Translate

6 Mayıs 2013 Pazartesi

İKİLİ STANDARTLAR VƏ QARABAĞ MÜNAQİŞƏSİ



Keçən həftə tez-tez müşahidə etdiyimiz hadisələrdən daha biri baş verdi. Söhbət demokratik dəyərləri və beynəlxalq hüququn “tərəfdarı” olan avropalı parlamentarilərin “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanla görüşməsindən gedir. Amma Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvləri ilə görüş Xankəndində deyil, qondarma qurumun İrəvandakı “nümayəndəliyi”ndə baş tutmuşdu. Nümayəndə heyəti sonradan Dağlıq Qarabağa da baş çəkib.

Dağlıq Qarabağla Cənubi Osetiya və Abxaziyanın fərqi nədir?

“Armtoday”ın yazdığına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi, regional proseslər və “DQR” ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivləri müzakirə edilib. B.Saakyan Avropa İttifaqı ilə münasibətlərin inkişafının, Avropanın müxtəlif qurumlarla, o cümlədən Avropa Parlamenti ilə əlaqələrin dərinləşdirilməsinin qondarma qurumun “xarici siyasəti”ndə əhəmiyyətli istiqamətlərdən biri olduğunu qeyd edib. Hər iki tərəf bu istiqamətdə iş aparmaq üçün zəruri imkanlardan yararlanmağın əhəmiyyətini vurğulayıb. “DQR” ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivləri”nın müzakirə edilməsi əslində seperatçıları dəstəkləmək anlamına gəlmirmi? Əlbəttə ki!

Adını demək olar ki, hər gün çəkdiyimiz Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Aİ, Avropa Şurası, İslam Konfransı Təşkilatı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bəyan edib. Dünyada sülh və sabitliyin qorunması üçün əsas qurum hesab olunan BMT-nin Təhlükəsizlik Şuranının dörd qətnaməsi münaqişədə kimin haqlı olduğunu açıq şəkildə ortaya qoyur. Üzlərini beynəlxalq hüququn “tərəfdarı” kimi təqdim edən avropalılar, ümumilikdə Qərb yaxşı yaxşı başa düşür ki, separatçılarla istənilən görüş onların dəstəklənməsi anlamına gəlir. Təasadüfi deyil ki, Dağlıq Qarabağdakı seperatçı rejim də bu kimi nümayəndə heyətlərinin işğal olunmuş bölgəyə səfərlərindən istifadə edir və “müstəqil ölkə” görüntüsünü yaratmağa çalşırlar.

Qonşumuz Gürcüstanın da torpağı işğal olunub. Dağlıq Qarabağdan fərqli olaraq Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən, həmçinin Moskvanın təzyiqi ilə bir neçə ölkə tərəfindən tanınıb. Təbii ki, dünya birliyi bu tanınmanı qəbul etmək istəmir. O da məlumdur ki, Dağlıq Qarabağ ilə Cənubi Osetiya və Abxaziyanın işğalına Qərbin münasibəti eyni deyil. Məsələ burasındadır ki, Abxaziya və Cənubi Osetiyaya Avropa Parlamentinin, yaxud da digər beynəlxalq təşkilatların üzvləri səfər etmir, seperatçıların rəhbərliyi ilə görüşmürlər. Yaxud da hansısa ölkə parlamentinin deputatları Dağlıq Qarabağdan fərqli olaraq Cənubi Osetiya və Abxaziya parlamentlərinin üzvləri ilə dostluq qrupu yaratmırlar. Elə isə Dağlıq Qarabağ münaqişəsi ilə Cənubi Osetiya və Abxaziya münaqişələri arasında hansı fərq var? Hər iki halda ortada işğal faktı var və işğalın arxasındakı ölkələr də məlumdur. Təbii ki, məsələ xristian təəssübkeşliyindədir.

Dağlıq Qarabağ münaqişəsində islamafobiya amili...

Yenə də Gürcüstan nümunəsində, eləcə də yaxın tarixin bir sıra hadisələrində bu məsələyə diqqət yetirmək istəyirik. Əminliklə söyləmək olar ki, Abxaziya və Cənubi Osetiya xristian ölkəsi olan Rusiya tərəfindən deyil, hansısa müsəlman ölkəsi tərəfindən işğal olunsaydı, Gürcüstanın ərazisi çoxdan işğaldan azad olunmuşdu. Gürcüstan məsələsində Rusiya amili ortada olduğundan məsələnin mahiyyəti bir qədər dəyişir. 1990-cı ildə Küveytin İraq tərəfindən işğalını yada salaq. 1991-ci ildə Bəsrə körfəzi müharibəsinin gedişində koalisiya qoşunları (NATO ordusu və Bəsrə körfəzi sahili dövlərlərin ordusu) tərəfindən İraq orduları məğlub edilir və Küveyt azad olunur. Təbii ki, hücum barədə BMT Təhlükəsizlik Şurası sanksiya vermişdi. NATO-ya qarşı qoyulacaq hər hansı bir iddia da yox idi. Çünki, ortada işğal faktı var idi və bu faktı aradan qaldırmaq lazım idi. Amma İraqın yerində Fransa, yaxud İngiltərə olsaydı, BMT-nin yenə də eyni qərarı verəcəyini gözləmək olardımı? İki il öncə isə Liviyaya hərbi müdaxilə barəsində BMT Təhlükəsizlik Şurasının qətnaməsi də saatlar sonra icra edilməyə başlanıldı. İndiki halda Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisi Ermənistan tərəfindən işğal olunubsa və işğal faktının aradan qaldırılmasını BMT Təhlükəszilik Şurası 4 qətnaməsi ilə tələb edirsə, qətnamələr niyə yetirilmir. Qərbdə inkarolunmaz bir xristian təəssübkeşliyi var və Dağlıq Qarabağ münaqişəsində də, xristian nümayəndə heyətlərinin Dağlıq Qarabağa səfərlərində də özünü göstərir.

İkili standartlar Qarabağ münaqişəsinin həllinə imkan vermir

Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə olan əsas amil kimi ikili standartların tətbiq olunduğu da rəsmi Bakı tərəfindən dilə gətirilib. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə beynəlxalq təşkilatları Qarabağ münaqişəsilə bağlı ikili standartlarla işləməkdə ittiham edib. Həmin çıxışlardan birini yada salaq:"BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar var. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir".

Təəssüf doğuran məqam odur ki, bəzi Qərb dövlətləri, xüsusilə, ATƏT-ə üzv olan dövlətlər, beynəlxalq təşkilatlar, elə həmsədr dövlətlər də son zamanlar iyirmi birinci əsrdə dünyada gedən prosesləri təhlil edərək bu münaqişəyə özlərinin qurub yaratdıqları beynəlxalq hüquq çərçivəsində yanaşırlar. Müxtəlif yollarla Ermənistan tərəfini dəstəkləmək, onunla müxtəlif gizli danışıqlar aparmaq, müxtəlif təkliflər vermək, müxtəlif nazirləri bir yerə yığıb protokollar imzalatmaq ümumi işə, yəni Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmir. Qərb çox yaxşı başa düşür ki, Ermənistan münaqişəyə görə məsuliyyət daşıyır və cavab verməlidir. Məhz bu yanaşma qəti şəkildə ortaya qoyulması ilə münaqişənin həllinə də asanlıqla nail olmaq olar. “Siz razılaşın, biz də dəstəkləyək”, - çağırışı isə münaqişəni həll etmək deyil, işğalçı Ermənistanın qol-qanad açmasına hesablanıb.

Dünyanın bir sıra bölgələrindəki münaqişələrə aktiv şəkildə qatılan NATO-nun ikili standartlardan çıxışı Dağlıq Qarabaş münaqişsində də özünü göstərir. NATO-ya üzv dövlətlərin maraqlarını qorumaq üçün qurum istədiyi zaman hədəf dövləti nüvə və kimyəvi silah əldə etmək istədiyini, beynəlxalq terrorizmə dəstək verdiyini iddia edərək bu dövlətlərə qarşı hərbi əməliyyatlar təşkil edə bilir. Nəticədə isə işğal edilən dövlətlərin əslində nüvə silahı olmadığı və beynəlxalq terrorizmə dəstək verəcək gücdə olmadığı bəlli olur.
Qərb Əfqanıstandakı işğalçı qüvvələr üçün tranzit ölkə olan Azərbaycan ilə əməkdaşlıq edən NATO, faktiki olaraq bunun ərazi bütövlüyünün təmin edilməsi üçün müxtəlif maneələr yaratmaqdadır. Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizi 20 ildən artıqdır ki, işğal altında saxlayır, amma NATO ona qarşı hətta iqtisadi və siyasi sanksiyalar belə tətbiq etmək istəmir, əksinə bu ölkə ilə əməkdaşlığını genişləndirir və dəstək olur. Beləliklə də, Qərb dövlətlərinin və NATO-nun bu məsələ ilə bağlı ikili standart həyata keçirməsi beynəlxalq aləmdə yaşanan ədalətsizliyin, beynəlxalq hüquqdakı çatışmazlıq və problemlərin hələ davam etdiyini göstərir.

Demokratik dəyərlərin pərdələdiyi çirkin maraqlar

İkili standartlar təkcə Dağlıq Qarabağ ilə bağlı deyil, Qərbin demokratiyaya “sadiqliyi”ndə də özünü göstərir. Qərbdən demokratiya ilə bağlı səslənən bəyanatlar dünya ictimaiyyətində şübhələri hər keçən gün daha da artırır.

Şübhələnmək üçün də kifayət qədər əsaslar var. Fevral ayının 18-də Ermənistanda keçirilən prezident seçkilərinin hansı formada keçirildiyi barədə əlavə danışmağa ehtiyac yoxdur. Xalqın səslərinin oğurlandığı, Sarkisyanın isə Moskva tərəfindən təyin edildiyi Qərbin gözü qarşısında baş verdi. Amma Qərbin müşahidə missiyası “xırda qüsurların olmasına baxmayaraq, seçkiləri irəliyə doğru atılmış addım” kimi dəyərləndirdi. Azərbaycanla bağlı isə balaca bir bəhanə axtarırlar ki, hakimiyyətin demokratiyaya “arxa çevirdiyini” dünyaya car çəksinlər. Bu gün Yaxın Şərqdə devrilən hakimiyyətlər son vaxtlara kimi bir Qərbin əsas müttəfiqləri idi. Amma birdən-birə həmin hakimiyyətlər “antidemokratik” oldular. Qərbin nə düşünməsindən asılı olmayaraq, əminliklə söyləmək olar ki, Qərbdə insan haqları heç də Azərbaycandan yaxşı qorunmur. Dağlıq Qarabağa seperatçılarına baş çəkən avropalı deputatların demokratik dəyərlərə, beynəlxalq hüquqa “sadiqliyi” də onların çirkin maraqlarından kənara çıxmır.

Ömər Əmirov
Publika.az

Hiç yorum yok: