Translate

21 Ekim 2013 Pazartesi

AZƏRBAYCAN ÇƏTİN SEÇİM QARŞISINDA


Vəfa Quluzadə: “Rusiya ilə dost olmağa qarşı deyilik, lakin onlar bizimlə dost olmaq istəyirlərmi?”

Toğrul İsmayıl: “Əks təqdirdə, Azərbaycan Rusiya tərəfindən təklənəcək”

Xəbər verdiyimiz kimi, oktyabrın 18-də bir qrup jurnalistlər və incəsənət xadimi Avropa Birliyinin qarşıdan gələn “Şərq tərəfdaşlığı” sammiti ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə qeyd olunur ki, Azərbaycanın bu sammitə dəvət olunması “obyektiv narahatlıq” doğurub: “Bu tərəfdaşlıq düşünməyə məcbur edir - əgər biz Brüssellə bu cür ciddi yaxınlaşmaya gediriksə, nəyin müqabilində?

Bu gün sosial-iqtisadi problemlərin bütün ağırlığını öz üzərində hiss edən birləşmiş Avropa bizim respublikamıza bundan sonrakı siyasi-iqtisadi inkişafın effektiv yollarını təklif edə bilərmi? Tərəfdaşlıq əgər sağlam və bərabər səviyyəlidirsə, o, bütün tərəflərdən ciddi yanaşma və bir-birinin mövqeyinə hörmət tələb edir. Lakin son vaxtlar Avropa Birliyi-Azərbaycan dialoqundakı tərbiyəçi və öyüdverici ton bizdə narahatlıq doğuran meylə çevrilməkdədir”.

Məktubda deyilir ki, “Şərq tərəfdaşlığı” proqramının məqsədi AB-nin keçmiş SSRİ-nin 6 respublikası ilə müəyyən prioritetlər çərçivəsində inteqrasiyasına yönəlmiş əməkdaşlıqdır, lakin Avropa yalnız onun özünü maraqlandıran aspektlərə üstünlük verməklə “seçici” yanaşma nümayiş etdirir. Müraciət müəlliflərinin fikrincə, AB Dağlıq Qarabağ məsələsində ikili standart və qeyri-obyektiv münasibət nümayiş etdirir və Bakını erməni təcavüzünün nəticələri ilə barışmağa məcbur etmək istəyir. Müraciəti “1news.az” informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev, “New Baku Post” qəzetinin redaktoru Tofiq Abbasov, əməkdar incəsənət xadimi Akif Məlikov və müstəqil jurnalist Həmid Həmidov imzalayıb.

Məlum olduğu kimi, rəsmi Moskva da Azərbaycanı Gömrük Birliyi və Avrasiya İttifaqı layihəsində görmək istəyir. Məlumatlara görə, Azərbaycan hökuməti bu ilin sonu, gələn ilin əvvəllərindən etibarən Gömrük Birliyinə qoşulmaqla bağlı müzakirələrə qatılacaq. Bu baxımdan qarşıda Azərbaycanı ciddi seçim gözlədiyini demək olar.

Politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə haqqin.az saytına bildirib ki, ölkənin qərb yönümlü kursunun əsası eks-prezident Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, politoloqa görə, Rusiya ilə yaxınlaşma Azərbaycan üçün əlverişli ola bilməz. “Rusiyanın bizə qarşı münasibətinə baxaq. Bəli, biz Rusiya ilə dost olmağa qarşı deyilik, lakin onlar bizimlə dost olmaq istəyirlərmi?”

Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl isə deyir ki, nəyə və necə etiraz etmək istəməyindən asılı olmayaraq Azərbaycan Avrointeqrasiya strategiyasını davam etdirir: “Ölkədəki ən böyük gəlir mənbəyi olan enerji layihələri də bu məkan üzərindən inkişaf etdirilməkdə davam edir. Ona görə də Azərbaycan şimal qonşusu ilə yaxşı münasibətlər qurmağa çalışsa da, əsas istiqamət Avropa məkanıdır və bundan vaz keçmək indiki hakimiyyəti ciddi problemlərlə qarşı-qarşıya qoya bilər”.

T.İsmayıl yazarların müraciətinin seçkilərə görə Qərbə təzyiq kimi istifadə olunmasını adekvat olmayan addım sayır: “Seçkilərin nəticəsinə görə Avropadan inciməyə dəyməz. Sadəcə, mexanizmləri daha demokratikləşdirmək lazımdır. Bu cür sovetdən qalmış texnologiyalarla seçki keçirməklə tənqid hədəfinə çevrilməsi qaçılmazdır. Zamanın şərtlərinə uyğun texnologiyalardan yararlanmaq lazımdır. Kobud seçki texnologiyasının zamanı artıq bitib. Ona görə də Avropaya və ya ABŞ-a etiraz etməkdənsə daha yeni texnologiyalardan və demokratik metodlardan yararlanmaq lazımdır”.

İlham Əliyevin gələn ay keçiriləcək Vilnüs sammitinə qatılıb-qatılmayacağına gəlincə, T.İsmayılın fikrincə, ölkə başçısı toplantıya qatılacaq: “Məncə, qatılması lazımdır və hətta vacibdir. Əks təqdirdə Azərbaycan Rusiya tərəfindən təklənəcək. Hazırda Rusiyada davam edən anti-Azərbaycan hay-küyü də Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmasına mane olmaq məqsədini güdür. Rusiya Azərbaycanı orada yaşayan azərbaycanlıları geri göndərməklə təhdid edir. Bu da bir təzyiq mexanizmidir.

Lakin bu təzyiqlər qarşısında geri addım atmaq olmaz. Rusiya ilə Azərbaycan ikitərəfli münasibətləri inkişaf etdirməlidir. Amma hər hansı bir birlik olmaqla deyil, ikili münasibətlər şəklində. Azərbaycanın Vilnüsdə sammitdə iştirak etməməsi isə ölkəmizi ciddi çətinliklərlə qarşı-qarşıya qoya bilər".

KƏNAN

Hiç yorum yok: