Translate

23 Nisan 2012 Pazartesi

ERMƏNİSTAN AZƏRBAYCAN MÜHARİBƏSİ (2)

- XRONOLOJİ GERÇƏK TARİX -




2 - ci mərhələ (yanvar 1990 - cı il - avqust 1991 - ci il)

Partizan müharibəsi


Erməni tərəfi Azərbaycanda situasiyanın dəyişməsini diqqətlə izləyir və yararlanmağa çalışırdı. Fövqəladə Vəziyyət (FV) rejimi Ermənistana aid edilməmişdi. Müxalifətin hərbi qruplaşmaları bu vəziyyətdən istifadə edərək Daxili İşlər Nazirliyi və digər qrumların bütün silah arsenalını ələ keçirmişdi. Onlar 1990 - cı ilin yanvar - fevral ayları ərzində 6179 atıcı silah, 19 zirehli texnika, 133 doluvuran qurğu, 17 "Alazan" qurğusu, 3 minomyot, 13 min mərmi və raket, 1921 ton partladıcı maddə, çoxlu sayda nəqliyyat və rabitə vasitələrinə nəzarat edirdilər. Bu qruplaşmalar mart ayından başlayaraq SSRİ daxili qoşun hissələrinin də bir hissəsini tərksilah etmişdilər. Zaqafqaziya hərbi dairəsinin əlahiddə alovvuran batalyonu da tərksilah edilmişdi. Dəmiryol stansiyalarının birində 15 ədəd T- 72 tankını ələ keçirmişdilər, lakin sonradan geri qaytarmalı oldular.
1990 - cı ilin yanvarında Dağlıq Qarabağda FV rejiminin gücləndirilməsi erməniləri öz fəaliyyətlərini bir qədər məhdudlaşdırmağa məcbur etdi. Onlar sərhəd boyu ərazilərdə fəallıqlarını artırdılar. mart ayında erməni dəstələri Qazax rayonunun yaşayış məntəqələrinə qarşı ilk əməliyyatı keçirdilər. Bu ilin yaz - yay aylarında ermənilərin doluvuran topların istifadəsilə edilən hücumları nəticəsində Azərbaycanın 7 sərhəd rayonunda, həmçinin Naxçıvanda dinc sakinlər içərisində tələfatlar oldu, dağıntılar törədildi.
1990 - cı ilin ortalarında Ermənistanda 15 min nəfərin daxil olduğu hərbi qruplaşmalar mövcud idi. 10 min nəfərin daxil olduğu erməni milli ordusu deyilən qruplaşma əsasən sərhədboyu ərazilərdə, qismən Qarabağda fəaliyyət göstərirdi. Muş, NART, Adana, Aydat, Tiqran, Mes və digər qruplaşmalarda 50 - dən 700 - ə qədər erməni döyüşçüsü iştirak edirdi. Bu qruplaşmaların ixtiyarında 30 - a qədər zirehli texnika, 150 - yə yaxın doluvuran qurğu, 20 - dən artıq Mi - 4, Mi - 8 vertalyotları (helikopterləri) və s. var idi.
1990 - cı ilin avqustunda Erməni Milli Ordusu (EMO) Ermənistan - Azərbaycan sərhədlərinin şimal - qərb hissəsində hərbi əməliyyatları intensivləşdirdi. Avqustun 19 - 22 - də düşmən Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrinə geniş hücum təşkil etdi. Bu açıq hücum cəhdindən sonra Zaqafqaziya hərbi dairəsinin rəhbərliyi əks zərbələrin vurulması ilə bağlı qərar qəbul etdi. Nəticədə ermənilər ciddi itkilərə məruz qaldılar. Bu uğursuzluq EMO - nun sıralarında ciddi sarsıntılara səbəb oldu. Prezident L. Ter-Petrosyan yaranmış vəziyyətdən ölkədə öz mövqeyini gücləndirmək üçün istifadə etdi. O, İrəvanda FV rejimi tətbiq etdi, EMO rəhbərliyini neytrallaşdıraraq onların tabeliyində olan hərbi birləşmələri özünün hərbi hissələrinin tərkibinə daxil etdi.
Münaqişənin 3 - cü ilində erməni tərəfi silahlı mübarizənin aparılması üçün terrordan geniş şəkildə istifadə etməyə başladı. Terror aktları Qarabağdan kənar ərazilərdə, həmçinin Şimali Qafqazın və Zaqafqaziyanın yaxın rayonlarında həyata keçirildi. Bu zaman müasir partlayıcı vasitələrdən geniş istifadə olunurdu. 1990 - 1991 - ci illərdə Rostov - Bakı dəmiryolunda, Tiflis - Bakı avtomobil magistralında, Bakı - Krasnovodsk bərə nəqliyyatında dəfələrlə diversiyalar törədildi, çoxlu sayda sərnişin bu aksiyaların qurbanı oldu.
Azərbaycan rəhbərliyi bu şəraitdə müəyyən tədbirlər həyata keçirməyə, müstəqil hərbi qüvvələr yaratmağa cəhdlər göstərərək, 1990 - cı ilin ortalarından etibarən, Qarabağın təhlükəsizliyinin təmin olunması üçün bəzi addımlar ata bildi.
Payızda Respublika Daxili İşlər Nazirliyi nəzdində Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsi yaradıldı. Erməni təcavüzünə qarşı yaradılmış bu qruplaşmaya ilk vaxtlar üç mindən artıq döyüşçü daxil idi. Onlara məhdud miqdarda, əsasən köhnəlmiş texnika verildi.
1991 - ci ilin yanvarında erməni hərbi qruplaşmaları yenidən fəallaşdılar. Daxili Qoşunların postlarını daha tez - tez atəşə tutmağa başladılar, fövqəladə vəziyyət rayonu komendaturasının bir neçə zabiti öldürüldü. Azərbaycanlıların yaşadıqları məntəqələrin üzərinə hücumların sayı artdı. Daha çox fəallıq Qarabağın şimal hissəsində müşahidə olunurdu. Burada, Şaumyan - Gülüstan - Aterk möhkəmləndirilmiş hərbi bazasında 5 min nəfərlik erməni birləşmələri yerləşdirilmişdi. Hərbi mühəndis qurğuları ilə təmin edilmiş bu baza çətin keçilən dağ zonasında yaradılmışdı. Onun ərazisində hərbi sursat ambarları, rabitə şəbəkəsi, vertolyotların enməsi üçün meydançalar mövcud idi. Buradakı hərbi birləşmələrin təchizatı hava ilə Ermənistandan təmin edilirdi. Digər baza rayonu Qarabağın cənubunda, Hadrut rayon mərkəzindən qərbə doğru ərazidə yaradılmışdı. 1991 - ci ilin yazında SSRİ rəhbərliyi Qarabağda hərbi bazaların ləğvi ilə bağlı qərar qəbul etdi. Bizdə əməliyyatlara Zaqafqaziya hərbi dairəsinin 23 - cü motoatıcı alayı, SSRİ DİN Daxili Qoşunlarının 19 - cu diviziyasının ayrı - ayrı xüsusi təyinatlı dəstələri, Azərbaycan XTMD - i cəlb edilmişdi. Bu birləşmələr aprelin 30 - da Çaykənd istiqamətində əməliyyata başladılar. mayın 3 - də gərgin döyüşlərdən sonra erməni dəstələri bu məntəqələrdən çıxarıldılar. Cənub bölgəsində də (Hadrut ətrafında) Azərbaycan XTMD - ləri mayın 1 - dən 10 - nadək düşmənin bir sıra dayaq məntəqələrini ləğv etdilər. Ermənilər ciddi itkilər verərək geri çəkilməli oldular. Əməliyyat nəticəsində Çaykənd və onun ətrafı düşmənlərdən təmizləndi. Lakin SSRİ rəhbərliyi axıra qədər prinsipial mövqedə qalmadı. Mayın 15 - də əməliyyat yarımçıq dayandırıldı.
Yaranmış operativ sakitlikdən erməni tərəfi qüvvələri yenidən qruplaşdırmaq və itkilərin yerini doldurmaq üçün istifadə etdi. İyulda Goranboy rayonunun içərilərinə doğru irəliləmək istəyən Xüsusi Təyinatlı Milis dəstələrimiz erməni bandqruplaşmalarının ciddi müqaviməti ilə rastlaşdılar.
Ağır döyüşlərdən sonra Azərbaycan XTMD - si Manaşid, Buzluq, Erkəc dayaq məntəqələrini düşməndən təmizlədi.


Hazırladı: Adil İrşadoğlu (Əliyev)
Ardı var...
Mənbə : Arxiv sənədləri,
qəzet, jurnal materialları,
televiziya, radio verilişləri və şəxsi müşahidələrim.

İlk dəfə "Azad Qarabağ"qəzetində çap edilib (23.02.2006. N-02).
-------------------------
VƏTƏNİ SEVMƏK İMANDANDIR ! İMANLI OLAQ ! VƏTƏNİ SEVƏK !
-------------------------

Hiç yorum yok: