Translate

27 Temmuz 2013 Cumartesi

"Azərbaycan Putinlə bu oyuna girişsə, zərbə altına düşəcək"


Vəfa Quluzadə: “Çökən avtoritarizmin ətəyindən yapışmaq yaxşı nəticə verməyəcək”

“Vladimir Putinin region dövlətləri olan Azərbaycan və İrana səfərlərinin arxasında ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi dayanır”. Bunu modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib. O bildirib ki, ABŞ Putindən Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeni geri qaytarmağı tələb etdiyindən əlaqələrdə ciddi uçurum yaranıb. Politoloqun sözlərinə görə, ABŞ eyni zamanda Rusiyaya müxtəlif üsullarla təzyiqləri artırır.

“Maqnitski siyahısını genişləndirir, rus məmurlarının çoxusunu bu siyahıya daxil edir” deyən siyasi ekspert hesab edir ki, Rusiya da öz növbəsində ABŞ-a təzyiq etmək niyyətindədir: “Ona görə də Putin elan edib ki, İrana və Azərbaycana səfər edəcək. Putinin əslində bu siyasəti ABŞ-Rusiya müstəvisindədir”.

Analitikin fikrincə, Putinin Azərbaycana səfəri yaxşı heç nə vəd etmir: “ABŞ Rusiyaya geniş iqtisadi-ticari, maliyyə sanksiyaları tətbiq etməyi planlaşdırır. Əgər Azərbaycan da Putinlə bu oyuna girişsə, böyük bir zərbənin altına düşəcək. Bu tamamilə açıq və aydındır”. V.Quluzadə vurğulayıb ki, Putinin səfəri Azərbaycana yalnız zərər gətirəcək: “Bu səfər Rusiya-Azərbaycan əlaqələri müstəvisində olsa idi, bunu müsbət dəyərləndirmək olardı. Amma burda Putinin əsas məqsədi ABŞ-la çəkişmədə Azərbaycanı faktor kimi istifadə etməkdir”.
ABŞ-ın Qafqazdakı maraqlarından geri çəkilmək barədə suala isə siyasi şərhçi belə aydınlıq gətirib: “ABŞ dünyanın ən güclü dövlətidir. Rusiya isə çökür. Ona görə də çökən avtoritarizmin ətəyindən yapışmaq heç bir yaxşı nəticə verməyəcək”.

Politoloq bildirib ki, Putinin nə İrana, nə də Azərbaycana səfərinə ehtiyac yoxdur: “Ona görə ki, bu səfərlər əvvəldən planlaşdırılmayıb. Bu, yalnız ABŞ-a dirsək göstərmək kimi bir şeydir. İran onsuz da sanksiyalardan qorxmur. Amma Azərbaycana da sanksiyalar tətbiq oluna bilər”.

Xatırladaq ki, Rusiya prezidentinin gələn ay Bakıya səfəri gözlənilir.

İlham Sultanov
ANS



Hiç yorum yok: