Translate

5 Temmuz 2013 Cuma

AŞ PA-da Ermənistana “təcavüzkar dövlət” damğası vuran sənəd


İşğalçı ölkənin AŞ Nazirlər Komitəsinə sədrlik etməsi ciddi narazılıq doğurub. 
Ekspert: “Qərb Ermənistanı tədricən Rusiyanın orbitindən çıxarmağa çalışır”.

Fransa hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi fəallığını artırır. Rəsmi Paris Azərbaycan prezidentinə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün keçirilməsini təklif edib. Bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ötən gün jurnalistlərə açıqlamasında deyib. APA-nın məlumatına görə, səfir bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayında görüşü nəzərdə tutulsa da, sonra bu baş tutmayıb: “Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü oldu. Burada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vacibliyi önə çəkildi və irəliləyişlərin əldə edilə biləcəyi vurğulandı. Bir sözlə, prezident İlham Əliyev tərəfindən yaxın gələcəkdə prezidentlərin görüşünün həyata keçirilməsi təklif olundu”.
Səfir deyib ki, bu məsələ ilə əlaqədar ötən ilin sentyabrında prezident İlham Əliyevlə görüş olub: “Görüşdə Fransanın üzərinə hansı öhdəliyin düşməsi ilə bağlı məsələ müzakirə olundu. Ermənistan prezidenti Serj Sərkisyanla da görüşdə öhdəliklərin başlıca olaraq nədən ibarət olduğu diqqətə çatdırıldı. Fransa digər dövlətlər kimi, münaqişənin həllində öz səylərini göstərib və bundan sonra da prosesə öz töhfəsini verəcək”.

ABŞ isə yeni həmsədr göndərməyə tələsmir

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar isə bildirib ki, ATƏT-in Minsk Qrupuna yeni daimi həmsədrin təyin olunmasını səbirsizliklə gözləyirlər. Ancaq səfir təyinatın nə zaman gerçəkləşdiriləcəyini deməyib: “Bu baş verəcək, lakin mən sizə dəqiq vaxtı deyə bilmərəm. ABŞ-ın yeni həmsədri kimi çoxlu namizədlər var. Amma mən onlar barəsində dəqiq məlumat verə bilmərəm”. Səfir bildirib ki, ABŞ-ın hazırkı müvəqqəti həmsədri öz işinin öhdəsindən məharətlə gəlir.

Avropalı deputatlardan Ermənistana ağır zərbə

Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) Avropa Şurası Nazirlər Komitəsində sədrliyin Ermənistana keçməsi ərəfəsində həmin ölkəyə rüsvayçı “təcavüzkar dövlət” damğası vuran sənəd qəbul edib. Modern.az-ın «AzərTAc»a istinadən verdiyi xəbərə görə, sənədi imzalayan deputatlar Avropa Şurasının Nazirlər Komitəsinə Ermənistanın sədrlik etməsinin məqsədəuyğunluğunu şübhə altına alıb.
Sənəddə deyilir: “Ermənistanın bu cür münasibəti nümayəndələri o dərəcədə narahat edir ki, onlar 2013-cü il mayın 16-dan Ermənistanın sədrliyi ilə bağlı ciddi düzəlişlər təklif edirlər. Hesab edirik ki, sədrlik çərçivəsində Ermənistanın mövqeyinin yenidən gözdən keçirilməsini və təcavüzkar dövlət kimi Ermənistanın mövqeyinin neytrallaşdırılmasına yönəldilmiş təcili addımların atılması və təmin olunması tələbi ilə Ermənistan Respublikasına təzyiq göstərilməsini Nazirlər Komitəsinə təklif etmək düzgün olardı”.
Nümayəndələr məruzə hazırlanmasını və Nazirlər Komitəsində Ermənistanın sədrliyinin etibarsız sayılması məsələsinin müzakirə olunmasını büroya təklif edib. Məruzə Parlament Assambleyası tərəfindən təqdim olunmuş qiymətləndirmə barədə təklifləri də ehtiva etməlidir. Məruzədə maneələr, siyasi faktorlar və məsuliyyət məsələləri dəqiq əksini tapmalı, müvafiq fikirlər müəyyən olunmalıdır.
Sənədi Böyük Britaniya, Finlandiya, Belçika, İtaliya, İspaniya, Polşa, İrlandiya və Bolqarıstandan olan deputatlar imzalayıblar. Diqqətəlayiq haldır ki, sənədi imzalayanlar arasında Türkiyə və Azərbaycan parlamentinin üzvü olan bir deputat da yoxdur. Bu, bütünlüklə Avropa İttifaqı ölkələrindən olan deputatların təşəbbüsüdür. Maraqlıdır ki, 2008-ci ildə BMT-nin Baş Məclisi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında” A/RES/62/243 nömrəli qətnaməni qəbul edəndə Ermənistan XİN-in o zamankı başçısı Vardan Oskanyan sanki özünə bəraət qazandırırmış kimi demişdi ki, bu qətnaməyə əsas etibarilə “müsəlman ölkələri” səs veriblər.
Maraqlıdır, ermənilər bu dəfə nə deyəcəklər... Sənədi imzalayanlar arasında bir nəfər də müsəlman yoxdur!

AB deputatı: “Ermənistan hərbi qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir”

“Azərbaycanın ərazi bütövlüyü mümkün qədər tez bir zamanda bərpa olunmalıdır. Bu baxımdan Ermənistan hərbi qüvvələri işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonları tərk etməlidir”. Bu barədə Avropa Parlamentinin Vətəndaş Azadlığı, Ədalət və Daxili İşlər Komitəsinin üzvü, Sənaye, Araşdırma və Energetika Komitəsi sədrinin müavini, Rumıniyadan olan deputat Loan Enciu Avropa-Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən bildirib.
“Trend”in məlumatına görə, Enciu qeyd edib: “BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 4 məlum qətnaməsi Azərbaycan torpaqlarının Ermənistan hərbi qüvvələri tərəfindən işğalına və beynəlxalq hüququn pozulmasına dəlalət edir. Avropa Şurasının Parlament Assambleyası, eləcə də Avropa Parlamenti bu məsələdə aydın yanaşma sərgiləyib”.
O vurğulayıb ki, beynəlxalq aləmdə Dağlıq Qarabağın müstəqilliyi tanınmayıb: “Nəticə etibarilə, Avropa İttifaqı (Aİ) bu bölgədə keçirilən heç bir ”parlament seçkisi"ni tanımayıb. Münaqişəsinin sülh yolu ilə həlli, qaçqın və məcburi köçkünlərin geri qayıtması yalnız Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə mümkün ola bilər".
Deputat deyib ki, Aİ ilə Azərbaycan arasındakı əlaqələr Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsü nəticəsində əhəmiyyətli dərəcədə formalaşıb: “Genişlənmə və Qonşuluq Siyasəti üzrə Aİ komissarı Ştefan Füle 3 may 2013-cü ildə Bakıda bəyan edib ki, bu tərəfdaşlıq daha da inkişaf etdirilməlidir. Bu, yalnız Avropa enerji təhlükəsizliyi və ”Cənub dəhlizi"nin genişləndirilməsi məsələsini əhatə etmir. Bura iqtisadi, mədəni və təhlükəsizlik məsələləri də daxildir. Cənubi Qafqazda sabitliyin təmin olunması üçün Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində bərpa olunmalıdır".
Avropa Parlamentinin üzvü həmçinin bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistan hərbi qüvvələrinin çıxarılması ilə yanaşı, sülh və sabitliyin ilk şərti kimi, münaqişəyə cəlb olunmuş hər iki tərəfin istəyi, hər şeydən öncə, danışıqlar olmalıdır: “BMT və ATƏT-in Minsk Qrupu münaqişənin həllinə müxtəlif səviyyələrdə cəlb olunub. Aİ sözsüz ki, Şərq Tərəfdaşlığı kontekstində məsələnin siyasi yolla həllinə cəhd etməlidir. Dağlıq Qarabağ münaqişəsi iyirmi ildir ki, öz həllini tapmayıb. Odur ki, qüvvələri səfərbər edərək, səylərin danışıqların davam etdirilməsinə yönəldilməsi vacibdir”.

Erməni ekspert: “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün güzəştə getməlidir”

Anspress-in məlumatına görə, ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Vaşinqtonun yaxın gələcəkdə İrəvanın davranışına dair öz istəklərini çatdırıb. Amerika Ermənistanın Avropa Birliyi ilə siyasi yaxınlaşmasını və Rusiya ilə normal münasibətlər qurmasını istəyir. Erməni politoloq Armen Badalyan bildirib ki, bu da Qərbin təsirini gücləndirəcək və paralel olaraq Rusiyadan asılılığı azaldacaq.
Ekspertin fikrincə, Türkiyə münasibətlərin normallaşdırılması barədə ayrıca bənd - amerikalıların nöqteyi-nəzərindən Qarabağ münaqişənin nizamlanmasında erməni tərəfinin güzəştə getməsinin vacibliyinə işarədir. “Kim nə deyir-desin, amma erməni-türk münasibətləri və Dağlıq Qarabağ münaqişəsi bir medalın iki tərəfidir”.

“Ermənistan eyni anda iki stulda oturmağa çalışır "

“Əgər Cənubi Qafqazda yaranmış vəziyyəti nəzərə almasaq, biz belə bir təsvirlə qarşılaşa bilərik - ABŞ və Qərb Azərbaycandan tam razıdır: orada neft, qaz, Əfqanıstana hərbçilərin tranziti və təchizatı və başqa şeylər var. Gürcüstan - tamamilə Qərbə oriyentasiya olunmuş ölkədir. Ancaq Ermənistanda Rusiya hakimlik etməyə davam edir və görünüşə görə, məhz o, bu Cənubi Qafqaz ölkəsindəki parada rəhbərlik edəcək ki, bu da təbii olaraq Ermənistanın Qərb dünyası ilə münasibətlərinin yoluna qoyulmasında ciddi baryer olacaq”, deyə ekspert izah edib.
Siyasi şərhçi Natiq Miri Qarabağ münaqişəsi ətrafında son prosesləri “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, prezident seçkilərindən sonra ABŞ tərəfindən Ermənistan prezidentinə verilən kart-blanşın müqabilində bəzi istəklərini ortaya qoyduğu hiss olunur. Ekspertin fikrincə, Ermənistanın Gömrük İttifaqına girməyə razılıq verməməsi kimi siyasi hadisələr bu kontekstdə dəyərləndirilməlidir: “Dağlıq Qarabağ probleminin həllində bəzi irəliləyişlər əldə etməklə status-kvonu dəyişmək fikrindədirlər. Bunun arxasınca Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması və sərhədlərin açılması problemi ortaya qoyulacaq. Bu isə nəticədə Ermənistanın tədricən Rusiyanın orbitindən çıxarılmasına xidmət edir. Hiss olunur ki, Ermənistanı siyasi və maliyyə təzyiqləri ilə bəzi problemlərin həllinə vadar etmək istəyirlər. Nəzərə alın ki, bu il Azərbaycanda da prezident seçkiləridir və hakimiyyət üçün bu qədər həssas vəziyyətdən istifadə edərək bəzi güzəştlərə vadar etmək istəyirlər. Bu, həmsədr dövlətlərin prezidentlərinin son bəyanatında da özünü göstərdi. O sənəddə balanslaşdırılmış bir razılıq sənədindən söhbət gedirdi. Bu isə ərazi müqabilində referenduma razılığı nəzərdə tutur. Ermənistan konkret tarixin göstərilməsində israr edir. Ona görə də bu şərtlər Azərbaycan üçün qəbuledilməzdir və İlham Əliyev hakimiyyətinin buna gedəcəyinə inanmıram. Ermənistanın durumu da o qədər ürəkaçan deyil. Çünki Rusiya Ermənistan hakimiyyətinə ciddi təzyiqlər edir. Qazın qiymətinin qaldırılması, Azərbaycana bir milyardlıq silahların satılması Rusiyanın Ermənistana hədə mesajı kimi dəyərləndirilməlidir”.
Ancaq ekspert hazırkı mərhələdə Qərbin bütün istəklərinə rəğmən hər hansı bir irəliləyişlərin olacağını gözləmir: “Çünki Rusiya hələlik bu problemin həllinə, xüsusilə də Qərbin moderatorluğu ilə həllinə hazır və maraqlı deyil”.


KƏNAN

Hiç yorum yok: