Translate

21 Ocak 2013 Pazartesi

“AZƏRBAYCAN TƏKCƏ ERMƏNİSTANLA MÜHARİBƏYƏ HAZIRLAŞMIR...”



Rusiyada nəşr olunan “Hərbi icmal” jurnalı: “Dünya xəritəsində “Böyük Azərbaycan” yarana bilər...”
“Bölgədə Azərbaycanın iki güclü müttəfiqi var - Türkiyə və İsrail”


Rusiyanın “Hərbi icmal” adlı jurnalında “Azərbaycan kiminlə savaşa hazırlaşır?” başlıqlı məqalə dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycan özünün hərbi qüdrətini artırmaqda davam edir və bu, ölkənin xarici siyasətində də özünü göstərməyə başlayıb.

Analitik məzmunlu yazıda deyilir: “2012 - Qlobal hərbiləşmə indeksi”nə (GMİ) əsasən, Azərbaycan dünyanın ən hərbiləşdirilmiş ölkələrindən biridir. Bu reytinq 1990-cı ildən Bonn Beynəlxalq Konversiya İnstitutu (BICC) tərəfindən 149 dövlətdən alınan məlumatlar əsasında tərtib edilir. Hərbi xərclərə UDM-nin 5.7 faizini yönəldən Azərbaycan bu siyahıda 8-ci yerdə qərar tutub (Müqayisə üçün, ABŞ-da bu rəqəm 4.7, Rusiyada isə 3.02-dir)". (http://topwar.ru/23115-s-kem-sobiraetsya-voevat-azerbaydzhan).

Daha sonra müəllif başlığa çıxarılmış suala cavab verməyə çalışır: “Azərbaycan kiminlə döyüşə hazırlaşır? Aydındır ki, ən birinci məqsəd Dağlıq Qarabağdır. Azərbaycan Ordusu qüvvətləndikcə ölkənin siyasətçiləri və ictimaiyyətinin danışıq tonu da aqressiv xarakter almaqdadır. Bu, çox təhlükəlidir, çünki ordunun gücü ilə xarici siyasət problemini həll eləmək meyli yaranır. Vəziyyəti ağırlaşdıran həm də odur ki, region bütövlükdə güclü sabitsizliyə məruz qalıb və situasiya pisləşməkdə davam edir. Bakı "bulanıq suda balıq tutmağa" risklənə bilər. Nəzərə almaq lazımdır ki, bölgədə Azərbaycanın iki güclü müttəfiqi var. Türkiyə Azərbaycana dəstək verə bilər, özü də təkcə siyasi və mənəvi planda yox, həm də Ermənistana qarşı və öz potensialı ilə həm də Rusiya və İrana qarşı. İkinci güclü müttəfiq İsraildi. İsrail İran məsələsinə görə Azərbaycanın silahlı qüvvələrinin və hərbi-sənaye kompleksinin güclənməsində maraqlıdır. Bundan əlavə, Bakının qlobal əhəmiyyətli “çətiri” var - o, ABŞ və NATO ilə fəal şəkildə əməkdaşlıq edir".

Məqalədə ardınca iddia edilir ki, Bakının Dağlıq Qarabağ problemini həll eləmək və 1991-94-cü illərdəki hərbi məğlubiyyətə görə revanş götürmək həvəsi nə qədər güclüdürsə, bölgədə situasiya da bir o qədər pisdir: “Hazırda Azərbaycan hərbi quruculuq sahəsində Ermənistanı ciddi şəkildə üstələyib. Bakının ritorikası son zamanlar Qafqazda yeni müharibənin başlanması baxımından təhlükə kəsb eləməkdədir. Belə ki, ötən ilin fevralında Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın qəvi düşməni İsraildən 1.6 milyard dollarlıq silah-sursat alınmasına münasibət bildirərkən deyib ki, silah Azərbaycan torpaqlarını azad eləmək məqsədilə ələ edilib”.

Şərhdə daha sonra deyilir: “2012-ci il dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ da, indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarıdır, uydurma Ermənistan dövləti tarixi Azərbaycan ərazilərində yaradılıb və indi də ikinci uydurma erməni dövləti qurmaq istəyirlər. "Zaman yetişəcək ki, biz istənilən yolla öz ərazi bütünlüyümüzü təmin edəcəyik. Həm tarixi ədalət, həm də beynəlxalq hüquq bizə belə haqqı tanıyır", - söyləyib dövlət başçısı. Bu isə faktiki olaraq müharibə deməkdir, hansı ki, artıq heç əlçatmaz da deyil".

Ancaq müəllifə görə, Azərbaycan yalnız Ermənistanla müharibəyə hazırlaşmır: “Uzaq (hətta orta-yaxın) perspektivdə onun İran və Rusiya ilə də konflikti ola bilər. Düşünmək lazım deyil ki, belə müharibə mümkünsüzdür. Çoxmu insan 2008-ci ildəki Rusiya-Gürcüstan hərbi konfliktini proqnozlaşdırırdı? Rusiya Azərbaycan-Ermənistan konfliktinə avtomatik şəkildə, müharibə eləmək istəyi olmadan belə cəlb olunacaq... Rusiyanın Azərbaycanla toqquşması isə öz növbəsində Kremli Türkiyə ilə münaqişə vəziyyətinə gətirə bilər. Azərbaycanla və tanınmamış "DQR"lə sərhəddə vəziyyət isə olduqca gərgindir".

Məqalədə həmçinin İran təhlükəsi ilə bağlı Bakının öz hərbi-dəniz qüvvələrini gücləndirməsinə diqqət çəkilir: “Bu, ikinci dərəcəli məsələ hesab edilmir. Çünki dənizdə Azərbaycanın iki potensial rəqibi var - İran və Rusiya... Azərbaycanda rus hərbi mövcudluğunun son qalığının - Qəbələ RLS-in ləğvi də təsadüfi deyil. Beləcə, Bakı öz qəti geosiyasi seçimini Rusiyanın potensial rəqibləri olan ABŞ, NATO və Türkiyənin xeyrinə eləmiş oldu. Aydındır ki, Azərbaycanda rus hərbçilərinin varlığı Qərb üçün arzu olunan deyil. Bu kontekstdə azərbaycanlı deputatların ölkənin adını "Şimali Azərbaycan"a dəyişmək təklifləri də diqqətdən yayınmır. Azərbaycan Qərbin dəstəyi olmadan özündən qat-qat güclü İranı qıcıqlandıra bilməzdi. Bununla da işarə vurulur ki, İranın parçalanacağı halda Bakı onun etnik azərbaycanlılar yaşayan ərazisinə iddialıdır. İş ondadır ki, azərbaycanlılar İranda əhalinin etnik say etibarı ilə müxtəlif dəyərləndirmələrə görə, 16-45 faiz təşkil edir və əsasən də Güney Azərbaycanda yaşayırlar (Qərbi Azərbaycan, Şərqi Azərbaycan vilayətləri, Zəncan, Ərdəbil mahalları). İranın əhalisi 80 milyon nəfərə yaxın, Azərbaycanın isə 9 milyondur. İranın parçalanması planı baş tutarsa, dünya xəritəsində “Böyük Azərbaycan” yarana bilər. Belə ki, İran Azərbaycanı ərazicə də, əhali sayı etibarilə də paytaxtı Bakı olan eyni adlı dövlətdən çox böyükdür. Qərb “şans” versə, yəqinliklə demək olar ki, Azərbaycan rəhbərliyi İran İslam Respublikasının etnik və doğma ərazilərini birləşdirməyə çalışacaq".

İcmalda qeyd edilir ki, Bakının İranın bölünməsində iştirakı hətta Dağlıq Qarabağ uğrunda müharibədən də önəmlidir: “Tehran hazırda Ermənistana energetik, qismən də nəqliyyat təcridindən qurtulmağa kömək edir. Müasir İranın məhvindən sonra Qarabağ probleminin həlli isə asanlaşa bilər. Bundan ötrü Rusiya ilə konfliktin informasiya bazası hazırlanır. Belə ki, sabiq dövlət müşaviri Vəfa Quluzadə bəyan edib ki, Azərbaycanın bir nömrəli düşməni Rusiyadır. Onun sözlərinə görə, "Rusiyanın dağılması Azərbaycana öz ərazi bütövlüyünü müharibəsiz bərpa eləmək imkanı verəcək", çünki Ermənistanın bu halda müqavimət göstərməsi tam mənasız olacaq..."

Məqalədə həmçinin hazırda Rusiyanın rəsmi Bakıya effektli təzyiq rıçaqlarının olmamasından yana təəssüf vurğulanıb.

Jurnalın analitik yazısında yer almış bəzi məqamlarla razılaşmaq şübhəsiz, çətindir. Onlardan biri Azərbaycanın müasir silahlar hesabına öz ordusunu gücləndirməsi və hərbi xərcləri ilbəil artırması ilə bağlıdır. Sual ortaya çıxır, ərazisinin 20 faizi işğal altında olan ölkə aparılan 19 illik sülh danışıqlarının da vaxt uzatmağa xidmət etdiyini görüb nə etməlidir bəs? Dünyanın hansı normal ölkəsi işğala on illərlə dözər?

Yaxud belə bir iddia ki, Azərbaycan ordusunu gücləndirməklə öz xarici siyasət problemini həll eləmək həvəsinə düşə bilər. Pardon, Dağlıq Qarabağ Azərbaycan üçün xarici siyasət problemi deyil, olmayıb. Bu, daxili, ərazi bütövlüyü, suverenlik problemidir. Ən azından BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsi, Avropa Şurasının, Avroparlamentin, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri bunu inamla söyləməyə əsas verir...

Zahid SƏFƏROĞLU

Hiç yorum yok: