Translate

21 Şubat 2012 Salı

XOCALI KAMPANİYASI GENİŞLƏNİR



Azərbaycan dünyanın onlarla ölkəsində ermənilərin bu cinayətinə dair aktiv lobbi fəaliyyətləri yürüdür
 Xocalı soyqırımının 20 illiyinin yaxınlaşdığı bir vaxtda Azərbaycan dövlətinin və ona bağlı lobbi qruplarının bu faciəyə hüquqi qiymət verilməsi yönündə həyata keçirdiyi kampaniya da genişlənməkdədir. Son bir neçə ildə Azərbaycan bu soyqırımla bağlı lobbi fəaliyyətlərini gücləndirib və geniş beynəlxalq çevrələrin diqqətini 20 ildir cəzasız qalan bu insanlıq əleyhinə cinayətə yönəldə bilib. Son xəbərlərə əsasən ABŞ konqresinin Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, konqresmenlər Bill Şuster və Den Boren Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat veriblər.

 Bu barədə Amerika-Azərbaycan Şurasının (AAŞ) baş direktoru Cavid Hüseynov bildirib. Konqresmenlərin bəyanatında Xocalıda baş verən hadisələrlə bağlı geniş məlumat verilir, dünya KİV-lərində bu məsələ ilə bağlı yayılan məlumatlar həmkarlarının nəzərinə çatdırılır. Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi və status-kvonun yolverilməzliyi vurğulanır. Bəyanatda həmçinin bildirilir ki, Azərbaycan ABŞ-ın vacib strateji tərəfdarıdır. Konqresmenlər Azərbaycana Xocalı faciəsi ilə bağlı baş sağlığı veriblər, öz həmkarlarını soyqırım qurbanlarının xatirəsini anmağa çağırıblar.
Türkiyənin TRT kanalının Bakı Təmsilçiliyi isə “Hepimiz Hocalılıyız’’ adlı yeni sənədli film hazırlayıb. Təmsilçilikdən daxil olan məlumata görə, son yüz ilin ən vəhşi qətliamlarını həyata keçirən ermənilərin gerçək üzünü göstərən bu sənədli filmdə, xocalıların verdiyi həyat mücadiləsi, ümüdləri və arzularından bəhs edilir.
 TRT Bakı təmsilçisi Yüksel Değercan bu sənədli filmin Xocalı soyqırımının 20 illiyinə həsr edildiyini, dünyaya demokratiya dərsi verən ölkələrin Xocalı fəryadına səssiz qaldığını, ancaq bir gün bu yanlışlardan dönəcəyini bildirib.
“Hepimiz Hocalılıyız’’ filmi 21 fevral saat 13:05-də TRT AVAZ kanalında ekranlara gələcək və proqramın təkrarı 26 fevral saat 08:40-da yayımlanacaq.
“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Niderland parlamentinə də Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar müraciət və Xocalı soyqırımının tanınmasına dair bir milyon ölkə vətəndaşının imzalar toplusu təqdim edilib. “Xocalıya Ədalət” kampaniyasının yerli Əlaqələndirici Komitəsinin sədri, Niderlandın milli qəhrəmanı, Oranje-Nassau Kral ordeni cəngavəri Gert van Dam Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 20 il öncə ermənilər tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş bu beynəlxalq cinayətə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib və bu faciənin Niderland parlamentində gündəmə gətiriləcəyinə ümid etdiyini bildirib. Görüşdə “Azərbaycanın Holland Dostları Cəmiyyəti”nin icraçı direktoru Marion van der Veqt bildirib ki, 100 il öncə ermənilərlə bağlı naməlum hadisələr tarixçilər tərəfindən heç bir sübuta yetirilmədiyi halda, cəmi 20 il bundan əvvəl Xocalıda törədilmiş və artıq tam təsdiqlənmiş vəhşiliklərə Niderland və beynəlxalq ictimaiyyət tərəfindən hüquqi və siyasi qiymət verilməlidir. Gert van Dam və Marion van der Veqt Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsini tələb edən “Milyon imzalar - bir istək” toplusunu təqdim edib.
 Almaniyanın Maqdeburq şəhərində isə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Almaniyanın Maqdeburq şəhərində Zaksen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə insanlığa qarşı bu ağır cinayətə etiraz əlaməti olaraq avtomobil yürüşü keçirilib. Aksiyada soydaşlarımızla yanaşı, rus, yəhudi diasporlarının, həmçinin yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Üzərində Azərbaycan bayrağı olan, Xocalı soyqırımını pisləyən şüarlar yazılmış avtomobillər Maqdeburq şəhərinin mərkəzi küçələrində 1 saat 30 dəqiqə ərzində müxtəlif şüarlar altında hərəkət ediblər. Aksiyadan sonra Zaksen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev iştirakçılara Qarabağ və Xocalı dəhşətləri haqqında daha ətraflı məlumat verib, bu qətliamın insanlıq əleyhinə ağır cinayət olduğunu bildirib. (“Trend” və ANS-in materialları əsasında)

F.MƏMMƏDOV

Hiç yorum yok: