Translate

23 Nisan 2012 Pazartesi

ERMƏNİSTAN AZƏRBAYCAN MÜHARİBƏSİ (1)

- XRONOLOJİ GERÇƏK TARİX -




Azərbaycan 1988 - ci ildə Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqları işğal olunmuşdur. Təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt edilmişdir. Bu müharibədə 20.000 - dən artıq adam həlak olmuş, 50.000 - dən çox insan yaralanmış, 5000 nəfərə qədər adam əsir, girov götürülmüş, yaxud itkin düşmüşdür. Bir milyon yüzmindən artıq azərbaycanlı öz yaşayış yerlərindən zorla çıxarılmışdır. Müharibə Azərbaycan iqtisadiyyatına real hesablanması mümkün olmayan zərər yetirmişdir. Bu müharibə geosiyasi anlamda birmənalı dəyərləndirilmir. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu müharibəni münaqişə kimi təqdim edərək onu Cənubi Böhran Qövsü deyilən münaqişələr qrupuna daxil etmişlər. Məlumat üçün bildiririk ki, bu qrupa həmçinin Əfqanıstan, Tacikistan, Rus - Çeçen, Gürcü - Obxaz, Gürcü - Ossetin, Ossetin - İnquş, Krım - Dnesteryanı, Balkan münaqişələri də daxil edilmişdir. Ermənistan Azərbaycan münaqişəsi bir sıra dövlətlərin, o cümlədən ABŞ, Rusiya, Türkiyə, İranın maraqlarına birbaşa toxunur. Bu dövlətlər isə daim regionda təsir və enerji daşıyıcıları mənbələri və marşrutları üzərində nəzarət uğrunda mübarizə aparırlar. BMT təhlükəsizlik şurasının bu münaqişə ilə bağlı 4 qətnaməsi yerinə yetirilməmiş qalır. Nəticədə Azərbaycan çox mürəkkəb şəraitdə müttəfiqlər və kifayət qədər təsirli xarici dəstəkdən məhrum olduğu bir zamanda mübarizə aparmaq məcburiyyətindədir. Lakin bu müharibə Azərbaycan üçün ədalətli müharibədir.
Bu yazıda Azərbaycan Ermənistan müharibəsi, hərbi əməliyyatların gedişi mərhələlər üzrə izlənilir.


Birinci mərhələ - Başlanğıc (fevral 1988-ci il - yanvar 1990-cı il)


Azərbaycanlılarla Ermənilər arasında ilk toqquşmalar 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərlərinin Azərbaycanın tərkibindən çıxmaqla bağlı cəhdlərindən sonra baş verdi: Ermənistanın emmisarları Dağlıq Qarabağda ixtişaşlar törətməklə təcavüz üçün şərait hazırlayırdılar. Dərhal bir sıra yerlərdə, o cümlədən Xankəndində, Əskəranda, Sumqayıtda insan təlafatı ilə nəticələnən iri miqyaslı ixtişaşlar törədildi. Münaqişənin qarşısının alınması məqsədi ilə regiona SSRİ DİN-nin əlavə qüvvələri göndərildi. 1988- ci il fevralın sonu üçün Azərbaycan və Ermənistan ərazilərində daxili qoşunların sayı 13 min nəfərə çatdırıldı.
Fevral hadisələrindən sonra Ermənistanda ilk hərbiləşdirilmiş dəstələr yaradıldı. Onlar “Qarabağ” komitəsinin rəhbərliyinə tabe idilər. Mitinqlərin genişləndiyi dövrdə (aprel-iyul 1988-ci il) bu dəstələr təşkilati strukturlarını formalaşdırdı, şəxsi heyəti komplektləşdirdi, həmçinin ovçu və döyüş silahları ilə təmin olundular. Bu qruplarla eyni vaxtda Ermənistanın kənd rayonlarından özünü müdafiə dəstələri yaradıldı. Həmçinin cinayətkar ünsürlərdən ibarət quldur dəstələri də yaradıldı. Həmin ilin yay-payız ayları ərzində bu hərbiləşdirilmiş dəstələr millətçi hərəkatın liderlərinin nəzarəti altına keçdi.
1988-ci ilin payızında Dağlıq Qarabağda növbəti toqquşmalar vəziyyəti kəskin şəkildə pisləşdirdi. Noyabrın sonu dekabrın əvvəlində Ermənistanın silahlı qruplaşmaları ilk iri miqyaslı hərbi əməliyyat keçirməklə 200 mindən artıq azərbaycanlnı Ermənistandan çıxardılar bu, Azərbaycanda sabitliyi kəskin şəkildə pozdu, bir sıra şəhərlərdə etiraz aksiyaları keçirildi. Sovet rəhbərliyinin situasiyanı nizama salmaq cəhdləri nəticə vermədi. 1989-cu ilin yanvar ayından Dağlıq Qarabağ Muxtar Vilayəti faktiki olaraq Azərbaycanın inzibati nəzarətindən çıxarıldı.
1988-ci ilin qışında Dağlıq Qarabağda hərbi əməliyyatların genişləndirilməsi üçün hazırlıq işlərinə başlanıldı. Dağlıq Qarabağın ucqar dağ ərazilərində silahlı qruplaşmalar üçün bazalar yaradılırdı. Ermənistandan gizli yolla silah və sursat Dağlıq Qarabağa ötürülürdü. 1988- ci ilin yayında Ermənistanın silahlı dəstələri Dağlıq Qarabağdan azərbaycanlıları sıxışdırıb çıxarmağa başladılar, onlar ayrı-ayrı vətəndaşları öldürməklə kifayətlənmir, böyük yaşayış məntəqələrinə hücumlar təşkil edirdilər. Bu əməliyyatların gedişində Ermənilər avtomat silahlardan, payızdan etibarən isə doluvuran toplardan (KS-19 topları) və “Alazan” raketlərdən, kiçik çaplı minamyotlardan istifadə edirdilər.
SSRİ DİN-nin Daxili Qoşunları (Xüsusi təyinatlı hissələr, əlahəddə operativ polklar, milis batalyonları, DİN məktəbinin kursantları - cəmi 15 min nəfər) onların üzərinə qoyulmuş vəzifənin öhdəsindən gələ bilmədilər. Bununla da az vaxt ərzində separatçı hərəkatın qarşısının alınması imkanı əldən buraxıldı. Azərbaycan rəhbərliyi Ermənistandan fərqli olaraq hadisələrə ləng reaksiya verdi, bu isə ölkədə müxalifət qüvvələrinin təşəbbüsü öz əlinə almasına gətirib çıxardı.
1988-ci ilin avqustundan etibarən Azərbaycan Xalq Cəbhəsi tərəfindən könüllü dəstələr yaradılır və münaqişə zonasına göndərilirdi. Qarabağın azərbaycanlılar yaşayan məntəqələrində də özünümüdafiə dəstələri yaradılır və müdafiə qurğuları tikilirdi. Azərbaycanlılar ermənilərdən fərqli olaraq silah və sursat cəhətdən çox çətinlik çəkirdilər. Avqust ayından başlayaraq Azərbaycan Xalq Cəbhəsinin ayrı-ayrı qrupları Ermənistana gedən nəqliyyat və enerji əlaqələrinin dayandırılmasına çalışırdılar.
1990-cı ilin yanvarında Ermənistan tərəfi Azərbaycanın Goranboy rayonunda yaşayış məntəqələrini havadan atəşə tutmaq üçün ilk dəfə Mİ-8 mülki vertalyotlarından istifadə etdi. Yanvarın 11-də Goranboy rayonunda Xalq Cəbhəsinin yaratdığı silahlı dəstələrlə SSRİ Daxili Qoşunlarının Xüsusi Təyinatlı dəstələri arasında toqquşma halları baş verdi. Yanvarın 15-də Dağlıq Qarabağ Muxtar Vilayətində və 10-a yaxın rayonda fövqəladə vəziyyət rejimi tətbiq olundu, buraya əlavə qüvvələr göndərildi. Eyni vaxtda sərhəddin Naxçıvan sahəsində Azərbaycan və Ermənistan silahlı qruplaşmalarının intensiv toqquşmaları baş verdi.
Qarabağ və Naxçıvanda hərbi əməliyyatların gedişi Azərbaycanda siyasi böhranın kəskinləşməsi ilə müşahidə olunurdu. Müxalifətlə qarşıdurma nəticəsində respublika iflic vəziyyətinə düşdü. Bir sıra cənub rayonlarında (Lənkəran, Cəlilabad) AXC-nin hərbiləşdirilmiş qrupları yerli hakimiyyəti nəzarətə götürdülər. Respublikanın böyük şəhərlərində AXC-nin iştirakı ilə yaradılmış Müdafiə Şurası dəstələr təşkil edərək Qarabağa göndərdi. Bu dəstələrin silahlandırılması üçün Sovet Ordusunun hərbi hissələrinə hücumlar təşkil edilirdi. İranla sərhəddə baş verən hadisələr nəticəsində 200 kilometrlik sahədə sərhədlər açıldı. Respublikanın paytaxtında kütləvi mitinqlər keçirilir, dövlət müəssisələrinin, hərbi hissələrinin fəaliyyəti iflic vəziyyətinə salınırdı. SSRİ rəhbəri M.Qorboçov Azərbaycanda şəraiti nəzarət altına almaq məqsədi ilə iri miqyaslı hərbi əməliyyat keçirmək qərarına gəldi. 1990-cı il yanvarın 16-dan 19-na qədər Bakı ətrafında 50.000 nəfərdən ibarət hərbi birləşmələr yerləşdirildi. Bu hərbi qruplaşma Zaqafqaziyadan, Moskvadan, Leninqraddan gətirilmiş hərbiçilərdən, o cümlədən 295 saylı motoatıcı diviziyadan, 76, 104, 106 saylı hava desant diviziyalarının 3 alayı, Xüsusi Təyinatlı 22-ci briqadadan, Qara Dəniz Donanmasının 882 saylı dəniz piyada batalyonundan, Daxili Qoşunlarının bir neçə operativ qruplarından, Xəzər Donanmasının hissələrindən, “Alfa” xüsusi təyinatlı qrupundan və digər hərbi hissələrindən təşkil olunmuşdu. Bakı Qarnizonunun bütün hərbi hissələrində və bölmələrində Azərbaycan millətindən olan zabitlər, gizir və digər hərbi qulluqçular təcrid edilmişdi. Tabel silahının inventarlaşması bəhanəsi ilə respublika DİN və Milli Təhlükəsizlik Komitəsinin bütün əməkdaşlarının silahları alınmışdı.
Yanvarın 19-dan 20-nə keçən gecə qoşunlar şəhərə yeridildi. Qoşunların müdaxiləsi geniş miqyasda iri çaplı silahlardan istifadə olunması ilə müşaiyət olunurdu. Sovet Ordusu şəhərə girərkən və ondan sonrakı bir neçə gün ərzində 29 nəfər itirdi və 98 nəfər yaralı verdi. Sovet ordusunun dinc əhaliyə atəş açması nəticəsində 131 nəfər öldürüldü, 1000-dən artıq adam yaralandı. Respublikanın bir sıra rayonlarında bu əməliyyatlar fevralın sonuna qədər aparıldı. Yaranmış vəziyyətlə əlaqədar olaraq AXC-nin hərbiləşdirilmiş qrupları qismən buraxıldı, bəziləri isə qeyri leqal vəziyyətə keçdi.


Hazırladı: Adil İrşadoğlu (Əliyev)
Ardı var...
Mənbə : Arxiv sənədləri,
qəzet, jurnal materialları,
televiziya, radio verilişləri və şəxsi müşahidələrim.

İlk dəfə "Azad Qarabağ"qəzetində çap edilib (09.02.2006. N-01).
-------------------------
VƏTƏNİ SEVMƏK İMANDANDIR ! İMANLI OLAQ ! VƏTƏNİ SEVƏK !
-------------------------

Hiç yorum yok: