Translate

26 Mart 2014 Çarşamba

Əli Məsimli: “Qərbin dişsizliyi davam etsə Rusiya bundan şirniklənəcək”


“İrana tətbiq edilən sanksiyalar da göstərdi ki, bu yolla ölkəni çökdürmək mümkün olmur”


İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Krım böhranından sonra Rusiyaya qarşı sanksiyalar paketini işə salmağa hazırlaşan ABŞ və 28 Avropa ölkəsinin tərəddüdlü addımları, eyni zamanda bu konfliktin hansı tərəfin qələbəsiylə sonuclanacağıyla bağlı Moderator.az-ın bir sıra suallarını cavablandırıb

 - Ukrayna ətrafında cərəyan edən hadisələrin təhlükəsini 10 ballaıq şkala ilə neçə bal qiymətləndirərdiniz?
     
 - Ukrayna ətrafında cərəyan edən hadisələrdən doğan vəziyyət əslində ilk baxışda göründüyündən çox mürəkkəb və təhlükəlidir.Bunu 10 ballıq sistem üzrə 8 balla qiymətləndirmək olar. Çünki  Krımın anneksiyası dünya düzənini dəyişdi. Yeni dünya düzəni formalaşır,  amma bu, ötən əsrdə  İkinci dünya müharibəsinə gətirib çıxaran hadisələrin xeyli dərəcədə oxşarıdır. Belə ki,tarix kitablarında 1929-cu il böhranının  1933-cü ildə başa çatdığı yazılsa da, əslində belə olmayıb. Məhz 1933-cü ildən sonra da həmin böhrandan çıxa bilməyin optimal yolu tapılmadığından müharibə variantına şərait yaradıldı və İkinci  Dünya Müharibəsi başladı. İndi də 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranından tam çıxışın optimal yolu tapılmır. Həmin dövrün tarixi hardasa 80 faiz təkrar olunur. Ona görə də vəziyyət çox təhlükəlidi. 
Krımın anneksiyası bütün dünyadakı mövcud geosiyasi balansı darmadağın edə bilər. Hazırda müharibənin qarşısını alan çəkindirici faktor-ağıl, sağlam düşüncə, humanizm yox, qarşı-qarşıya duran tərəflərin hər birinin dünyanı azı 15 dəfə dağıtmaq üçün yetərli sayda atom silahına sahib olmasıdır. Ona görə də müharibə variantı arxa plana itələnib və iqtisadi sanksiyalardan istifadə  olunur.

- Deyəsən ABŞ və 28 Avropa ölkəsi Rusiyanı diz çökdürəcək iqtisadi sanksiya məsələsində dil tapa bilmədilər. 

- Avropa Parlamenti Rusiyaya qarşı sanskiyaların birinci mərhələsinə razılıq versə də və Krımdakı fəaliyyətindən geri çəkilməsə daha şiddətli sanksiyalarla üzləşəcəyi haqda Kremli xəbərdar edib.Amma konkret sanksiyalardan söhbət gedəndə belə  sanksiyaların tətbiqində Amerika tərəfi prezidentin timsalında bir nəfərin, Avropa İttifaqı isə 28 nəfərin razılığını tələb etdiyindən, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Avropa Birliyi tərəfindən sinxronlaşdırılmış şəkildə təkrarlanması ehtimalı azdı. Onun yalnız bir hissəsi Avropa Birliyi tərəfindən həyata keçirilə bilər.Bunun səbəbləri çoxdu. Həmin səbəblər içərisində İkinci dünya müharibəsinin başa çatmasından 70 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, hələ də avropalıların Rusiya xofu və bir də Rusiyadan qaz asılılığı (Avropanın enerji daşıyıcılarına olan tələbatının üçdə biri Rusiya hesabına reallaşır) daha ciddi rol oynayır. ABŞ Avropanı ən yaxşı halda bir ildən sonar qazla təchizatına töhfə verə bilər.Ona görə də Avropa Birliyi sanksiya məsələsində ləng hərəkət edir, bəzi Avropa ölkələri isə ümumiyyətlə tərəddüd edir. 

- Həmin sanksiyaların hansı təsiri ola bilər?

- Hadisələr göstərir ki, Ukraynadakı böhran və Rusiyanın Krımı işğal etməsi ABŞ-Rusiya münasibətlərinin köklü şəkildə təzədən qiymətləndirilməsinə aparır. Hələlik tətbiq olunan sanksiyalar daha çox diplomatik manevr xarakterlidir. Belə sanksiyalar daha çox çəkindirici xarakter daşıyır.Ukraynadakı vəziyyət ətrafında Qərbin mövqeyi ABŞ prezidenti Barak Obamanın Avropaya gözlənilən səfərı zamanı aydınlaşacaq.Digər tərəfdən əgər ABŞ-la Rusiya heç olmasa müəyyən məqamlar üzrə razılığa gələ bilməsələr, sanksiyalarla yanaşı həm də Rusiyanın daha geniş şəkildə təcridi prosesi başlaya bilər….    

 - İndi tətbiq edilən sanksiyalardan  yaxın zamanlarda hansı nəticələri gözləmək olar?

- Ukrayna ətrafında yaranmış böhran nəticəsində dünyada yaranmış vəziyyətin məntiqindən doğan çoxsaylı səbəblər üzündən yaxın zamanlarda Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar gözlənilən nəticələri verməyəcək. Yəni bütün bu təzyiq və sanksiyalara baxmayaraq, həmin sanksiyalar Rusiyanı Krımdan çıxması üçün yetərli olmayacaq və ya Rusiya iqtisadiyyatına nəticələri bir neçə ildən sonra görünəcək dağıdıcı zərbə vuracaq, amma Krım məsələsində gözlənilən effekti verməyəcək.İrana tətbiq edilən sanksiyaların təcrübəsi göstərir ki, enerjidaşıyıcıları ilə zəngin olan ölkəni sanksiyalar vasitəsilə ağır duruma salmaq olsa da, qısa zaman kəsiyində tam çökdürmək mümkün olmur və bu proses çox zaman aparır. Bu sanksiyalar həm də seynot vəziyyətinə doğru gedən Rusiyanın postsovet ölkələrinə təzyiqini artıra da bilər.

 - Bəs həmin sanksiyaların  orta müddətli nəticələri necə görürsünüz?

 - ABŞ Rusiya təhlükəsinin bundan sonrakı fəsadlarını görür və qarşısını almağa çalışacaq. Çox güman ki, əvvəlcə sanksiyalar çəkindirici komplekslə məhdudlaşacaq. Soyuq müharibənin yeniləşmiş variantda təzahürləri özünü göstərməyə başlayacaq.Rusiya bundan nəticə çıxarmasa, onda sanksiyalar onun davranışlarına adekvat şəkildə gücləndiriləcək. Rusiya iqtisadiyyatı enerjidaşıyıcılarının ixracından və dünya bazarında satışından çox asılı vəziyyətdədir. Başqa sahədən ona iri məbləğlı pul daxil ola bilmə mənbəyi yoxdu.Qərbin təzyiqləri nəticəsində bu sahədə müəyyən problemlər yaransa, Rusiya iqtisadiyyatının qalxınması üçün zəruri olan  islahatları həyata keçirə  və texnoloji cəhətdən geriliyini aradan qaldıra bilməyəcək. Digər tərəfdən, bayaq dediyimiz kimi, Avropanın enerjidaşıyıcılarına olan tələbatının üçdə birini Rusiya ödəyir. Ona görə də Qərb Rusiyanın neft-qaz ixracından asılılığını zəiflətmək istiqamətindəki səylərini artıracaq.Qərbin sanksiyalarından Rusiya iqtisadiyyatı ziyan çəksə də, onadan qat-qat çox artıq “aqressor” damğası vurulmuş Rusiya reputasiyası ziyan çəkəcək. Böyük səkkizliyin yolu Rusiya üçün bağlanır. Rusiya üçün Ukrayna və deməli həm də MDB yoxa çıxır.Qərblə Rusiya arasında ticarət-iqtisadi əlaqələr zəifləyəcək. Rusiyanın əlverişli şərtlərlə dünya maliyyə bazarına çıxışı çətinləşəcək. Bu da Rusiyaya sərmayə qoyuluşunu mədudlaşdıracaq.Viza problemi ciddi nəticələr verməyə başlayacaq. Rusiyadan kapital axını güçlənəcək.Belə vəziyyətdə Rusiya  valyuta ehtiyatlarının daha çox hissəsini  sosial gərginlyin azaldılmasına və  rublun kursunun nisbi sabit saxlanılmasına sərf etməli olacaq.Bir müddətdən sonar eyforiyadan ayılanlar, həm elita, həm də əhali arasında daxili narazılıq artacaq.

- Həmin sanksiyalar başqa ölkələrin iqtisadiyyatına necə təsir göstərəcək?

-Əvvala, sanksiyalar tətbiq olunan ölkə ilə yanaşı onu tətbiq edən ölkələrin şirkətlərinin də fəaliyyətinə təsir göstərəcək.İkincisi, Rusiyaya tətbiq olunan  sanksiyalar onun  Gömrük İttifaqına üzrə müttəfiqləri olan Belarus, Qazaxıstan və Ermənistan üçün də müəyyən  iqtisadi və bəlkə də sosial xarakterli problemlər yarada bilər.Üçüncüsü, bu sanksiyalar dolayı yolla da olsa, Rusiya ilə daha çox ticarət-iqtisadi əlaqələri olan ölkələrə təsir edəcək.Dördüncüsü, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri artdıqca, keçmiş SSRİ respublikalarından gedib Rusiyada işləyən və evlərinə- ailəsinə pul göndərən şəxslərin qazancına mənfi təsir göstərə blər.

- Sizin proqnozunuz necədir, bu savaşdan Rusiya, yoxsa Qərb qalib çıxacaq və biz bu savaşın qalibini və məğlubunu nə vaxt görə biləcəyik?

- Bu qarşıdurmanın ən ciddi nəticələri iki mənbədən qaynaqlanacaq: birincisi üzunmüddətli sanksiyalardan, ikincisi həmin sanksiyaların səmərəlilik dərəcəsi və proqnözlaşdırılması mümkün olmayan  nəticələrindən. Bu baxımdan hadisələrin gedişini birmənalı qiymətləndirmək çox çətindir və yalnız optimist, pessimist və orta variantda proqnozlaşdırmaq olar:
    Pessimist proqnoza görə demək olar ki,  sanksiyalar yaxın illərdə Rusiyanı durdurmaqdan ötrü yetərli olmayacaq. Ona görə də bu savaşın tarix üçün qısamüddətli taktiki  qələbəsi Rusiyanın tərəfində olacaq. Əgər Qərb “dişsizliyini”  davam etdirsə, Rusiya bundan şirnikləşib, Ukraynada törətdiyini digər postsovet ölkələrində də müxtəlif formalarda sınaqdan keçirəcək. Bu savaşın pirr qələbəsi Rusiya tərəfində olduğundan, qısamüddətli dövrün qalıbi  Rusiya olacaq..

Optimist varianta görə, ABŞ Krımın anneksiyasını Rusiyanın dünya düzəninin “qırmızı xəttını” keçdiyini fikirdə, sözdə və işdə ciddi qəbul edib, təzyiqləri gücləndirəcək və Rusiyanın  bir dövlət kimi çökməsini sürətləndirəcək.
         
Orta variantlı proqnoza görə isə böyük ehtimalla  yaxın illərdə  şahmatdakı  PAT vəziyyəti yaranacaq: Amerika Rusiyanım imperiya ambisiyalarının reallaşdırılmasına imkan verməyəcək, Rusiya da postsovet ölkələrinin Avropa və Avroatlantik strukturlarına inteqrasiyasın ləngidəcək. Amma Rusiya buna yalnız orta müddətli bir dövrdə nail ola biləcək.ABŞ Rusiyanın Ukraynada işğal planlarını genişləndirməyə imkan verməcəyək.Bunun müqabilində də  Qərb Rusiyaya qarşı onu diz çökdürə biləcək həlledici addımlara getməyəcək. Həm də Rusiya iqtisadiyyatı zəif, əhalisinin xeyli hissəsi yoxsul, amma bunun müqabilində on doqquzuncu əsrin təfəkkürü ilə imperiya funksiyalarını yerinə yetirən bir ölkə kimi hələ bir müddət də qalmaqda davam edəcək….

- Sizcə bu mövzu ətrafında hansı sual açıq qaldı?

-İmperiyalar təkcə “parçala- hökm sür”  prinsipi ilə yox, bundan da  daha çox  “motiv-uğur!  prinsipi əsasında yaranır, inkişaf edir, motiv bitəndən sonra isə dağılır gedir.Həm də tarixdə hələ heç bir imperiya dağılandan sonra özünü bərpa edə bilməyib, bilmir və bundan sonra da bilməyəcək.Həm də üç əsrdir ki, Rusiyanın yanında olan heç bir ölkə, xalq heç orta səviyyəli belə inkişaf səviyyəsinə nail ola bilməyib.Ona görə də hazırda Rusiyanın tutduğu yol onun qonşuları üçün çox təhlükəli, özü üçün isə zəifləmiş iqtisadiyyat, yoxsul əhali, geri qalmış texnologiya, kapital axını, daxili gərginlik və kataklizmdən başqa heç nə vəd etmir. Ona görə də son nəticədə bu işğal Rusiyanın özü üçün pis sonluqla nəticələnəcək. Bu baxımdan,yeganə açıq qalan sual  budur: Rus imperiyasının süqutu nə vaxt baş verəcək və onun  faciələrinin miqyası və dərəcəsi, eləcə də qonşu ölkələrə təsiri  necə olacaq? Bax, mötəbər analtik qurumlar  bu sual ətrafında dərin tədqiqatlar aparmalı və Amerika isə həmin hadisəyə indidən hazırlaşıb postsovet məkanı ölkələri üçün “Marşall Planı”na bənzər bir plan ( əgər 1991-ci ildə SSRİ dağılan zaman belə bir plan həyata keçirilsəydi,QARABAĞ probleminin həlli indiyədək uzanmaz, ədalətlə həll olunardı, Rusiya nə 2008-ci ildə Gürcüstan böhranı, nə də 2014-cü ildə Ukrayna böhranı yarada bilərdi) hazırlamağa və həyata keçirməyə başlamalıdı….

Hiç yorum yok: