Translate

21 Ocak 2013 Pazartesi

“AZƏRBAYCAN TƏKCƏ ERMƏNİSTANLA MÜHARİBƏYƏ HAZIRLAŞMIR...”



Rusiyada nəşr olunan “Hərbi icmal” jurnalı: “Dünya xəritəsində “Böyük Azərbaycan” yarana bilər...”
“Bölgədə Azərbaycanın iki güclü müttəfiqi var - Türkiyə və İsrail”


Rusiyanın “Hərbi icmal” adlı jurnalında “Azərbaycan kiminlə savaşa hazırlaşır?” başlıqlı məqalə dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycan özünün hərbi qüdrətini artırmaqda davam edir və bu, ölkənin xarici siyasətində də özünü göstərməyə başlayıb.

Analitik məzmunlu yazıda deyilir: “2012 - Qlobal hərbiləşmə indeksi”nə (GMİ) əsasən, Azərbaycan dünyanın ən hərbiləşdirilmiş ölkələrindən biridir. Bu reytinq 1990-cı ildən Bonn Beynəlxalq Konversiya İnstitutu (BICC) tərəfindən 149 dövlətdən alınan məlumatlar əsasında tərtib edilir. Hərbi xərclərə UDM-nin 5.7 faizini yönəldən Azərbaycan bu siyahıda 8-ci yerdə qərar tutub (Müqayisə üçün, ABŞ-da bu rəqəm 4.7, Rusiyada isə 3.02-dir)". (http://topwar.ru/23115-s-kem-sobiraetsya-voevat-azerbaydzhan).

Daha sonra müəllif başlığa çıxarılmış suala cavab verməyə çalışır: “Azərbaycan kiminlə döyüşə hazırlaşır? Aydındır ki, ən birinci məqsəd Dağlıq Qarabağdır. Azərbaycan Ordusu qüvvətləndikcə ölkənin siyasətçiləri və ictimaiyyətinin danışıq tonu da aqressiv xarakter almaqdadır. Bu, çox təhlükəlidir, çünki ordunun gücü ilə xarici siyasət problemini həll eləmək meyli yaranır. Vəziyyəti ağırlaşdıran həm də odur ki, region bütövlükdə güclü sabitsizliyə məruz qalıb və situasiya pisləşməkdə davam edir. Bakı "bulanıq suda balıq tutmağa" risklənə bilər. Nəzərə almaq lazımdır ki, bölgədə Azərbaycanın iki güclü müttəfiqi var. Türkiyə Azərbaycana dəstək verə bilər, özü də təkcə siyasi və mənəvi planda yox, həm də Ermənistana qarşı və öz potensialı ilə həm də Rusiya və İrana qarşı. İkinci güclü müttəfiq İsraildi. İsrail İran məsələsinə görə Azərbaycanın silahlı qüvvələrinin və hərbi-sənaye kompleksinin güclənməsində maraqlıdır. Bundan əlavə, Bakının qlobal əhəmiyyətli “çətiri” var - o, ABŞ və NATO ilə fəal şəkildə əməkdaşlıq edir".

Məqalədə ardınca iddia edilir ki, Bakının Dağlıq Qarabağ problemini həll eləmək və 1991-94-cü illərdəki hərbi məğlubiyyətə görə revanş götürmək həvəsi nə qədər güclüdürsə, bölgədə situasiya da bir o qədər pisdir: “Hazırda Azərbaycan hərbi quruculuq sahəsində Ermənistanı ciddi şəkildə üstələyib. Bakının ritorikası son zamanlar Qafqazda yeni müharibənin başlanması baxımından təhlükə kəsb eləməkdədir. Belə ki, ötən ilin fevralında Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın qəvi düşməni İsraildən 1.6 milyard dollarlıq silah-sursat alınmasına münasibət bildirərkən deyib ki, silah Azərbaycan torpaqlarını azad eləmək məqsədilə ələ edilib”.

Şərhdə daha sonra deyilir: “2012-ci il dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ da, indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarıdır, uydurma Ermənistan dövləti tarixi Azərbaycan ərazilərində yaradılıb və indi də ikinci uydurma erməni dövləti qurmaq istəyirlər. "Zaman yetişəcək ki, biz istənilən yolla öz ərazi bütünlüyümüzü təmin edəcəyik. Həm tarixi ədalət, həm də beynəlxalq hüquq bizə belə haqqı tanıyır", - söyləyib dövlət başçısı. Bu isə faktiki olaraq müharibə deməkdir, hansı ki, artıq heç əlçatmaz da deyil".

Ancaq müəllifə görə, Azərbaycan yalnız Ermənistanla müharibəyə hazırlaşmır: “Uzaq (hətta orta-yaxın) perspektivdə onun İran və Rusiya ilə də konflikti ola bilər. Düşünmək lazım deyil ki, belə müharibə mümkünsüzdür. Çoxmu insan 2008-ci ildəki Rusiya-Gürcüstan hərbi konfliktini proqnozlaşdırırdı? Rusiya Azərbaycan-Ermənistan konfliktinə avtomatik şəkildə, müharibə eləmək istəyi olmadan belə cəlb olunacaq... Rusiyanın Azərbaycanla toqquşması isə öz növbəsində Kremli Türkiyə ilə münaqişə vəziyyətinə gətirə bilər. Azərbaycanla və tanınmamış "DQR"lə sərhəddə vəziyyət isə olduqca gərgindir".

Məqalədə həmçinin İran təhlükəsi ilə bağlı Bakının öz hərbi-dəniz qüvvələrini gücləndirməsinə diqqət çəkilir: “Bu, ikinci dərəcəli məsələ hesab edilmir. Çünki dənizdə Azərbaycanın iki potensial rəqibi var - İran və Rusiya... Azərbaycanda rus hərbi mövcudluğunun son qalığının - Qəbələ RLS-in ləğvi də təsadüfi deyil. Beləcə, Bakı öz qəti geosiyasi seçimini Rusiyanın potensial rəqibləri olan ABŞ, NATO və Türkiyənin xeyrinə eləmiş oldu. Aydındır ki, Azərbaycanda rus hərbçilərinin varlığı Qərb üçün arzu olunan deyil. Bu kontekstdə azərbaycanlı deputatların ölkənin adını "Şimali Azərbaycan"a dəyişmək təklifləri də diqqətdən yayınmır. Azərbaycan Qərbin dəstəyi olmadan özündən qat-qat güclü İranı qıcıqlandıra bilməzdi. Bununla da işarə vurulur ki, İranın parçalanacağı halda Bakı onun etnik azərbaycanlılar yaşayan ərazisinə iddialıdır. İş ondadır ki, azərbaycanlılar İranda əhalinin etnik say etibarı ilə müxtəlif dəyərləndirmələrə görə, 16-45 faiz təşkil edir və əsasən də Güney Azərbaycanda yaşayırlar (Qərbi Azərbaycan, Şərqi Azərbaycan vilayətləri, Zəncan, Ərdəbil mahalları). İranın əhalisi 80 milyon nəfərə yaxın, Azərbaycanın isə 9 milyondur. İranın parçalanması planı baş tutarsa, dünya xəritəsində “Böyük Azərbaycan” yarana bilər. Belə ki, İran Azərbaycanı ərazicə də, əhali sayı etibarilə də paytaxtı Bakı olan eyni adlı dövlətdən çox böyükdür. Qərb “şans” versə, yəqinliklə demək olar ki, Azərbaycan rəhbərliyi İran İslam Respublikasının etnik və doğma ərazilərini birləşdirməyə çalışacaq".

İcmalda qeyd edilir ki, Bakının İranın bölünməsində iştirakı hətta Dağlıq Qarabağ uğrunda müharibədən də önəmlidir: “Tehran hazırda Ermənistana energetik, qismən də nəqliyyat təcridindən qurtulmağa kömək edir. Müasir İranın məhvindən sonra Qarabağ probleminin həlli isə asanlaşa bilər. Bundan ötrü Rusiya ilə konfliktin informasiya bazası hazırlanır. Belə ki, sabiq dövlət müşaviri Vəfa Quluzadə bəyan edib ki, Azərbaycanın bir nömrəli düşməni Rusiyadır. Onun sözlərinə görə, "Rusiyanın dağılması Azərbaycana öz ərazi bütövlüyünü müharibəsiz bərpa eləmək imkanı verəcək", çünki Ermənistanın bu halda müqavimət göstərməsi tam mənasız olacaq..."

Məqalədə həmçinin hazırda Rusiyanın rəsmi Bakıya effektli təzyiq rıçaqlarının olmamasından yana təəssüf vurğulanıb.

Jurnalın analitik yazısında yer almış bəzi məqamlarla razılaşmaq şübhəsiz, çətindir. Onlardan biri Azərbaycanın müasir silahlar hesabına öz ordusunu gücləndirməsi və hərbi xərcləri ilbəil artırması ilə bağlıdır. Sual ortaya çıxır, ərazisinin 20 faizi işğal altında olan ölkə aparılan 19 illik sülh danışıqlarının da vaxt uzatmağa xidmət etdiyini görüb nə etməlidir bəs? Dünyanın hansı normal ölkəsi işğala on illərlə dözər?

Yaxud belə bir iddia ki, Azərbaycan ordusunu gücləndirməklə öz xarici siyasət problemini həll eləmək həvəsinə düşə bilər. Pardon, Dağlıq Qarabağ Azərbaycan üçün xarici siyasət problemi deyil, olmayıb. Bu, daxili, ərazi bütövlüyü, suverenlik problemidir. Ən azından BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsi, Avropa Şurasının, Avroparlamentin, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri bunu inamla söyləməyə əsas verir...

Zahid SƏFƏROĞLU

19 Ocak 2013 Cumartesi

QANLI YANVAR – XALQIMIZIN QAN YADDAŞI




Azərbaycan xalqının azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə mübarizə tarixinə 1990-cı il 20 yanvar gecəsi daha bir şərəfli gün kimi daxil oldu. Ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə çıxış edən Ermənistanın təcavüzkar siyasətinə qarşı kəskin etiraz bildirən və SSRİ rəhbərliyinin ermənilərə haqsız olaraq himayədarlıq etməsinə hiddətlənən xalqımız paytaxt Bakının küçə və meydanlarına çıxaraq tapdalanmış hüquqlarını tələb etməyə başladı.

Etiraz dalğası ölkəmizin, demək olar ki, bütün regionlarını əhatə etməyə başlamışdı. Əsas 11 rayonda izdihamlı mitinqlər təşkil edildi. Dağlıq Qarabağın Ermənistana birləşdirmə cəhdləri, erməni terror və quldur birləşmələrinin Azərbaycan kəndlərinə vəhşicəsinə basqını, silahsız və günahsız soydaşlarımızın qətlə yetirilməsi, yüzminlərlə soydaşımızın öz qədim yurdundan - Qərbi Azərbaycan torpaqlarından işgəncələrlə qovulması xalqımızın “səbrini daşdırmış” və insanlar meydanlara axın etmişdilər.

SSRİ rəhbərliyi yerli əlaltılarının köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şəraiti tapa bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 24-dən “ Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanıldı. Fövqəladə vəziyyətin, komendant saatının vaxtında elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi. Ona görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olunduğu təqdirdə orduya müqavimət göstərmədən piketləri götürmək haqqında qərar qəbul etmişdi. Lakin eyni zamanda, piketçilər Moskvanın və respublika rəhbərliyinin səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar.

Xalqın məlumatlandırılmaması üçün yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də gecəyarıdan başlayacağının elan olunmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı” kimi həyata keçirilən bu qanlı hərbi plana SSRİ müdafiə naziri D.Yazov birbaşa özü rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əskərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda adamları avtomat silahdan atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik stansiyalarının işçiləri küçə fənərlərini söndürmüşdülər.

Lakin qaçıb müxtəlif sığınacaqlarda gizlənən adamlar döyüş texnikasının projektorlarının köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Sovet hərbçiləri təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi personalın yaralılara köməyə getməsinə mane olurdular.

Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 137 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmışdı. 400 nəfərdən çox insan həbs olunmuş, 4 nəfər itkin düşmüşdü. Evlər yandırılmış, ictimai və şəxsi nəqliyyat vasitələrinə böyük maddi ziyan dəymişdi. Fövqəladə vəziyyət haqqında fərman yanvarın 20-də saat 7-də elan olunmuşdu. Qanlı Yanvara etiraz olaraq respublikada 40 günlük ümummmilli tətil başlandı. Azərbaycanda yüksək vəzifə sahibi olanlar xalqa kömək etmək, ona arxa olmaq əvəzinə, vəzifə kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Bir sıra qabaqcıl ziyalılar yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdilər. Ziyalıların səsini boğmaq, onları qorxutmaq üçün bu mitinqin iştirakçısı olan iki görkəmli elm xadimi, professor işə gedərkən tankın altına salınıb məhv edildi. SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın keçirdiyi əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşun hissələrinin Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslavakiya, Macarıstan, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni Sovet İttifaqının müttəfiq respublikalarından biri oan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Hərbi müdaxilənin daha amansız olması üçün qoşun birləşmələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi.

“Şit” təşkilatına mənsub müstəqil hərbi ekspertlərin hesabatından bəlli olur ki, Bakıya yeridilmiş qoşun kontingentinin sayı 60 minə çatırdı. Onlar “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər. “Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir, ektremistlər Salyan kazarmalarının (Bakıda əsas qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər, Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”- kimi fikirlər sovet generallarının əsgərlərə verdiyi göstərişlər idi.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Güya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində hadisələrin eybəcər gedişatı onu sübut etdi ki, Sovet rəhbərliyinin gəldiyi bu “qənaət” tamamilə ağ yalan və hiyləgərliyin göstəricisi idi. Məsələ ondadır ki, əgər sovet rəhbərliyinin iddiaları həqiqət olsaydı belə, Bakıya 60 minlik qoşun göndərməyə ehtiyac yox idi.Çünki, həmin vaxt burada daxili qoşunların 12 minlik əsgəri və Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Yəni bütün bunlar Sovet rəhbərliyinin göstərdiyi amansız şou idi və xalqın silahsız olduğunu görəndən sonra belə ordu öz vətəndaşlarına qarşı terror etməkdən çəkinmədi.

Həmin gün xalqımız ən ağır günlərini yaşayırdı. Vahimə içində hadisələrin gedişatını həyəcanla izləyən kütlə nə edəcəyini də doğru-dürüst anlamırdı. Yaşanan şok və 70 il qardaş və xilaskar obrazı kimi xalqa təbliğ edilmiş bir ordunun belə qırğın törətməsi inandırıcı deyildi. Lakin fakt faktlığında qalırdı ki, Sovet İttifaqı artıq etibarını və əvvəlki imicini itirmişdi.
Yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda iştirak etdi. Bu ağır günlərdə böyük siyasətçi xalqla bir yerdə olduğunu bildirərək, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Bu tarixi çıxışın mətni respublikada, bütün dünyada geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin, doğma oğlunun onunla olduğunu, onu cəsarətlə müdafiə ediyini gördü, bir daha ürəkləndi.
Bakı şəhəri və bütün Azərbaycan, fövqəladə vəziyyətin olmasına baxmayaraq, yanvarın 22-də şəhidlərlə vidalaşdı. Şəhər matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu. “ Azadlıq” meydanında böyük izdihamlı matəm mitinqi keçirildi. Mitinqdə milyondan artıq insan iştirak edirdi. Bu görünməmiş izdiham idi. Azərbaycan xalqı ilk dəfə idi ki, belə böyük etiraz səsini ucaldan izdihamın şahidi olurdu. Tarixən böyük dövlətlər yaratmış xalqımız sovet müstəmləkəsinə çevriləndən sonra ilk dəfə idi ki, öz haqq səsini belə ucaldırdı.

O gün, hamı bir yumruq kimi Vətənin dərdini bölüşmək üçün meydana axın-axın gəlirdi. Gurultulu, emosional, milləti milli mübarizəyə səsləyən bəyanat və çıxışlar eşidilirdi. Küçələrdə, Azərbaycan KP Mərkəzi Komitəsinin binasının divarlarında “Qorbaçov cəlladdır!”, “ Rədd olsun Sov. İKP!”, “ İşğalçılar, rədd olub gedin!” və s. kimi şüarlar yazılmışdı. Partiya biletlərindən tonqallar qalanırdı. Şəhidlər izdihamın müşayəti ilə şəhərin ən hündür nöqtəsində—Dağüstü Parkda dəfn edildilər. Xalq dəfn mərasimində iştirak etdi. Hamı bir nəfər kimi şəhidlərimizin layiqli şəkildə torpağa tapşırılması üçün əsl milli qeyrət nümayiş etdirdi. Görünməmiş hadisədir ki, 40 gün ərzində xiyabanı 22 milyondan artıq insan ziyarət edirdi. Bütün bölgələrimizdən olan vətəndaşlarımız şəhidlərimizlə vidalaşmağa gəlmişdilər. Hətta elə insanlarımız da var idi ki, hər gün oranı ziyarətə gəlirdi. Bu birlik ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqəti uğrunda canlarından keçən Vətən övladlarının şərəfinə idi. Hansı ki, bu günkü müstəqilliyimizin birbaşa səbəkarları məhz onlar idi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan millətimizin həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

SSRİ rəhbərliyi öz bədnam cinayətkar əməllərindən peşman olmaqdansa hadisələri təhrif etmək və dünyaya yalan informasiya çatdırmaq yolunu tutmuşdu. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutduğu bir vəziyyətdə o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq - mühafizə orqanlarına qarşı qaldırmaqdır”. Bu da öz növbəsində Mərkəzin başında duranların və onlara canla-başla xidmət edənlərin iç üzünü bir daha üzə çıxartdı.

“Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materiallarının 69 cildi Bakıdan Moskvaya,keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu qiyməti almayıb. Ümumxalq matəm günü elan edilmiş hər il yanvarın 20-də başda cənab Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan rəhbərliyi, ölkədəki diplomatik korpusun təmsilçiləri, bütün ictimai sektoru təmsil edən fəallar, vətəndaşlar faciə nəticəsində həlak olmuş insanların dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edir.

20 Yanvar qətliamının ildönümlərində Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də kənd və qəsəbələrində dövlət bayraqları matəm əlaməti olaraq endirilir, Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, bütün gəmilər, avtomobillər və qatarlar siqnal verir.

İstiqlal tariximizin şərəfli səhifəsi olan 20 Yanvar günü Vətənimizin azadlığı uğrunda hayqırtısı idi. Bu hayqırtını, bu səsi boğmağa çalışsalar da şəhidlərimiz buna imkan vermədilər. Azərbaycan şəhidi mərdlik, cəsarət mücəssəməsi olmasını sübut etdi. Onlar sübut etdilər ki, azadlığı heç bir xalqa qızıl nimçədə hədiyyə vermirlər. Onu qazanmaq üçün vuruşmaq, mübarizə aparmaq lazımdır. Biz bir xalq kimi öyünə bilərik ki, belə şəhidlərimiz var. Bu torpaqdan ötrü kifayət qədər canından keçən oğul və qızlarımız var. İllər keçdikcə dəyişən nəsil üçün nümunəvi vətənpərvərlik məktəbimiz var.

“Xalq qəzeti”

16 Ocak 2013 Çarşamba

45 MİN ADAMA PUL XƏRCLƏYƏN AZƏRBAYCANLI KİMDİR ?

Media onu “cənub dənizlərinin sahibi” adlandırır. “Forbes” isə 1,3 mlrd. dollar varidatın sahibi kimi bu şəxsi öz siyahısına daxil edib. Türkiyədə onun şirkətini türk, Rusiyada rus, Azərbaycanda Azərbaycan şirkəti kimi tanıyırlar. Söhbət vaxtilə Volqa çayında uzağı 3 min ton maye yanacaq daşımaq gücünə malik olan, hazırda bu rəqəmi okean və dənizlərdə 30 milyon tona çatdıran, 2007-ci ildə Türkiyə vətandaşlığını qəbul edən “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovdan gedir. O, Mənsimov ki, 14 il əvvəl Türkiyəyə sərmayə qoyarkən bəlkə özü belə bir gün bazar dəyəri 6-7 milyard dollarla ölçülən holdinqə sahib olacağını ümid etmirdi.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində sizi “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun həyat hekayəsi ilə tanış edir.


9 uşaqlı ailə, hərbiçi həyatı 

Mübariz Mənsimov 1968-ci il martın 22-də Bakıda anadan olub. 6 qız, 3 oğlandan ibarət 9 uşaqlı kasıb ailədə böyüyüb. Uşaqlıq illərində atasının istəyi ilə C.Naxçıvanski adına hərbi məktəbə qəbul olunub. Burada təhsilini başa vurduqdan sonra Rostov İqtisadiyyat Universitetində təhsilini davam etdirib. Paralel olaraq Xəzər Dəniz Gəmiçiliyi İdarəsində çalışıb. Hərbi xidmətdə olarkən daxili kəşfiyyat sahəsinin sirlərini öyrənib. Sovet daxili kəşfiyyatında müxtəlif vəzifələrdə çalışıb. 1985-ci ildə Şərqi Almaniyaya göndərilib. Lakin 1989-cu ildə erməni generalla etdiyi mübahisənin sonucu olaraq, əsgərlik həyatına son verib. Mənsimov özü isə o dövr haqqında belə deyir:

"Sovet Ordusu tarixində Berlin divizyonunda daxili kəşfiyyat zabiti olaraq, vəzifə yerinə yetirən ilk azərbaycanlı və ilk qafqazlı mən idim”.

Hərbi karyerasına son qoyduqdan sonra M.Məsimov 1,6 il gəmilərdə aşpazlıq edib. Əslində bu işi onun iş dünyasına qatılmasının başlanğıcı hesab etmək olar. Məhz aşpazlıq edərkən dostları ilə birlikdə gəmi kirayə götürməyə qərar verib.

Holdinq sahibliyinə gedən yol 

M.Mənsimovun dillərə dastan sərvəti Rusiyadakı özəlləşdirmənin nəticəsi kimi göstərilir. Düzdür, ilkin kapital üçün 3 yoldaşı ilə birlikdə kirayələdiyi 150 tonluq balıqçı gəmisinin də burada rolu az olmayıb. Amma iş həyatında əsaslı dönüşü Rusiyada əsən özəlləşdirmə küləyinin üstünlükləri yaradıb. M.Mənsimov özəlləşdirmə nəticəsində satışa çıxarılan gəmilərdən almağa başlayıb. Hansı ki, texniki baxımdan yaxşı vəziyyətdə olmadığından həmin gəmilərə heç kim pul vermək istəmirdi. O, dəyəri 100 dollar olan gəmiləri qəpik-quruşa - 10 dollara alırmış. Texniki çətinliklərə baxmayaraq, Mənsimov qoyduğu az sərmayə ilə gəlir götürməyi bacarıb.

1994-cü ildə işləri böyütmək üçün iki dostu ilə Türkiyəyə gəlib. “Agent 34” gəmi agentliyini alıb. 1998-ci ildə isə "Palmali" Şirkətlər Qrupunu yaradıb. Uzaq, əlçatmaz ada anlamına gələn şirkətin loqosunu isə iş adamının özü çəkib.

Onu da bildirək ki, başlanğıcda “Palmali” Türk limanlarını ziyarət edənlər də daxil olmaqla, İstanbul və Çanaqqala boğazından keçən gəmilərə agentlik xidmətləri həyata keçirib. Lakin iş adamı bununla kifayətlənməyib. Çox keçmədən öz donanmasını yaradıb. Dəniz nəqliyyatı şirkəti kimi birinci sıraya yüksəlib. Donanmasına görə isə ilk 5 şirkət arasına daxil olmağı bacarıb. Hazırda şirkət 230 gəmi ilə (170-i “Palmali”yə məxsusdur) ildə 105 mln. ton neft və neft məhsulları daşıyır. 2008-ci ildə “Palmali” gəmiləri ilə 110 milyon ton neft daşınıb. Müqayisə üçün deyək ki, Rusiyada ən böyük tanker şirkəti olan “Novoşip” ildə 60 mln. ton neft daşıyır.

45 min işçiyə əməkhaqqı verir  

Məsələ təkcə rəqəmlərdə deyil. “Palmali” geopoliotik səhnədə də vacib rol oynayır. O Qərb istehlakçılarının Rusiya, Türkmənistan, Qazaxıstan, Azərbaycan, ümumilikdə Xəzər bölgəsinin enerji resurslarına çıxışını təmin edir. Şirkətlər qrupunun 21 ölkədə ofisi var. Tabeliyindəki 28 min nəfər işçi təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətləri də hesaba qatanda M.Mənsimov ayda 45 min işçiyə əməkhaqqı verir.

Türkmən, qazax, rus və Azərbaycan yanacağı Qərb bazarlarına necə nəql olunur?

“Palmali” “Lukoyl”, “Rosneft”, “TNK-BP”, Qazaxıstan “Kazmunayqaz” və s. neft şirkətləri ilə əməkdaşlıq edir. Rusiyanın “Lukoyl” şirkəti ilə müqavilə 1998-ci ildə imzalanıb. "Palmali"nin 129 gəmisi o zaman Aralıq dənizi, Ağ dəniz, Qara dəniz arasında Rusiya neftinin 75 faizini daşıyırdı. 2007-ci ilin yayında isə Dövlət Neft Şirkəti ilə Xəzər yataqlarından neft kəməri vasitəsilə Novorossiysk, Supsa və Ceyhan limanlarına daxil olan neftin nəqli barədə müqavilə imzalanıb. İllik həcm 25 mln. ton təşkil edirdi. Onu da bildirək ki, Azərbaycan hökuməti əvvəlcə özünün iritonnajlı donanmasını yaratmağa hazırlaşırdı. Amma sonra Mənsimovun donanması üzərində dayandı. 2008-ci ilin yanvarında “Heydər Əliyev” tankeri ABŞ-a Bakı-Tiflis-Ceyhan boru kəmərinin ilk neftini daşıdı. Bununla da bölgədə daşınan neftin 80 faizi “Palmali” tərəfindən ünvana çatdırılmağa başladı.

Müşahidəçilərin fikrincə, neft satışı davam etdikcə M.Mənsimovun biznesi də böyüyəcək. Çünki iş adamı davamlı yeni razılaşmalar əldə edərək, bazar payını artırır.

“Lukoyl” və “Palmali” ortaqlığının sirləri 

Rəqibləri deyir ki, M.Mənsimovun iş həyatındakı uğurlarında Rusiyanın “Lukoyl” şirkəti ilə imzalanan müqavilənin rolu böyük olub. Belə ki, “Lukoyl”la 1998-ci ildə müqavilə imzalanarkən Mənsimovun Vahid Ələkbərovla həmyerli olmasından savayı, digər bazar iştirakçılarından heç bir üstünlüyü yox idi. Amma Mənsimov deyir ki, nüfuzlu neft maqnatı ilə yalnız “Lukoyl”la işləməyə başlayandan üç il sonra tanış olub:

“Yerli kimi onunla fəxr edirəm, amma heç vaxt ondan heç nə xahiş etməmişəm”.

İş ortaqlığına gəlincə, qeyd edək ki, “Palmali” “Lukoyl”un neftini Həştərxandan Xəzər vasitəsilə İrana çatdırırdı. Bu neft daxili ehtiyaclar üçün istifadə edilirdi. İran körfəzinin cənub limanlarından alınan yerli yanacaq isə “Lukoyl”un qərbli alıcılarına göndərilirdi. “Palmali”yə məxsus gəmilər ayda 300 min ton neft daşıyırdı. Bununla belə M.Mənsimov dəniz daşımalarını genişləndirməyi qərar aldı. Hansı ki, bunun üçün yeni gəmilər lazım olur. 1998-ci ildə ilk tanker - “Armada” yaradılır. Gəmi çayla da üzə bilərdi, yeni qurğu isə sovet tankerləri ilə müqayisədə komandanı 3 dəfə azaltmağa imkan verirdi. 2003-cü ildə “Palmali” donanması artıq 45 gəmidən ibarət idi. Onlardan 5-ni “Armada”lar təşkil edirdi. 2006-cı ilin aprelində “Palmali” “Lukoyl”dan 270 mln. dollara buzqıran tipli 10 tanker alır. Hazırda bu tankerlər Baltik dənizində hərəkət edirlər. Bu gün “Palmali”nin donanmasında əvvəllər neft şirklətinə məxsus olan 20 tanker var. Gəmilər “Palmali”yə müəyyən həcmdə nəql xidmətləri şərtilə təqdim olunub, yəni daşıyıcı tərəf təkcə tanker deyil, təminatlı sifariş də alıb.

Gəmilərin yarısı kirayədir 

Mənsimovun donanması aldığı sifarişlərin ancaq yarısını daşımağa kifayət edir. Belə ki, donanmada 70-ə yaxın kirayə gəmi var. İş adamı ildən-ilə kirayələdiyi gəmilərin sayını artırır. 2005-ci ildə “Palmali”nin kirayələdiyi gəmilərin sayı 20 olub. 2006-cı ildə bu rəqəm 60-a qalxıb. Mənsimov isə özü bu haqda belə deyir:

“Hər il donanmamıza 10-15 arası yeni gəmi qatırıq. Bir yandan da köhnələri satırıq”.

Bu arada gəmi kirayələyərkən iş adamının tərəfdaş seçimi də diqqət çəkir:

"Məsələn, birinin 30 gəmisi var, digərinin iki. Biz prioriteti iki gəmisi olana veririk. Gəmi sahibi bazarında olanlar bunu bilir. Bu məncə, ailə tərbiyəsi ilə əlaqəlidir. Ağac kökdən böyüyər. Bizə hər kəsi sevməyi öyrətdilər. Bunun zənginliklə, ya da yoxsulluqla əlaqəsi yoxdur. "

“Palmali” təkcə gəmiçilik şirkəti deyil 

“Palmali” şirkətlər qrupu özündə 48 şirkəti birləşdirir. Bura tikinti, dəniz donanması, hotelçilik, süd məhsullarının istehsalı, eləcə də media qrup daxildir. Son illər ”PalMedia" adlı şirkətin nəzdində 10 milyon dollar sərmayə ilə "Pal FM" radiosu və "Palhaber" adlı xəbər portalı da qurub. Bundan başqa, Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, Mənsimovun bu cəhdi onun inşaat sahəsində irəliləmək cəhdindən xəbər verir.

Razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcək.

Bundan əlavə, son illər iş adamı turizm sektoruna investisiya yatırır. Türkiyədə bu günə qədər Bodrum Palmalife, Palmarina və İstanbul Edition kimi layihələrə 300 milyon dollar sərmayə yatırıb. Leventdəki The İstanbul Edition oteli köhnə HSBC–nin binasıdır. İş adamı binanı satın alaraq, orada möhtəşəm hotel yaradıb. Hansı ki bu hoteldə qiymətlər 250 avro ilə 7 min 500 avro arasında dəyişir.

Yeri gəlmişkən, M.Mənsimov Antaliyada hotel açmağı düşünmür. O daha çox şəhər hoteçiliyinə maraq göstərir.

Dünyanın ən böyük gəmiçilik şirkətinin bank borcları 

Böyük biznes strukturları kimi “Palmali”nin də zaman-zaman banklara borcu olub. Səsləndirilən bəzi rəqəmlərə inansaq, 1,5 milyard dollaradək varidata qarşılıq şirkətin 50 faiz nisbətində maliyyə borcu var. Belə ki, “Palmali” öz donanması üçün “Nordbank”, “Credit Suisse”, “Credit Europe Bank” və s. banklardan borc alıb. 10 il ərzində bu kreditlərin həcmi 1 mlrd. dollara çatıb. Yeri gəlmişkən, Mənsimov son illər borcun azaldığını deyir...

Sərvəti haqqında danışmağı xoşlamır 

Milyonçu belə böyük sərvəti necə əldə etdiyi barədə danışmağı xoşlamayanlardandır. Bu haqda sadəcə belə deyir:

“İşləri böyütməyimdə əlaqələrimizin təsiri olmadığını söyləyə bilmərəm. Risk etdim və kimdənsə dəstək gördüm. Hər iş adamı kimi”.

Qeyd edək ki, 2010-cu ildə “Forbes” jurnalı onun adını Türkiyənin 100 ən varlı adamının siyahısına dexil edib. O, 1,3 milyard dollar varidatı ilə Türkiyənin 100 ən varlı biznesmeninin arasında 21-ci yeri tuturdu. Mənsimov siyahıda mediya maqnatı Aydın Doğanı belə qabaqlayırdı.

Mənsimovun xüsusi istehsallı avtomobilləri 

İş adamının 3 milyon avro dəyərində olduğu təxmin edilən qarajında dünyada məhdud sayda istehsal olunan Maybach 62, Rolls Royce Phantom, Bentley Sport Coupe kimi xüsusi avtomobilləri var.
Lakin nədənsə Mənsimov avtomobilləri haqqında danışmağı sevmir. Onlarla şəkil çəkdirmək isə iş adamının zövqünə ümumiyyətlə daxil deyil. Dünyanın ən bahalı və ultra lüks avtomobillərindən sayılan, şampanı soyutmaq kimi texniki imkanlara malik Maybachisi olsa da o, Range Rover sürür. Bunu gözə batmağı xoşlamaması ilə izah edir: “Sürəti sevirəm. Əsasən Ankara yolunda sürəti artırıram. Avtomobili çox vaxt özüm idarə edirəm. Ümumiyyətlə maşında tək olmağa üstünlük verirəm. Bu düşünməmə imkan verir. Sürəti artıranda isə stress atıram".

İş adamının özəllikləri

Digər milyonçular kimi M.Mənsimovun da maraqlı məşğuliyyətləri var. O, ovu, at minməyi sevir. Maraqlıdır, iş adamı gəmiçiliklə məşğul olsa da, silah kolleksiyasına marağı daha çoxdur. M.Mənsimovun ən sevdiyi yeməksə dolmadır. Mənsimova azərbaycanlılar arasında müsbət imic qazandıran bir başlıca amil də onun vətənpərvərliyidir. O, azərbaycanlılara xüsusi diqqət və qayğısı ilə seçilir. Bu sırada onun tanınmış sənətçilərimizi Türkiyəyə apararaq müalicə etdirməsi qeyd edilməklə yanaşı, ön cəbhədə ermənilərlə təkbaşına döyüşərək həlak olan milli qəhrəman Mübariz İbrahimovun nəşini ermənilərdən pulla almağa hazır olduğunu bəyan etməsi, onun adını “Palmali”yə aid gəmilərindən birinə verməklə bir daha əbədiləşdirilməsini təmin etməsi xüsusi vurğulanmalıdır...

Gündə 4 saat yatır 

Milyard dollar sərvətə rəğmən iş adamı çox çalışqandır. Gündə ən çox dörd saat yatır. Ayda ən az 120 saat uçur, bahalı risklərə qarşı zəifliyi var. Xüsusilə iş həyatında riski sevir. Bununla belə investisiya qərarlarını şirkətin idarə heyəti ilə birlikdə verdiyini söyləyir. İş həyatında ortaq sevmir, nəzarətin davamlı özündə olmasını istəyir. Tez qərar verib, tətbiq etmək tam onun istədiyi rəhbərlik tərzidir. İtirməkdən isə heç xoşlanmır.

“Mən Roman Abramoviç kimi futbol aşiqi deyiləm”

Mənsimovun digər investisiya sahəsi futboldur. Onun hazırda Azərbaycanda “Xəzər-Lənkəran” adında bir futbol klubu var:

“Azərbaycanda ayrıca sponsorluq etdiyim başqa komanda da var. Amma heç vaxt rəhbərliyində olmamışam. Mən Roman Abramoviç kimi futbol aşiqi deyiləm. Futbol komandasını da ondan çox əvvəl almışdım. Türkiyədə də “Beşiktaş”ı çox bəyənirəm. Məncə, Türkiyənin ən nüfuzlu komandasıdır. Satsalar, sevə-sevə alaram".

Leyla Əliyeva
Publika.az

14 Ocak 2013 Pazartesi

Amerikalı şərhçidən şok açıqlama: “Qərb Türkiyəni Rusiya ilə müharibəyə sürükləyir“


ABŞ tarixçisi Dr. Griffin Tarpley Türkiyə ilə bağlı şok açıqlama verib. Teleqraf.com-un türk mediasına istinadən məlumatına görə, sosial şəbəkələrdə və mediada videosu yayılan tarixçi ``Obama Ərdoğanı aldadır, türklər uduzacaq`` deyə ciddi bir iddia səsləndirib. 

O bildirib ki, bir il əvvəl İsrail xarici işlər naziri Liberman "Mavi Mərmərə"dəki davranışlarına görə Türkiyəni cəzalandırmaq üçün İsrailin PKK-nı dəstəkləyəcəyini söyləyib. Tarixçi PKK-nın NATO tərəfindən də dəstəkləndiyini deyib: "NATO-nun Yunanıstan vasitəsilə PKK-nı dəstəklədiyi barədə xəbərlər artıq gündəmdədir. Türkiyə bunu anlamalıdır".

Tarpley Türkiyəni ziyarət etdiyini və bir neçə siyasi liderlə bu barədə danışdığını da vurğulayıb: "Türklər əvvəlcə Amerika və İngiltərə ilə dostluğun "Öldürən bir qucaqlaşma" olduğunu anlamalıdır. Çünki ingilislər və amerikalılar türkləri öldürənə qədər sevəcəklər. Türkləri Suriyaya qarşı yönəldib müasir Türkiyəni yox etmək üçün istifadə edirlər. Obamanın aldatdığı Ərdoğan və Davudoğlu bu psixologiya ilə özlərinə qəbir qazırlar. Qazanacaqları heç bir şey yoxdur. Onlar ancaq itirəcəklər".

Tarixçi bildirir ki, ABŞ Türkiyəni Rusiya ilə də müharibəyə çəkir: "Ortada bir də Rusiya problemi də var; 19-cu əsrdə hər 20 ildən bir türk-rus müharibəsi olardı. Son zamanlarda türk-rus müharibəsi olmayıb. Bu da Qərbin planlarını pozub. Ancaq o istiqamətdə addımlar atılır. Hazırda Türkiyənin cənub bölgələrinin hamısını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin öhdəliyindədir. Oralarda MKİ tam nəzarətsiz hərəkət edir. İskenderun otelləri "Əl-Qaidə" terrorçuları ilə doludur. MKİ Adana yaxınlığındakı bölgəyə gətirdiyi terrorçulardan istifadə edir. Bir sözlə, Türkiyənin geri dönüşü daha faciəvi olacaq".

Məsud

7 Ocak 2013 Pazartesi

Türkiyədə Qarabağla bağlı mühüm qərar qəbul olunub


"İstanbul Gənclik Federasiyası Azərbaycan Respublikasının beynəlxalq qanunlarla tənzimlənən ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın işğal siyasətini qınayır"

Türkiyə Gənclik Konfederasiyasına daxil olan İstanbul Gənclik Federasiyası (İGF) yanvar ayının 5-də Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi ilə bağlı mühüm sənəd qəbul edib.

Publika.Az-a bu barədə məlumatı hazırda İstanbulda gənclərdən ibarət nümayəndə heyəti ilə səfərdə olan "İslahatçı Gənclər" İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı verib.

Onun sözlərinə görə, ötən gün "İslahatçı Gənclər"in nümayəndə heyəti ilə İGF-nin rəhbərliyi
arasında görüş baş tutub. Görüşdə İGF başqanı Alpay Gürel Azərbaycan həqiqətlərinə dəstək ifadə edən sənədi İGİB sədri Fərid Şahbazlıya təqdim edib.

Sənəddə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı qəsəbəsində erməni silahlı qüvvələri tərəfindən insanlığa qarşı cinayət törədildiyi və İGF-nin bunu soyqrım kimi qəbul etdiyi vurğulanır. Qeyd olunur ki, İstanbul Gənclik Federasiyası Azərbaycan Respublikasının beynəlxalq qanunlarla tənzimlənən ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın işğal siyasətini qınayır. Federasiya Azərbaycanın işğal altındakı torpaqlarının tam və qeyri-şərtsiz boşaldılmasını və Ermənistanın BMT Təhlükəsizlik Şurasının bununla bağlı qərarlarını yerinə yetirməyi tələb edir.

Sənəddə İGF-nin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi səyləri tam dəstəklədiyi və daima ölkəmizin yanında olduğu əksini tapır. Federasiya eyni zamanda, Azərbaycan prezidenti cənab İlham Əliyevin Krans Montana Forumunun açılışında verdiyi "Azərbaycan öz torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək" bəyanatını tamamilə dəstəkləyir.

Qeyd edək ki, Türkiyə Gənclik Konfederasiyasının Şimali Kipr Türk Cumhuriyyəti də daxil olmaqla Türkiyənin yeddi bölgəsində təmsilçiliyi var və qurumda müxtəlif gənclər dərnəkləri təmsil olunur. Konfederasiyaya daxil olan İstanbul Gənclik Federasiyası isə Türkiyənin ən nüfuzlu və strukturlaşmış gənclər qurumudur. Federasiyanın səkkiz bölgədə və dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri fəaliyyət göstərir.

Publika.Az