Translate

12 Eylül 2013 Perşembe

“ RUSIYA QARABAĞIN TƏHLÜKƏSİZLİYİNİN QARANTI OLA BİLMƏZ "


Erməni hüquq müdafiəçisinə görə, Kreml Azərbaycanın hücumunu önləməyə qadir deyil; Karen Ohacanyan: “Gömrük İttifaqına qoşulmaqla Ermənistan dünya ictimaiyyətinin gözündə etibarsız tərəfdaş statusu qazandı...”
Ermənistanın Gömrük İttifaqına qoşulmaq barədə qərarı erməni toplumunda, onun ekspert dairələrində hələ də ən müxtəlif şəkildə yozulmaqdadır. Separatçı rejimin təmsilçiləri isə nəticədən daha məmnun görünürlər. Eyni zamanda onların köhnə dərdi, deyəsən, təzələnib.
Söhbət təbii ki, neçə vaxtdır işə sala bilmədikləri Xankəndi aeroportundan gedir. İrəvanın Gömrük İttifaqına üzvlüklə bağlı qərarından sonra Ermənistan-Rusiya münasibətlərinin istiləşdiyini düşünən separatçılar indi də ümid edirlər ki, nəhayət, bundan sonra Moskva hava limanının istismara verilməsinə yardımçı olacaq, buna qarant verəcək. 
Xəbər verdiyimiz kimi, qondarma qurumun “baş nazirinin müavini” Artur Ağabekyan bu xüsusda deyib: “Madam ki, Rusiya Gömrük İttifaqı məsələsində Ermənistana Dağlıq Qarabağla təzyiq edib, o zaman tezliklə biz Kremlin hansısa ”təhlükəsizlik qarantlarını" və ya konkret addımları görməliyik. Hansı konkret addımları? Məsələn, Stepanakert aeroportu çoxdan hazırdır, ancaq uçuşlar həyata keçirilmir. Rusiyanın qarantlarından biri məhz aeroportun istifadəsi ilə bağlı ola bilərdi. Özü də təkcə mülki yox, həm də hərbi məqsədlə istifadəsi üçün". 
Söz düşmüşkən, rəsmi Bakı zaman-zaman bəyan edib ki, Xocalı aeroportu həm də hərbi məqsədlər üçün istifadə ediləcək. Erməni tərəfi uzun müddət bunu danıb.
Erməni separatçısı növbəti “konkret addım” qismində Rusiya ordu hissələrinin Qarabağda yerləşdirilməsini görür. Sitat: “Düzdür, bunun üçün Sərkisyanın Gömrük İttifaqına üzvlük barədə bəyanatı yetərli deyil, Minsk Qrupu həmsədrlərinin də razılığı olmalıdır - bu da ki, çətin baş tuta...”
Beləliklə, aydın görünən odur ki, separatçı rejim yeni situasiyadan maksimum yararlanmaq, Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına de-yure nail olmaq, Qarabağda yeni müharibə ehtimalını Kremlin sayəsində minimuma endirmək niyyətindədir. Bəs Rusiya həqiqətən separatçı rejimin mövcudluğunun və “təhlükəsizliyinin” qarantı ola bilərmi? 
Bu xüsusda fərqli düşünən, gerçəyi fərqli dəyərləndirən erməni şərhçilər var. Məsələn, “Helsinki təşəbbüsü -92" komitəsinin Qarabağ üzrə koordinatoru, hüquq müdafiəçisi Karen Ohacanyan erməni saytlarından birinə müsahibəsində Ermənistanın Gömrük İttifaqına qoşulmasını Dağlıq Qarabağın təhlükəsizliyi ilə əlaqələndirməyin əleyhinə olduğunu söyləyib. Onun fikrincə, Rusiya Azərbaycanın Qarabağa hədələrinin qarşısını almağa qadir deyil.
Ohacanyanın qənaətincə, Rusiyanın hazırda elə bir güc-imkanı yoxdur ki, Qarabağ məsələsində zəmanət versin: “Bundan əlavə, hazırda situasiyanın inkişafı o istiqamətdə gedir ki, elə bir məqam yetişəcək Rusiya Azərbaycanın Qarabağa hücumunu önləyə bilməyəcək. Çünki öz ziyanına bircə addım da atmayacaq. Məhz bu səbəbdən mən Ermənistan hakimiyyətinin addımına neqativ yanaşıram, xüsusən də bu addım Dağlıq Qarabağın, necə deyərlər, təhlükəsizliyi ilə əlaqələndiriləndə. Rusiya Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı ola bilməz. O hətta heç Qarabağın müstəqilliyini tanımayıb. Yəni özünün qarantiyası ilə əslində beynəlxalq hüquq normalarını tapdamaqdır”.
Hüquq müdafiəçisinə görə, İrəvanın son addımı Ermənistana dünya ictimaiyyətinin gözündə etibarsız tərəfdaş statusu qazandırıb: “Məsələ ondadır ki, uzun illər idi ki, İrəvan Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı danışıq aparırdı və... birdən Rusiyaya doğru dönüş edilir. Üstəlik, güman eləmirəm ki, Ermənistana bu məsələdə təzyiqlər olunub”.
Hərgah, Ohacanyana görə, Avropa Birliyi də Ermənistana və Dağlıq Qarabağa təhlükəsizlik qarantı verməyib: “Obyektivlik naminə deməliyik ki, Avropa İttifaqı assosiativ müqavilə bağlanandan sonra Qarabağ məsələsində hansısa öhdəlik götürəcəyini vəd eləmirdi. Bununla belə, Avropa İttifaqı Rusiyadan etibarlı tərəfdaşdır”.
Hüquq müdafiəçisi o qənaətdədir ki, Gömrük İttifaqına qoşulmaq barədə İrəvanın bəyanatı Ermənistanın onsuz da aşağı səviyyəli suverenliyini bir az da məhdudlaşdırır: “Bundan başqa, həm Ermənistanın, həm də Azərbaycanın təhlükəsizliyini azaldır. Çünki Rusiyanın baş aktyor olduğu hansısa birliyə girmək artıq bərabərlik deyil. Halbuki Avropa Birliyində bütün üzvlər formal və ya qeyri-formal planda bərabər hüquqlu sayılır, ümumi maraqların qayğısını çəkirlər”. 
“Rusiya daha beynəlxalq birliyin gözündə regional struktur kimi yox, yeni imperializmin və destruktuvizmin ideologiyası kimi qəbul edilir. Və əlbəttə ki, Rusiya xalqı da digər xalqlar kimi öz rəhbərliyinin təzyiqi altındadır və təhlükəsizliyi təmin edilməyib”, - deyə Ohacanyan fikrini tamamlayıb.
Elə məsələ də Ermənistanın özü ilə birgə Dağlıq Qarabağın, bütövlükdə regionun taleyini və normal inkişafını Rusiyanın girovluğunda saxlamasındadır. Nə qədər ki, Ermənistan Rusiyanın Güney Qafqazda hərbi-siyasi mövcudluğunu əsas qarantı olmaqda, destruktiv siyasət yürütməkdə davam edəcək və ilk növbədə imperialist Rusiyanın maraqlarına oynayacaq, Ermənistanın da, bütövlükdə regionun da təhlükəsizliyi havadan asılı qalacaq.

Zahid SƏFƏROĞLU

1 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

Hörmətli oxucular, siz "REALİST ADİL" blogspot.com - da dərc olunan xəbərləri heç bir ilkin qeydiyyatdan keçmədən şərh edə bilərsiniz.
Beləliklə, siz dərhal xəbərin müzakirəsinin iştirakçısına çevriləcək, konkret məsələ ilə bağlı fikrinizi bildirə biləcəksiniz.
Bununla yanaşı, oxuculuramızın nəzərinə çatdırırıq ki, xəbərlərə şərhlərin yazılmasında müəyyən qaydalara əməl etmək vacibdir.

Belə ki, şərhlərdə milli və dini zəmində ayrı-seçkiliyə çağırış, normativ olmayan leksikadan və təhqiramiz ifadələrdən istifadə, ekstremist, ultramillətçi, irqçi açıqlamalar, görkəmli ictimai-siyasi xadimlərin şərəf və ləyaqətinə qarşı yönəlmiş sözlər, habelə Azərbaycanın mövcud qanunvericiliyinə zidd sayılan digər ifadələrin işlədilməsi yolverilməzdir.

"REALİST ADİL" blogspot.com bütün oxucuların şərhlər yazarkən biri-birilərinə sayğı bəsləyəcəyinə əmindir.