Translate

23 Nisan 2012 Pazartesi

ERMƏNİSTAN AZƏRBAYCAN MÜHARİBƏSİ (4)

- XRONOLOJİ GERÇƏK TARİX -




4 - cü mərhələ (iyun 1992 - yanvar 1993 - cü illər)

Əks hücum


1992 - ci ilin ortalarına doğru müharibənin miqyası ciddi şəkildə genişləndi. MDB çərçivəsində dövlətlərarası müqavilələrin bağlanması nəticəsində Azərbaycan və Ermənistan onların ərazisində yerləşən Rusiyaya məxsus texnika, silah, maddi və təlim bazalarını özlərinə götürdülər. 1992 - ci ilin sonuna qədər bu ölkələrin ərazilərindəki Rusiyaya məxsus hərbi qruplaşmalar (4 - cü ordu, 7 - ci qvardiya ordusu, Zaqafqaziya hərbi dairəsinin 34 - cü hərbi hava ordusunun bir hissəsi, 19 - cu hava hücumundan müdafiə ordusu, Xəzər donanması) faktiki olaraq fəaliyyətini dayandırdı. Ermənistan 15 - ci (Kirovakan), 164 - cü (İrəvan) motoatıcı diviziyaların, 7 - ci qvardiya ordusunun silah və texnikasını, o cümlədən 250 tank, 350 digər zirehli texnika, 350 artilleriya - minomyot sistemini ələ keçirdi. Ermənistan may - iyun aylarında hərbi xidmətə kütləvi çağırış həyata keçirdi. Laçın dəhlizi vasitəsi ilə əlavə qüvvələr Qarabağdakı qruplaşmaların tərkibinə göndərildi. Bunun nəticəsində ermənilər Qarabağda ordu korpus birləşməsinə uyğun olan 70 minlik canlı qüvvə, 100 ədəd zirehli texnika cəmləşdirdilər.
Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə Azərbaycanda vəziyyət dəyişdi. AXC öz proqram tələblərinə uyğun olaraq hərbi vəziyyətin kəskin şəkildə dəyişdirilməsi xəttini elan etdi. Müdafiə Nazirliyi Zaqafqaziya hərbi dairəsinin 23, 60, 75, 295 - ci motoatıcı diviziyalarının silah və texnikası əsasında yeni hissələrin yaradılması prosesini sürətləndirdi. Silahlı qüvvələrin vahid ştat strukturunun, idarəetmə sisteminin, rabitə, arxa cəbhə ilə əlaqələrin yaradılması istiqamətində müəyyən irəliləyişlər əldə olundu. Keçmiş SSRİ - nin müxtəlif yerlərində əsgər və zabitlər geri çağırıldılar. 1993 - cü ilin yanvar ayına qədər Rusiya Federasiyasından 1200 zabit Azərbaycana qayıtdı. Rusiya hərbi komandanlığı silah və texnikanın Azərbaycana verilməsini hər vasitə ilə ləngidirdi. Avropada qoşun və silahların məhdudlaşdırılması və ixtisarına dair müqaviləyə əlavə olaraq qəbul edilmiş Daşkənd protokolunun tələblərinin əksinə olaraq Azərbaycan hərbi aviasiya kvotasından (100 təyyarə) mərhum edildi. İyunun 9 - dan 10 - na keçən gecə RF müdafiə naziri P. Qraçevin əmri ilə 60 - cı aviasiya polkunun (Sitalçay) SU - 25 hücum təyyarələri, 936 - cı aviasiya polkunun (Kürdəmir) SU - 24 bombardmançı təyyarələrinin hamısı Rusiya ərazisinə keçirildilər. Ruslar bu bazaları tərk edərkən bütün texnika və avadanlığı məhv etdilər. Bundan sonra Azərbaycan digər aerodromlara nəzarəti gücləndirdi. Qala hərbi bazasına 8 vertolyotdan desant endirildi və nəzarətə götürüldü. Dəllər aerodromunda 16 MİQ - 25 və SU - 24 təyyarəsi, 1 ədəd İL - 76 nəqliyyat təyyarəsi ələ keçirildi. Rus komandanlığı texnika və əmlakı sıradan çıxarır, silahları respublikadan kənara çıxarmağa çalışırdılar. Güzdəkdə sursat anbarı diversiya nəticəsində partladıldı. Bu hərəkətlərlə Azərbaycana ciddi zərər yetirildi.
Ermənistanın hərbi komandanlığı iyunun optalarına Ağcakənd istiqamətindən Xanlara doğru hücum əməliyyatı planlaşdırmışdı. Həmin ərazilərin minadan təmizlənməsinə başlamışdılar. Azərbaycan ordusu düşmənin niyyətini başa düşərək, onu qabaqlaya bildi. Azərbaycanın hərbi - siyasi rəhbərliyi irimiqyaslı əks - hücuma keçmək haqqında qərar qəbul etdi. Hərbi əməliyyata baş qərargah rəisi general V. Bərşadlı rəhbərlik edirdi. İyunun əvvəlində Milli Ordunun xeyli qüvvəsi (3 - cü xüsusi motoatıcı briqada, 4 - cü tank briqadası, Tərtər, Goranboy, Xanlar, Mingəçevir, Lənkaran, Yevlax ərazi batalyonları, "Qurtuluş" batalyonu, daxili qoşun hissələri) cəbhə xəttinə yeridilmiş və gizli şəkildə çıxış məntəqələrində cəmləşdirilmişdilər.
İyunun 12 - də səhər Azərbaycan ordusunun hissələri Xanlar və Naftalan rayonları tərəfdən Şaumyan rayon mərkəzinə doğru güclü zərbə vurdular. Eyni vaxtda Ağdərədən cənuba, Əsgərandan şimala və cənuba doğru, həmçinin Hadrut istiqamətində zərbələr vuruldu. Hərbi hissələrimiz yüksək hücum sürətini saxlamaqla 48 saat ərzində Şaumyan möhkəmləndirilmiş müdafiə xəttini yardılar, düşməni cənub istiqamətində geri çəkilməyə məcbur etdilər, həmçinin Əsgəran şəhərini iki tərəfdən mühasirəyə aldılar. İyunun 15 - də erməni komandanlığı bir qədər özünə gəldikdən sonra əks - zərbə endirməyə, vəziyyəti bərpa etməyə cəhd göstərdi. Əsgəran istiqamətində ağır döyüşlərdən sonra Azərbaycan ordusu daha 6 yaşayış məntəqəsini azad etdi, lakin ermənilər milli ordumuzun hücumlarını bu həddə dayandıra bildilər. Şimal sektorunda Azərbaycan ordusu hərbi əməliyyatları Ağdərə rayonunun içərilərinə doğru davam etdirdi. İyunun 17 - dən iyulun 9 - na qədər Milli Ordunun hissələri düşmənin müqavimətini qıraraq Ağdərə (4 iyul), Marquşevan, Marağa, Aterk yaşayış məntəqələrini azad etdilər, Sərsəng su anbarının şimal sahilinə nəzarəti bərpa etdilər. Münaqişənin nizama salınmasına dair danışıqların yeni mərhələsinin başlanması ilə əlaqədar iyulun 9 - da Azərbaycan hərbi əməliyyatları dayandırdı.
Ermənistan rəhbərliyi operativ pauzadan istifadə edərək hərbi hissələrini gücləndirdi, Laçın dəhlizi vasitəsi ilə əlavə qüvvələr gətirdi. Bundan sonra ermənilər iyulun 15 - də əks - hücuma keçdilər. Nəticədə onlar ərazilərin bir hissəsini yenidən zəbt edə və Ağdərəyə yaxınlaşa bildilər. Avqustun əvvəlində Azərbaycan ordusu bu istiqamətdə cavab zərbəsi vurdu. Uğurlu əməliyyat nəticəsində silahlı qüvvələrimiz düşməni darmadağın etdilər, Sərsəng su anbarı zonasına nəzarəti tam ələ keçirdilər, Ağdərə - Kəlbəcər avtomobil yolunun 121 km - lik hissəsini düşmənin nəzarətindən çıxardılar və Tərtər çayını keçərək cənub istiqamətində irəlilədilər. Sentyabrın 2 - də Azərbaycan hərbi hissələri 83 günlük hücum əməliyyatını başa vuraraq Çıldıran yaşayış məntəqəsinə çıxdılar. Bu əməliyyat nəticəsində Dağlıq Qarabağın ərazisinin 13 hissəsi erməni işğalından azad edildi. Sentyabrın əvvəlində bu sahədə cəbhə xətti Xaçınçay vadisi boyunca müəyyənləşdi. Ermənistan işğalçı ordusu böyük itkilər verdi. Əməliyyat zamanı təkcə 3 - cü xüsusi motoatıcı briqadanın hücum sektorundan ermənilər ölən və yaralananlarla 2 min nəfərə qədər canlı qüvvə, 50 ədəd zirehli texnika, 16 artilleriya - minomyot sistemi itirdilər. 5 tank, 8 BMP, 3 artilleriya sistemi ələ keçirildi.
Yay kampaniyası zamanı digər istiqamətlərdə əsasən mövqe döyüşləri aparılırdı. Tərəflər Dağlıq Qarabaqın şərq və cənub - şərq perimetri ilə yaşayış məntəqələri uğrunda əməliyyatlar həyata keçirirdilər. Ermənistanla sərhəd zonasında hərbi hissələrimiz avqustun 8 - də erməni birləşmələrini Başkənd anklavından vurub çıxardı. Erməni tərəfi müxtəlif sektorlarda, birinci növbədə Laçın dəhlizi ərazisində dərininə eşalonlaşdırılmış müdafiə sistemi yaradırdı. Azərbaycanın Hərbi Hava Qüvvələri SU - 25 hücum, MİQ - 21, MİQ - 25 qırıcı, L - 29 təlim - döyüş təyyarələrindən istifadə edərək avqustun ortalarından etibarən düşmənin Xankəndi rayonundakı mövqelərinə havadan zərbələr endirməyə başladılar.
General - leytenant V. Bərşadlı baş qərargah rəisi vəzifəsindən istefa verdikdən sonra, sentyabrın əvvəlində Azərbaycanın hərbi rəhbərliyi Qarabağın şimalında hərbi əməliyyatları dayandıraraq, əsas zərbəni Laçın dəhlizi istiqamətinə yönəltdi. Sentyabrın 18 - də bir briqadanın qüvvələri ilə Laçın dəhlizinin şimal hissəsinə doğru hücum başladı. Eyni vaxtda 3 - cü dağ - atıcı alayın hissələri paraşüt - desant dəstəsinin köməyi ilə Şuşa şəhəri istiqamətində hərəkət etdi. Üçüncü zərbə Dağlıq Qarabağın cənub - şərq sektorunda, Xocavənd rayon mərkəzi istiqamətində vuruldu. İki gün ərzində Milli Ordumuzun hissələri erməni müdafiə sisteminin içərilərinə doğru xeyli irəlilədilər. Laçın dəhlizi zonasında ermənilərin əlaqə imkanları faktiki olaraq kəsildi, Xocavənd şəhəri azad edildi. Hərbi hissələrimiz Laçın şəhərinin birbaşa yaxınlığına çıxdılar. Hücumu inkişaf etdirmək üçün bütün imkanlar var idi, lakin Rusiyanın dərhal Azərbaycan hakimiyyətinə təzyiqlər göstərməsi nəticəsində əməliyyatlar dayandırıldı. Bununla da hərbi baxımdan sərfəli olmayan pauzanın yaranması ilə Azərbaycan müharibənin gedişində həlledici dönüş yaratmaq imkanını itirdi.
Yay kampaniyası zamanı hər iki tərəf ciddi itkilərlə üzləşdi. Azərbaycan 70, ermənilər isə 30 döyüş maşını itirdilər. Azərbaycanın çox itki verməsi hücum edən tərəf olması, həmçinin nəyin bahasına olursa - olsun yaxşı nəticənin əldə edilməsi əmri ilə bağlı idi.
Payızda tərəflər əsasən mövqe döyüşləri ilə kifayətlənir, daha çox atəş nöqtələrinin məhv edilməsinə, kəşfiyyat - diversiya qrupları, snayperlərdən istifadə olunmasına üstünlük verirdilər. Ermənilər vəziyyətdən istifadə edərək əks - hücumlar təşkil etdilər, nəticədə Ağdam rayonunun bir neçə yaşayış məntəqəsini, Xocavənd şəhərini (oktyabr) ələ keçirdilər. Noyabrın 16 - da erməni birləşmələri Dağlıq Qarabağın şərq sektorunda hücuma keçərək cənub istiqamətindən Ağdama yaxınlaşdılar. Bakı hərbi məktəbinin kursantlarından ibarət batalyon düşmənin hücumunu dayandırdı və onları geriyə atdı. Noyabrın 23 - də Azərbaycanın daxili qoşunlar alayı şimal sektorunda hücum əməliyyatına başladı və ermənilərin Sırxavənd müdafiə xəttini tutdu, lakin bir gündən sonra əlavə kömək gəlmədiyinə görə geri çəkilməli oldu.
Daha çox fəallıq Laçın dəhlizi zonasında hiss olunurdu. Oktyabr - dekabr ayları ərzində hər iki tərəf dəfələrlə dəhlizin cənub və şimal səmtlərindəki həlledici mövqeləri ələ keçirməyə cəhdlər göstərdilər. Ermənistanın işğalçı qüvvələri Laçın dəhlizindəki hərbi hissələrimizin diqqətini yayındırmaq məqsədi ilə dekabrın 10 - 12 - də Zəngilan rayonu ərazisində fəallaşdılar və həmin rayonun 8 yaşayış məntəqəsini zəbt etdilər. Düşmənin bu hərəkətləri nəticəsində hərbi əməliyyatlar Azərbaycan - Ermənistan sərhədlərinə keçdi. Azərbaycanın hərbi rəhbərliyi düşmənin sərhədboyu və Ermənistanın içərilərinə doğru mövqelərinə raket - artilleriya və aviasiya zərbələri vurmaq məcburiyyətində qaldı. Bu zərbələr nəticəsində Qafan, Gorus, Vardenis, Krasnoselsk, İcevan şəhərlərinə xeyli zərər yetirildi. Hərbi hissələrimiz Qafan rayonuna doğru hücuma da keçdi.
1992 və 1993 - cü ilin soyuq qış şəraitində Azərbaycan ordusu cəbhənin şimal sektorunda geniş hərbi əməliyyata başladı. Yanvarın 15 - də hərbi hissələrimiz Çıldıran, Sırxavənd istiqamətində hərəkət etdilər. Məqsəd burada möhkəmləndikdən sonra Xankəndinə doğru irəliləmək idi. Fərrux yaşayış məntəqəsi və "Qlobus" yüksəkliyi yaxınlığında gərgin döyüşlər getdi. Lakin qarşıya qoyulmuş vəzifəni yerinə yetirmək mümkün olmadı. Yaranmış vəziyyətdə Azərbaycan hərbi rəhbərliyi müdafiəyə keçmək haqqında əmr verdi. Bu qərar 1993 - cü il yaz - yay kampaniyasındakı uğursuzluqların əsasını qoydu.


Hazırladı: Adil İrşadoğlu (Əliyev)
Ardı var...
Mənbə : Arxiv sənədləri,
qəzet, jurnal materialları,
televiziya, radio verilişləri və şəxsi müşahidələrim.

İlk dəfə "Azad Qarabağ"qəzetində çap edilib (16.03.2006. №05).
-------------------------
VƏTƏNİ SEVMƏK İMANDANDIR ! İMANLI OLAQ ! VƏTƏNİ SEVƏK !
-------------------------

Hiç yorum yok: