istəyən fətullahçılara meydan verməyəlim… Yetər ki, Azərbaycanı Bakıda Heydər Əliyevi tərifləyən, ancaq Türkiyə mediasında ermənilərin xeyrinə təbliğat apararaq, erməniləri “milləti-sıddıka” (sədaqətli millət) adlandıranlardan qoruyaq. Bunu bizdən Azərbaycanın dövlət maraqları tələb edir…

Aqil ƏLƏSGƏR,
"Azərbaycan xəbərləri"

Hiç yorum yok: