Translate

22 Ekim 2013 Salı

QEYRİ - RUSLARI GETTOLARA ?!


Rusiyada miqrantlar üçün bir gettolar düzəltmələri qalmışdı, deyəsən, o da olacaq.  Hər halda, Moskva şəhərinin meri Sergey Sobyanin paytaxtda və Moskva vilayətində miqrantlara münasibətdə xüsusi rejimin tətbiq olunmasının mümkün olduğunu bildirib.
Elə ötən əsrin 30-40-cı illərində Almaniyada da faşistlər yəhudiləri şəhərlərdən təcrid edib ayrıca yaşayış massivlərinə - gettolara yığanda “xüsusi rejimin tətbiqi”ndən danışırdılar. 
Hazırda rusiyalı məmurların ritorikası ilə SS-çilərin ritorikası çox da fərqlənmir. Bunlar da “qanunun aliliyi”ndən, “millətin ümdə mənafeləri”ndən danışırlar və nəzərdə tutduqları planı qədəm-qədəm həyata keçirirlər.

Küçələrdə isə açıq faşizm tüğyan edir. “Gəlmə”lərə, “qaralar”a qarşı yerli əhalinin nifrətini süni şəkildə daşırma meylləri gündən-günə güclənir. Gələn xəbərlər belədir. 

Qeyri-ruslara müxtəlif təhqiramiz ibarələrlə müraciət edilməsi halları onsuz da Rusiyada çoxdan vardı, bu, indi bir az da artıb, həm də tikanlı zarafat əndazəsindən çıxıb, özündə nifrət molekulları daşıyır. 

Hiss olunur ki, eynilə faşist Almaniyasında olduğu kimi, Rusiyada da “xalqın bu gündə olmasının başlıca səbəbkarları” tapılıb. O vaxt Hitler millətin nifrət vektorunu yəhudilərə tuşladığı kimi, indi də ruslar qaraşın miqrantlara tuşlayıblar. 

Yuxarı dairələrdə miqrantlarla mübarizə üçün yollar düşünülür. Əlbəttə, hamını qaz kameralarına basıb qırmayacaqlar. Amma “xüsusi rejim”in nədən ibarət olacağı da qaranlıqdır. 

Mer Sobyanin deyir ki, Moskvada 500-600 min, Moskva vilayətində isə 2 milyona yaxın miqrant yaşayır və xüsusi rejimi Moskva şəhəri və vilayəti üçün tətbiq etmək mümkündür. 

Böyük ehtimalla miqrantları elə bir hala gətirəcəklər ki, onlar çox pul qazana, varlana, rahat yaşaya bilməyəcəklər, eləcə, moskvalılara nökərçilik etməklə məşğul olacaqlar.
Bu, təxminən irqi, milli ayrı-seçkiliyə dayanan müasir köləlik rejiminin tətbiqi kimi bir şey olacaq. Artıq indidən Moskvada, Sankt-Peterburqda insanlara dərilərinin rənginə görə fərq qoyulur.

İctimai yerlərdə hərəkət edərkən qaraşın olmaq kifayətdir ki, radikal ovqatlı gənclərin hücumuna məruz qalasan. Çünki “qaralar” düşmən elan edilib, qanları halal buyrulub.
Bununla belə, Moskva merinin qarşısını kəsən şeylər də var. O başa düşür ki, “qaralar”la həm ölkə daxilində, həm də MDB çərçivəsində vahid iqtisadi məkanda yaşayırlar və “ölkə daxilində hansısa sərhədlər çəkmək çox çətindir”. 

Asan olsaydı, çəkəcəklərmiş. Yəni bu xüsusatı da düşünüb-daşınıblar. Maraqlıdır, Rusiya köhnə, dağılmış SSRİ-ni bu və ya digər ad altında bərpa etmək ehtirasına qapılmış olduğu halda bu sayaq açıq millətçilik, şovinizm qabarması ilə nəyə ümid edir? Doğrudanmı Kreml bu cür davranışlarla 22 il əvvəl Moskvadan qopmuş xalqların rəğbətini qazanacağını və onları yenidən vahid çətir altına toplayacağını düşünür?

Bu mümkünsüzdür. Heç SSRİ dövründə də belə şey olmayıb. Lenin və Stalinin, eləcə də digər kommunist rəhbərlərin dövründə dövlətin və ayrı-ayrı xalqların idarə edilməsi sahəsində yüz cür neqativ hallar olsa da, məhz şovinizm elementləri yox idi və hər hansı bir millətçilik cəhdləri qanunla sərt şəkildə cəzalandırılırdı. 

Belə çıxır ki, Rusiyanın indiki rəhbərləri heç də SSRİ-ni yox, onun keçmiş sərhədləri daxilində çar mütləqiyyətinin mənfur idarə üsulunu bərpa etmək istəyirlər. Bu idarə üsulu ağalar və kapitalistlərə, çarın titul verdiyi yerli vassallara, general-qubernatorlara söykənirdi. 

Regionumuzda yaranmış bu durum göstərir ki, SSRİ-nin dağılmasından keçən 22 il ərzində rusiyalı siyasilərin düşüncəsində nə müasir dövlət idarəetməsinin ən ideal variantlarına dair fikirlər yaranıb, nə də başqa xalqlara münasibətdə normal, dünyada qəbul olunan yanaşma tərzi.

Hər şey geriyə, orta əsrlərə, 19-cu əsrə doğru gedib, tənəzzülə uğrayıb. 
Görünür, bu regionun xalqları müasir müstəmləkələrə, neo-kölələrə çevrilməmək üçün daha bir milli-azadlıq mücadiləsinə, xalq hərəkatına başlamalı olacaqlar.

Yazar : Xalid KAZIMLI

Hiç yorum yok: