Translate

26 Mart 2014 Çarşamba

Ermənistanın keçmiş müdafiə naziri də Qarabağı Rusiyaya verməyə çağırdı


Qarabağın işğalına başçılıq edənlərdən biri olmuş general Norat Ter-Qriqoryants: “Jirinovski möhtəşəm təklif irəli sürüb…”

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Dağlıq Qarabağı Rusiyanın tərkibinə birləşdirmək barədə irəli sürdüyü təklif Ermənistanda da tərəfdarlar toplayır.
Qarabağ müharibəsinin ən şiddətli dövründə – 1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş, 1993-cü ildə müdafiə nazirinin səlahiyyətlərini icra etmiş, ermənilər arasında Qarabağ müharibəsinin qəhrəmanı adı alan general-leytenant Norat Ter-Qriqoryants 1in.am saytına müsahibəsində Jirinovskinin ideyasını “möhtəşəm” adlandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir:

- Bu günlərdə Vladimir Jirinovski qalmaqallı bəyanatla çıxış edərək bildirdi ki, Azərbaycanla Ermənistan öz aralarında heç vaxt Qarabağ məsələsində razılığa gələ bilməyəcəklər. Ona görə də ən yaxşısı Qarabağı Rusiyanın tərkibinə birləşdirməkdir. Artsaxın azadlıq mübarizəsinin başında dayananlardan və silahlı qüvvələri formalaşdıranlardan biri olaraq bu ideyaya münasibətiniz necədir?

- O, möhtəşəm deyib. Niyə də yox? Ermənistan Dağlıq Qarabağın suverenliyini və müstəqilliyini ümumiyyətlə niyə tanımır? Niyə onlar qorxur ki, danışıqların dayandırılacağı elan ediləcək? Ümumiyyətlə, danışıqlar aparmaq lazım deyil, danışıqları yalnız Rusiya Federasiyası ilə aparmaq lazımdır. Çünki 1813-cü il Gülüstan sülh müqaviləsinə əsasən Qarabağ Rusiya imperiyasına daxil olub, Dağlıq Qarabağ heç vaxt SSRİ-nin tərkibində olmayıb. Deməli, Dağlıq Qarabağ niyə Rusiya Federasiyasının tərkibində olmalı deyil? Çünki Gülüstan sülh müqaviləsinə görə, o, Rusiya ərazisidir. Əgər tərəflər razılaşma əldə edə bilmirsə, niyə də belə olmasın? Ümumiyyətlə, mən hesab edirəm ki, bütün Ermənistan Dağlıq Qarabağla birlikdə referendum keçirməli və Rusiya Federasiyasının tərkibinə daxil olmalıdır. Müstəqilliklə məşğul olmaq lazım deyil.

- Bəs hesab etmirsiniz ki, bu ssenari heç vaxt Ermənistanda qəbul edilə bilməz? Axı indi çoxları Ermənistanın Rusiyanın inteqrasiya proseslərində iştirakına qarşıdır…

- Mən Ermənistan rəhbəri deyiləm, Ermənistanda yaşamıram. Lakin dörd il ərzində Ermənistan silahlı qüvvələrinin formalaşdırılması ilə məşğul olmuşam və Ermənistanı, Qarabağı çox yaxşı tanıyıram. Jirinovski nəyi düzgün hesab edirsə, onu deyir. Mən də hesab edirəm ki, bu, mümkündür. Niyə də yox? Əgər Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırsa, niyə Dağlıq Qarabağ referendum təşkil edib Gülüstan sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə qayıtmasın? Bu, olduqca ciddi məsələdir, baxmayaraq ki, etiraf etmək üçün gərək adamda vicdan ola.
Hazırda isə yoldaş Putinə, beynəlxalq miqyaslı siyasi xadimə eşq olsun. O, dünyada rus xalqının taleyindən narahat olan, eyni zamanda Ukraynada faşistlərin təzyiqi altında qalan xalqın taleyini fikirləşən yeganə adamdır. Axı bu insanları xilas etmək lazım idi. Elə deyilmi? Axı faşizm bütün SSRİ-yə və bu müharibədə iştirak edən 600 min erməniyə bədbəxtlik gətirdi, onlardan 300 mini öldü. Yəni ermənilər də faşizmdən əziyyət çəkdi. İndi birdən Ukraynada hakimiyyətin başına faşistlər gəlir və yalnız yoldaş Putin regionun taleyindən narahat olur ki, faşistlər regionu məhv etməsinlər. O, düz elədi və Putinə dəstək vermək lazımdır. Bununla həm də Qarabağda yaşayan erməniləri dəstəkləmiş olarıq. Vaxtilə biz Qarabağ ermənilərini dəstəklədik və ordu formalaşdırıb son 1000 ildə ilk dəfə torpaqları azad elədik.

- Cənab general, siz silahlı qüvvələri formalaşdırmısınız, Artsaxı azad etmişiniz. 20 ildən çoxdur beynəlxalq formatda danışıqlar gedir. Bütün bunlar ona görə idi ki, Qarabağı Rusiyaya verək?

- Jirinovski deyir ki, əgər Ermənistan və Azərbaycan məsələni həll edə bilmirsə, o zaman qoy Dağlıq Qarabağ Rusiyanın tərkibinə daxil olsun. Əgər tərəflər doğrudan da heç cür razılıq əldə edə bilmirsə, o zaman Dağlıq Qarabağın Gülüstan sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə qayıtmaqdan başqa yolu qalmır.

- Faktiki olaraq siz Krımın ilhaqını ədalətli hesab edirsiniz?

- Mən buna müsbət yanaşıram. Belə ki, Krım vaxtında düzgün addım atdı, Qarabağ kimi etmədi. Qarabağda hələ silahlı qüvvələr yox idi və onlar öz müqəddəratını təyin etmə prosesinə keçdilər. Bu səbəbdən də Azərbaycan silahlı qüvvələri hücum etdilər. Dnestryanı bölgədə, Abxaziyada da belə oldu. Krım isə özünümüdafiə dəstələri formalaşdırdı, sərhədləri bağladı və referendum keçirdi. Özünümüdafiə qüvvələri də bu referendumun təhlükəsizliyini gözəl təmin etdi. Yeri gəlmişkən, Krım özü də Rusiya ərazisi idi. İndi növbəti mərhələyə, ərazi bütövlüyünə keçmək lazımdır. Dağlıq Qarabağa gəldikdə isə o, artıq öz müqəddəratını təyin edib. Lakin Dağlıq Qarabağa gəldikdə ərazi bütövlüyü prinsipi pozulub. Ona görə də Dağlıq Qarabağın ərazi bütövlüyünü bərpa etmək lazımdır.

- Məlumdur ki, Krıma görə Rusiya bu gün necə tənqid olunur, onun Krımda referendum keçirib özünə birləşdirməsi işğal kimi qiymətləndirilir. Rusiyanın regionda öz təsirini saxlamaq metodları həddən artıq kobud deyilmi?

- Qərb həmişə ona sərf eləməyini tənqid edir. Yeri gəlmişkən, bu məsələdə Qərb parçalandı və iflasa uğradı. Çünki Qərbə sərf edirdi ki, Krım Ukraynanın tərkibində qalsın. Millətçilərin hakimiyyətə gəlişindən sonra Ukraynanı tələsik NATO-ya üzv edib Krımda öz donanmalarını, bazalarını yerləşdirmək istəyirdilər. Bu halda Qara dəniz ABŞ-ın və Qərb ölkələrinin nəzarətinə keçəcəkdi. Belə vəziyyətdə Qara dəniz Rusiya üçün bağlı olacaqdı, bütün Krasnodar diyarı bağlanardı və bu da Rusiyaya böyük zərbə olardı. Amerika artıq Rusiyanın özündə inqilab etmək üçün yaxınlaşır. Deməli, bu prosesin önünə keçmək və Qərbin dediklərinə tüpürmək lazımdır.

- Lakin Ukrayna Avropaya və NATO-ya inteqrasiya tərəfdarıdır…

- Ukrayna bunu istəmirdi. Ukraynada yeni texniki vasitələrin köməyi ilə dövləti iflasa uğratdılar. Bu texnologiyanı Polşa və Amerika fikirləşdi, Almaniya, İngiltərə, Fransa da dəstək verdi. Bu, yeni inqilab texnologiyası idi, dövlətin iflası üçün hazırlanmış yeni texnologiya idi. Onlar Afrikadan, Liviyadan başladılar və indi Rusiyada sınaqdan keçirmək istəyirlər. Çünki Rusiya kimi təmiz dövlət onlara lazım deyil.

*     *     *
Arayış:

Qeyd edək ki, Dağlıq Qarabağın Gülüstan sülh müqaviləsinə əsasən Rusiyaya birləşdirilməsi ideyasını ilk dəfə ötən ilin payızında erməni separatizminin baş ideoloqu, bədnam yazıçı Zori Balayan Vladimir Putinə yazdığı açıq məktubda gündəmə gətirmişdi.
O vaxt Ermənistanda və Qarabağın özündə Balayanı bu məktubuna görə “xain”, “alçaq”, “şərəfsiz” kimi ifadələrlə tərif etdilər. Lakin Ermənistan rəhbərliyi Balayanın məktubuna heç cür reaksiya vermədi. Belə təxminlər var idi ki, Balayan məktubunu prezident Serj Sərkisyanla razılaşdırmışdı.
Nəhayət, Krımın işğalından sonra Kremlin imperiya ambisiyalarının əsas ideoloqlarından olan Jirinovski bu haqda danışdı. Ardınca Krımın Rusiyanın tərkibinə birləşdirilməsi münasibətilə Xankəndində konsert-mitinq təşkil edildi. Bu bayramı Dağlıq Qarabağ rəhbərliyi təşkil etmişdi. Erməni ictimaiyyətində hesab edirlər ki, sifariş Rusiyadan gəlmişdi.
İndi isə Ermənistanın keçmiş müdafiə naziri və Qarabağın işğalına başçılıq edənlərdən biri olmuş general Norat Ter-Qriqoryants bu haqda danışır. Və general Norat Ter-Qriqoryants Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi çağırışını elə Moskvadan səsləndirir. Çünki o, Rusiyada yaşayır və Rusiya Erməniləri İttifaqının idarə heyətinin üzvüdür.
Bu təşkilat Kremlə bağlıdır və onun rəhbəri Ara Abramyan Putinin rəhbərlik etdiyi Millətlərarası Münasibətlər Şurasının üzvüdür. Beləliklə, düyməyə basılıb və indi sonrakı prosesləri izləmək lazımdır…
Virtualaz.org

Hiç yorum yok:

Yorum Gönder